Orxan Fikrətoğlu: “Həm xalq şairi olmaq istəyirik, həm də dissident”
Yazar.in tərəfindən "Məşhurlar" bolməsinə 02:21 10 may 2012 tarixində əlavə olunmuşdur

Orxan Fikrətoğlunu "Zorxana" verilişindən tanımayan adam tanımıram. Amma onu nasir kimi özüm üçün kəşf etməyim yaxın vaxtlarda olub. Onun ədəbi mühitdə belə az tanınan "Vaxt" kitabı son illərdə Azərbaycan nəsrində hadisədir. "Vaxt" kitabında onlarla şedevrlər var. Kitabdakı povestləri oxuya-oxuya Azərbaycanın sadə dillə, kiçik cümlələrlə böyük mətləblər açan yazıçısını kəşf elədim. "Vaxt"dan başqa bircə dəfə belə bir kitab olub ki, onu oxuyandan sonra beynimdə kitabın səsi qalsın, ətrafdakı bütün səslər, "Vaxt"dakı təhkiyyənin səsi ilə qulağıma dolur. Bəlkə bu da keçəcək, bilmirəm. Amma indi bu ovqatdayam. "Vaxt" eləyib, "Vaxt"ı oxuyun. Orxan Fikrətoğluyla vaxt tapıb həm "Vaxt"dan, həm də "vaxt"sızlıqdan danışdıq...
- "İtki" adlı hekayənizi oxudum, çox xaotik idi. Şəxsiyyətin itməsi həm ritorik, həm də magik təsir bağışlayır. Sonda əsərin qəhrəmanı başa düşür ki, nəyə görə özünü itirib. Amma hansı vəziyyətlərdə itdiyini, yoxolma prosesini bilmir. Prosesi gizli saxlamağınız hansısa simvolikaylamı bağlıdır?
- Xeyr. Hekayənin də məğzi məhz sənin də vurğuladığın həmin xaosda üzə çıxır. Həmin qəhrəman itib, özü də mənən itib. Bəzən ədəbiyyatı insanla, həyatla səhv salırlar. Ədəbiyyat həyatın eynisi deyil, ədəbiyyatın yazıçı tərəfindən yükləndirilmiş, seçilmiş funksiyaları var. Həmin qəhrəman Azərbaycan ziyalısının ümumiləşdirilmiş obrazıdır. O başa düşmür ki, niyə və hansı səbəbdən itib. Sadəcə o, burulğana düşüb, cəmiyyətdə cərəyan edən hadisələrin fonunda itib. Həmin obraz isə mərhələ-mərhələ sındırılıb. Arvadı ona deyir ki, sən itmisən, bu sözdən sonra o ruhən oyanır. Bu sualı verən kimi o gedir özünü axtarmağa. Bugünki bəzi ziyalılar, harada və necə itdiyini, sındığını bilmirlər. Onu mən görürəm, kənardan baxanlar görür.
- Yaxşı yaşamağa görə.
- Bəli, yaxşı yaşamağa, tox yaşamağa görə. Biz çox qəribə xalqıq da. Həm xalq şairi olmaq istəyirik, həm də dissident. Həm şəhid olmaq istəyirik, həm də ölməmək. Millət qan verməlidir ki, Qarabağ alınsın. Yoxsa, sən həm tox yaşa, həm də milli qəhrəman ol. Belə şey olmur. Kim nə deyir desin, bu xalq böyük xalqdır. Bizə elə gəlməsin ki, xalqı aldadırıq. Xalq yaxşı bilir ki, kim kimdir, kim hansı oyunlardan çıxır. Bu xalq Füzuli və Xaqani kimi dahini yaşada-yaşada gətirib bu günə çıxardıb. Onlar roman-povest janrında kimlərinsə təsiri ilə ədəbiyyat yaratmayıblar. Onlar Umberto Ekodan, Kafkadan təsirlənib "suyunun suyunun suyu" ədəbiyyatını yaratmayıblar. Bu xalqı indiki görkəmi ilə aldada bilərsən, amma genetik yaddaşı ilə aldada bilməzsən.

