Ömrün lənətlənmiş şeytan çarxı
Narniya tərəfindən "Hekayə" bolməsinə 14:42 20 aprel 2015 tarixində əlavə olunmuşdur

O, kilidi açıb əlindəki ağır, içərisi qab-qacaqla dolu qutunu qapının kandarında yerə qoydu. Pilləkənləri iki bir, üç bir qalxan Əkbərin əlindəki iri yol çantalarını dar, alaqaranliq dəhlizdə yerə qoyması ilə '' Mən getdim'' deməsi bir oldu. Bu vaxt Aliyə qəzəbini boğa bilmədi:

- Necə yəni gedirəm? Hara ? Bir həftə sonra imtahanların var ! Hamı ''Uşağım gecə - gündüz oxuyur '' deyir. Bəs sən nə edirsən ? Bütün günü 3-4 avara ilə şəhərin küçələrinə düşüb çəlimsiz canınla yolları eninə - boyuna ölçürsən!

- Gələn həftə içərisində ''əla''lar yazılmış attestatı sənə gətirməsəm, adımı dəyişərəm mən! Bilik- oxunan deyil, tətbiq oluna biləndir. – Əkbər qətiyyətlə dedi.

- Yaxsı, bəsdir, çərənnəmə ! Hər sözə də hazır cavabı var! O, ''filosof'' Vaqiflə də az otur-dur. Hərdən sənin bu çoxbilmişliyin məni lap təbdən çıxarır.

-Ana, yoxsa '' Masallah, Vaqif çox yüksək düşüncəli uşaqdır '' dediyini danmaq niyyətindəsən. ? – deyərək gülümsədi, sonra isə anasına mərhəmət dolu baxışlarla baxaraq dedi:

- Bilirəm, narahat olursan, amma inan ki, əsassız yerə.

Bir neçə saniyə sükütdan sonra o qapıya doğru irəlilədi. Birdən nə fikirləşdisə geri çevrilərəkk eyni təbəssümlə : '' Ana, axşama düşbərə bişirərsən? '' deyə soruşdu.

- Həə!!! Əsəbləşdir ananı, sonra da yemək sifariş ver! - bu dəfə artıq Aliyə də oğluna gülümsəyərək cavab verib onun arxasınca qapını örtdü.

Aliyə təmirsizlikdən rəngini dəyişmiş, qopmuş divar kağızları olan, kiçik mənzili təkrar-təkrar gəzir, öz səadətinə özü inana bilmirdi. Beynində elə hey eyni fikirlər dolanırdı: “ İlk mənzilimiz . Nə qədər olardı, axı kirayələrdə sürünmək, əynindən- başından, boğazından kəsmək, hər ayın maaşından ayırıb ev üçün pul yığmaq. Axır ki. Nə olsun ki, təmirsizdir. Əsas odur ki, münasib qiymətə idi, hələ üstəlik köhnə olsa belə mebeli də var". 

Aliyə uzun zamandan bəri arzuladığı oyuncağı əldə etmiş uşaq kimi sevinirdi. Bayaq Əkbərin yerə qoyduğu çantanı əlinə götürüb otağa keçdi. Mərkəzdə ətrafında 4 stul olan yemək masası, solda şkaf, sağda isə ölçücə yığcam daha bir masa və 2 kətil vardı. O, kiçik masaya nəzər yetirərək “Bu da Əkbərin yazı stolu olar. Mütləq televizor da alınsın gərək, onsuz olmaz'' – deyə fikirləşdi.

Otağın döşəmə, divarlarını örtən toz uzun müddətdən bəri evdə heç kimin yasamadığından xəbər verirdi. Sənədləşdirmə işlərini aparanda Aliyəyə evin keçmiş sahibəsinin yaşlı, tənha bir qadın olduğunu, bir neçə il bundan əvvəl vəfat etdiyini söyləmişdilər. Evin boğanaq havası rahat nəfəs almağa mane olurdu deyə Aliyə evin bütün pəncərələrini taybatay açdı. Qollarını çirməyib təmizliyə başladı. ''İş çoxdur'' fikirləşib, oturmaqla heç nə dəyişmir. Nahaq yerə demirlər ki, “Göz namərddir, əl mərd. '' . '' Bu qədər işi heç başa çatdırıb qurtarmaq olar ?! '' deyə düşündürən gözlərə inad əllər məsuliyyəti öz üzərinə götürər. Gec- tez nədənsə başlamaq lazımdır, ya yox?
 O, yumşaq bir əski parçasi ilə mebelin tozunu aldı. "Əkbərin stolu lap yadımdan çıxıb ki... '' – deyə fikirəşərək ilk əvvəl siyirtməni açdı. Boş idi. Masanı siləndən sonra onun yerini dəyişmək qərarına gəlib, sola doğru itələdi. Bu vaxt yerə 4 bükülmüş kağız parçası düşdü. Təəccüblə, əyilib onu yerdən götürdü. Bu, saralmış, qat kəsmiş hissələri tamamilə yeyilmiş səhifələr hansısa dəftərədən qoparılmısdı. Aliyə vərəqləri nəzərdən keçirməyə başladı. Deyəsən, gündəlik səhifələri idi. Birinci səhifənin ilk sətirində 05/ 06/ 1955 tarixi qeyd olunmus, ardınca isə bir qədər sağa meylli xətlə yazılmışdı:

