Pivə festivalı və ya sevə biləcəyim oğru
Narniya tərəfindən "Hekayə" bolməsinə 18:21 19 sentyabr 2015 tarixində əlavə olunmuşdur

Bazar səhəri yuxudan oyananda artıq saat 12:00 idi. Çarpayımın yanındakı üç gözlü tumbanın üstünə qoyduğum mobil telefonu yerində tapa bilmədim. 09:00 – də məni oyatması üçün qurduğum zəngli saat çalmamış, yatıb qalmışdım. Bir neçə dəqiqə ötdü. Yalnız indi gözlərimi ovuşduraraq axır ki, yuxunun cəngindən xilas olandan sonra onu tapanda beynimin bir küncündə dumanlı olaraq zəngin çalınması, mənim yuxulu-yuxulu onu söndürməklə səsini kəsib, kiçik dəftərçə, qol saatım, hələ Bakıda olarkən nahar fasiləsində iki daşın arasında əczaxanaya gedib, 3 gün əvvəl qəbulunda olduğum həkimin yazdığı resept əsasında, simasından yorğunluq sezilən, daha nəsə lazım olduğunu desəm sanki məni yerində məzəmmətləyəcək baxışlarla süzən, qeyri- təbii, hədsiz uzun kiprikləri ilə yadımda qalan arıq işçi qızdan aldığım göz damcıları ilə bərabər üst siyirtməyə qoyduğum canlandı.

Gec idi. Qatara çata bilməmişdim. İnternet səhifəsində reyslər barədə məlumatlara baxmaqla qatarın növbəti gəliş saatını öyrənəcəyimi, şəksiz, ona çatacağımı,səyahətimə lap vaxtında başlayacağımı düşündüm. Sürətli internet trafikimin vaxtı bitmiş, mən onu yeniləməmiş, üstəlik Avropadawifi-sız yataqxanada bitib qalmışdım. Neyləmək olar ? Vağzala gedib, orada məni indiyədək mənə ancaq tarixin qədim eksponatlarından olan yaşlı müəllimimin tədris etdiyi ( o vaxtlar mərhəmət hiss etdiyim, indi adını həm də hörmətlə andığım bu müəllimə şagirdlər lağ-lağa ilə “Tarixi eksponat” deyərdilər) coğrafiya dərsindən, dünya xəritəsindən məlum olan, ancaq heç vaxt torpağına ayaq basmadığım, havasını ciyərlərimə çəkmədiyim şəhərə aparacaq qatarı gözləyəcəkdim. Öz aləmimdə cəld tərpənərək sənədlərimi, pulqabımı, iki həftə öncə aldığım, əvvəllər ancaq peşəkar fotoqraflarda, indi isə ucdan tutma hər həvəskarda görə biləcəyin Canon fotoapparatımı ( mən də o həvəskarlardandım. ) cəld bir- birinin ardınca rüksakıma dürtdüm. Yaşadığım yerlə vağzal arasında məsafə avtobusla cəmi-cümlətanı 10 dəqiqə olar-olmazdı, di gəl ki, o avtobus ancaq hər saatın tamamından on beş dəqiqə keçmiş gələrdi. Ayaqlarıma əziyyət verməyib nəqliyyatla getməyi üstün tutmaqla dayanacaqda otuz beş dəqiqə gözləməli olacaqdımsa, demək, mən piyada getməyi seçirdim. Mən təxmini eyni zamanda mənzil başına çatacaq, hələ imkan olsa festivala da baş çəkəcəkdim. İki həftədən bəri şəhərdə Bierfest – Pivə festivalı davam edirdi. İlk dəfə on üç gün əvvəl həftə sonu Altstadt-da - Köhnə Şəhərdə şahidi olduğum bu canfəşanlığın, qarışıq, təmtəraqlı, çox səs-küylü şadyanalığın bəlkə də təkrarlanan həftəsonu konsertlərindən olduğunu təxmin etdim. Daha sonra bir neçə gün də ardıcıl gündəlik ərzaq almaq üçün mərkəzə gələrkən insan kütləsinin dağılışmadığının, sakinlərin kiçik piştaxtalardan aldıqları, üzərinə ballı xardal sürtülmüş Bratwurst-ları ( almanların məşhur qızardılmış sosis və çörəkləri ) iştahla yemələrinin, kişili, qadınlı hər kəsin əlində olan təpəsinədək ağ köpüklü, sünbülü sarı pivə ilə dolu 0,5-1 l-lik qədəhlərdən içkini ahəstə - ahəstə , qurtum-qurtum, hortuldatdıqlarının şahidi olmuşdum. Dayanıb, ətrafa bir xeyli tamaşa etmişdim.

Bu günlərdə iri , üstüörtülü məkanda onlarla festival iştirakçılarının könülxoşluğu ilə otura bilməsi üçün stollar, stul əvəzinə skamyalar düzülmüş, solo müğənnilərin, gənc ifaçı qrupların, üzvləri gitara, piano və s. kimi musiqi alətlərində çalan ansamblın bölüşdüyü səhnə qurulmuş, bu məkan bayramın mərkəzi, təlatümü ilə ruhu coşduran musiqi zəlzələsinin episentri olmuşdu.