- Təmsil etdiyiniz ədəbi nəsil bir qədər havada qaldı sanki, layiqi olduğu qiyməti ala bilmədi. Sizcə, əsas səbəb nə idi?
- 80-cı illərdə vəziyyət tamam dəyişdi. O dövrdə sən ya vətəndaş olmalıydın, əzilmiş, tapdalanmış Azərbaycan xalqının əlindən tutub qaldırmalıydın, ya da qorxaq kimi bir kənara çəkilməliydin. O dövrdə Orxan Fikrətoğlu televiziyanı seçdi. Vətəndaş mövqeyi bizi yazıçı kimi vaxtında öz təsdiqimizi tapmağa imkan vermədi.
- XX əsr Azərbaycan ədəbiyyatını necə qiymətləndirirsiniz?
- Bizim evdə ədəbiyyatı yaxşı biliblər. Və mən xoşbəxtlikdən XX əsr klassiklərini düz əməlli oxumamışam. Bu gün baxıram ki, nə yaxşı ki, oxumamışam, artıq o ədəbiyyat kağız zibilliyinə çevrilib. Deməli, sən bir sistemin, bir dövrün, bir dəbin yazıçısısansa çox yaşamayacaqsan, yaxın 40-50 ildə bu hal təxminən üç dəfə təkrarlandı. Amma əfsuslar olsun ki, çoxlarına görk olmadı. Azərbaycanda Heyraninin "Dəlinamə"si və Y.V.Çəmənzəminlinin "Həzrəti-Şəhriyar"ı böyük nəsr nümunəsidir. Yerdə qalan nəsr əsərləri hələ ilkinliyini yaşayan proza nümunələridir. Görünür, bu da sistemlərin yazıçısı olmaqdan irəli gəlir. Çünki bizim yazıçılar qalxanda belə olduqları sistemin üstünə qalxıblar, ruhi dərinliyin fövqündə yox. Ona görə də, onlar dırnaqarası görünürlər. Vaxtdan uca olmaq lazımdır.
- Bəs atmışıncıları qəbul etmirsiz?
- Qəbul və inkar inqilabi sözlərdir. Ədəbiyyat təfəkkür tərzinin dəyişməsidir. Onlar bioloji inqilabın nəticəsi idilər. Dünyanın hər yerində onlar kimi sıçrayış edənlər oldu. Bütün dünyanın fonunda 60-cılar var. 80-cilər nəsil olaraq ortalığa böyük bir şey qoya bilmədilər. Çünki qırğın-dava dövrünə düşdülər. Biz ədəbiyyata mövzu verdik, gedib vuruşduq. 60-cılar vuruşmadılar. Onlar daim rahat yaşadılar və o rahatlıqdan əl çəkə bilmədilər. Amma 80-90-cı illər yazmaq dövrü deyildi, əməl dövrü idi. Ədəbiyyat ənənədir. 60-cıların ancaq yaxşı xüsusiyyətlərini götürmək lazımdır. Ələkbər Salahzadə kimi istedadlı adam mən hələ görməmişəm. O cür söz oynadan, Xlebnikovdan gələn ustacasına poetik improvizələr, eksperimentlər kimdə var? O təkcə söz yox, həm də dili oynadıb, dili yaradıb. Heç kəsi inkar eləmirəm. Vaqif Bayatlı Odəri inkar etmək olar? Kim Vaqif Bayatlı Odər kimi şair ömrü yaşayıb. Şeirlərini demirəm hələ. Bütün günü bulvarda gəzinir, adamı görəndə sevinir, hamıyla dost olmağa çalışır. Hərçənd, onun məmur, müdir, katib olmaq imkanları da var. Amma o, həmin ömrü yaşadı - şair ömrünü. Bu gün cavanlar var ki, istedadlıdırlar, amma hər şey istəyirlər. Andrey Platonov mən oxuduğum universitetdə xidmətçi olub. Bizim təhsil aldığımız auditoriyaların döşəməsini silib. Bu adam o döşəmələri silə-silə "Can"ı yazıb. Biz yazıçını cəmiyyətin ən yüksək hissəsinə qaldırırıq. Amma necə qaldırırıq, vəzifəsiylə, puluyla, istedadı, yaradıcılığı ilə yox. Bu gün elə yazıçı adı çəkə bilərsənmi ki, vəzifəsi yoxdur, amma xalq ona tapınır, sevir. Yox. Çünki kütlə də şöhrət vurğunudu.