-Bəxtəvərsən. - bunu xəstə olub, məktəbə getmədiyim son 3 gün ərzində məni əvəz etmiş Leyla müəllimə deyirdi.

-Kim? Mən? - doğrusu bu fikir gözlənilməz olmuşdu mənim üçün, təəccüblənmişdim.

-Əlbəttə. Çünki, sən mövcud məhəbbətin alisinə sahibsən. Bilirsən, bu balacalar səni necə çox istəyirlər?! Zəhra yazdırdığım ifadəni "Göydən üç alma düşdü, üçü də Mehri müəlliməmin" cümləsi ilə bitirib. Dünən isə Əbülfəz 2 gündən sonra bəlkə sağalıb gələrsən deyə toppuş əllərində həyətlərindən dərdiyi bir dəstə yasəmənlə gəlmişdi.

Mən gülümsəməyə cəhd elədim.

Doğrudur, şagirdlərim məni çox sevirlər, hərçənd zənnimcə bunu məni lal-qaradinməz, adamayovuşmaz biri kimi tanıyan iş yoldaşlarım haqqında deyə bilmərəm. Mən hər kəs tərəfindən birmənalı qarşılanıb, rəğbət bəslənəcəyimi düşünəcək qədər sadəlöv deyiləm. Heç Leylanın dediyi kimi bəxtəvər də deyiləm. Həqiqətən, bu körpələr hal-hazırda ömrümün yeganə sevincidirlər, amma...

Əslində işə təzə başladığım vaxtlarda bəzi kolleqalarım ilə münasibət qurmağa çalışmışdım, amma söhbətin həmişə "Niyə ailə qurmursan? " , "Artıq barmağındakı qaralmış, ucuz üzüyü çıxarmağın vaxtı gəlməyibmi? " kimi cümlələrə dirənməsi mənim hiddətlənib bu cəhdlərimdən əl çəkməyimə səbəb oldu.

Axı onları necə başa salım ki, bu, heç nəyə tay tutduqları gümüş həlqəni dəyərli edən nə onun qiyməti,nə də bahalı qaşları deyil, vacib olan onun kimə məxsus olması, yəni məhz kimin adsız barmağıma taxmasıdır. Necə deyim ki, heç vaxt sədaqətimi əlimdəki üzüklə əlaqəli borc hesab eləmədim, etmirəm! Mən könüllü məhbusam. Öz istəyimlə ruhumu, qəlbimi,düşüncəmi bir fərarinin xəyalına həbs etmişəm. Eeh, rəhmətlik nənəm sağ olsa deyərdi ki, "Ürək süfrə deyil ki, açıb hər yoldankeçənə dərdini deyəsən." Yaxşısı budur susum. "Susmaq qızıldır." Onsuz bir neçə quru cümlə söylənilənlərə qarşı içimdə baş qaldıran üsyandan, bir anda qopan fırtınadan, yanaqlarıma deyil, birbaşa qəlbimə süzülən göz yaşlarımdan xəbər verə bilməz. Məni başa düşməyənlərin haqqımda "axmaqdır" deməsinə, yaxud anlayış göstərənlərin halıma acımalarına dözmək istəmirəm. Hə, ayrılıqların ən acısını yaşamışam mən. Sevdiyimi 1941-ci il 2 noyabrda müharibəyə yola salmış, 1944-cü il dekabrın 23-də Bakı şəhərində ailəsinin yaşadığı ünvana itkin düşməsi haqqında məlumat kağının gəlməsi xəbərini eşitmişəm. Bu illər ərzində hər günümü barmaqlarımın arasından qum tək tökülüb, torpağa qarışıb itən xoşbəxtliyimin həsrəti ilə yaşamışam.

