Onu XX əsrin ən məşhur və ən bədbəxt qadını adlandırırlar. Həqiqətən də Jaklin Kennedi hələ sağlığında əfsanəyə, gözəllik, qadınlıq və eleqantlıq simvoluna çevrilmişdi. Lakin onun adı bir çox sirlər və səs-küylü qalmaqallarla da əhatələnib.
Jaklini dəlicəsinə sevən atası Cek Buvye uşaq ikən ona "Mənim gözəlim, şahzadəm, sən mütləq kraliça olacaqsan və ən samballı şəxslər sənin yanına baş əyməyə gələcəklər. Bilirsən nəyə görə? Ona görə ki, sən ən gözəl, ən ağıllı və ən valehedicisən,"-deyirdi.
Həmişə qayğı və bolluqla əhatələnmiş Ceki Con Kennedi ilə gələcək nikahı barədə ilk dəfə ailə üzvlərinə xəbər verdikdə bu olay anasının ürəyincə olmur: "Kennedilər çox pis nüfuza malik ailədir, həyatda isə onları yalnız pul maraqlandırır, uşaqlar haqqında yalnız mənfi rəylər eşitmişəm." – deyir.
Lakin bütün deyilənlərə baxmayaraq, onlar evlənirlər. Con Kennedi prezident seçildikdən sonra onların daimi məskəni Ağ Evdə Laklin özünü rahat hiss etmirdi. Onun ailə həyatını bir o qədər də parlaq saymaq olmaz. Məsələn, Ceki uşaqlarla birlikdə paytaxtı tərk edən kimi onun həyat yoldaşı da macəra dalınca yollanırdı. Onun mühafizəsindən olan adamlar nəinki prezidentin məxfi görüşlərinin təhlükəsizliyini təmin edir, hətta bu görüşlərin təşkilatçıları rolunu da öz üzərlərinə götürürdülər. Conun həm məşhur aktrisalarla uzun müddətli əlaqələri, həm də katibliyin sarışın xidmətçiləri kimi təsadüfi qadınlarla qısa məhəbbət romanları baş verirdi.
....Merilin Monronun prezidenti ad günü münasibətilə təbrik edərkən hamının gözü qarşısında açıq-aşkar ona eşq elan etməsi....
Haşiyə:
Onların münasibətləri barədə Donald Vulf adlı prodüser "Pari-matç" jurnalına verdiyi müsahibədə söyləyir:
“Merilin Con Kennedi ilə 1946-cı ildə tanış olmuşdu. Mən əminəm ki, 1947-ci ildə onların övladı da dünyaya gəlmişdir. Merilini yaxından tanıyanların da bir neçəsi onun məhz həmin dövrdə övladı doğulduğunu təsdiq edirdilər. Uzun illər onların arasında xüsusi münasibətlər mövcud olmuşdur. Onları birlikdə tez-tez Malibudakı "Xollidey İnn" və ya Mayamidəki "Fontenblo" motellərində görürdülər. Merilin onu “böyük kələkbaz” adlandırır, Kennedi isə aktrisaya ədəbsiz lətifələr danışmaqdan həzz alırdı. Sayıq mühafizəçilərin diqqətini yayındırmaq üçün Merilin hər cür hiyləyə əl atırdı. Ağ Evə zəng vurduqda əvvəlcə prezidentin şəxsi katibi Kenni Odonnellə əlaqə saxlayır, sonra Qrin adlı xanım “kodu” söyləyirdi. Bu münasibətlər Kennedinin ad gününə qədər davam edir. Sonra onlar bir daha görüşmürlər”.
Jaklinin bioqrafı Devid Xeymanın dediyinə görə, bu qadın baş verənlər barədə ərinin düşündüyündən də çox bilirdi və buna nifrətlə yanaşırdı. Lakin o, Merilin Monronun prezidenti ad günü münasibətilə təbrik edərkən hamının gözü qarşısında açıq-aşkar ona eşq elan etməsi ilə heç cürə barışa bilmirdi. Kennedinin Odri Xepbern, Sofi Loren, striptiz ustası Tempest Storm və başqaları ilə romanı hamıya yaxşı məlum idi. Ərinin bu hərəkətlərindən Cekinin əsəbləri pozula bilərdi. Lakin Jaklinin həyatındakı ən qara zolaq 22 noyabr 1963-cü il tarixində Dallasda başlanır. Faciəli atəş açılan zaman Jaklin üstü açıq avtomobilin içərisində ərinin yanında əyləşdiyindən onun da kostyumu al-qana boyanır. Kennedinin qətlindən sonra mərhuma qarşı ümummilli sevgi ilə yanaşı, Amerikanın birinci ledisinə qarşı da dedi-qodular baş qaldırmağa başlayır. Onu patoloji xəsislikdə və hikkəli olmaqda günahlandırırdılar.
