PAYIZ DÜŞÜNCƏLƏRİ
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 22:33 04 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Usanmışlar

İnsan üçün ən dəyərli olan zaman məfumu mənasız yerə itirildiyi vaxt usanmışlıq sindromu meydana gəlir. Geri qaytarılmayanlar isə, hər kəsi üzür. Zamana uduzmaq məğlubiyyətlərin ən acısıdır. Bunu yaşayanlar daha yaxşı bilir. Bəzən böyük arzularla yaşayanlar özlərini təsdiq etmək üçün hər tərəfə baş vursa da, öz yerini tapa bilmir. Qəlbdə   yaranan həyata küskünlük, bəzən insanı ətraf mühütdən təcrid edir. İnsanın ən böyük bəlası, bəlaların ən böyüyü isə, vaxtından əvvəl cəmiyyətdən təcrid olunmaqdır.

İşsizlik bir   çox zamanların   aktual mövzusu olub. Çünki, iş insan həyatında olduqca önəmli yer tutur. İş – insanın həyata bağlılığını təmin edən zəmanət kartıdır. İnsan  yetginlik yaşından ixtiyarlılığına kimi, məhz  həyatını bu meyar üzərində qurur. İşsizlik bu gün də, dünyanın ən aktual problemlərindən biridir. Təssüf ki, bu problem bizdən də yan keçməyib. Bir zamanlar zavod və fabriklərdən eşidilən dəzgah səsləri, indi çayxanalardakı domino və nərd şaqqıltıları ilə əvəz olunub. Bir zamanlar çayxanalarımız zəhmətkeşlərin işdən sonra mədəni istirahət yeriydisə, hazırda bu məkanlar işsizlərimizin son sığınacaq yerinə çevrilib. Bir vaxtlar gündüzləri   çayxanalarda işçilərdən qeyri kimsə gözə dəyməzdi. İndi isə, sabahları çayçıya yan alan işsizlər əlindən gündüzləri oturmaq üçün yer belə tapılmır. Çox zaman nərd və dominoya olan asılılıq, bəzilərini gecələrə kimi, çayxanalara bağlayır. Bu cür oyunlar zamanı vaxtın necə keçdiyindən belə xəbər tutmursan. Zaman yerində dayanmadan irəli,  sən isə geri gedirsən. Vaxtın içində əriyib  getmək, elə bir böyük dərddir ki...

Qısa bir araşdırma aparmaq kifayət edər ki, bəzi gerçəklikləri aydın görə biləsən. Məsələn, dünyada son illər sürətlə artan intihar halları. Bu  xoşagəlməz mərəzi artıran səbəblər haradan qaynaqlanır? Təbii ki, çox zaman usanmışlıq sindromu sonda insanı intihara sürükləyir. Kiçik istisnaları nəzərə almasaq, əksər hallarda bunu yaradan  səbəbin məhz adamın çarəsizliyindən, sosial sıxıntılarından qaynaqlandığından irəli   gəldiyini aydın görərik. Hər gün, eyni şeylərin təkrarlanması yalnız usanmış insanın ətrafını deyil, özünü də çox yorur. Belə vəziyyətdə, çox zaman çarəsizliyə düçar olan şəxsdə, neqativ bir kompleks yaranır. O, digərlərinin onu qınama, məzəmmət etmə, məsxərəyə qoyma hisslərini daima öz üzərində hiss edir. Acizdir, yazıqdır, çarəsizdir, avaradır və bu kimi nalayiq sözlər qulaqlarını dəlib keçir. Bu mərhələdən sonra, artıq insanda özü - özünü ittiham, özünü   lənətləmə simptomları meydana gəlir. Əfsuslar olsun ki, çox zaman kütlə, belə şəxslərin cəmiyyətə yenidən reabilitasiya olunmasında maraqlı olmur. Əksinə, bir çox hallarda belə insanların artmasında, cəmiyyətin bəzi zümrələri günahkar olur. Xoşbəxtlik - əlindəkini, dilindəkini, qəlbindəkini başqaları ilə paylaşmaqdır. Gəlişi gözəl, qəlbə yatım sözlərdir. Fəqət çox  zaman bu söz, elə söz olaraq qalır. Zəngin zümrənin aşağı təbəqəyə olan   laqeyid, etinasız yanaşması çağdaş dünyamızda böyük bir usanmışlar ordusu yaradıb. Gün başlar – başlamaz televiziya xəbərlərindən tutmuş, qəzet manşetlərinədək gördüyümüz, oxuduğumuz çox vaxt   can yandıran şeylər olur. Yol qəzaları, intihar halları, ağlasığmaz cinayətlər, güclünün gücsüzə verdiyi zülmlər və daha nələr, nələr... Bu qədər qayğıların içərisində üstəlik bir də şəxsi problemlər insanı pessimist məngənəyə sürükləyir. Bəzən, bizə qalan yeganə təsəlli yeri uzaq xəyallar və gerçəkliklə ayaqlaşmayan şirin arzular olur. Onlar da, bir yerə qədər. Ya sonra? Yenidən real həyata qayıdış və amansız dünyada ayaqda qalma mücadiləsi...

Deyirlər payız daha çox depressiyalar fəslidir. Bu fikirlə razı deyiləm. Dövran ağır, zaman vəhşətlərlə bol olanda bütün mövsümlər məzlumlar üçün depressiv şəfəq saçır. Əmin - amanlıq, firavanlıq dövrlər üçün bütün fəsillər gözəldir. Yaradanın insana bəxş etdiyi hər nə varsa, hamısı gözəldir. Yetər ki, bu gözəlliklər adillərin, aqillərin hökmündə ola...


... dəfə oxunub
Qiymət: 9/10(14 səs)
[qiymət ver ]
Şərh yaz
4+34=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0286 saniye