"hərili olmaq" digər xalqlarda belə ifadə olduğunu eşitməmişəm, yəqin ki, ancaq bizdədir. Biz də "Hərili" idik. 14 ildən bəri barmağımdam çıxarmadığım bu üzüyü də o - Şahmar ilk maaşı ilə almışdı. İlk təqaüd,ilk maaş, ilk görüş ... İlklər həmişə əlamətdardır.
Nəzərimdə həmişə zirvədə qalmağı bacarmış dünyanın ən “zalımını” sevmişəm mən. Şahmar qəlbimi qıracaq, sınmış qürurumun daha tez dirçələrək dizləri üstə çökmüş, MƏNin qolundan tutaraq ayağa qaldırıb " Qalx, zəif ! Sənin də səadətə haqqın çatır." deməsinə imkan yaratmış heç nəyə imza atmamışdi ki, mən də onu alçaq adlandırıb, mənliyim qarşısında neçə illik sədaqətimdən utanım, hər kəsin düşündüyü kimi bəlkə də məni gözləmə həbs edərək,dünyanın hansısa guşəsində eyş-işrətindən geri qalmadığını düşünüm. O, müharibədə döyüşüb itkin düşmüş , bəlkə də həlak olaraq mənə həmişəlik əlvida demişdi. Həmişəlik- bu, uzun müddətdir... Mən onun kimi ön cəbhədə deyildim, qılınc kimi kəsən şaxtada dişim dişimə dəyə-dəyə səngərlərdə sürünmürdüm, hər dəqiqə onlarla güllə qulağımın dibindən vıyıltı ilə keçmirdi. Əgər o, cəbhədə canını fəda etməyə belə hazır idisə, demək ki, mən də uğrunda ölməyə dəyər bir qadın olacaqdım!

Məgər indiyədək mənə azmı demişdilər ki, bəsdir, daha tök ətəyindən bu daşı, başqa birinə könül ver, unut getsin! Müharibə 10 ildən artıqdır ki, qurtarıb. İtkin düşərkən yaralı olubsa, çoxdan ölüb, indiyə qədər sümükləri də çürüyüb. Yox, əgər sağdırsa demək ki, səni heç xatırlamır da.

Axı onları necə başa salım ki, ancaq həqiqətən sevən aşiq eşqə yaxud aşiqinə aşiq olmaq arasındakı fərqi duya bilər.
Kənardakıların fikirlərinin doğru olduğunu fikirləşmək deyil,hətta bu ehtimalı təxmin etmək belə məni sonsuz əzabın ağuşuna atırdı. Onsuz “Şeytan əməli" dir eşq. Bilirəm, Tanrı öz bəndələrinə belə əzabı rəva bilməz. Dəqiq yadımda deyil, bu cümlələri harada oxumuşam, amma diqqətimi çəkməyi bacarmışdı. "Günahları yazan mələklər sol çiynimizdə oturublar... Axı ürək də soldadır ... Bax ona görə ən böyük günahdır eşq!!!"

Tanrı "kaşkiləri, bəlkələri" sevməz. Mənim sevgim isə qəlbimdə baş qaldıran "Bəlkə o da sevər " inanc işartısı ilə başlamış, " Kaş sağ - salamat geri dönə " cümləsi ilə sonlanmışdı. Dedim artıq iblisin məkrli tələsidir o...

Ya da Həvvanı yoldan çıxarıb, cənnətə birdəfəlik həsrət qoyan cənnət alması, şərbət dadan bir qədəh zəhərlənmiş şərabdır eşq. İlk dişləm, ilk qurtumda sonsuz səadət vəd edər, cəlb edər, şüurunu məst edər. Bu dövrdə ziyanın yarısından olsa belə geriyə dönə bilərsən, lakin istəməzsən, bu günədək duymadığın eşqin əsarətini şirin, xoş hesab edərsən... Bir müddətdən sonra qəflət yuxusundan oyanarsan ki, zəhər bütün bədəninə yayılıb, qanına hopub, iliyinə işləyib. Hərçənd artıq çox gecdi... İçindən çıxarmağa, uzaqlaşmağa çalışsan öləcəksən. Cismi qansız, ruhu qidasız yaşaya bilməzsən. Qərq olduğun dəryadan canını qurtara bilmədinsə, zəhər hər gün bir az daha dərinə hopacaq, hər gün bir az daha həyatdan, çevrəndəkilərdən uzaqlaşacaqsan. Hər iki halda: Axırı ki "ölüm"dür eşq.
Yox. Qüsurlu dövrandır eşq. Sevdiyində başlar, sevdiyində bitər.