Jurnalistlər onu addım-addım izləyərək adına min bir söz qoşurdular. Jaklinə isə bu pis təsir edirdi.
Bir dəfə Jaklin Vaşinqtonun məşhur “Jokeylər” klubunda aktyor Marlon Brando ilə tanış olur. “Arzu tramvayı” filminin qəhrəmanına valeh olan Jaklin aktyora gecənin qalan hissəsini onun evində keçirməyi təklif edir. Jaklinin bacısı Li və Brandonun ən yaxın dostu Corc Enqlund da ora yollanırlar. Artıq bir qədər sonra Jaklin aktyorla təklikdə qaranlıq otaqda rəqs edirdi. Yəqin ki, bu görüşün sonu başqa cür bitməli idi. Amma Jaklin nədənsə qorxaraq, qəfildən Brandoya israrla evi tərk etməyi tapşırır.
...Onun Robertlə romanı barədə də söhbətlər gəzirdi...
Get-gedə Jaklin qapalı bir şəxsə çevrilərək yalnız öz sadiq cangüdəni Xill Klintonun dəstəyinə arxalanırdı. Məhz həmin cəsur oğlan onu həmin məlum gün Li Osvaldın gülləsindən qoruyaraq sinəsi ilə müdafiə etmişdi.
Bir dəfə Jaklin “Jokeylər” klubunda əsl tamaşa təşkil edir. O, hamının gözü qarşısında bərk sərxoş olaraq öz xilaskarının ağuşuna atılır. Bu addım cəmiyyətə qarşı yönəlmişdi.
6 iyun 1968-ci il tarixində Robert Kennedi Los-Ancelesdəki “Ambassador” otelində qətlə yetirilir. Dəfn zamanı Jaklin gözlənilmədən Robertin əvəzinə
ikinci dəfə öz ərini son mənzilə yola saldığını təsəvvür etdiyindən onun əsəb tutması baş verir. Yeri gəlmişkən, onun Robertlə romanı barədə də söhbətlər gəzirdi. Amma bu yaxınlarda çapdan çıxmış “Ceki” kitabının müəllifi Edvard Kleyn bu əsərdə qeyd edir ki, onlar bir-birlərini çox gözəl başa düşürdülər və Robert daim onun müdafiəçisi və himayədarı olub.
Robertin faciəli ölümündən sonra Jaklinin bütün fikirləri yalnız öz uşaqlarını necə qorumaqla bağlı idi. O bacardığı qədər Amerikadan uzaqlaşmağı qərarlaşdırır.
Məhz həmin dövrdə Ceki elə bir addım atır ki, amerikalılar uzun müddət onu bağışlaya bilmirlər. Jaklin yunan milyardçısı-gəmi istehsalçısı Aristotel Sokrat Onassisə ərə gedir. Bu xəbər bütün Amerikada böyük səs-küyə səbəb olur. Bu əsl qalmaqal idi. Qəzetlərdə yazılanlara görə, Jaklinin Onassislə romanı hələ Kennedinin dövründən başlanmışdır!
Bu sözlər onun üçün əsl təhqir olduğundan bir müddət insanların baxışlarından uzaqlaşmağa çalışır. Jaklinin yunan milyardçısı ilə toyu 1968-ci ildə baş verir. Gözəl qadın həvəskarı olan Onassis onun dərdindən dəli-divanəyə çevrilmişdi. Düzdür, bir müddət əvvəl onun Jaklinin bacısı Li Radenvillə də romanı cərəyan etmiş və hətta həmin qadın yunan milyardçısına ərə getmək məqsədilə öz ərindən boşanmaq istəyirmiş. Qeyd etmək lazımdır ki, bu bacılar hələ uşaqlıqdan bir-birləri ilə yarışırdılar. Bu dəfə isə Jaklin qələbə çalmışdı. Yeri gəlmişkən, Aristotel Onassis onunla evlənməkdən ötrü öz köhnə məşuqəsi, məşhur yunan müğənnisi Mariya Kallasdan əl çəkməli olur.
O dövrdə bütün qəzetlər Cekiyə yalnız bir sual ünvanlayırdı: "Axı siz bu hərəkəti necə edə bildiniz Jaklin?"
Bacısının ərə getməsi barədə Li Radenvil bunları söyləyirdi: "Mənim bacım elə bir insana möhtacdır ki, onu insanların marağından qoruya bilsin. Onassis onu firavan həyatla təmin etmək üçün kifayət qədər zəngin, sakitliyini qorumaq üçün isə olduqca bacarıqlıdır".
