Ölüm – bizi qəbiristanlığa yola salan həqiqət
Vüsal Məmmədzadə tərəfindən "Digər yazılar" bolməsinə 02:14 29 may 2012 tarixində əlavə olunmuşdur

       Qəbiristanlıqdan qorxursunuz?

   Mənim qəbiristanlıqdan xoşum gəlir. Düzdür, çox olmamışam, amma gedəndə də oradakı sakitliyə heyran olmuşam. Qəbir daşlarını oxumaqdan çox maraqlıdır mənim üçün. Çoxları qəbiristanlıqda ağlayır. Elə mənlə gedənlər də... Amma indiyə kimi qəbiristanlıqda ağlamamışam. Ümumiyyətlə, axır vaxtlar ağlamıram. Yadıma gəlir, uşaq vaxtı yayda kəndə gedərdik. Qayıdanda gəlmək istəmirdim və ağlayırdım. İndi də kəndə tez-tez gedirəm, amma qayıdanda ağlamıram. Yəqin, böyümüşəm...

   Qəbiristanlıqdan çoxları qorxur. Niyə qorxuruq, görəsən? Ölülərdən? Bəlkə, ölülər də bizdən qorxur. Yəni, dirilərdən. Nə isə... Mən tək olmamışam indiyə kimi qəbiristanlıqda. Ona görə dəqiq deyə bilmərəm, mən qəbiristanlıqdan qorxuram, ya yox. Yəqin ki, gecə vaxtı tək olsam, qorxaram. Gecə vaxtı çox olub ki təkcə küçələrdə gəzmişəm, amma qorxmamışam. Bəs qəbiristanlıqda niyə qorxuruq? Axı üstünə az qala 1 tonluq daş qoyulmuş ölülər bizə nə zərər verə bilər? Maraqlıdır... Hər halda insan psixologiyasıdır.

   Bayaq dedim, qəbir daşlarını oxumaq maraqlıdır. Yəqin, bu çoxları üçün belədir. Hələ qədim qəbir daşlarını görəndə özümü qəribə hiss edirəm. Fikirləşirəm, bu qəbirdə yatan insan 3-4 əsr bundan əvvəli görüb. Elə bil, dindirsəm, danışacaq. Mənə həmin dövrdən xəbər verəcək. Düşünürəm, tarix kitablarında yazılanları oxumaqdansa, həmin dövrü görmüş birindən xəbər almaq daha maraqlı olardı. Ölülərlə danışmısınız heç?

   Birdən sakitliyə, insanlardan uzaqda bir yerə ehtiyacım olur. Belə bir yerin axtarışında olmuşam həmişə. Deyəsən, artıq tapmışam - Qəbiristanlıq.  Arzuladığım yeri çoxları görüb, deyəcəklər, pessimistdir, ölümə təslim olur... Əslində, bu belə deyil. Məni tanıyanlar bilir, necə optimist olduğumu. Bəzən, evdə ölüm haqqında danışanda mənə “başdan xarab”, “dəli”, “axmaq” və bu kimi sözlər deyirlər. Mən də ürəyimdə onlara “qorxaq” deyirəm. Qorxaqdırlar, çünki ölüm adını eşidəndə canlarını üşütmə düşür. Bütün insanlar belədir. Yaşayırlar, amma bir gün öləcəkləri, nədənsə, yadlarından çıxıb. Niyə qorxuruq axı qəbiristanlıqdan? Dünən birinə dedim ki, gedək bir gün qəbiristanlığa gəzməyə. Dedi: “Başın xarabdır?! Mən qorxuram oradan”. Məgər hamımız bir gün getmiyəcəyik qəbiristanlığa? Özü də cismimizin əbədi yaşayış yeri olacaq qəbiristanlıq. Bəlkə, elə bu gündən başlayaq əbədi məskənimizə öyrəşməyə?! Hələ təklif edirəm, gedib indidən özümüzə yer də bəyənək. Çoxları belə edir. Əslində düz edirlər. İnsan əbədi yatacağı yeri, əbədi qonşularını özü seçməlidir. Birdən məni öləndən sonra heç xoşlamadığım birinin yanında basdırdılar, onda necə olacaq?!

   Necə yerdə basdırılmaq istərdiniz? Mən istərdim, tanımadığım insanların yanında olum. Amma qəbiristanlığın qıraq-bucağında yox. Hər tərəfimdə ölülər olsun. Biri yazıçı, biri rəssam, biri dəli, biri də ki müğənni... Çox maraqlı olardı... Əbədi qonşularımlarımla əbədiyyətə qədər maraqlı söhbətlərimiz olardı...


... dəfə oxunub
Qiymət: 9/10(19 səs)
[qiymət ver ]
Şərh yaz
4+24=
Hesaba giriş
Müəllif

Vüsal Məmmədzadə
Haqqında
Bakalavr: Bakı Slavyan Universiteti - jurnalistika // Magistr: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Doktorantura: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Vaxtınız olsa, YouTube kanalıma da baş çəkin. Arabir maraqlı hesab etdiyim mövzulardan danışıram :)
Əlaqə
E-mail:
rossovusal@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0518 saniye