Ölüm və Zaman (ixtisarla)
Peykər İbrahimova tərəfindən "Hekayə" bolməsinə 11:04 11 may 2014 tarixində əlavə olunmuşdur

  İsti bir yay gününün qışdan hədiyyə axşamı idi.Səhərki istiyə baxanda hava həqiqətən soyumuşdu.Soyuq özünü əməlli-başlı hiss etdirirdi.Cırcıramalar da buna etiraz kimi daha çox cırıldayırdılar.Günəş  Aya gecə növbəsini verib çəkilmişdi.Geridə hələ də onun izi qalmışdı.Ay isə  tənbəl-tənbəl Dünyanı işıqsız qoymamağa gəlirdi.
   Və parklar...Axşam onların sakinləri əksər hallarda evsizlər,sevglililər,rayondan şəhərə gələnlər, bir də satıcılar olardı.Parklardan birinin qaranlıq küncündə bu  monotonluğu pozan bir gənc düşüncələr içərsində oturmuşdu.O, uzun boylu,bədəncə sağlam və olduqca yaraşıqlı idi.Gözləri gecə qədər qara ,baxışları bir bıçaq qədər iti idi.Qara saçlarını bir qədər uzatmışdı.Başdan ayağa qara geyinmişdi.Bəlkə o qaranlığın özü idi.Arada parka tamaşa edirdi.Oradakı hamını tək-tək nəzərdən keçirirdi.Parkda tək oturan bircə odur.Qalan hər yerdə oğlanlar və qızlar vardı.Qızlardan bəziləri fürsət tapan kimi ona baxırdılar.O isə  heç əhəmiyyət də vermirdi.Onu düşüncələrdən qoca bir kişinin ayaq səsi ayırdı.Qoca heç nə demədən  cavan oğlanın yanında oturdu.Ayağını ayağının üstünə keçirib bir müddət ətrafa baxdı.Sonra ətrafında baş verən və ona maraqlı gələn naməlum hadisəyə özündən əmin şəkildə gülümsədi.
   Bu gülümsəmə cavan oğlanın onu başdan ayağa süzməsinə səbəb oldu.Elə bil qoca da bunu istəyirdi. Sanki oğlana  qoca kişinin timsalında qocalanda necə olacağı göstərilirdi.
  Oğlan ona baxa-baxa qalmışdı.Bu kişi istənilən insanı özünə heyran edə bilərdi.”Heç qocalmamaq necə bir hissdir.Həmişə gənc görünmək.Gənc olmaq.Bədən ruhun həbsxanasıdırsa,bədənin də həbsxanası qocalıqdır.Sərhədlər və sərhədlər.Elektrikli məftillərdən.Beynin də keçməməlisən deyir.Gənclik iradə və əzmdirsə,qocalıq bəh anələrdir.Niyə qocalara hörmət edirik ki?!Bir gün biz də qocalacağıq deyə.Yox!Çünki qocalmayacağımızı düşünürük.
   Cavan  qocayla söhbət etmək istəyirdi.Ancaq söhbətə necə başlayacağını bilmirdi.

  -Cavan oğlan,mənə niyə belə diqqətlə baxırsınız?

Qoca olduqca sərt səs  tonu ilə soruşdu və özü də bilmədən  oğlanı  söhbət açmaq ,mövzu seçmək dərdindən xilas etdi.

  -Mən,bilmirəm.Sadəcə baxdım.Sizin neçə yaşınız var?

  Kişi ona baxıb güldü.Sonra da cavab verdi.

-Siz gəncləri heç başa düşmək olmur.Mənim yaşımmm....

-Yaxşı,sizin adınız nədir?

-Adım Zamandır.Sənin kimi gəncləri görəndə həqiqətən təəssüflənirəm.Vaxtınızı boş işlərə sərf edirsiniz.Sizlərə görə zaman lazımsız işlərə sərf olunmaq üçün sizə bəxş olunub.

-Demək adınız Zamandır.Hmm..Yaxşı belə..Mən sizə adınızla xitab edəcəyəm. Zaman,bəs siz burda vaxt itirmirsiniz?Gedin nəvələrinizlə oynayın ya nə bilim dostlarınızla,həyat yoldaşınızla vaxt keçirin,vəfat edibsə, onun qəbri üstünə gedin.Ona bir dəstə gül aparın.Axı siz də bugün-sabah vəfat edəcəksiniz.

  -Mənə görə narahat olmağa dəyməz.Mənim nə  ölü və  ya  diri həyat yoldaşım var,nə də ki nəvələrim.Mən elə Zamanın özüyəm.

    -Deyəsən təklik sizi dəli edib.İndi də özünüzü Zaman  hesab edirisiniz…

  -Xeyir!Bəs sən? Qocalmaq barədə nə düşünürsən?Niyə  sevgilinlə vaxt keçirmək əvəzinə  bir parkda Zamanla vaxt keçirisən.O da gözünün içinə baxa-baxa vaxtını öldürür?

-Əvvəla, mən də sənin kimi.Sevgilim zad yoxdur.Öldürmək  məsələsinə gəldikdə isə,bu mənim işimdir.Mən gələndə zaman  da ölür.

-Biz necə də bir-birimizə bənzəyirik.Sən də dəlisən.Özünü Ölüm hesab edirsən..

 -Xeyir!(cavan oğlan az qala qışqıraraq cavab verdi) Mən,elə Ölümün özüyəm!

-Necə olur mən Zaman olmuram,sən Ölüm olursan?!

 -Zaman qocalıb .Çox maraqlıdır.

-Cavan qalsam heç kəs mənim Zaman olduğuma inanmaz.

-Niyə?

-Niyəsi yoxdur.Belə olmalıdır.