Cekinin zəif damarına bələd olan əri onu daima daş-qaşa tuturdu. Qeyd edək ki, Onassisin bağışladığı hədiyyələrin qiyməti yox idi. Onun məşhur 40 karatlıq brilyantı barədə demək olar ki, dünyanın qəzetləri bar-bar bağırırdı.
Bundan başqa, Onassis ona Skorpio adlı bütöv bir adanı bəxş edir ki, oraya da kənar şəxslər buraxılmırdı. Lakin fotoreportyor-piratlar burada da onu rahat qoymurlar. Onlar Jaklinin çılpaq vəziyyətdə çimərlikdə fotoşəklini çəkərək həmin kadrları bir çox nəşriyyatlara satırlar. Milyardçı həmçinin Jaklinin övladları Con və Kerolaynın qeydinə qalaraq onların hərəsinə bir gəmi hədiyyə edir. Yeni ata roluna ciddi yanaşan Onassis tez-tez Conu öz dizi üstə əyləşdirib ona Qədim Yunanıstan haqqında miflər danışaraq gələcək barədə məsləhətlər verirdi.
Lakin bu nikah da Cekiyə qəlb rahatlığı və xoşbəxtlik gətirmir. Təzə ərinin evində o qərib idi və öz varis payına sahib olmaqdan ötrü adlı-sanlı ailəyə soxulmuş düşmən bir kəs kimi qəbul olunurdu. Ən başlıcası isə o, Aristoteldən inkişafa və maraqlarına görə çox fərqlənirdi. İntellektual ehtiyatı bir o qədər də zəngin olmayan Onassis yalnız bizneslə nəfəs alırdı.
Ceki tez-tez Amerikaya yollanırdı. Onassis isə Nyu-Yorka gələrkən arvadının evində deyil, oteldə məskən salırdı. Hətta bu dövrdə boşanmaq barədə söz-söhbət yayılırdı.
Milyardçının vəkili bu münasibətlər barədə bunları söyləmişdir:
"Onasssis istəyirdi ki, Jaklin daima onun yanında olsun. O hərdən ayrılmaq istəsə də, hər dəfə boşanmaq haqqında hazırladığım sənədi cırıb atırdı. Onun əsas arzusu Cekinin onun yanında olmasından ibarət idi".
Onassisi dəhşətli xəstəlikdən hətta milyardları belə xilas edə bilmir və o Jaklinlə 7 il ömür sürərək xərçəngdən vəfat edir. Hərçənd onların birlikdə və ayrılıqda nə qədər ömür sürməklərini demək çətindir. Onassis ölən zaman Jaklin Nyu-Yorkda olduğundan belə bir şayiə yayılır ki, guya o Nyu-Yorkdakı evlərindən var-dövləti götürmək üçün xəstə ərini tək-tənha qoyub getmişdir. Aristotel isə Parisdə öz qızının qolları arasında dünyasını dəyişir.
Ölümündən qabaq isə Onassis vəsiyyətnaməsini dəyişərək Jaklinə cəmi iki milyon dollar, ögey anasına nifrət bəsləyən qızı Kristinaya isə qalan var-dövlətini vəsiyyət edir. Az sonra baş vermiş qeyri-məhkəmə danışıqları nəticəsində 2 milyon rəqəmi 20 rəqəminə çevrilir. Dul qalmış Jaklin Kennedi-Onassis yenidən Nyu-Yorka köçdükdən sonra onu "Vaykinq Press" nəşriyyatına redaktor vəzifəsinə dəvət edirlər. Çünki Ceki universiteti bitirdikdən sonra bir müddət jurnalist kimi çalışmışdı. Mətbuat isə Jaklini izləməkdə davam edərək, onun adını bu və ya digər məşuqla birlikdə hallandırırdı. Bir neçə kitaba redaktorluq edən Jaklin nəşriyyatdan qalmaqalla ayrılır. Belə ki, həmin nəşriyyat onun keçmiş ərinin qardaşı - Robert Kennedi barədə incəliklərlə dolu detektiv bir roman nəşr etmək fikrində idi və Ceki buna heç cür tab gətirə bilməzdi.
1994-cü ilin mayında Jaklin 65 yaşında özünün Nyu-Yorkdakı mənzildə xərçəng xəstəliyindən vəfat edir.
Bu qadın fransız soyu ilə yanaşı, amerikalı qəhrəman Skarlett Oxara kimi güclü qollara malik idi. O istəməyi və arzuladığına çatmağı bacarırdı.
Bəhram Çələbi, Kulis.az