Gecə vaxtı yuxudan dik atılsan,
üzünə bir ölüm kölgəsi düşsə,
Torda balıq kimi dilin tutulsa,
sözünə bir ölüm kölgəsi düşsə,
Lap xəlvətcə öz bağrına basdığın
bir gözəl xanımın saçından düşsə,
Oturub hər gecə şeir yazdığın
o qara qələmin ucundan düşsə,
Düşsə qapındakı tut ağacından,
atandan, anandan, bacından düşsə,
Bir ölüm kölgəsi düşsə üzünə,
güzgüdə üzünü görə bilməsən,
Özün öz üzünə həsrət qalandan
heç kəsin üzünə gülə bilməsən,
«Ya bu gün, ya sabah ölərəm» deyib
bu gün də, sabah da ölə bilməsən,
Barış, o kölgəylə barışıb yaşa,
Qarış, o kölgəyə qarışıb yaşa…
Daha indən belə üstünə qaçıb
boynuna sarılmaz uşaqların da.
Ölüm kölgəsində bitən ağacın
axı kim sallanar budaqlarından?!.
Səndən uzaq gəzər qardaşın, bacın,
beləcə, tökülər yarpaqların da.
Bir də görərsən ki hamıya yadsan,
qəribsən, özgəsən öz evində sən.
Elə bil üstünə pərdə çəkilmiş
bir sınıq güzgüsən yas evində sən.
Heç kəsi görməyən bir kor güzgüsən,
özün diri-diri öz yasındasan.
Daha nə evdəsən, nə də qəbirdə,
evinlə qəbrinin arasındasan.
Evinlə qəbrinin qapısı birdi,
kim döyər qapını bu gündən sənin?
Bu gündən evinə kim qonaq gələr,
kim girər içəri qəbrindən sənin?!.
Evin var, qəbrin var, daha nə dərdin,
sıxma ürəyini, sevin bir azca.
Evindən bir azca rahatdı qəbrin,
qəbrindən istidi evin bir azca.
Bir axşam qəbrində bir şam yandırıb,
qızınsan oduna o yanan şamın, –
Ruhunu görərsən şam işığında,
ruhun görərsən ki, sənə oxşamır.
Ruhun da yaddısa, doğma kimin var,
səni kim itirib-axtarar indi?
Qorx ki, bu işığa qurd-quş yığıla,
bəsdi, yum gözünü, o şamı söndür.
Nə molla lazımdı, nə də ki, Quran,
Tanrı kirimişcə aparar səni.
Bir ölüm yuxusu istə Tanrıdan,
o yuxu dünyadan qoparar səni.
…Haçansa bu şamı gəlib yandıran,
yuxudan oyadan tapılar səni…