İş yoldaşım, həyatını içki və tütünsüz təsəvvür edə bilməyən, baməzə cənab Schmidtin dediyinə görə bu gün festivalın son günü olmalıydı.“ Pivənin sudan ucuz satıldığı ölkəyə - Almaniyaya, Bierfest-ə gələsən, piivə içməmiş gedəsən ?! Olmaz ki... “ fikrini ağlımdan keçirərək, hərfi mənada həqiqətə uyğun olmasa da, necə deyərlər, “Qonşudan geri qalmayıb” mən də içənlərə qoşuldum. Bir litrlik qədəhi başıma necə çəkdimsə, yalan olmasın, “ Bir nəfəsə içdim.” deyərdim.

Heç mən bu bayramda almanların cavanlı, qocalı geyindiyi, mən başa düşdüyüm qədəri ilə Bayernlilərin milli geyimləri olan libaslardan danışmadım. Kişilər qəhvəyi, dəri, ciyni aşırmalı şort, tünd-göy, qırmızı rəngdə, sifayı, yaxud dama-dama köynək, qadınlarsa ağ, qabarıq, üzərində vertikal kəsiklər aparılmış kağızın uclarını bir-birinə yapışdırmaqla düzəldilən fənərlərə bənzər qolları, kifayət qədər cəsarətli dekoltesi olan ağ köynək, ipli, yaxud düyməli korset, ona biçim baxımından uyğun olan, biri digərilə ahəng əmələ gətirən qara-qırmızı, göy-ağ, çəhrayı- qara rənglərdə tikilmiş büzməli, ( Bəzilərinin qənşərini keçmiş filmlərdə gördüyümüz sayağı kiçik önlük bəzərdi.) uzunluğu diz altından, ya diz qapağından bir neçə barmaq qısa olan, yaxud daha çox orta yaşlı qadınların üstünlük verdiklərinin şahidi olduğum kimi topuqdan olan ətək geyinirdilər. Qeyri-iradi bir neçə illər əvvəl məhlədə qeybət edən bir neçə yaşlı qadınlardan birinin “ Yaman abırlıdır, zalımın qızı. Həmişə topuqdan geyinər.” dediyini xatırlayaraq, öz-özümə gülümsədim. Qarşıdan gələn uzun donlu qadının paltarının yaxasını görsə, nə deyərdi, görən ? – deyə bir düşüncə ağlımdan keçdi.

Gündəlik bər-bəzəkdən az hallarda istifadə edən qadınlardan bəzilərinin məxsusi hazırlaşdığı gözlərini vurğulayaraq bəbəkləri ilə eynirəng ahəng təşkil edən göz qələmlərindən bəlli idi. Nə yalan deyim, nədənsə mən- 25 yaşlı Mehman Şərq qadınının sürmə ilə haşiyələnmiş, şəvə kimi qapqara, iri, piyalə gözlərindən daha çox təsirlənərdim. Sanki bu gözlər daha doğma, daha dərin, baxışlar isə daha nüfuzdici idi, sanki ecazkar parlaqlıqları sonsuz həyatsevərliyi, səadətə inamı təcəssüm etdirirdi. Bununla belə, şüşə kimi hamar, açıq dərili, Ukrayna bayrağı tək sarı- mavi rəng vəhdətini parça üzərində deyil, simalarında əks etdirən sarısaç, ( Azərbaycanda qadınlar bu rəngə saçlarını boyadıqda bu rəngi əsmər simalı xanımlarımıza kifayət qədər yaraşmadığından, qarabuğdayı dəri rəngi ilə nəinki genetik, o cümlədən vizual ziddiyyət təşkil etdiyindən hədsiz süni, açıq hesab edərdim. ) mavigöz alman qadınlarının da olduqca gözəl olduqlarını etiraf etməliyəm. Onu da deyim ki, gəncləri də bizlərdən daha canlı-cəsədli, cüssəlidirlər.

Əlimdə içki səhnəyə yaxın bir yer axtarmaq üçün içəri - şənlik keçirilən yerə keçdim. Əksəriyyət oturacaq kimi nəzərdə tutulmuş skamyanın üzərinə ayaq üstə qalxmış, səhnədə ürəyəyatan səslə oxuyan 33-35 yaşlarında, saçları oğlansayağı kəsilmiş müğənninin oxuduğu mahnının ritm və sözlərinə uyğunlaşaraq, əllərini kollektivliklə, sinxron gah sağa, gah sola hərəkət etdirir, gah da yuxarı qaldırıb havada yelpiktək yelləyirdi. Çox güman ki, ”mədələrində müvəqqəti çoxsaylı spirtli içki növü qarışdırmaq qərarına gəlmiş” bəzi orta yaşlı cənabların üzü içkinin təsirindən pörtmüş, gözləri yuxulayırmış kimi süzülmüşdüsə də, çənələri sonsuz enerjisini itirməmişdi. Elə hey dil boğaza qoymadan gəvəzəlik edir, heç susmurdular. İçəridə bir çoşğu, bir təntənə vardı ki, gəl görəsən.