- Sizin bir çox əsərlərinizdə Sufizm cərəyanının elementləri var. Məsələn, "Susuz hovuzun qumrusu" hekayəsində və "On ikinci nəğmə" povestində. "Yeddi" povestində isə hürufizm cərəyanı açıq-aşkar görünür. Sizi həmin ovqatla bağlayan, o məqama çəkən nədi?
- Ümumiyyətlə, mən tənhalığa çəkilməyi xoşlayıram. Mənim içimdə tənhalığa çəkilməklə kütləyə açılma məqamının konfilikti gedir. Bir gün Nəsimi gəlir Şah Xəndanın yanına, deyir ki, gedirəm Hələbə, orda zərrənin tama qovuşma məqamını əyani sürətdə xalqa göstərmək istəyirəm. Allahın insana qovuşma məqamını sübut edəcəyəm. Nəimi isə "Vəsiyyətnamə"sində Nəsimiyə yazmışdı ki, Hələbə getmə. Hələbə getsən qətlinə hazır ol. Amma Şah Xəndan açıq şair deyildi, o gizli mənalarla danışırdı. O, Nəsimiyə deyir.
Bildiyini kimsəyə faş eyləmə
Xamı-xası hamıya aş eyləmə.
Yəni, bildiyin hər şeyi cahillərə açma, ləl-cəvahiri axmaqların qabağına qoyma. Yoxsa, daş bilib bir-birinin başına vuracaqlar. Şah Xəndan qəlbinin dəstəmazını alan, lazımı məqamda susmağı bilən şairdir. Nəsimi isə kütləyə gedəndir, inqilabçı, bütləri sındırandır. Mənim içimdə həmişə Şah Xəndan və Nəsimi "problemi", çəkişməsi yaşayıb. Daim "çəkilimmi", "yazımmı", suallarını özümə vermişəm. İtmək və qayıtmaq, yox olmaq və öz məninə qayıdış yaradıcılığımda qırmızı xətt kimi keçir. Bu konteksdə özümü sufi hesab edirəm.
- Amma bu gün yazarlar klassik İslam fəlsəfələrinə yox, Avropaya tərəf "üz qoyublar", təsir hamısı bir yönlüdür deyə, hamı bu və ya digər dərəcədə eyni mövzuları yazır.
- Avropadan da öyrənmək olar. Amma o yazıçılardan öyrənmək lazımdır ki, onlar Kafka, Kamyu, Coys kimi dərin-dalan yazıçılarıdır. Çünki o adamlar Avropanın mədəni strukturunu yaradıblar. Aeroport yazıçılarından öyrənən yazıçılarımız da az deyil. Biz Avropadan təsirlənib təzədən onların üsullarında onlara əsər təqdim etdiyimizə görə maraqla qarşılana bilmirik. Lakin sufizmi yenidən ədəbiyyata qaytarmaqla, əslində, yeni model təklif etmiş oluruq.

- Sufi və hürufizm elementləri olan hekayələrinizdəki qəhrəmanlar daha güclüdürlər, adi həyat qəhrəmanları, realistlər isə çox zəifdir. "Ərəfə" hekayənizdədə həmin obrazların qütübləşməsi aydın görünür. Bu cəhəti yaradan səbəb nədir?
