“Başım və ürəyim möhkəm ağrıyırdı. Ağrılar dözülməz həddə idi. Evdə olan ağrı kəsicilərdən də istifadə etdim… xeyri yox idi. Ağrı get gedə kəskinləşirdi. Evdə imkan olmadığından təcili tibbi yardım çağıra bilmirdim. Ağrının necə şiddətli olduğunu evdəkilərə bildirməməyə çalışsam da bacarmırdım. Hər şey mənə mənəvi təsir edirdi, həttda 5 yaşlı qızımın ağlaya-ağlaya başımı sığallayaraq "ata kəsəcək görəssən mən ovxalayıram" deməsi məni lap kövrəldirdi. Əslində kövrəltməkdən də betər edirdi. Sadəcə o hissi ifadə edə bilmirəm.
Birdən məni yuxu apardı, ancaq nədənsə həmişə mən yatanda sakitliyə riayət edən ailə üzvlərim indi dəli kimi qışqırıb ağlamağa başladılar. Oyanıb qışqırdım ki "ağrım indi kəsib, sakit olun yatıram", ancaq məni eşitmirdilər. Hirsimdən durub eyvana çıxdım. Gecənin yarıdan keçməsinə baxmayaraq həyətimiz camaatla dolu idi. Baxdım ki, ev yanmır evdəkilər də salamatdır. Həyətdəki insanlardan soruşdum ki, "nə olub, niyə yığılmısız?", ancaq mənə cavab verən olmadı. Əsəbi halda evə keçdim ki, evdəkilərə təpinəm ki "səsinizi kəsin milləti həyətə yığmısız", otağa daxil olanda dəhşətə gəldim… mən yerimdə uzanmışdım. 3 övladımın 3-ü də üstümə uzanıb ağlayırlar. Yoldaşım da həm mənə baxıb ağlayır, həm də uşaqların bu halına. Məni də ağlamaq tutdu. Bu səhnəyə ata ürəyi dözmədi. Anladım ki, mən artıq qəbzi-ruh olmuşam. Bilirdim ki, bu xəstəliklə çox yaşamayacam, lakin bu halı təsəvvür belə etməmişdim. Artıq başa düşdüm ki, qışqırmağın faydası yoxdur, məni onsuz da heç kəs eşitməyəcək, ancaq körpələrimin bu halına dözə bilmirdim. Oğlum başımı qucaqlayıb ağlaya-ağlaya yalvarırdı ki, gözümü açım. Ortancıl qızım isə səssizcə ağlayaraq dizlərim və ayaqlarımdan dayanmadan öpürdü. Balaca qızım isə hələ də məni ovxalayır, həm ağlayır, həm də qışqırırdı ki "ağlamayın atam duracaq, ağrısı da kəsəcək. Mənə söz verib ki, sabah mərsiyə deyəcəyik bir yerdə" (balaca mənimlə mərsiyyə deməkdən xoşu gəlir, hətta bir neçə mərsiyənin bəhrini də əzbər bilir).
Bütün bunlara dözə bilməyib çölə çıxdım. Həyətdə də hamı ağlayırdı. Kimi "atası kimi tez getdi", kimi "eldən getdi", "çox fikir çəkirdi yazıq", "yazıq bir gün görmədi, indi indi ağ günə çıxmışdı. Atası bunun toyun görmədi, bu da övladlarının." kimisi isə "görəsən uşaqları necə olacaq?" deyə danışırdılar. Həyətdən çıxdım. Hamı qaça-qaça bizə gəlirdi, məni isə görmürdülər. İçimdə qəribə hisslər vardı. Həm qorxu, həm sevinc, həm də intizar ağrısı. Qəbr həyatının ilk gecəsindən qorxurdum… çox qorxurdum… hətta titrəyirdim də…. Elə indi də qorxuram. Sevinirdim ki, atam, anam və nənəmlə görüşəcəm, amma övladlarımın o halı da yadımdan çıxmırdı.
