Hələ dərk etməmişdim
Anlamırdım ölümü
Qayıdacağını düşünüb
sayırdım dönən gününü...
Hələ bilmirdim, ölüm bu qədər soyuqdur
Bilmirdim acıları
İnsan zamanla özü ovudur...
O il payız təzəcə döymüşdü qapını
Mən hələ əzbərləyib bitirməmişdim
vurma cədvəlini...
Yüzə qədər saya bilirdim
Minliklərə çatmamışdım
Bu acının dadına varmamışdım...
Gecələr səsini duyaraq yatardım
Ağrıların canına yapışmışdı
Xəstəliyin yuxunu gözündən almışdı...
Səndən sonra ağlayaraq
iki əl uzanardı üstünə.
Yanağına bir busə qondurub,
iki damla süzülərdi üzünə.
Anam hıçqırıqlarını içinə atıb
səssizcə çıxardı otağından.
Barmaqları üzərində yürüyərdi
səni oyatmadan...
Hələ balaca idim o vaxtlar
amma simanı unutmamışam.
Cizgilərini anamın üzündənki xətlərdən cızıb
"puzzle" kimi toplayıram bir araya...
Üzündəki nur, gözlərindəki işıltı
yansımışdı anamın bənizinə...
Tez getdin, bizləri tez buraxdı nəfəsin, əllərin
Səninlə küçədə yeriyəcəkdim hələ
qoluna girib qürrələnərək...
Sənə kitablar oxuyacaqdım,
şeirlərimi söyləyəcəkdim
qadınlığından ilhamlanaraq...
İndi qocalar evindəki yaşlı qadınlarda
istiliyini axtarıram
Qoynuna sığınıb,
qoxunu duymağa çalışıram...
Olmur...
Toyumda gəlinliyimə baxıb
xeyir-duamı verəcək o yaşlı qadın yoxdur indi
Nəvə düyünündə qol qaldırıb
sevincdən axan göz yaşımı silən
o yaşlı qadın olmayacaq indi...
Tez getdin, çox tez geridə qoydun hamını
Anama deyə bilmədiklərimi
kiminlə bölüşüm indi?!
Hamının nənəsi var,
Mən kimə nənə deyim indi?!
18.08.2015
***1997-ci ildə dünyasını dəyişən nənəmə ithaf-
Allah sənə rəhmət etsin!
Aysel Abdullazadə...