Mənim üçün bu, sadəcə, şənlik, konset, içki yığıncağı idi. Yerli əhali üçün isə bu, nəinki dostların yaxud rəfiqələrin, səni bəlkə də ilk dəfə bayramı qiyafəsində gördüyündən fərqli nəzərlə süzən sevgilinlə gələ biləcəyin yığıncaqdan başqa, həm də ailəvi şadyanalıq idi. Son bir neçə gündə dəfələrlə 4-5 nəfərdən ibarət ailənin ucdantutma bu libaslara bürünməsinin, valideynlərin əllərini indiki gəlişlərinin illərlə təkrarlandığının sübut edən özlərinə məxsus boş qədəhlərin bəzəməsinin şahidi olmuşdum. ( bir faktı deməliyəm ki, azyaşlıların qədəhlərinə diqqət yetirmiş, pivə, ya da digər spirtli içki deyil, Cola, meyvə şirəsi və s. içdikləri də nəzərlərimdən yayınmamışdı. ). Onlar üçün baş verənlərin niyə bu qədər əhəmiyyətli olduğunu anlamırdım.

Almanlar üçün bu ənənə idi.

Dəyərlərdirmi fərqli ənənələri yaradan, ənənələrdirmi dəyərləri fərqləndirən ?

İçkiləri qədəhdə alanlar badələri qaytaracaqlarına zamin verdikləri 1 euro müqabilində 50 sent ölçüdə göy jeton alar,sonra da Kruckaufnahme- qəbul məntəqəsində boş şüşə ilə bərabər onu da qaytarıb, maddi cəhətdən 100 sent irəli düşərdilər.

Ötən həftə də English Garten-də Yapon festivalında iştirak etmişdim.

Hərdən bir “Gəlişimə yaman sevinirlər, fərqli şəhərlərdə bir – birinə söykənən, ilkinə təkan verməklə hamısı aşan domino daşları kimi silsilə ilə estafeti digərinə ötürən festivallar tükənmir” deyə düşünər, öz-özümə gülər, kefim açılar, qaşlarımın arasındakı boylama zəhm qırışı hamarlanardı.

Saat 13:55. Bileti ala biləcəyim avtomata yaxınlaşıb sensor ekranında durmadan uyğun xanaları klikləyərək, ardıcıl pəncərələri açır, üz – gözümü turşudaraq tərcüməsini başa düşmədiklərimi təxmin etməyə çalışırdım. Budur, peyda olan son pəncərədə 2 saatlıq yol üçün ödəniş - 44 euro . “ Tezliklə, sürücülük vəsiqəsi almalıyam. Krause haqlı idi, Almaniyada ictimai nəqliyyat həddən çox baha başa gəlir.”- deyə fikirləşdim.

Dərhal yerli olmadığımı bildirən tərzdə başımı sağa-sola çevirib kömək istəmək üçün qatarlarını gözləyən sərnişinlərdən bir nəfər qaralamadım. Ağbəniz, fırça bığlı, tosqun, ortaboy bir kişi ikiqat ucuz bilet almağıma yardımçı oldu. Mən də bildiyim nəzakət sözlərini tam səmimiliklə ona ünvanlayaraq 20 euro qənaət edə bildiyimin sevincini yaşayırdım. Xirdaçılılıq etmirdim, sadəcə, işə başladığım ilk ay idi, əlimdə ancaq qənaətlə xərcləyəcəyim halda bir müddətə kifayət edəcək məbləğ, bir ayın tamamlanması üçün daha 14 təqvim səhifəsi və maaşsız mən vardım.

Yalnız 20 dəqiqə ərzində məni mənzil başına çatdıracaq 2 qatarı ötürəndən sonra qəfil əks tərəfdə- yalnış platformada dayandığımdan şübhələndim.

Bir dəfə qatarımı dəyişməklə davam edən 3 saatlıq yolda vaxtı fotokameramda çəkilmiş şəkillərə baxmaqla, balaca dəftərçəmdəki qeydlərimi oxumaqla, şüşənin arxasından sürətlə ötən, bununla da beynimin görüntüsünün xəyalını qəbul edə bilmədiyi, ani, bulanıq, qarışıq modern tablolara bənzər yollara baxmaqla keçirdim. Nünberg-in baş vağzalına çatan kimi cəld gözlərimlə hardasa şəhərin xəritəsini tapmağa çalışdımsa da, tapmadım. Naviqasiyadan istifadə etmək qərarına gəldim.Sözsüz, ilk əvvəldən naviqasiyadan yararlanmaq daha ağlabatan qərar olduğu qədər, həm də asan, müasir idi, amma xəritədən istifadə mənə özümü qədim səyyahlar kimi hiss etmək imkanı verirdi deyə onu olduqca ekzotik hesab edirdim. Şəhərin tarixi görməli yerləri siyahısında duran ilk abidənin adını gedicələk yer olaraq bələdçiyə qeyd etdim. Gediləcək yolun trayektoriyası ilə yerdəyişmə arasındakı qəribə uyğunsuzluq son 10 gün ərzində üzəridə durduğum “ Mənzil başına ən qısa yol yaşlı şəhər sakinlərdən keçir.” fikri yaşlı bir qadından “ Kaiserburga necə gedə bilərəm? ” - deyə soruşmamı səbəbləndirmişdi.

