İstiqlal Tədris və Yaradıcılıq Mərkəzində “Onlayn media:Yeniliklər, perspektivlər, problemlər” mövzusunda seminar-treninq keçirildi. Hədəf Karyera Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Elvin Əliyev çıxış edərək qonaqları salamladı, tədbir barədə iştirakçılara geniş məlumat verdi: “Layihəmiz İstanbul Aydın Universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bu gün universitetin “İctimaiyyətlə əlaqələr” fakültəsinin dosenti Adəm Aytən bizimlə birgə olacaq və Türkiyə jurnalistika təcrübəsini bölüşəcək. Bununla yanaşı tədbir boyunca sizi maraqlandıran suallar cavablandırılacaq, xaricdə jurnalist təhsili haqda geniş məlumat veriləcək”.
Daha sonra söz Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşova verildi. O, Azərbaycan jurnalistikasının ənənələrindən, müasir medianın inkişaf istiqamətlərindən söhbət açaraq təlim iştirakçılarını məlumatlandırdı: “ Azərbaycan jurnalistikası böyük ənənələrə malikdir. “Əkinçi” qəzetindən başlanan bu şərəfli yolun məsuliyyəti hazırki dövrdə siz gənclərin üzərinə düşür. Bu gün Azərbaycanda beynəlxalq standartlara cavab verən jurnalistlər və KİV var. Jurnalistikamız dünyanın ən inkişaf etmiş ölkələrinin mediası ilə müqayisə oluna biləcək səviyyədədir. Təəssüflə qeyd etməliyəm ki, son dövrlərdə ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu ilə paralel olaraq Azərbaycanın əleyhinə sifarişli yazılar da artmaqdadır. Bu baxımdan siz gənc jurnalistlərin üzərinə çox böyük məsuliyyət düşür. Sizlər bu kimi hallara qarşı mübarizə aparmalı, dünyaya həqiqətlərin çatdırılmasına səy göstərməlisiniz”.
“Hədəf” Şirkətlər Qrupunun rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq çıxışında seminar-treninqin keçirilməsində əsas məqsədin gənc jurnalistlərin biliklərinin təkmilləşdirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi olduğunu vurğulayıb: “ Gənc jurnalistlərin bilməli olduqları belə bir məşhur ifadə var. Jurnalist birinci vətəndaş, daha sonra jurnalistdir. Yəni jurnalist ilk öncə ölkəsinin maraqlarını qorumalıdır. Bu mənada siz gənclərin gələcək fəaliyyətinizdə bu fikri tez-tez xatırmalağınızı və tətbiq etməyinizi arzu edirəm”.
Seminar-treninq Adəm Aytənin “Türkiyədə və İAU-də jurnalistika tədrisi” mövzusunda çıxışı ilə davam etdi. Türkiyəli qonaq İstanbul Aydın Universitetində jurnalistika fakültəsinin yaranma tarixindən və inkişaf mərhələlərindən bəhs etdi. Gənclərin suallarını cavablandıran Adəm Aytən onlarla öz təcrübəsini bölüşdü.
Çay fasiləsindən sonra Bakı Dövlət Universitetinin profossoru elmler doktoru, professor Alıxan Bayramov və universitetin “Jurnalistika Elmi-Tədqiqat Laboratoriyası”nın müdiri, dosent Vüqar Zivəroğlu çıxış edərək tədbir iştirakçılarının xəbər mühitində dezinformasiyanın yayılmasının qarşısının alınması, Ermənistanla informasiya müharibəsinin aparılması və jurnalistikanın praktik tərəfləri ilə bağlı suallarını cavablandırdılar.
Qeyd edək ki, treninq ikinci günündə tanınmış jurnalistlərin iştirakı ilə “Onlayn media: Yeniliklər, perspektivlər, problemlər” mövzusu ətrafında müzakirələr keçiriləcək.