Otel deyəndə, biz azərbaycanlıların ağlına normal insanlara xas olmayan fikirlər gəlir. Ya əxlaqsız biri olmalısan oteldən danışmaq üçün, ya da heç kimi saymayan, heç kimin sənə neqativ bir fikir söyləməyə cürət edə bilmədiyi pullu bir "intelligent"...
Bəli, Azərbaycan toplumunun düşüncəsində otel əxlaqsız insanların barınacağı, yalnızca seks mahiyyətli görüşləri həyat keçirmək üçün qapalı bir alandır. Oteldən çıxan bir insan orada mütləq əxlaqsız görüşdə olub. Əksi qeyri-mümkündür.
Necə düşünə bilərik ki, normal bir ailə oteldə gecələyə bilər? Necə düşünə bilərik ki, bir kişi başqa bölgədən gəldiyi üçün çox rahat çəkildə ailəsi ilə bir gecəni oteldə qala bilər? Nə danışırsan, o necə kişidir ki, ailəsini otelə aparıb?! Gərək bir qohum-qardaşın 2otaqlı, özünün belə ailəsini yerləşdirməkdə çətinlik çəkdiyi dar, kiçik evinə qonaq gedərdi. Belə də namussuzluq olar? Bizim dəyərlərimiz bu qədər bəsit, fikirlərimiz bu qədər dayazdır.
Yurdum insanı ən son texnologiyalardan istifadə edəcək qədər "ağıllı", amma insanların rahatlığını təmin etmək məqsədilə tikilən otellərin mahiyyətini belə formatda alqılayacaq qədər beyinsizdir. Avropadan niyə belə mədəniyyəti qavraya bilmirik? Niyə özümüz ola bilmirik? El qınağı, cəmiyyətin şüursuz fikirləri niyə bizi bu qədər məhdudlaşdırır, çərçivəyə salır? Nə üçün? Cəmiyətin "hə, bu yaxşı kişidir" deməyi sizin yaşam alanınızı qısıtlayırsa, siz özünüzə yaxşı deyə bilirsiniz?
Düşünün, bir ailə gündəlik monoton həyatdan çıxıb, baş-başa şam edib, bir gecəni oteldə qala bilmək iqtidarına sahib deyil. Səhər bunu bilənlər nə deyər? Deməzlər ki, filankəs arvadı ilə oteldə qalıb, nə şərəfsiz adamdır?! Elə, otellərin pis məqsədlər üçün istifadə edilməsi qavramını da bu hərəkətlərimizlə özümüz yaratmamışıqmı? Niyə başqa ölkəyə gedəndə oteldə qalırsınız, öz ölkənizdə bunu ayıb, hətta əxlaqsızlıq, binamusluq sayırsınız? Deməli, o getdiyiniz ölkələrə pulun hesabına gedib gəzib gələ bilərsiniz, amma o pulunuzla boş beyninizi, geri qalmış zəkanızı irəlilədə bilməzsiniz.
Otellərə, istirahət mərkəzlərinə əxlaqsızlıq "brendini" biz özümüz qazandırmışıq. Həyat yoldaşınızla, qadınınızla sizə aid olan özəl gündə baş-başa, yemək masası və həzin musiqi müşayiəti ilə sizlərə sunulan bu xidməti dəyərləndirmək və yaşamaq əzminə sahib deyilsiniz. Həyata baxış bucağımız kirlidir, daxilimiz qaradır, ona görə də yaşamaq istədiyiniz, əslində insanların rahatlığını təmin edəcək, gözəl şəkildə mənəvi istirahət sunacaq məkanları öz ölkənizdə özünüzün çirkləndirdiyiniz, ləkələdiyiniz təqdirdə olduğunuzdan dolayı həyata keçirə bilmirsiniz.
Gedin başqa ölkələrin otellərində ailənizlə rahatlıqla istirahət edin, amma Azərbaycana qayıdanda "olmaz, bizdə otellər ancaq fahişələr üçündür" deyin. Axı siz əsl "kişisiniz!"
Aysel Abdullazadə