O :

- Mən də turistəm. Bayaq ekskursavodun rəhbərliyi ilə qrupumuz şəhəri gəzintisində idi. Düzü, yolu dəqiqliklə xatırladığımı deyə bilmərəm, amma vaxtınız azdırsa, sizə çətin olar. Yox, əgər kifayət qədər vaxtınız varsa piyada da gedə bilərsiniz. Bir azca uzaqdır. Köhnə şəhərə getmək vaxtınızı alacaq, – deyə cavab verdi.

Mən qadına gülümsəyərək “ Yox, vaxtım çoxdur.” – dedim.

- O zaman gördüyünüz bu yolu sonunadək gedib, sola dönün, Alt Stadta çatmış olacaqsınız. ( Yaşadığım, səyahət eydiyim bir çox şəhərlər kimi Nürnbergin də tarixi abidələr olan hissəsi “ Qədim şəhər” adlanırdı. ) Daha sonra bir nəfərdən də soruşsanız, məncə, rahatlıqla tapacaqsınız. – dedi.

Üzündə qəribə, sanki yolu mənə dəqiqliklə başa sala bilmədiyinə görə günahkarlıq hissi vardı..

Mən minnətdarlığımı bildirdim. O, qarşılığında Hollywood sayağı- 32 dişinin də nümayiş olunduğu gülüşlə cavab verdi.

Mən izah olunan yolla gedərək Bakıdakı məşhur ( yəqin günlərin həsrəti idi, hara gedirdimsə , şəhərimiz, ölkəmizlə müqayisə edirdim.) Nizami küçəsinə bənzər, yeri daş piltələrlə döşənmiş küçəyə gəlib çıxdım. Belə izdihamla qarşılaşacağımı, hər küncdə əlində gitara, skripka olan, hətta ayaqlarına diyircəkli çarxlar bərkidilmiş royalı ( Ürəyimdə “Sən bir həvəsə bax.” deyə fikirləşdim. Bir anlıq bu arıq, sısqa, növbəti ifaya başlamamış yanındakı yoldaşı ilə başqa (səslənməsinə görə ispan dilinə bənzətiyim ) dildə danışan gəncin aləti ta buraya qədər sürüyüb necə çətinliklə gətirməsini təxmin etməyə çalışdım.) meydana gətirən musiqiçilərlə, onları müşayiət edən bu coşğulu pərəstişkarlarla rastlaşacağımı gözləmirdim. Təkcə bu deyildi məni təəccübləndirən. Deyə bilmərəm nə gözləyirdim, amma nədənsə Nürnbergi belə xəyal etmirdim. Qəribəsi necə təsəvvür etdiyimi soruşsanız sizə izah belə edə bilmərəm.

Şəhəri daha çox gəzmək, daha çox yer görmək üçün durmadan hər musiqi truppasının yanında uzaqbaşı 7-8 dəqiqə dayanır, mahnı sona çatmamış uzaqlaşır, durmadan küçə boyu addımlayırdım. Tək bir istisna : Gözlərindən təcrübəsizliyi ələ verən həyəcan oxunan, nəzərləri 5 cızıqlı kağızlardakı notlardan ayrılmayan ( Gözucu yaxınlıqdakı qızın vərəqinə baxdım. Musiqi dili əlifbasının hərfləri olan bu işarələrdən not açarından başqa heç nəyi tanımayan mən üçün bu davranış - 2 saniyə vərəqə baxmaq, cızma-qaraları ahəngli nəğmə dalğasına çevirmək inanılmaz idi. ) musiqi məktəbi şagirdlərinin 10-15 nəfərdən ibarət qrupunun yanından iti addımlarla yan keçə bilməmiş, onları 20 dəqiqədən çox dinləmiş, ovuclarım göynəyənədək çəpik çalmışdım.

Gedənədək iki dəfə yolu yanlış gedərək yarısından qayıtmış, daha 3 nəfəri də bələdçi kimi sınağa çəkmiş, nəhayət ki, uzaqdan görüb, gördüyüm şəklinə bənzədib, “ Odur” dediyim Kaiserburga çatmışdım.

