Padşah Diləndirin nağılı
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 23:02 29 iyun 2015 tarixində əlavə olunmuşdur

İnsanlıqdan zərrə qədər nəsibini almayan padşahlardan mərhəmət gözləmək özünü aldatmaqdan başqa bir şey deyil.Bütün sərvətləri qamarlayan,yan-yörəsindəki üzdəniraq vəzir-vəkilinə bədbəxt xalqı yağmalamaq üçün imkanlar yaradan,qarşısında dörd qat bükülən sandıq tulalarını yemləyən padşahın,sizcə, iyrənc dəccaldan bir fərqi varmı? Gecələri əylənən,gündüzləri dəmlənən kaftar sifətli,iblis xislətli bir ləyaqətsiz padşahdan aman gözləmək olarmı? Xeyir,əsla,mümkün deyil!

Sizlərə,əsli-nəcabəti nökər olan padşah Diləndirdən danışmaq istərdim. Adı tam üstünə oturmuş,bu,kafir xislətli padşahın məzlumlar məmləkətinə rəhbər gəldiyi gündən,bu diyardakı yetimlərin üzünə heç gün doğmadı.Ətrafındakı ciqan-cülük dəllal sürüsünün amansızlığı,buyruq qulu kimi bəslədiyi sandıq tulalarının harınlığı üzündən məzlumlar məmləkətində haqq-hüquq deyilən bir şey qalmamışdı.Sanki,bu məmləkət Allahın nəzərindən silinmişdi.Gücü çatanlar doğma yurdunu tərk etməkdə,imkanı olmayanlar isə qalıb misgin taleyinə boyun əyməyə məcbur olmuşdu.Zülmün ərşə dirəndiyini görən camaat,günlərin bir günü dəli Xançobanı padşahın yanına göndərmək üçün onun yanına gəlib dərdlərinə əlac etməsini xahiş edirlər:

-Amanın bir günüdür, dəli Xançoban,padşahımızın qəzəbindən qurtulmaq üçün bizə yardım et,Allah xatirinə.Əmin ol ki,səninləyik və səni dəstəkləmək üçün biz də yanında olacağıq.

Dəli Xançoban,eyni məmləkətin havasını udduğu məzlumların dərdlərinə acıyıb,onların xahişini yerə salmır.Sabah sübh namazının ardından padşah Diləndirin sarayına üz tutur.Saray qapısındakı sandıq tulalarından padşaha onu qəbul etməsi üçün ismarıc yollayır. Padşah Xançobanı dərhal qəbul edir.Gələn elçini öz taxtında qarşılayan Diləndir üzünü Xançobana tutub sözə başlayır:

-Xeyir ola,dəli Xançoban?

-Padşah Diləndir, məni sənin hüzuruna çıxmağa vadar edən,bu məmləkətin əzilən məzlumlarının istək və acizanə xahişləridir.Hər şeyin bir həddi-hüdudu olmalıdır,bu qədər etdikləriniz bəs etmədimi!?Üzümü hansı tərəfə çevirirəm,insanların gözlərində qorxu,qəlblərində sənə və sənin ətrafındakılara qarşı kin-nifrət görürəm.Belə idarəçilik,belə rəzalət olmaz! Padşah Diləndir,bu əliyalın,bu yoxsul camaata qarşı amansız istismara,insafsızcasına yağmalıqlara dur de! Bilirəm,bu məmləkətin "şair"ini,"alim"ini,"abid"ini iki kisə gümüş axçaya alıb gözlərini kölgəli edibsən.Bu üzdən,bu camaatın yanına göndərməyə ziyalısı olmadığından mənim kimi bir çobanı sənə elçi salıblar.Allahdan uzaq,insanlıq adına bir yamaq,ey,padşah Diləndir,bu amansızlığa son ver! Gözlərini qan tutmuş,qəlbləri pas bağlamış vəzir-vəkilini uzaq tut,bu məzlum və çarəsiz camaatdan!Yan-yörəndəki kaftar sürüsünü kənarlaşdır yetimlərin ətrafından! Onsuz da,bu bədbəxtlərin quru canından başqa bir şeyləri qalmayıb.İllərdir ki,zəli kimi qanlarını əmdiniz,yerdə qalan dəri və sümükləridir.Bir az,o zahirən yekə,daxilən kiçik başını qaldırıb ətrafına nəzər sal ki,heç olmasa,hökmüranlıq etdiyin məmləkətin halını görə biləsən. Qarşındakı mütrüblərin rəqsləri,təlxəklərin oyunu,”alim”lərin məddahlığı çiyinlərinə yığdığın cəhənnəm odunlarıdır və sən bunun fərqində belə deyilsən.Təəssüf ki,mən sənə,Allah səni hidayət etsin deyə bilməyəcəyəm.Çünki,Allah yalnız Ona inananları hidayət edər.Dediklərimə azacıq qulaq ver,bu məzlumların qəzəbindən qorx...

-Çoban Xançoban,çoxdandır ki,könlümə kabab düşüb,de görüm,süründə yaxşı əmlik quzu varmı?

Padşah Diləndirin söhbətə dəxli olmayan,bu iyrənc sualına çoban Xançoban çox da təəccüblənmədi.Daxilində baş qaldıran ikrah hissini güclə basdı.Padşah Diləndiri meyxanələrdə köbək atan rəqqasələrlə müqayisə etmək istəsə də,tez fikrindən vaz keçdi.Qarşısında əyləşən canlı məxluqa qəzəb və hiddət dolu baxışlarla son dəfə nəzər saldı.Bu,dişləri seyrək,peysəri yoğun,gözləri nəcis rəngli varlıqdan bundan qeyri,nə gözləmək olardı ki? Çoban Xançoban,bu görüşdən sonra bir məsələni yəqin etmişdi ki,o da,Diləndirlərin şah olduğu dünyada ədalət aramağın yersiz və mənasız olmasıydı...


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
1+10=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0452 saniye