Son xəyala dalasan
şəffaf güzgü önündə
bir sən, bir də ki, əksin,
əlindəki silah da
gicgahına dirənsin...
Son söhbətin özünlə,
bir az hüzün, bir az qəm,
əlində qırıq qələm...
Daha nəsə yazmağın
mənası da qalmayıb.
Əgər səsin yetməsə
can atdığın ünvana,
yazdığının öncədən,
hər şeyin ən başından
mənası da olmayıb.
Boş ver bunu, düşünmə...
Başının ömür boyu
sənə xeyri dəymədi.
Nə sevincin, nə gücün,
nə ümidin vardısa,
özün yaxşı bilirdin,
sənin əllərindədir...
Nə fikir, nə də hisslə
heç vaxt başa çıxılmaz,
bu mənasız şeylərin
inan ki, heç biriylə
heç bir tətik sıxılmaz.
Alovlu bir cəsarət
ruhuma dolananda,
tətik sıxılan anda
sevdim özümü hətta.
Zillənib gözlərimə
nifrətimi buraxdım
kim bilir, öz-özümə
bəlkə son dəfə baxdım?!
Gözlərimdə ruhumun
can atdığı ünvanı -
onun adını gördüm,
coşdu duyğular yenə,
itdi peşmanlığım da...
Ölümü sevməsəydim,
heç səni buraxardım?!
Baxıb özümə dedim;
sən nə gözəl ölürsən?!
İki dəfə ölsəydin,
iki dəfə baxardım.