Pinəçi Nuri
Ülfət Cavad tərəfindən "Hekayə" bolməsinə 11:46 07 noyabr 2015 tarixində əlavə olunmuşdur

Ukraynanın paytaxtı Kiyevdə məşhur olan Olesiya Qonçar küçəsinin qurtaracağında kiçik bir pinəçi köşkü var. Kənardan baxdıqda,insanın dili varmır köşk deməyə.Son dərəcə səliqə ilə ərsəyə gətirilmiş köşkün hər tərəfi Ukraynanın milli-mənəvi dəyərləri ilə işlənilib.Qapının üzərində müqəddəs Olqanın,balaca Oleqin yağlı boya ilə tablosu çəkilib.Köşkün sol tərəfində,Boqdan Xmelnitskinin başçılığı ilə baş vermiş döyüş səhnələri,sağ tərəfdə, pəncərə olan hissədə isə, Kiyevin məşhur qızıl qapılarının əksi yer alıb.Bir sözlə,Ukrayna tarixinin böyük bir hissəsi,bu kiçik pinəçi köşkündə öz təsdiqini tapıb.

Qapını açıb içəri keçdim.55-60 yaşlarında olan qara bənizli,gözündə eynək,əli işdə olan dayı başını işdən qaldırmadan salamımı aldı.Sağ əlinin işarəsi ilə,ani hərəkətlə oturmaq üçün mənə yer göstərdi.Üstü qızılı naxışlarla işlənmış balaca stulda əyləşdim.Köşkün içərisi də,bayırı kimi səliqəli idi.Adətən,pinəçi köşkü bir az tör-töküntülü,səliqəsiz olar.Burada qarşılaşdığım mənzərə tam əksi idi.Köşkün tavan hissəsindən bir az aşağıda,əl zəhməti ilə ərsəyə gətirilən artırmalarda,hazır edilmiş və müştərisinin yolunu gözləyən ayaqqabılar səliqə ilə yan-yana yığılmışdı.Pinəçinin başı üzərində böyük şəxsiyyətlərin,şair və yazarların şəkilləri vurulmuş,digər tərəfdə isə aforizmlər yer almışdı.Gözlərim Şeyx Nizami Gəncəvinin ana dilimizdə yazılan bir beytinə zillənib qalmışdı.

          Çox iti zehinlər yatan oldular,

           Axırda saxsı qab satan oldular...

Pinəçi dayı başını işdən qadırmadan,sanki,mənim baxışlarımın hara dikildiyini hiss etmiş kimi,doğma dilimizdə sözə başladı:

-Deyəsən,böyük ustadımızın hikmət dolu kəlamlarından gözlərini ala bilmirsən bacıoğlu?

-Yemək dadlı olarkən doymaq olur,söz dəyərli olarkən doya bilmirsən...

Cavabım çox razı salmışdı,pinəçi Nuri dayımı.Bəlkə də,o da,mənim kimi qəlbə yatan,könül oxşayan söhbətin həsrətində idi.Sanki,gözlərinin dərinliyində bir yorgunluq, qəlbində bir az küskünlük,köksündə ağır bir yük vardı,pinəçi Nuri dayının.Dərdlərini anlatmaq,fikirlərini paylaşmaq istəyirdi,bu, ixtiyarlığa doğru yol alan insan...