Özləri də, müharibələri də, mübarizələri də lənətə gəlmiş almanlar " Teufelkreis" adlandırarlar bunu. " Şeytan çarxı".

Ömrün lənətlənmiş şeytan çarxıdır eşq.

Hə,onlardan nümunə gətirirəm. Qəlbimin səadət diləyini məhv etdilər. Hər kəsi aldatmış şirin eşq xülyasının adını bednam etsələr nə olar ki?!

Həddindən çox yazdım. Təxəyyülümü bir cümləyə çərçivələyib yazmağa çətinlik çəkdim. Çünki, eşqi izah etməyə çalışmaq özümü verilmiş suala cavabı dəqiq bilmədiyindən gah nala, gah mıxa vuraraq, dili topuq çala - çala danışan, lakin hər cəhdlə dərsini oxuduğunu, mətndən xəbərdar olduğunu sübut etməyə çalışan bəzi şagirdlərim kimi hiss etməyimə səbəb olur.

15.04.1967

Bəzən dürüst əqidə, cəsarət səni özünə biganə buraxmaz. Bunlar Şahmarın ən dəyərləndirdiyim cəhətlərindən deyildimi?!

“Ben onu sevmeyirum,
O, kendi seviliyor”.
 
Hər gün qonşumuz Selma xanımın oxuduğu məşhur Akdeniz türkülərindən birinin iki misrası.

Sevdiyinə qeyd etdiyim bu misralarla bəraət qazandırmaq cəhdinin kökündə məgər bir az da şəxsiyyətə pərəstişi gizlətmək cəhdi durmurmu...?

Nahaq yerə demirlər ki, ancaq sevəndə başa düşürsənki, sən demə Dünya Ədəbiyyatının, İncəsənətin mərkəzində dururmuşsan. Sanki ədəbiyyat, rəssamlıq, kinematoqrafiya qanadlı,bəzəkli cümlələr, qafiyələr, dolaşıq süjetlər, rəngli boyalar, çoxsaylı dubllarla çəkilən səhnələrlə sizi tərənnüm etməkdə yarışır. Ən maraqlısı bəzən incəsənət “ elə kökündən vurur “ ki , sən nə vaxtsa iki sevgilinin münasibətinin hər cütlükdə fərqli olması, sevginin mahiyyətinin tam izah oluna bilməməsi kimi düşüncələrinə şübhə ilə yanaşmağa başlayırsan : Əgər mahiyyət izah oluna bilmirsə və bütün sevənlər arasında ortaq cəhət yoxdursa bu cür dəqiqliklə tərənnüm nəyə əsaslanır ? Demək ki, ortaq nəsə var, amma ...

Aliyə bir anlıq gözlərini kağızdan ayırdı. Özüdür ki, var. Bu gündəlik səhifələri idi. Deyəsən, kimin gündəliyinin səhifələri olduğunu da bilirdi, axı. Şübhələnmişdi: Keçmiş ev sahibəsinin ?

Nədənsə yaman təsirlənmişdi. O, kətildə əyləşərək oxumağa davam etdi:

09.05.1965

Qələbə günü. Təzadlı həyatın iki üzü var. Bu gün yüzlərlə ailədə veteranlar süfrənin ən başında oturur, şərəfə badələr qaldırılır, sağlıqlar söylənir, şanlı qələbədən, döyüş xatirələrindən söhbət açılır. Həmin vaxt minlərlə ailədə həlak olmuş, itkin düşmüş ata, qardaş, həyat yoldaşı və digər doğmalar üçün göz yaşları axıdılır. Bəzi qundaqda, yaxud ana bətnində ikən yetim qalanlar üçün atalarından yeganə xatirə, evin ən hörmətli güşəsində saxlanılan orden və medalları olur. Ya da.... Bütün poçtalyonların üz qarası olan qara mürəkkəblə ucdantutma hamısı dilimizə tərcümədə "böyük şücaətlə həlak olmuşdur" sözləri ilə bitən, üçbucaq şəklində bükülmüş, neçə arzunu yarım qoymuş bir parça "Qara kağız".