Birdən özümü qəbirstanlıqda gördüm. Bura necə gəldiyimi bilmədim. Atamın qəbrinin ayaq tərəfində durub dedim: "Ata, sənə dedimmi gələcəm? Gəldim, ata, məni qəbul edirsən?". "Yox, tez get evə. Sənin uşaqları o halda qoyub bura gəlməyə ixtiyarın yoxdur" deyə atamın kəskin və sərt səsini eşitdim. Səsin hardan gəldiyin bilmədim, amma qeyri-ixtiyari "axı, ata, sən də məni o halda qoyub geldin? Özüdə sən mənə etdiyin atalığın heç 1% qədərini mən onlara etməmişəm. Mən də sənsiz onlardan da betər pərişan qaldım" dedim. "Oğlum, onda müddət tamam idi, indi isə get evə". İndi isə bunları çox mehriban və həmişəki kimi nəvazişlə dedi. "Ata, sizi görmək istəyirəm - səni də, anamı da, nənəmi də". Qəflətən arxadan "Arxaya dön, ancaq bir addım da mənə tərəf atma" sözlərini eşitdim. Döndüm… "Atam mənim, qurban olum, qoy bircə dəfə həmişəki kimi boynunu iyləyim" deyib ağladım. "Olmaz, oğul, hələ tezdi". Bir az ara verib "çox qocalmısan, bala. Özünə fikir ver. Bilirəm, səni tək qoydum, boynuna çox ağır yük düşdü, amma inanki, bunun belə olmasını Allah istədi, demək bir hikmət var. Özünə fikir ver, bala, çox qocalmısan. Mənim üçün rahatlıq istəyirsənsə ailəni və özünü qoru. Çətin olsa da bunu et". Qəribədir… atam çox nadir hallarda ağlayardı. İndi də mənim güclə sezə biləcəyim tərzdə ağlayırdı, mənsə gözümün qabağında ikən ona sarıla bilmədim. Onun baş daşına sarılıb ağladım. "Bəs nənəmlə anam? Onları da görüm" deyə sual etdim. “Vaxt azdı, oğul, mən gedirəm. Ananla nənənsə sənin balalarının yanındadırlar, axı biz nəvələrimizi sevirik, bala. Üzün ağ olsun, bizim adımızı qoymusan. İndi isə dayanma və get. Tez get ki, nənən gili də görə biləsən".
Tez evə gəlib gördüm qonşular deyirlər ki, “gedək indidən hazırlaşaq”. Qəribədir… hansı maşına oturdularsa, işə düşmədi. Kəndimizin mollası, çox hörmət etdiyim Hacı isə başımın üstündə əyləşib Yasin oxuyurdu. Üzümə də qara sərmişdilər, amma balaca qızımın əllərini başımdan qoparda bilməmişdilər. Nənəmlə anam isə qızlarıma baxıb ağlayırdılar. Hamı ağlayırdı. Birdən nənəm yanıma gəldi. "Can, ay balam, bu uşaqları çox üzmə. Bu ağrılarla çəkəcəyin var hələ, amma Allaha şükür ki, səni sevən balaların var, ailən var" deyib məni öpdü. Dedi ki, "vaxtdı, bala, biz gedirik. Allah sənə səbir və dözüm versin." Nənəm qapıdan çıxıb getdi. Nənəmin arxasıyca həsrətlə baxırdım ki, arxadan "Oğul" deyib mənim boynumu qucaqlayan anamı gördüm. Mən də qeyri-ixtiyari ona sarıldım… ağlaşdıq, ancaq heç nə demirdik. Birdən qızımın "atam durdu, atam durdu" səsini eşitdim. Övladlarımın 3-də üstümdəki qaranı çəkib məni öpürdülər. Qulağıma gələn ilk səs “Yasin” surəsinin 82 ayəsi oldu. Həmin ayədə Allah buyurur: "Bir şeyin var olmasını istədiyi zaman Allahın əmri və məqamı ona ancaq “ol” deməkdir. O dərhal olar."
Çoxları nə baş verdiyini hələ tam başa düşməmişdi, ancaq həqiqətən də ağrım kəsmişdi… müvəqqəti olsa da. Sonra Hacının məsləhəti ilə eyvana çıxıb bütün olanları insanlara cüzi düzəlişlə danışdım və məni sayıb, acıyıb gecənin bu vaxtında bura qədər gəldikləri üçün təşəkkür etdim.
Həmin hadisədən sonra hər dəfə yatanda görürəm ki, uşaqlarım bir-bir gəlib nəfəs alıb-almadığımı yoxlayırlar. Çox səksəkədə yaşayırlar. Mən isə çox eşidib, lakin fərqinə varmadığım Allah rəsulundan (s) bir hədisi dərk edirəm: “ Qocalmamış cavanlığın, xəstələnməmiş sağlamlığın, dünyadan köçməmiş ömrünüzün qədrin bilin.” Bu mənə ölümdən bir işarə idi.