Həmişə başlamaq çətin olur. İlk sətirləri yazmaq, sanki böyük bir binanın təməlini qoyursan. Və bu ilk sətirlərdən sonra sözlər axınına qarışıb özün də bu yazılan kiçik mətnlərin arasında qeyb olursan. Eynən həyatdakı kimi...
Arzuladığın bir həyat olur, utopik xəyallarla cəmiyyət adlanan basabasın içindən baş çıxarmağa çalışırsan. Hər kəsdən müəyyən qədər fərqlənmək... Bu bir az çətinlik yaradır insana. Sənə dəfərlər, yüzlərlə, minlərlə dəfə səhv yolda olduğunu deyirlər, deyirlər, amma, onları başa salmaq mümkün deyilki, bu yol səhv deyil, bu sənin daim arzusu ilə yaşadığındır. Bu səhv yol deyil, bu sadəcə hər kəsin görə bilmədiyi, baş aça bilməyəcəyi və qorxduğu bir yoldu.
Belə yolda irəliləmək... Əvvəl hər şey yaxşı gedir, səni alqışlayırlar, sevirlər, sənin eləyə bildiklərini təkrar eləmək – sənə oxşamaq istəyirlər. Və buna nail olmayınca başlayır: tənqidlər, söyüşlər, arxadan çəkib yıxmaq istəyi, sənin əslində heç kim olduğuna səni inandırmağa çalışırlar.
Tam bu vəziyyətə gələndə tək bacarmayacağını başa düşürsən, kiməsə eytiyyacının olduğunu anlayırsan. Kimə? Qəfildən kimsə həyatına girir və sən elə fikirləşirsən ki, bu da əvvəlkilər tək girdiyi kimi də çıxıb gedəcək. Müəyyən vaxt keçir, sən ona öyrəşirsən, özündə ehtiyyat güc hiss edirsən, başa düşürsən ki, nə vaxtsa gücün tam tükənsə öz gücünü sonuna qədər sənə verməyə hazır olan bir insana rast gəlmisən. Artıq hər şey dəyişir, həyatın əvvəl sən düşündüyün kimi olmamasını dərk eləyirsən. Başa düşürsən ki, həyat əslində, sürdüyün maşınlar, yaşadığın evlər, olduğun şəhərlər, getdiyin restoranlar, sevişdiyin qızlar – bütün bunlar həyat deyil. Həyat insanın insana olan sevgisidi. Və sən bunun adını sadəcə bağlılıq qoyursan. Sadəcə bağlılıq... Və bir gün o da gedir...
Bundan sonra nələrin baş verdiyini başa düşmürsən. Sahilə atılmış balıq kimi çapalayırsan ki, bəlkə sıçrayıb yenidən suya qayıda bildin. Ya da Tanrıya dua edirsən ki, bir böyük dalğa göndərsin dənizdən və bu dalğa bütün sahili yuyub aparsın, həmçinin səni də... Hislərin bir-birinə qarışır. Özün öz vəziyyətindən baş aça bilmirsən. İçində qəribə hislər oyanır, uçmaq istəyi kimi bir hislər. Məhz bundan sonra anlayırsan ki, sevmisən...
Yenə sahildə qalan balığın vəziyyətinə düşürsən, sən çapaladıqca əksinə dənizdən daha da uzaqlaşdığını görürsən və belə vəziyyətdə heç dalğanın da sənə kömək ola bilməyəcəyini dərk edib bir neçə saat artıq yaşamaq üçün Tanrıdan başqa bir şey istəyirsən: Yağış... Çox güclü yağış, səni bir neçə saat daha həyatda saxlayacaq yağış...