Bir həftədir ki, pərişanlığıma hakim ola bilmirəm. İntizarla keçmiş daha bir il. "Bir az da güc, bir az da səbr" deyə Tanrıya yalvardığım daha bir 365 gün. Hələ də Şahmarın nə ölü, nə də diri xəbəri var. Bu gün Stalinqraddan göndərdiyi məktubu bəlkə də yüz dəfə təkrar- təkrar oxumuşam.

Gözlərimi də eləbil közlə dağlayıblar. Mən sabah bu ağlamaqdan içi qan dağarcığına dönmüş, şişmiş gözlərlə işə necə gedim ?! Yaza da bilmirəm. Nifrət eliyirəm sənə, Mehriban! Adam da heç bu qədər sulugöz olar ?! Bayaq Arzu xalagildə də necə hönkürdünsə ... Yazıq qadın öz dərdini unudub səni sakitləşdirməyə başladı. Hər il 9 mayda o da göz yaşlarına hakim ola bilmir. Əllərində qardaşının "Qara kağız"ı, dilində isə "Heç olmasa üçcə gün də artıq yaşayaydı, qələbəyə sevinənlərdən biri də o olaydı." cümləsi göz yaşları axıdır.Həmişə nəql edərdi ki, qardaşı 39-cu ildə Hərbi Xidmətə çağırılıb, xidməti sona çatmamış isə müharibə başlayıb. O, 1944- cü ildə döyüşərkən ayağından güllə yarası alıbmış.. Bir müddət müalicə olunduqdan sonra isə 2-ci Belarus cəbhəsinə göndərilibmiş.

6 il Sovet ordusunda xidmət və qələbənin elanına vur-tut 3 gün qalmış təsadüfi güllədən ölüm. Dəhşətlidir. 6 il cəbhədə düşmənlə döyüşəsən, lakin qələbə zəfərinin yaşatdığı möhtəşəm sevinc anını belə duya bilməyəsən... Gözlərini bu dünyadan qalib kimi yox, siravi əsgər olduğunu düşünərək yumub köçəsən...

11.06.2002


Zaman heç vaxt “ Olmaz” sözünü eşitməmiş ərköyün uşaqdır. Rəsm çəkməyi çox sevər. Hərçənd bir “ Amma” var. Əlindəki qələm yaxud fırça ilə ştrixləri nə kağız, nə də kətan üzərinə həkk etməz. Çünki, istedadını hədsiz təkəbbürlə dəyərləndiriər. Zaman gənc simaları hədəf alar. Öz aləmində şedevr, əsl sənət əsəri yaratmağa çalışar, illərlə bir rəsmin özərində işləyər, hər növbəti gün alın, çənə, yanağa daha bir cizgi əlavə edər. İllər sonra isə tamamlanmış tabloya baxaraq, “ Adı “ Qırışlar” olacaq “ deyər.

Nə zaman mənim yanından gözüyumulu keçmişdi, nə də mən gizlənməyi bacarmışdım. Bu gün mən də artıq onun mövcud milyardlarla tablolarından biriyəm. Nə vaxtsa əlifbanı öyrətdiyim uşaqlar indi pilləkənləri qalxmaqda mənə kömək edirlər. Yaşlanmışam artıq. Heç vaxt qocalmaqdan, ölümdən qorxmadım. Bu illər ərzində içimdə tək bir xof vardı : “ Bəlkə bir gün qarşılaşarıq və o, məni tanımaz “. Müharibə qurtarandan sonra da özümü xəyalən onu qarşılamağa hazırladım. İndi isə ... Bəzən özümə sual verirəm : “ Bu qədər uzun müddətdən sonra Şahmarla qarşılaşmaq istərdimmi ? İstərdimmi ki, gəlsin “ Bax, sağam, ölmədim” desin ? “ Ötən illərdə cəbhədən göndərilmiş məktublarda təsəlli tapan, qəlbimdə məskunlaşmış gənc Mehri “ Hə, əlbəttə. Heç olmasa bircə dəfə. ”-deyə hayqırırsa da , eyni zamanda ağlım heç bir ehtimalla onun sağ qalma həqiqətini qəbul etmək istəmirdi. Mən “ Ürəyi dəyişsə daha məni sevməz.” deyə düşündüyündən sevdiyinə ürək köçürülməsinə qarşı çıxan 19 yaşlı qız kimi kimi xudpəsənd, cahil, qorxaq və bütün bunlara rəğmən sevgidolu idim. ( Bu əhvalatı yaxın günlərdə müəllimlər otağında eşitmişdim. ) Necə ki, həmin qız sevdiyinin başqasına aşiq olmasındansa ölməsini bəlkə də gözə ala bilirdi, mən də illər uzunu Şahmarın qeybə çəkilməsini, məni aldatmasını bağışlaya bilməzdim. Buna xüdpəsəntlikmi ya qadın qürurumu desəm?