Şəhərdən onlarla metr yüksəkdə olan qalaya qalxdım. Əsrarəngiz bir mənzərə. Düşüncəmi heç nə ilə əlaqələndirə bilmədiyim rahatlıq hissi bürüyürdü. Bilmirdim sonsuz səma ənginliklərində batan günəşin göy – bənövşəyi, çəhrayı, narıncı şəfəqlərinəmi, boy-boya düzülən tikililərəmi, yoxsa küçələrdə hərəkət edən insanlaramı baxım. Belə yerdə deyərlər ki, “ Baxmağa 2 göz yetmir, 2 göz də gərək.“ Sanki şəhərin bütün tikililəri, küçələri, döngələri kiçildilmiş, bu miniatür binalardan maket yığılmış və iş masamın üstünə qoyulmuşdu. Bir anlıq elə təəssürat yaranırdı ki, bu modeli diqqətlə nəzərdən keçirsəm sakinlərdən kimin – kürəyinə rukzakın ağırlığının çiyinlərinə təzyiqindən ləng tərpənən birinin, yaxud yuvasına qış azuqəsi daşıyan qarışqa cəldliyi ilə hərəkət edən digərinin - harada olduğunu intəhasız təyin edə bilərəm. O , an ” Ölkə, şəhər demirəm, heç olmasa Bakıda yaşadığım küçəni, evimizi, məsələn, anamın sevimli yemək bişirməsini- əlimin içindəymiş kimi görsəydim...” fikri azca nisgil yaradır. Mən selfi çəkməklə can sıxıntısını uzaqlaşdırmağa, fikrimi yayındırmağa çalışıram. Təkcə bununla kifayətləməyib, kamera ilə də şəklimin çəkilməsini xahiş edirəm.

Həyat yoldaşının bu mənzərəli fonda fotosunu çəkən qadın sanki arzusu fotoqraf olmaq imiş, indi bu istəyinə çatmaqdan məmnuniyyət duyurmuş kimi, az qala peşəkarcasına davranaraq “ Ax, bu yaxşı olmadı. Bir azca sağa dur, gül.” – deyərək, yaşlı nəslin dili ilə desəm əsl çəkilçəkən kimi davranırdı. Mən barmaqlarımla pırpız saçlarımı daraqlayıb, onlara biçim verməyə çalışmışdım. Əllərini geridə qoyulmuş on illiklərdən xəbər verən qırışlar örtmüş qadının bu yaşda positivliyinə heyran qaldım. Neçə dəfə gənclərə bu cür xahişlə müraciət etsəmdə onlarda bu cür həvəs görməmişdim.

Schöner Brunner, Neues Museum Nürnberg, Altes Rathaus,– adları siyahımda qeyd olunan, mənim də baş çəkməyə imkan tapa bildiyim abidə və məkanlar. Bununla belə St. Sebald kimi St.Edigen- ə də ancaq kənardan baxmaqla kifayətlənməli oldum. Qapılarının kandarında durub dəstəyi çevirdim. Bağlı idilər. Mən bunu bazar günü olması ilə əlaqələndirdim, sonra bu fikir mənə absurd göründü. Restavrasiya ehtimalının daha ağlabatan olduğunu da düşündüm.

Nəzərlərim mərkəzi meydandakı ayrı-ayrı piştaxtaların üzərinə nümayişkəranə yığılmış kəhrəba, ametist, firuzədən düzəldilmiş həm Şərq, həm Avropasayaq bəzək əşyalarının, xırda pirsinq aksessuarlarının, əl işi olan çantaların, dəri qolbaqların, okean dalğalarının uğultulu səsini eşidə biləcəyin balıqqulaqlarının, lak örtüklü, üzəri çərtilmiş taxta saç yabalarının, qabda bir topa qələmi xatırladan Çin zülf çubuqlarının ( Bacım Sevincə həmişə “Bu nədir, hansısa tumgöz yemək yeyib, sonra təsadüfən çubuqları saçına sancıb, ağıldankəmin biri də “ Nə qəşəngdi” deyib, o da olub saç aksessuarı. Sən də ticarətin bədbəxt qurbanı. Evdə qələmdən çox qələm var. “ – səsimdə hiss olunan istehzayla, lakin zarafatyana deyərdim. ) , şanələrin, cürbəcür suvenirlərin, rəsmi təsvir olunmuş abidənin yanında şəhərin adı da yazılmış dördkunc maqnitlərin, arasında dolandı. Şəhərdən yadigar, evdəkilər üçün hədiyyə axtarırdım. Onu deyə bilərəm ki, seçim çoxluğundan gözüm qaralmış, heç nə seçə bilməmiş, “ Gələn dəfə alaram. “ la kifayətlənmişdim.