- İnsan nəyəsə tapınanda güclü olur. Əslində, ideologiya, təriqət şair və yazıçının dayaq yeridir. Yazıçı inancdan yapışmayanda boşluqların yazıçısı olur. İnsan mənən nəyəsə tapınanda, özünün inamına çevirəndə daha da güclənir. Deyək ki, cəmiyyətdəki əyintilərinə - pula, vəzifəyə qul olan, yer üzündə olan bütün dəyərlərə əyilmiş insan qorxaq olur. Çünki onun itirəcəyi çox şey var. Sufinin itirəcəyi nə var ki? Sufi niyə qorxmalıdır ki? Arzular varsa məşəqqətlər var. Məsələn, mən maşın almaq istəyirəmsə, zülmlə pul yığıram. Amma sufi, heç nəyi istəmir, hətta bir söz də demədən günlərcə xəlvətiyə dərvişliyinə çəkilir. "Ərəfə" hekayəsindəki sizin zəif dediyiniz qəhrəman bizlərə, bugünkilərə oxşayır. İçimizə qapanmışıq, hər şeydən qorxuruq. O hekayənin qəhrəmanı öz qorxaqlığını arvadına da keçirir. Bu gün biz qorxaqlığımızı yaymaqla məşğuluq. Qorxaqlıq insan haləti olmaqdan çıxıb, xəstəliyə çevrilib. Hamı "eləmə-eləmə", "amandı-amandı" deyərək yaşayır.
- Kafkanın da "Çevrilmə" hekayəsi barədə çoxları bilir. Sizin də "Çevrilmə" adlı maraqlı hekayəniz var. Amma tamam başqa formada. Heç vaxtı inana bilməzdim ki, metamorfoza prosesini Kafkadan başqa hansısa yazıçı yeni yöndə yaza bilsin. Ümumiyyətlə, cəmiyyətdə və ədəbiyyatda çevrilmə prosesi sizcə nədir və necə baş verir?
- Yox, mən Kafkaya da bələd adamam və heç kəsi təkrarlamaq fikrim yoxdur. Mənim qəhrəmanın dünyanın fonundadır və o itirilmiş dəyərlərin adamıdır. Bu gün heç bir dəyərə məhəl qoymayan adam, əslində, dünyaya səpələnmiş adamdır. Həmin hekayədəki qəhrəman diktator olsa belə heç kəsin gözünün içinə baxmır. Çünki o insanları görmür, onun üçün insan kölgədir. Ona görə də insanları öldürür, tapdalayır. Amma o diktatorun yaratdığı mif xalqın bütün varlığına qorxu hopdurub. Ölsə, ölüsündən də qorxacaqlar. Ona görə də bəzən diktatorlar öləndən sonra şayiələr yayılır ki, yalandı, gizlənib, ölməyib və s. O qəhrəman özünü də insan saymır, kölgə bilir.Həmin qəhrəman özü kölgə idi, insan deyildi, insan ömrü yaşamadı. Ona görə də diktatoru öldürən qəhrəman axırda divardan quşun kölgəsiniu tutur. Yəni o diktatoru yox, onun kölgəsini tutur. Qəddarlıq da insanın kölgəsidir, özü deyil. Axı insan mahiyyət etibarı ilə rəhimlidir, xeyirxahdır, əltutandır. O, qəddarlığı ancaq kölgə kimi tuta bilərdi. Kölgə gerçəkliyin əslidir, özü deyil.
- Sizin hekayələrinizin mövzuları həm də böyük roman mövzularıdı. "vaxt" kitabınızddakı 55 hekayədən təxminən , 20-si roman mövzusudur. İdeyaları miniatürləşdirmək hansı ehtiyacdan yaranır?
- Mən bugünki ədəbiyyatın əksinə işləyirəm. Bugünki ədəbiyyat süjetsizliyi, boşluğu uzadır, mənsə böyük ideyaları, mətləbləri hekayə şəklində verirəm. Görünür, bu da sözü sıxıb-sıxıb ancaq şirəsini oxucuya vermək istəyimdən irəli gəlir. Oxucuya dişləmiş, çeynənmiş ədəbiyyat materialı "tullamaq" olmaz. Böyük ideyaları daha çevik vasitəylə çatdırmaq üçün hekayə yazmaq lazımdır. Bir də əgər fikri nə qədər az sözlə deyə bilsən o qədər yaxşıdır. İndi "Yazı" adında bir roman yazıram, amma o romanda 9-10 roman mövzusu var.