Çox qəribə varlıqlarıq biz- qadınlar...

Nə qədər də uzun ömrüm varmış. Tam 83 il... Görünür, ad günlərimdə hər kəs tərəfindən səsləndirilən “uzun ömür” arzusu səmimi qəlbdən imiş.

Oxuyub qurtardıqdan sonra belə Aliyə bir müddət nəzərlərini bu əlyazmadan çəkə bilmədi. Qəhərlənmişdi. Gündəliyin səhifələrini oxuyarkən eləbil özü də Mehribanla bir o intizarı yaşamış, dərdinə şərik olmuş, Mehribana hədsiz rəğbət və mərhəmət bəsləmişdi. Bununla belə Aliyə fikirləşirdi ki, yazılanları Mehriban şüur süzgəcindən keçirmiş, dəfələrlə soyuqqanlılıq örtüyünə bürüyərək qələmə almağa çalışmışdı deyə bu bir neçə səhifə onun iztirablarını bütünlükdə əks etdirə bilməz.

O, qalxıb otağı axtarmağa başladı ki, bəlkə ya gündəliyin özünü, yaxud Şahmarın məktublarından birini tapa bildi. Ələxsus Şahmarın Stalinqraddan göndərdiyi, Mehrinin göz yaşlarına qərq olaraq dəfələrlə oxuduğu məktubu. Hekayələrini təfərrüatları ilə bilmək istəyərdi. Aliyə marağına görə bir azca özünü qınadı da. Hərçənd bayaqdan kiminsə heç kəsə deyilməmiş, qəlbin fəryadını əks etdirən şəxsi yazılarını oxumurdumu ? Axı bu təsadüfən idi ... Aliyə çoxdan eşitdiyi bir fikri xatırladı : “ Tanrı öz adı ilə imza çəkmək istəmədikdə, Təsadüf ləqəbindən istifadə edir.” Bununla özünə bəraət qazandırıb otağı ələk-vələk elədisə də heç nə tapa bilmədi.

Bayaqdan bəri əlində saxladığı kağızları təsadüfən unudubmuş kimi Əkbərin masasının üstünə qoydu ki, o da oxusun. Çünki, bu səhifələrdə nəinki məhəbbət, o cümlədən bir Azərbaycan qadınının yüksək sədaqəti əks olunmuşdu. Əkbərin də bu sədaqət mücəssəməsi olan qadının həyat hekayəsindən xəbərdar olmasını istəyirdi. Aliyə dünən şəhərdə gənclər arasında keçirilmiş sorğunun video çarxını izləmişdi. Təəssüf ki, gənclərdən bəziləri sadəcə gülünc əsaslarla qızların vəfasız, yelbeyin olduğunu iddia etməkdən çəkinmirdilər. Aliyə də oğul anası idi və o, Əkbəri qətiyyən bu neqativ düşüncəli, tarixindən bixəbər müsahiblər sırasında görmək istəmirdi. Ona görə tarixindən bixəbər ki ... “ Ot kökü üstə bitər.” Azərbaycan qadınının soy kökü 1937-ci ildən etibarən Qazaxıstan düşərgəsində 8 il əsir olmuş, lakin zabitlərdə ikrah hissi oyatmaq üçün paltarları ilə ayaq yolunun yerini sildikdən sonra geyinərək özünü onların məşum otağından qorumağı bacarmış Əhməd Cavadın həyat yoldaşı qeyrətli Şükriyyə xanım, nakam sevgisinə 61 illik sadiq qalmış, ömrünü şagirdlərinə həsr etmiş Mehriban xanım kimi minlərlə qadına söykənir.

Aliyə qərar qəbul etmişdi, necə olursa olsun mütləq köhnə qonşulardan kimdənsə Mehriban xanımın dəfn olunduğu yeri öyrənib qəbrini ziyarət edəcəkdi. Həm də oğlu Əkbərlə birlikdə ...

Qadın gülsə bu qəmli mühitimiz güləcək,
Sürünən bəşəriyyət qadınla dirçələcək. (Hüseyn Cavid)



... dəfə oxunub
Qiymət: 8/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
5+16=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0241 saniye