Polad Alemdarın belə bir əxlaq kodeksi var: Qadınları, uşaqları öldürməyəcəksən! Başa düşülən, amma qəribə əxlaq kodeksidir. Yəni "Racona tərs, bana tərs!" məsələsi. Amma bu nə dərəcədə ədalətli və insanidir? Polad dövlət agentidir, sonra mafia başçısı olub. Hamını biçə-biçə gedir indi də. O bizə təqdim olunan pis adamlar insan öldürəndə əsəbləşirik, zəhləmiz gedir onlardan, ancaq Polad və komandası öldürəndə sevinirik, "ədalət qalib gəldi" deyirik. Halbuki hər ikisi də öldürür. Polad öldürəndə yaxşıdır, o biri mafyozlar öldürəndə pis!?
Polad qadınları və uşaqları öldürmür -buna sözümüz yoxdur. O biri pis adamlar qadınları da, uşaqları da öldürürlər yeri gələndə, qurban verirlər, istifadə edirlər.Polad bu baxımdan üstündür onlardan. Təkcə müqayisə edərkən. Çünki özü-özlüyündə Polad Alemdar da tam yaxşı və ideal adam qəhrəman deyil. Ola bilər qadın və uşaqları öldürmür, amma adam öldürür. Tutaq ki, mafiyadakı gənc adamlardan-adi personajlardan birini öldürür. Tamaşaçı fikirləşmir ki, bəs bu öldürülən gənc oğlanın ailəsi ola bilər, sevgilis yaxud 3 yaşlı qızı var bəlkə. Kasıblıqdan və işsizlikdən mafiyaya qoşulub çox pula görə -səhv edib. Polad onlardan birini öldürməklə hansısa qadını dul qoyur, uşağı atasız. Əslində serialdakı məqsəd bunu göstərmək də deyil. Bu cür yanaşsan serialdan zövq ala bilməzsən. Düzdür, Polad çox adamı ölümdən xilas edib. Amma çox adamı da öldürüb... Hər halda xilas etdikləri öldürdüklərindən azdır.
Filmə baxırsan Polad ölmür və hey öldürə öldürə gedir. Biri demir ki, hara gedirsən, ay brat? Nə vaxta qədər biçə-biçə gedəcəksən? Deyilənə görə, 2023-cü ilə qədər (TC-nin 100 illiyi) serial davam edəcək. Əvvəl-axır ya öldürəcəklər Poladı, ya da daha inancırıcı desək, öz əcəli ilə öləcək. Öldür öldür düşmənləri qurtarmaz axı! Hələ utanmadan özündən sonra davamçılar da yaradır ki, mən öldürüb qurtara bilməyəcəm hamısını, siz davam edərsiz.
Əslində fərqi yoxdur qadın, uşaq, qoca, cavan, kişi ödürürsən. Hamısı insandır. Polad ancaq kişiləri öldürsə də onlar da insandır. Polad burada çox ciddi cinsi ayrı-seçkilik edir. Polada KQB-də Buddanın "Nifrət nifrətlə deyil, sevgi ilə silinər" təlimini öyrədən deyildilər ki... Dövlət üçün çalışıb onun mənafeyi uğrunda öldürən adi killerdir.
Etiraf edək ki, "Kurtlar vadisi"nə hamımız baxmışıq, təsirlənmişik. Amma vaxtilə. Serial milliyyətçilik duyğusu aşılayır, bir növ action film-serialıdır. Bu da onu sevilən edir. "Atası" Ömər baba bir dəfə demədi ki, ay oğul, utanmırsan bu qədər adam öldürürsən? İslamı, Quranı təbliğ edirlər serialda, sonra pis adamları öldürməklə zülmə və ədalətsizliyə qarşı mübarizə aparırlar. Ya Polad və arkadaşlarının yanındasan, ya da qarşındasan. Başqa alternativ yoxdur. Yəni demək istədiyim bu serialın indiyədək heyranı olanlar ona nəsə öyrənmək üçün yox, həyəcan yaşamaq üçün baxırlar.