Ölüm qapıdadır, məni gözləyir
`Gözlə, sağollaşıb gəlirəm` dedim
Qayıtdım otağa, bomboşdur otaq
Ölümü yubadım, bir az gözlədim
Təkliyi sevərdim. Həmişə tək olanda daha rahatam deyə düşünərdim... Kütləni sevməzdim... Kaş ki... indi boş otağımda milyonlarla insan olardı. Onlarla sağollaşıb bitirə bilməzdim... Ölüm də bezərdi nəhayət. Gedərdi... axı onun da işləri var... 1 ildən, 10 ildən bəxtim gətirsə 100 ildən sonra geri dönərdi... Bezməsə, dayanıb son insanla vidalaşacağım ana qədər gözləsə belə bir az vaxt qazanaradım... Milyonlarla insanla salamlaşardım... Bacardığım qədər əhvalların soruşardım. Bəxtim gətirsə kimsə öz həyatını mənə danışmağa başlayardı... mən də danışardım, mümkün olduqca çox danışardım... Bəlkə beləcə ölümü unudardım milyonların içində... Onun gəlişinin fərqində olmazdım...
… amma yerləşməz mənim dar və qaranlıq otağıma milyonlarla insan. Uzağı 10-15 nəfər. Onlar da mənim həyatımı əvvəldən axıra əzbər bilərdilər...
Kaş ki yanımda bir nəfər olardı, elə bir nəfər ki, mənimlə bir ömür danışmağa razı olardı... Danışardım... bütün ömrümü bilsə belə dinləyərdi... Ölüm də sözümüzü kəsməyə qıya bilməzdi... susardı baxardı... bağışlayardı bəlkə... səbirsizlik etsə sözümü kəssə belə bilərdim ki, …
Pəncərəm də yoxdur ki, buradan qaçım, ölüm içəri girəndə tapa bilməsin məni... Ayaqlarım tutduqca, nəfəsim çatdıqca qaçım... İndi o içəri girəcək... bəlkə elə tək olmağıma acıyacaq...
`Gəl, keç içəri...` …yoxdur burda... o belə getdi... kimsə girmədi indiyə qədər otağıma... girənlər də dost sözündən keçə bilməyənlər oldu yəqin ki...
...bəxtim gətirsə 1 saatdan sonra o qayıdacaq...