“Sovetlər Birliyi dönəmindən buradayam.Lvovda ali hüquq təhsilimi başa vurduqdan sonra geri,vətənə qayıtmadım.Anamı orta məktəbdə oxuyarkən,atamı isə 2-ci kursda təhsil alarkən itirdim. Ailənin tək övladı olaraq erkən yaşlarımda yetim qaldım.Vətənə dönüş üçün,artıq orada məni təsəlli edəcək nə bir atam,nə nazımı çəkəcək bir anam yox idi.Qohum-əqrəba da,bir yerə qədər.Bir az da,içimdə qırğınlığım vardı,doğma şəhərimə.Açığını deyim ki,doğulub qoynunda boy atdığım şəhərdə xoş günlərim iztirablarımın kölgəsində qalmışdı.Atam əlil,anam isə, kombinatda saat hesabına çalışan fəhlə idi.Uşaqlığım çox ağır və çətin şərtlər altında keçdi.Nə etmək olar,bəlkə də,mənim qismətimə yazılan da,bu idi.Diplomumu aldıqdan sonra,Lvov şəhər partiya komitəsinin ictimai-siyasi şöbəsində məsləhətçi,iki il sonra isə,baş məsləhətçi vəzifəsində çalışdım.Həmin ərəfədə,əslən Poltavalı bir xanımla ailə həyatı qurdum.Həmin xanım da,mənim təhsil aldığım Universiteti bitirmişdi.İş və şəxsi həyatımı tam düzənə salmışdım.Svetlana həm bir həyat yoldaşı,həm bir ana kimi üzərinə düşən vəzifələrin öhdəsindən layiqlə gəlirdi.İki oğul bəxş etmişdi mənə.Sovetlər Birliyinin dağılma ərəfəsində Vilayət Xalq Deputatları Sovetinə deputat seçildim.Bir ailə başçısı və bir dövlət məmuru kimi məsuliyyətim artmışdı.İşlərimin ağırlığı üzündən ailəmə güclə zaman ayırırdım.Təəssüf ki,həyatımızda baş verən xoşbəxt zamanlar daima bizimlə birlikdə olmur.İllər keçdikcə, “yenidənqurma”nın uğursuzluqları digər müttəfiq ölkələr kimi, Ukraynaya da sirayət edirdi.Şərtlər get-gedə ağırlaşırdı.Belə vəziyyətdə məmur sifəti ilə məsuliyyət altına girmək çox çətin idi.Ölkədə müstəqillik aktının qəbulundan sonra,bütün Vilayətlərdə Xalq Deputatları Soveti fəaliyyətinə xitam verdi.Məmur fəaliyyətimdə yaranan fasilədən istifadə etmək qərarına gəldim.Pasxa bayramı ərəfəsində ailəmlə birlikdə Poltavaya,Svetlananın ailəsini,qohumlarını ziyarət üçün yola çıxdıq.Həmin gün,həyatımın ən ağır günü olaraq ömür dəftərimə yazıldı.Sürücümüzün səhlənkarlığı üzündən ağır avtomobil qəzası yaşadıq.Svetlananı və böyük oğlum Muradı əcəlin pəncəsindən qurtara bilmədik.Kiçik oğlum Mahmudu Allah rəhm edib mənə bağışladı.Özüm isə,sol ayağımı itirdim. Demək ki,həyatın belə sərt üzü də,amansız tərəfi də varmış.Baş verənlərdən sonra,Lvovda çox qərar tuta bilmədim.Balaca Mahmudumu götürüb paytaxta yerləşdim.Artıq neçə illərdir ki,bu köşk,bu pinəçi alətləri cansız dərd ortağımdır..."

Nuri dayının həyat hekayəsini dinləmək canımı çox yandırsa da,onun başına gələn müsibətlərdən sonra,bu qədər səbrli,bu qədər iradəli,bu qədər qürurlu olması mənə görə,bir mətanət təcəssümünü ortaya qoyurdu. İztirabların ən acısını yaşamışdı,Nuri dayı.Bu,kədər dolusu hekayəni eşitdikdən sonra,ona pinəçi demək,insanın ağırına gələrdi.Çox yormaq istəmədim Nuri dayını. Sağollaşıb səliqəli köşkü tərk etdim.Geridə qalan isə,bir zamanlar yaralı könüllərə həmdəm olan,indi isə,yırtıq ayaqqabıları təmir edən “pinəçi” Nuri dayı idi...


... dəfə oxunub
Qiymət: 10/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
3+11=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.03 saniye