Opus Dei nə deməkdir?
Elnur Əzizov tərəfindən "Elmi məqalə" bolməsinə 01:14 03 noyabr 2014 tarixində əlavə olunmuşdur

Latın dilindən tərcümədə “Tanrı işi” mənasını ifadə edən bu təşkilat Roma Katolik Kilsəsinin prelaturasıdır (Katolik kilsəsində yüksək ruhani təbəqə). Opus Dei 1928-ci ildə Madriddə ispan keşişi Xosemariya Eskriva de Balaqer (1902-1975) tərəfindən yaradılmış, Katolik kilsəsinin nəzdində dünyəvi və dini təlim kimi meydana gəlmişdir. Məqsədi Papa ensiklikinə (Roma Papasının siyasət, din, əxlaq və s. məsələlərə dair bütün katoliklərə müraciəti) müvafiq cəmiyyət formalaşdırmaqdan ibarət olan bu təşkilat öz planlarını reallaşdırmaq üçün üzvlərini hökumət orqanlarında yerləşdirir, siyasi və iqtisadi sahələrdə nüfuz sahibi insanları sıralarına cəlb edirdi. İlkin dövrlərdə Opus Deinin təbliğ etdiyi ideyalar fəhlələr və tələbələr tərəfindən rəğbətlə qarşılanmışdır. 1930-cu ildə təşkilatın qadın bölməsi də yaradılmışdır. 1942-ci ildə Opus Deini Papa XII Piem “Provida Mater Ecclesia” konstitusiyası ilə təsdiqləmişdir. 1946-cı ildə isə keşiş Eskriva de Blaqer təşkilatın mərkəzini Romaya köçürmüşdür.

1931-ci ildə İspaniya respublika olduqdan sonra Opus Dei İspaniyanın mühafizəkar katolik dairəsini öz ətrafında birləşdirmişdir. Franko tərəfdarlarının qələbəsindən sonra isə təşkilat İspaniyada daha geniş yayılmışdır. Franko rejiminin təşkilatla əlaqəsi olan siyasətçilərə, xüsusilə texnokratlara (sosial problemləri texnoloji metodlarla həll etməyi mümkün hesab edənlər) etimad göstərməsi sayəsində Opus Dei müharibədən sonra hakimiyyətin və iqtisadiyyatın idarə olunmasında mühüm rol oynamışdır.

1982-ci ildə Papa II İohan Pavel Opus Deininin idarəsini əyalət yeparxiyalarının tabeliyindən çıxararaq birbaşa özünə tabe etmişdir.

Təşkilata keşiş andı içmiş, “numerarilər” (həqiqi üzvlər) adlanan təbəqə başçılıq edir. Bu təbəqəyə yetmiş iki nəfərdən ibarət “inskriptlər” (əlavə edilmişlər) adlı qrup da daxildir. Onların vəzifəsi növbəti seçkilərdə idarəetmə heyətinin üzvlərini seçməkdir. Həqiqi üzvlər təbəqəsinə keşiş andı içməyən, sadə, sadiq əməkdaşlar da - supranumerarilər (ştatdan kənar olanlar) daxildir. Təşkilata üzv olmaq mərhələli prosesdir və xüsusi razılıq müqavilələri bağlamaqla mümkündür. Onun həqiqi üzvü olmaq üçün altı il namizədlik müddəti tələb edilir.

Opus Dei bütün xristianları ciddi səylə həm dini, həm də dünyəvi öhdəlikləri yerinə yetirməyə çağırırdı. Hər kəsin yaşadığı ərazidə kilsə və cəmiyyətə xidmət etməsinin vacibliyini bildirirdi. Təşkilat üzvlərinə görə onlar digər insanlarla eynihüquqludurlar. Siyasət, iqtisadiyyat, mədəniyyət və digər sahələr barəsində fikir yürütməkdə azad, atdıqları addımlara cavabdehdirlər. Üzvlər sosial problemlərin həlli üçün heç vaxt kilsənin və Opus Deinin adından istifadə etmir, dini məsələlərdə yalnız onların qərarlarının düzgünlüyü iddiasını irəli sürmürlər.