Vur-tut cəmi 15 dəqiqə vaxtım vardı. Qatarı ötürmək təlaşı, saat yarım digərini gözləmək səbrinin yiyəsi olmamam addımlarımı yeyinlətməyimə səbəb oldu. Az qala qaçaraq 8-ci Gleis-a ( platforma ) çatmışdım. Yola düşməyimizə hələ bir neçə dəqiqə vardı. Seyrəklik idi. Ətrafda adam azdı. Birdən kiminsə “ Entschuldugung.” ( Bağışlayın. ) dediyini eşidib geri çevrildim. Xanım idi. İrəli getməsi üçün yol verməmi xahiş edirdi. O, keçəndən sonra arxasınca baxdım. Ani qarışıqlıqda elə cəld tərpənərək yanımdan ötmüşdü ki, simasını görməyə macal tapmamışdım. Məndən sol tərəfdə, 10 metrlik məsafədə dayanmışdı. Yalnız indi üzünü görə bilmişdim . Bir anlıq özümü harada olduğumu, hara getdiyimi unudaraq hey onun ağ bənizinə, uzaqdan aydın seçilməyən, lakin qəribə rəngi olan gözlərinə baxarkən yaxaladım. Başımın neçə saniyə, ya bəlkə neçə dəqiqə ona çevrildiyini bilmirəm. Qatar platformanın sağ tərəfindən gələcəkdi deyə başını sağa çevirmiş, bu da rahatlıqla daha bir neçə dəqiqə üzünü görməyimə imkan yaratmışdısa da, onun heç ötəri baxışla belə mənə baxmaması qanımı qaraltmışdı.

Mobil telefonumu rükzakımın sağ, üst yan cibindən çıxarıb mesaj qutusunu, gələn zəngləri yoxladım. Bu bir neçə saatda heç kim məni yad etməmişdi. Batareya sönmək üzrə olduğundan qalan enerjiyə qənaət etmək, onu söndürmək qərarına gəldim.

Vaqonda əyləşib, rükzakımı yanımdakı boş oturacağa qoymuşdum. Biganə gözəli xatırlamamağa çalışırdım ki, qəfil o, nazlı əda ilə gələrək ayaq saxlayıb üzbəüz boş oturacaqda oturdu. Mən bayaqkı cəsarətimin səbəb olduğu xəcalət ilə baş-başa qalıb üzümü pəncərəyə tərəf çevirdim. Təəccübləndim. İndi o, gözlərini mənə zilləmişdi. Bir qədər keçdi. Baxışları vaqonda əyləşənlərə, indicə velosipedlə qapıdan içəri keçən kiçik qızla anasına yönəlmişdi. Qəfil başını çevirəndə nəzərlərimiz qarşılaşdı. Yalnız indi onun gözlərinə diqqətlə baxa bilmişdim. Hələ belə gözlər görməmişdim. Bəbəklərini hərtərəfli mühasirəyə almış qüzehli qişanın kənarları tünd – qəhvəyi idi. Mərkəzə - bəbəyə yaxınlaşdıqca o, əvvəl bataqlıq yaşılına, sonra da açıq – yaşıl çalarlarına keçirdi. Nə haqqında danışdığım Şərq gözləri idi, nə də onlarda Qərb səciyyəsi görürdüm. Fərqli, məftunedici idi.

“ Tünd saçlarından, üz cizgilərindən almana oxşamır, yəqin ki, başqa millətdir. Görən nə dilində danışır ? “ deyə ağlımdan keçirdim. Dünyada 4900 dilin mövcudluğuna, xalqları bu cür parçalayan tərəqqi, inkişaf tarixinə lənətlər yağdırdım.

Yəqin ki, almanca danışmasa da, heç olmasa ingilis dilini bilər ? – lə təsəlli tapdım.

O qədər sakit, mülayim baxışları, saf siması varı ki... Çöhrəsində mələk məsumluğu əks olunmuşdu, lakin eyni zamanda onu ürəyəyatımlı edən “şeytan tükü” qəlbimdə təhrikedici, şeytani hisslər oyandırırdı. Qəribədir. Eləbil günahsız mələk, kibrli iblislə mübarizə aparır, bəzən iblis üstünlük əldə edir, baxışlarında özünü bəlli edə bilirdi. Özümə acıqlanıb fikirləri sezdiyim şeytanla birlikdə “cəhənnəmə yola salmağı” qərarlaşdırdım. Beynimdə filmlərdə gördüyüm, bədii kitablarda oxuduğum romantik səhnələrdən ibarət xəyallar qurdum:

O, qarşımda bir addımlıq məsafədə dayanıb. Üzünü dupduru su ilə dolu parçtək ovuclarımın arasında saxlamışam. Göz qapaqlarını gənc qızlara xas utancaqlıqla, sevgisindən çəkinirmişcəsinə, müqəssirtək aşağı endirib. Mən onun sıx düzülmüş kipriklərinə, dolğun olduğu qədər də zərif ləblərinə heyranlıqla baxıram. Barmaqlarım yumşaq yanaqlarının təsirindən xoşallanır. Göz qapaqlarını ani hərəkətlə qaldırır, qəlbimi dələrək düz gözlərimin içinə baxır. Mən onun qarışıq, buqələmun gözlərinin dərin uçurumuna qərq oluram. İndi qəhvəyi tonlar açılmış, gözləri daha çox tünd – yaşıl rəngdə görünürdü.

Mən gözlərimi yumuram.

Fraqment dəyişir.

