ONA MƏNDƏN DANIŞIN...
Ona məndən danışın,
Deyin ki, çox dəyişib.
Danışın ömrümdəki,
Xoşbəxt keçən məqamdan,
Daha əsər qalmayıb,
Sən gördüyün adamdan.
Deyin daha ağlayıb,
Silmirəm göz yaşımı,
Indi o yoxdur deyə,
İtirmirəm başımı.
Ona məndən danışın,
Artıq əzab çəkmirəm,
İndi onsuzam deyə,
Göz yaşımı tökmürəm.
Ona xəbər verin ki,
Vardır isti ocağı,
Hər kəsdən üzüb əlin,
Tək Allahdır dayağı.
Ona məndən danışın,
Deyin, sevmirəm onu,
Yalançı bir gülüşlə,
Geyməsin mələk donu.
Axı mən istəmirəm,
Alım onun ahını,
Qoy özündə saxlasın,
Savabın, günahını...
Ona məndən danışın,
Yol çəkməyir gözlərim,
Daha adın duyanda,
Tir-tir əsmir dizlərim.
Ona deyin mən daha,
Onu salmıram yada.
Artıq əvvəlki kimi,
Özümü atmam oda.
Ona məndən danışın,
Deyin ki, öldürübdür,
Sənlə olan arzusun.
Daha sənə həsr etmir,
Nə şerin, nə duyğusun.
Bilmək də istəmirəm,
Arzusu diləyi nə ?
Çətindədirsə, Allah
Qoy çatsın köməyinə.
Soyumuşam mən ondan,
Ona əlim də yetməz.
Mənə etdiklərini,
Düşmən, düşmənə etməz...
Ona məndən danışın,
Deyin, Allahdır yarı,
Dəyişibdir həyatı,
Yönəlib haqqa sarı.
Deyin ki, düşünməsin,
Adımı dönə-dönə,
Onu gərək unudam,
Bəlkə qəzəbim sönə!
Onu çoxdan dəfn edib,
Saxlamayır ona yas,
Başqa bir adam olub,
Dəyişib İlkin Abbas...!