- Sufi, hürufi elementlərdən başqa sizin hekayələrinizdə magik realizm, postmodernizm elementləri də var. Amma bütün yaradıcılığınız hansısa bir ədəbi cərəyanı ehtiva etmir. Bu hansısa "izm"lərə xidmət edib, həm də bütün izimlərdən kənarda, fövqdə dayanmaq deyilmi?
- Həmin əsərdə mən yazarkən heç bir "izm"-filanı yada salmıram. Amma ola bilər ki, redaktə dönəmində nəsə nəzəri bir şey əlavə edim. Hekayələr mənim ürəyimə hansısa halla gəlir. Heç vaxt hekayəyə ikinci dəfə qayıtmağı sevmirəm. Çünki o bir haldır. O, halda mən yazıram, soyuq başla mövzuya qayıdanda əvvəlki halı tuta bilmirsən.

- Bəzi obrazlarınız səs-küy doğura bilər. Məsələn, "Ayrıc" hekayəsində mələk obrazı fahişənin önündə əyilir, amma Allahın yox.
- Mələyi Allah göndərir ki, gedib insanların qəlbinə ədalət toxumu səpsin. Biz də insanlara söz çatdırmaq kimi bir missiya ilə dünyaya göndərilmişik. Bu mənada mən sənə də, özümə də mələk deyə bilərəm. Mələk o hekayədə fahişəni görür və onun gözəlliyindən, fəndindən dönüb kişi olur. Cinsi əlaqədən sonra mələk "SPİD" xəstəliyinə tutulub ölür. Həmin oyunu da quran var. O oyunu quran dünyanın ən çirkli varlığı olan fahişə ilə, dünyanın ən təmiz varlığı mələyi qarşılaşdırır. Axırda məlum olur ki, mələk, Allahı yox, fahişəni seçdi. Bir insanın timsalında görünür ki, bəzi insanlar üçün fahişə Allahdan güclüdür. Çünki onlar fahişəyə xidmət edir, Allaha yox. Sonra oyunu quran gəlir fahişənin əlindən öpür ki, sən güclüsən. Bu gün Azərbaycanda əxlaqsızlığa xidmət edən "əxlaq etalonları" var.
- Ədəbiyyatımızda rus ədəbiyyatından gəlmə qəribə bir sujetçilik ənənəsi var ki, ağır sujetçiliyə varırlar, amma siz situasiyanı yaradırsınız, situasiya sujeti qurur.
- Azərbaycan nəsri bu günün dəbinin nümayişidir. Bütün bunlar Azərbaycan nəsrinin bəsit müstəviyə çıxarılmasına xidmət edir. Yazıçı bu günə uyğunlaşmamalıdır.. Azərbaycan nəsrini Heyrani, Y.V.Çəmənzəminli yaradıb. Azərbaycan ədəbiyyatı Azərbaycan ədəbiyyatı deyil, rus və Avropa ədəbiyyatının "suyunun suyu"nun suyudur.
- Heyraninin "Dəlinamə"si haqqında zəhmət olmasa fikirlərinizi bildirərdiniz. Niyəsə, o əsər haqqqında sizdən başqa heç kəs danışmır.