Opus Dei gənclərlə təbliğat işi aparmağa xüsusi diqqət yetirir. Təşkilatın üzvləri gənclərin dini və dünyəvi cəhətdən püxtələşməsinə, onların cəmiyyətə xeyirli insan kimi formalaşmasına çox vaxt və əmək sərf edirlər. Əsas məqsəd gəncin şəxsi potensialını üzə çıxarmağa yönəldiyindən, tədris qapalı qruplarda aparılmır. Dünyanın müxtəlif bölgələrində sadiq prelatlar (Katolik kilsəsində yüksək ruhani vəzifə) və onların köməkçiləri kommersiya, siyasi layihələrin deyil, ümumi rifah naminə nəzərdə tutulan məktəb, xəstəxana, universitet, tələbə yataqxanaları və peşəkar hazırlıq mərkəzlərinin inşasında özünəməxsus şəkildə iştirak edirlər. Çünki onlar təşəbbüskarlarla razılığa gələrək, layihələrin xristian yönümlüyünü təmin edirlər. Bu yolla müəssisəyə mütəmadi dini-mənəvi dəstək göstərirlər. Həmin dəstək müxtəlif formada ola bilər: pastor (keşiş) köməyi, Tanrı qanunlarını tədris edən kursların təşkili və s. Belə müəssisələrdən aşağıdakıları qeyd etmək olar:

1. Navarra Universiteti. Universitet 1952-ci ildə İspaniyanın Pamplon şəhərində tikilmişdir. Hazırda orada iyirmi fakültə fəaliyyət göstərir. Pamplondakı tələbə şəhərciyində Universitetin klinikası var. Barselonada isə universitetə məxsus biznes məktəbi yerləşir. Opus Deinin digər insanlarla müştərək yaratdığı ali təhsil ocaqları – Pyur (Peru), Saban (Kolumbiya), Asiya və Sakit Okean (Filippin) universitetləridir.

2. Nayrobidəki (Keniya) Kiyanda kolleci. 1961-ci ildə fəaliyyətə başlayanda, kollec, ümumiyyətlə, bölgədə müxtəlif irqdən olan qadınların birgə təhsil aldığı yeganə mərkəz idi. Kollecin kənd təsərrüfatı ixtisası üzrə verdiyi təhsil qadınlar üçün çox əhəmiyyətlidir. Burada təhsil alanların əksəriyyəti kəndli təbəqəsinə mənsubdur.

3. “ELİS” mərkəzi. Peşəkar hazırlıq mərkəzidir. Mərkəzin fəaliyyəti Romada sənayenin bir çox sahələri üzrə mütəxəssis yetişdirməyə istiqamətlənmişdir. Pulsuz təhsili İtaliyanın Xarici İşlər Nazirliyi maliyyələşdirir. Albaniya, Somali və digər zəif inkişaf etmiş ölkələr də mərkəzin fəaliyyət dairəsinə daxildir.

4. Çikaqodakı Midtaun mədəniyyət və idman mərkəzi. Mərkəzin fəaliyyəti gənclərin sosial inkişafındakı çatışmazlıqları aradan qaldırmaq üçün elm, din və idman sahələrinə aid müxtəlif proqram və layihələr hazırlamaq, onları həyata keçirməyə istiqamətlənmişdir.

5. “Toşi” mərkəzi. Mexikonun qərbində yerləşir. Burada hindu əsilli qadınlar təhsil alır. Mərkəzi bitirənlərə ölkənin dövlət müəssisələrində işləmək hüququ verən orta təhsil haqqında şəhadətnamələr təqdim edilir. Lakin onun fəaliyyəti bəzi dairələr tərəfindən «məxfi»likdə təqsirləndirilir. Tənqidçilər arasında katolik rahiblərə də rast gəlinir.

Hazırda dünyanın səksəndən çox ölkəsində Opus Deinin mərkəzləri mövcuddur.


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
1+14=
Hesaba giriş
Müəllif

Elnur Əzizov
Haqqında

Əlaqə
E-mail:
elnurazizov90@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0324 saniye