Ənənəvi bir axşam, taksi və payız...
Amma biz taksidən payıza yox,
payızdan taksiyə düşdük,
Üstəlik
haraya, hayana getdiyimizi də bilirdik.
Hə... Bahar həsrəti də vardı,
Hər halda olmasaydı
“Gör, nə gözəl havadır”, – deməzdin,
Süst payız axşamını bahara bənzətməzdin.
Nə ötənlərin, nə də o günün
itmiş açarı da axtarışda deyildi,
Sənin portfelinin xırda açarı kimi
Mənim qəlbimdəydi,
Sənin qəlbinə düşməyən açar,
Ya da sən kilidi dəyişmişdin.
Mənsə hələ də cəhd edirdim
“Bəlkə qıfılı açar”
Düşünürdü,
İncik və naçar
ürək döyünürdü...
Əllərinə toxunan əllərim
bəlkə də özündən daha isti sığınacaq axtarırdı,
Amma nə az, nə çox – elə özü kimi
Barmaqları buz kəsmiş,
Ancaq ovuclarında hələ də
istinin xoş xatirəsini hifz etmiş
bir əllə rastlaşdı.
Soyuqluğuna rəğmən yupyumşaq.
Ah... əlbəttə,
bu dünyada qardan yumşaq nə var ki?!
Bir də ümid...
İnsan oğlunu arzular zəncirinə bağlayan,
Arxasınca sürüyən boş ümid.
Bəlkə içində yayın son hənirindən buxarlanmış
Dumduru suları saxlayan bulud idi bu yumşaqlıq?!