- Bilmirəm. "Dəlinamə" Əlyazmalar İnstitutunda var. O əsərdə İslam kontekstində Allaha ilk dəfə üsyan etmiş bir insandan bəhs edilir. Dəli bir körpüdə dayanıb bac alır. Bir gün Yaxşı İgid ordan keçəndə əzrail onu öldürür. Dəli gəlib soruşur ki, kim öldürdü onu. Deyirlər ki Əzaril öldürdü. O da Əzraili çağırır, deyir ki gəl vuruşaq. Əzrail ona izah edir ki, mən Allahın əmri ilə insan öldürürəm, gəlmişəm səni də öldürəm. Dəli deyir ki, mən Allahı-zadı tanımıram Yaxşısı budu İgidi dirilt. İlk dəfə Şərq ədəbiyyatında Allah yerə enir. Allah onu aldadır, ona alma verir və Dəli ölür. Axirət dünyasında Allah ona deyir ki, indi tanıdın məni? Dəli yenə etiraz edir ki, mən sənə inanmıram, sən niyə Yaxşı İgidi öldürdü? İnqilabi ədəbiyyat Heyrani ilə başlayır. Nitsşenin fövqəlinsan nəzəriyyəsinin kökləri var o əsərdə. Şərq ədəbiyyatı mütidir. Nizami də, Füzuli də mütidir. Böyükdürlər, dahidirlər, amma itaətkardırlar. Allahı avtoritet qəbul edənlərin heç birində inqilab yoxdur.
- "Axrestomatik Əhvalat" hekayənizi Azərbaycan ədəbiyyatının şedevrlərindən sayıram. O hekayə ideoloji baxımdan cəmiyyətə böyük bir ismarışdır ki, bizim ovcumuza qoyulan, bizi yönləndirən ideologiya, sonda bizi uçuruma aparır. Düz başa düşmüşəm, yoxsa?
- Bəli. Bu, yalançı peyğəmbərliyə iddialı olan boş yazıçılara, axmaq jurnalistlərə bir sözlə, iddiası puç adamlara həsr olunub. İndi adamlar peyda olub ki, kimsə köməyi ilə siyasətə gəlib millət vəkilidir, amma ədəbiyyata da ayaq açıb. Sanki, bu yazmasa dünya dağılacaq. Sizin çalışdığınız böyük tarixi olan "Kaspi" qəzetindən üzümü tutub deyirəm: yaza bilməyənlər, xahiş edirəm yazmasınlar. Bəziləri hər şeyi qamarlamaq istəyir, ən çox da əbədiyyəti. Özlərini də yazıçı, şair sayırlar. Dəyərlər itib. Biz bilməliyik ki, Quran əxlaqı Sabirin "Fəxriyyə"sindədir. Publisisitik dəyərlər Mirzə Cəlildədir. Azərbaycan ədəbiyyatında şeirin üzü Füzulidədir. Biz hələ Sabirin ovqatından çıxa bilməmişik. M.Sabir yaradıcılığı Füzuliyə ironiyadır. O, Füzulinin səsində, ritmində ironiya yazıb. "Daş qəlbli bu insanları neylərdin, ilahi" şeirinə nəzər salmağınız bəsdir. Biz Sabirin təsirindən ona görə çıxa bilməmişik ki, Sabir ruhaniyyatına qalxa bilmirik, ona görə də ironiyanı şit məzhəkələrə, şoulara gətirib çıxarmışıq. Bu gün televiziyada göstərilən verilişlərin doxsan faizi M.Ə.Sabir düşüncəsinin təhrifidir.
Biz oğrunu polisdən çox sevirik. Çünki düşünürük ki, hər halda, neyləyirsə, balasını saxlayır da, nolsun. Bizdə hələ ədalət hissi formalaşmayıb. Biz heç vaxtı öz dövlətimizin polisini hiss eləməmişik, daim rusun, İranın polisini görmüşük. Bütün bu düşüncələr dəyişməlidi. Və bütün bunlar bizim düşüncələrimizn ovcuna qoyulmuş yalançı ideologiyalardır ki, biz bu gün həmin ideoloiyaları harasa aparmaq, çatdırmaqla məşğuluq.

Fərid Hüseyn
"Kaspi"

 


... dəfə oxunub
Qiymət: 8/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
5+18=
Hesaba giriş
Müəllif

Yazar.in
Haqqında
Yazar.in | online yazıçılar klubu
Əlaqə
E-mail:
yazar@yazar.in
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0478 saniye