Onun da ərinin “qazanc dalınca xaricə gedən”lərdən biri kimi ayda-ildə bir xəbəri çıxardı. O cür gözəllikdən əsər-əlamət qalmamışdı, tanınılası gözlərinin rəngindən savayı. Gedən getmişdi, zaman isə dayanmırdı, 2 övladının yaşaya bilməsindən ötrü vaxtından əvvəl ağarmağa başlayan saçları ilə gecə-gündüz dincəlmədən işləyirdi.
O gəlin mənim qonşum idi, hər dəfə onu düşünərkən ürəyimə ağırlıq çökürdü. Haradasa 7 ildən artıqdır ki, ailəsini atıb “qazanc” dalınca gedən bu kişinin xaricdə ailə qurduğu haqqında şaiyələr dolaşırdı. Amma hər kəs öz aralarında sözləşibmiş kimi özlərini bixəbər aparmaqları ilə qonşumun taleyinə acıyırdılar. Onun özü isə ailəsi barədə heç kimə hesabat verməyə borclu deyildi. Qürurla addımını atarkən məhəllədə həyat durğunlaşırdı.
Uşaqların oxuduğunu məktəbdə kimya müəlliməsi idim. Yarımçıq ailəyə necə yardım edə biləcəyim haqqında düşüncələrdən beynimi yemişdim. Kiçik məhəllədə hər kəsin ürəyi yanır, amma heç kim yardım əlini uzatmırdı. O gün onu skamyada əyləşən gördüm. Qayğılı və yaşlı görüntüsü getdikcə artırdı. Yanında özümə yer etdim. Dünənki hadisə onu bərk sarsıtmışdı. O cür qoşa oğulları ola-ola meyidi yerdə qalan yaşlı qadına görə bütün məhəllə danışırdı: “Rəhmətliyin 4 övladı var. Heç biri özlərini çatdırıb analarını çiyinlərində gor evinə apara bilmədilər. Belə də iş olar?!”
Məni səhərə qədər düşüncələr rahat buraxmadı. Səhər poçta getmək üçün evdən çıxarkən qonşumla qarşılaşdım. Mənə paket uzadaraq bunu “ər”inin ünvanına göndərməyimi xahiş etdi. Qəhər boğazımı tutmuşdu. Gözlərim yaşardı. Uşaqların boğazından kəsərək yığdığı pullar idi. Qazancı bəhanə edən kişi öz evində kül olmağı vicdanına sığışdıra bilmirdi. Bəs özgə evdə şam kim yanmağı?