Biz yağışlı, çiskinli havada çiyin – çiyinə addımlayırıq. Qar kimi ağarmış, avazımış üzündən, göyərmiş dodaqlarından, sinəsində çarpazlaşmış əllərindən üşüdüyünü anlayıram. Hələ evli deyilik ki, gündəlik qayğılar romantikanı məhv edib yerinə keçmiş olsun. İndiyə qədər mənə xoş gələn xırda xüsusiyyətləri belə çatışmazlıq adıyla üzünə vurum, deyim ki : “ Görmürdün, soyuqdur ?! Nə fikirləşirdin ?! Üstdən jaket götürsəydin, olmazdımı ?! “

Yox, mən onun görüşə nazik çit paltarda gəlməsini geyinəcəyi üst geyiminin ümumi görünüşə yaraşmayacağını düşünüb, sevdiyinə gözəl görünmək cəhdi kimi qələmə verirəm. Mən də geyindiyim yaşıl köynəyə uyğun qarderobumda müvafiq heç nə tapmamışdım. İkimizdə eyni düşüncədəymişik. Həmin an əynimdə pencəyimin olmamasına təəssüf edirəm, çünki, filmlərdəki kimi gödəkçəmi ona verə bilməyəcəkdim. Həmişə bu səhnənin davamı, soyuqdan titrətmiş, paltarının bütün ilmələri islanmış oğlanın aqibəti mənim üçün maraqlı olardı, amma indiyədək demək olar ki, heç bir rejissor kinonu real pnevmoniya səhnəsi ilə korlamaq istəməmişdi və hələ heç bir sevən qız “ Axmaq, sətəlcəmdən ölərsən , axı ! “ deməmişdi.

Biz öz ssenarimizi yazırııq. Sağ əlimlə onun çiyinlərini qucaqlayıram, bütün varlığı ilə mənə sığınır. Əxlaqı ilə bağlı heç bir xəbis fikir məni narahat etmir. Davranışını mənə olan sevgisi və hədsiz inamı ilə əlaqələndirirəm. ( Deyəsən, xəyallarımda onun çox güman avropalı olduğunu unutmuşdum ?! )

 

Başqa bir gün.

Mən onun əlindən tuturam. Həmişəkindən fərqli olaraq bu dəfə hiddətlə əlini çəkərək irəli keçib, məndən bir neçə addım uzaqlaşmır, mən də peşmançılıqla ona çatmağa məcbur olmuram. O da əlimi bərk – bərk tutur, başını çevirib üzümə baxır. Fərəh , xoş hisslər dalğasına bürünürəm. Ürəyimdə vəsfinə bütöv bir şeir külliyyatı yazsan belə kifayət etməyəcək böyük sevginin olduğunu duyuram. Bütün qarşılıqlı eşqlər kimi bizimki də “ sevirəm” in kvadratı ilə bitir. Bitmir, əksinə başlayır. Hərə öz hisslərindən xəbər verən “Mən səni sevirəm . “- i pıçıldayır.

Birdən xəyallardan ayrıldım. Onunla kəlmə kəsməyə, tək görmək deyil, qavramağa, tanımağa çalışmalıydım. Sözsüz.

Qəfil tanış olmayan dayanacağın adı səsləndi. Mən bayaqdan gediş biletlərini yoxlayan cənabdan müvafiq qatara mindiyimi dəqiqləşdirim deyə vaqonun o biri başına getdim. Buqəlləmun gözlümdən niyə maraqlanmadığımı soruşsanız, bunun üçün uyğun məqam olmadığını, qarşısında heç nədən başı çıxmayan biri olaraq görünmək istəmədiyimi deyərdim, lakin bu aşkar cəsarətsizliyimi pərdələmək olardı.

Xülasə, eşitdiyim “ Bahnlarda əşyaları sahibsiz qoymaq oğrulara əla şans verməkdir .” –ə əhəmiyyət vermədən çantamı bütün əşyalarımla birlikdə ( bayaq yerimdə əyləşəndən sonra mobil telefonumu yenə əvvəlki cibə qoymuşdum. ) olduğu yerdən tərpətmədim. Bir an belə çantamı götürmək ağlımdan keçmədi. Bunu mələküzlü gözələ qarşı alçaq təhqir hesab etdim. Onun əşyalarımdan göz – qulaq olacağını düşünürdüm. Hələ ki, tanış deyildik, lakin insanlıq naminə. Əmindim ... Mən ayağa qalxanda o, rahat keçə bilməyim üçün oturacaqdan duraraq kənara çəkilmişdi. “ Çox nəzakətlidir. “ deyə düşünmüşdüm. Həmişə belə etmirikmi ? Bəyəndiyimiz birinin xarakterində alicənablıq, qayğıkeşlik, şəfqət əlamətləri axtarıb gözlərimizdə zirvələrə qaldırmırıqmı ?

Gedib – qayıtmağım 5 dəqiqə çəkdi. Məlum oldu ki, heç bir yanlışlıq yoxdur və mən müvafiq qatarla uzağı 45 dəqiqəyə Bamberg-ə çatasıyam.

