Bu yazın da gülü rəngsiz,
Boynubükük bənövşəsiz,
Ağ-qaralı,həm ətirsiz,
Çatmaz Vətən,yurd ətrinə,
İyləyirik gül xətrinə.
***
Bu yayın da istisi buz,
Bağ-bağçalar qaldı susuz.
Anam dözə bilmir yurdsuz,
Necə dözsün bilə-bilə,
Sığmaz oldu ellər-elə..
***
Bu payızın rəngi solub,
Ürəklərə qüssə dolub,
Xarı Bülbül saçın yolub...
Ağacların çoxu barsız_
Necə çıxdıq etibarsız?
***
Bu qışın da qarı qara,
Yağır uzaq,uzaqlara.
Salıb bizi ahu-zara-
Həsrət qaldıq elimizə,
Dönərikmi evimizə?
***
Möhnət bükdü belimizi,
Dərd qısaltdı dilimizi,
Uzatsaq da əlimizi
Öz yurduma çatmır əlim,
Sən de,Mövlud.necə gəlim?
7.07.2014.Zərdabi.Mövlud Ağamməd.