Dərin bir mübahisəni çözürəm gecədən bəri,
təbriklər...
Ağlımı oynatmağı da bacarmısan nəhayət
İçimdə iki mənlə savaşıram durmadan
ikisi də səndən uzaq,
ikisi də sənə həsrət...
***
Bu səssizlik içində kim duyar savaşımı?
Sən heç sükutdakı o hayqırtını duymusanmı?
Fərqini bilirsənmi
içində hayqırmaqla içindən hayqırmağın?
Fərqinə varmısanmı:
eyni deyilmiş əsla səssizlik ilə sükut,
sakitliklə susqunluq...
***
Yetişə bilmədiyinin kölgəsinə qaçma dedi içimdəki,
Mən də qulaq asdım, haqq verdim ona
və dəyişdirdim fikrimi -
beləcə, günəşə qaçmıram, uçuram daha...
Hələ də səbəbini anlamıram
niyə ağlımın belə uçarı olduğunun
və niyə bütün bünövrələri sənin varlığının üzərinə qurduğumun...
Hər mənəvi yüksəliş
əqli dağıntılarla iz qoyur,
buna əminəm...
Başqa izahını da bilmirəm bunun...
***
Özüm ilə savaşlardan nəticə çıxarmışam:
Xəyallar reallığın bitdiyi yerdə yox,
gücümüzün bitdiyi yerdə başlayırmış,
mənim də gizli və dərin bacarıqlarım varmış:
gözləri yumulu
səni görə bilmək kimi,
ya da
onlarla sindromu
bir arada yaşamaq kimi...
***
Sindrom aclığı var məndə lap əzəlindən,
apatik tənhalığım da tanrısallığa çəkir – adi insan ürəyinə təmas edə bilmirəm,
fikirlərim çox uzaq,
nə gəlib-gedənim yox...
Ən bariz simptom isə ruhi progeriya,
bəlkə çoxdan ölmüşəm...
Bəlkə də... Xəbərim yox...
Heç ruhun ağrıyıbmı?