Qayıdıb yerimə əyləşəndə o, mənə gülümsədi. Bunu gözləmirdim. Mənə- tanımadığı birinə gülümsəmişdi. Mənzil başından məni bir neçə dəqiqənin ayırdığını eşitməyim, beynimdə yenicə kərpic yerinə minlərlə maneədən tikilmiş sonsuz sədlər artıq onunla ünsiyyət qurmanın heç bir sonu olmadığını, tamam başqa dünyalardan olduğumuzu qət etməyimə səbəb olmuşdu. Ona görə gülümsəməsinə mən də təbəssümlə cavab versəm də adını belə soruşmamışdım.

2 stansiya sonra qapıya tərəf irəlilədi. Mən baxışlarımla onu yola salıb, vərdişə uyğun olaraq saatdan xəbərdar olmaq üçün qol saatına deyil, telefona baxmaq üçün üst cibə nəzər yetirdim. Yerində yox idi. Nə baş verdiyini dərhal anlamadım. Tez sonuncu nə vaxt mobil qurğunun əlimdə olduğunu, nə zaman çantama qoyduğumu, hansı məkanda unuda biləcəyimi ( 1-2 dükana baş çəkmişdim ) , çantamdan harada götürülə bilinəcəyini təxmin etməyə çalışdım :

“ Yox, ən son əyləşdikdən bir neçə dəqiqə sonra rükzakıma qoymuşdum. “

Ola bilməzdi !

Dəhşətlə üzbəüz boş oturacağa baxdım.

Düşündüyümün doğruluğunu qəbul etmək çətindi.

Şüşədən bayıra boylandım, hələ platformada idi.... Daha bir neçə dəqiqə tərəddüdlə qovruldum. Ona çata bilərdim, amma ... Çatsam nə deyəcəkdim ? “Üzr istəyirəm, xanım, telefonumu sizmi götürmüsünüz ?

O da “ Hə, buyur. “ deyəcəkdimi ?!

İnkar etmək çətin deyil ki...

İnanmırdım, inanmaq istəmirdim. Məyusluqda boğulmuş, ayaqları yerə mismarlanmış kimi tərpənmədən vaqonun ortasında dayanmışdım.

Oğurluğu düşüncəmdə belə ona, məsum çöhrəsinə yaraşdırmırdım və bununla da yanılırdım.

Halbuki, bəlkə də son “yad cahanlar” fikri cəsarətsizliyimi qidalandırıb, qətiyyətimə şübhə səpməsəydi, ona vurula bilərdim.

O, sevə biləcəyim oğru idi.

Yaxşı ki, məni məndən bütünlüklə oğurlamağa macal tapmamışdı.

Oturacaqların altında nəsə axtardığımı görən sərnişinlərdən biri ( görünür, rükzakın hələ də

burada qalması səbəbi ilə ) “ Nəsə itirmisinizmi ? “ deyə maraqlanmış, mən də “Hə “ deyərək təsdiqləmişdim. Yalnız bundan sonra bu xanım təsadüfən, həqiqətən də gənc bir qızın bu çantadan telefonu götürdüyünü gördüyünü, lakin onun öz çantası olduğunu zənn etdiyini dedi.

Bu hadisədən aylar sonra məzuniyyətə gələndə kəndimizə də yolum düşmüşdü. Nənəmin “ Filankəsin qızı bilirsənmi, necə yaxşı qızdı, üzündən mülayimlik yağır. Söz soruşursan, səsi də çıxmır. Gəl, onu sənə alım. “ ( Hələ də nənəmin bu söhbətlərindən yaxamı qurtara bilməmişdim. ) deməsinə inkar əlaməti olaraq başımı bulamış, qəlbinə dəyməmək üçün “ Sənə alım “ ifadəsini bəyənmədiyimi deməsəm də, nitqinin birinci hissəsini ikinci yarısıtək cavabsız qoymamışdım :

“ Zahirən olsa da bir parlaq günəş,

Daxili bəlkə də zülmət gecədir. “

Yox, nənəmə əfsus ki, müəllifini xatırlamağım, bu iki misra ilə cavab verməmişdim. Həm gözəl, həm də xeyirxah qəlblilərə qarşı haqsızlıq etmiş olardım. ( Şeiri qərəzli hesab etmirdim. )

Fikrimi bu sətirlərdəki ifadələrin köməyi ilə qüvvətləndirərək,

- Gözqamaşdırıcı parlaq günəş işığının təsirindən də, zülmət qaranlığın keçilməzliyindən də ətrafda baş verənləri ayırd etməmək olar. Sən necə, hansının təsirindən kor olduğunu bilməyə də bilərsən. Belə tez aldanma, nənə. – demişdim.

Yadımdadır, nənəm həmin məzuniyyət müddətində mənimlə əvvəlki kimi mehriban danışmamışdı.

İncimişdi.

12.08.2015


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+13=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0343 saniye