-Bəs cənab Ölüm,siz niyə cavansınız?.Saysız-hesabsız insan canları,onların gözlərinin içinə baxmağı,yaxınlarının harayları sənə təsir etmir,hə ?!

-Yox.Mən sənin kimi əzab vermirəm!Bir dəfəlik..Bilirsən necədi?Təsəvvür et ki,sən ustasan.Bir ev tikirsən.Bu ev dediyim,insanların həyatı,onlara ayrılmış zaman kəsiyidir. Ev yavaş –yavaş tikildikcə insanların sonu da yaxınlaşır.Elə ki,sən inşaatı tamamladın,mən gəlirəm.Qapını açıram və həmin  evdə  yəni, sonda yaşayıram.Bu qədər bəsitdi.

-Demək istəyirsən ki,mən insanların sonunu tikirəm,sənsə gəlirsən və qapını açıb həmin tikilmiş sonda yaşayırsan.Amma sualıma cavab vermədin ki..Niyə qocalmırsan?

-Yaxşı ona görə qocalmıram ki. Bu mənə sərf etmir.Ya da sən dediyin kimi belə olmalıdır.Ölüm güclü olmalıdır, çünki o tək həmlədə işini sona çatdırır.Sənsə, insanları yavaş-yavaş öldürüsən. Bax buna görə.

-Birdəfəlik öldürmək güc deməkdir.Aha! Gəl belə deyək! Mən əzab verməyi xoşlayıram.

-Ay qoca,səndə nələr varmış.

-Bir az düşünsək sən də məndən asılısan.Mən gəlməsəm sən heç kəsi öldürə bilməzsən.

- Başın xarab olub? Bir gün sənin üçün də gələcəyəm.

-.....(özündən əmin gülümsəmə)

-Mən xilaskaram. Dünya mənə təşəkkür edir.Yükünü yüngülləşdirirəm.Bilirsən, uzun sözün qısası ,mənim V.İ.P statusum var. Bəs sən?

-Mən?! Nələr etmirəm ki?! İnsanları özümdən asılı edirəm.Hamısı mənimlə haqq-hesab çürüdürlər.Mənə görə evlənirlər,təhsil alırlar,gəzirlər.. Nəbilim daha nələr-nələr..

Oğlan  bu cümlənin tamamlanmasına icazə vermədi:

-Və ,Mən Əzrayil bütün bunları bir andaca yox edirəm.Səndən  bir şey soruşum: Onlara,yəni canlılara bilmələri lazım olanı öyrədirsən. Sonra?Sadəcə mən gəlirəm və hər şeyi məhv edirəm.Sənin adın həmişə təsəlli verdikdə işlənilir.Mən gəldikdə isə, adımı  da ağızlarına almaqdan qorxurlar.Səbəb isə?!Sən de,sənin cavabını eşitmək istəyirəm.

-Sən bu suala  cavab tapa bilmirsən.Buna görə də mənim subyektiv cavabımı eşimtək istəyirsən.Cavabım budur  ki,onlar heç vaxt kiçik şeylərə əhəmiyyət vermirlər.Əhəmiyyət versələr pis olmaz.Çünki nə sən,nə də ki mən  onları gözləyirik.İnsanlar səhəri düşünür,bu günü yaşaya-yaşaya.Sevgini nifrətin caynağına atırlar. Mənsə onlara qışqırıram:Ay yazıqlar! Bu gününüz ölüb,dünəniniz çürüyür,sabahınızsa üç nöqtə..Səndən ona görə  qorxurlar ki,sən onlara artıq gecdi deyirsən.

-Sağ ol.Bəs indi necə? Sən burdasansa vaxt dayanıb?

-Yox.Mən daima gedirəm.Bəs sən niyə heç kəsin canını almırsan?

-Yox.Hələ heç kəsin vaxtı deyil.

-Deməli hələ heç kəs üçün sona  çatmamışam.

-Ya da hələ heç kəs üçün səni öldürməmişəm.

-Özünə çox güvənirsən.Həddindən çox...

-Necə?!Zaman ölümü qısqanır.

-Bilirsən sənin kimilər çox gəlib-keçib..

-Dayan!Onları aparan da mən olmuşam.Bax,o qarşımızda oturan oğlanla qızı görürsən...Onları aparmağa gəlmişəm.Bir neçə dəqiqəyə onların həyatı sona çatacaq.

 -Bəs niyə gələcəkdə deyirsən?Çünki hələ vaxtları çatmayıb.Dəqiq düz üç  dəqiqədən sonra..

-Yaxşı gəl yoxlayaq görək sən həqiqətənmi Zamansan və mən həqiqətənmi Ölüməm..
  Zaman və Ölüm uzaqdan bu iki insana tamaşa edirdi.Dəlidən doğru xəbər buna deyərlər də! Hə!Onlar dəli idi.Bu filosofcasına danışan iki insan dəlidirlər.Dəlixanada olan dəlilərdən.Bir  həftədir axtarışda idilər. Bir azdan ətrafı maşın səsləri bürüdü.Dəlixana işçiləri və polis  bu iki xəstəni  çətinlklə də olsa yerlərinə qaytardı.Hadisələrə kənardan nəzər salan  Zaman və Ölüm isə bu qısamüddətli fasilədən sonra öz işlərinə qayıtdılar.

 


... dəfə oxunub
Qiymət: 9/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
9+18=
Hesaba giriş
Müəllif

Peykər İbrahimova
Haqqında
Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsində təhsil almışam. Yazıram,çünki,yazmaq-bütün dünyanı,problemləri arxada qoymaqdır.Yazıram çünki,hərf,söz və cümlələrdən ibarət bir dünya daha maraqlı görünür.
Əlaqə
E-mail:
peyker@ymail.com
Sosial şəbəkə:
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0227 saniye