Pul (Ülviyyə Heydərovanın eyni adlı yazısına nəzirə)
Günel Fərhadqızı tərəfindən "Esse" bolməsinə 11:06 21 aprel 2016 tarixində əlavə olunmuşdur

Pul (Ülviyyə Heydərovanın eyni adlı yazısına nəzirə)

Ülviyyə Heydərovanın 2006-cı ildə yazdığı pul hekayəsinə davam olaraq… 10 il keçdikdən sonra həmin pulun aqibətini yazmağı qərara aldım…

Zaman keçdi mən elə kitabın arasında qalmaqda idim, o gün mənə sahiblənən və kitabın arasına qoyan baba kitabını 10 ildən sonra nəvəsinə ad günündə oxumağa hədiyyə kimi verməsəydi, oradaca darıxmağa və bütün funksiyalarımı itirib, xəstəlik tapmağa davam edəcəkdim… Babanı qınamıram, onun kitabdan başqa nəyi var idi, aylarla gecikərək aldığı pensiyasından savayı, o pensiyanın da məbləği elə idi ki, yolda yarım gün dilənən dilənçi ondan çox qazanır…

Nəvə atasına kitabı verdi və dedi:

-Ata, bax, baba mənə nə verib?Kitab, ad günümə ən böyük hədiyyə kitabdan başqa nəsə ola bilməz-dedi babam.

-Baban haqlıdır, amma kitabdan daha vacib puldur bala. Kitab oxumaqla, savadlanmaqla, daha vacib olanı pulu əldə edə biləcəksən… Kitab pulu əldə etməyə bir vasitədir. Düzdür, kitabı da pulla alırsan, amma təsəvvür et ki, 5 manata aldığın kitabda əldə etdiyin biliklə 20 manat qazana bilərsən, deməli 15 manat qabağa düşürsən?!

Aha, deyəsən, yenə gündəmə gəlmişəm… Düz 10 il sonra… Sevincimin həddi-hüdudu yoxdur.

-Aaaa, ata, bura bax, gör kitabın arasından nə tapmışam, pul… Ata, sən haqlısan, amma burada iki dəyərli şey var, kitab və içində pul…

-Ver, baxım görüm…

Oğul atasına məni uzatdı… Ata, məni əlində çevirib, ora-burama baxdı…

-Bu pulda pul halı qalmayıb, oğlum gəl səninlə belə danışaq, sən hər dəfə bir kitab oxuyub, onun mətnini və nə anladığını günün sonu danışsan, sənə bax bu 5 manatı verəcəyəm-deyərək, əlini pencəyinin iç cibinə atıb, cibindən çıxardığı şaq-şaq 5 manatı oğluna göstərdi…

Oğul, nəvə razılığa gəldilər. Mən isə sevinirdim, məni atası şkafın hündür yerinə qoydu… Nəvə isə ata işə gedəndən sonra kitabı çantasına qoyub məktəbə getdi… Olanları məktəbdə sinif yoldaşlarına danışdı.

Mən sevinirdim, tək olmadığıma… Nəhayət ki, qohumlarımı tapdım…

Əvvəl görmədiklərimi gördüm… Bu evdə məndən başqa pullar da vardı… Dilini anlamadığım xarici pullar, içində pulun yatdığını iddia edən müasir qlamur və özündənrazı plastik kartlar… 10 il bundan əvvəl bunları mənə sahiblənən adamlarda görmürdüm… Xarici dildə danışan pullardan xarici dili öyrənib bahalaşırdım, dəyərə minirdim… Plastik kartların rəngləri fərqli idi, biri adi idi, özünü elektron adlandırırdı, biri silver idi, biri də ki, gold, goldun sahibi evin yiyəsi idi, silverə isə evin xanımı sahiblik edirdi… Elektron kartlar isə deyirdilər ki, maaş kartlarıdır… İndi bir çox yerlərdə, maaşı plastik kartlarla verirmişlər… Bu gün bildim ki, mən nağd puldan savayı, gözə görünməyən nağdsız pullar da var, onlar da bu plastik kartların içindədir. Anlamırdım ki, mənim kimi ölçüsü böyük pullar bu kiçik ölçülü plastik kartın içinə necə yerləşdirilmişdir…

Artıq 3 aydır ki, bu ailədəyəm…

Burdakı yazılmış və yazılmamış qanunları bilirəm artıq…

Plastik kartların saymadığı və həmişə ələ saldığı maaş kartlarından savayı, başqa kartlar da var idi, kredit kartları… Onları ev sahibləri tez-tez götürüb qoyardılar yerinə… Maaş kartları ayda bir dəfə düşərdi yada, o da ki, ayın əvvəli maaş verilən günü… Onların nəşəli gününü görmürdüm, hey depressiyada idilər… Şikayət edirdilər ki, pulu maaş günü tam çıxardırlar, o isə ac qalır… Onun qədrini bilmirlər… Pulu çıxardıb ötürürlər silver və gold karta, ya da çevirirlər xarici dildə danışan pullara…

Öz dilimi unutmağa başlayırdım, çünki evdə mənim dilimdə danışan pullar az idi, onları da mən görmürdüm, ciblərdə gəzib, xərclənirdilər, sahiblərini tez-tez dəyişirdilər… Əvəzində xarici dildə danışan valyutaların sayı çoxalırdı, qorxurduq ki, bizi yerimizdən sıxışdırıb çıxararlar… Hələ mənim kimi yamaq və köhnə pulu, 10 il qocalmış pulu neyləyirlər axı?! Mən əslində, burada ağsaqqal olmalıydım… Amma kimdir axı, ağsaqqalları pul yerinə qoyan, sayan?!

Oğul, hər gün dərsliklərdən savayı iki gündən, üç gündən bir kitab oxuyurdu, danışırdı, atasından 5 manat alıb, yığırdı… Oğlan haqq yolunu tapmışdı… Bir aya 30-50 manatdan çox pulu olardı, ayda bir dəfə babasının yanına gedər, atasının etməli olduğunu edərdi, kitab oxumaqla, qazandığı pulun yarısını babasına verərdi…

-Baba, bax, pulu verirəm. Atam verir, kitab oxuduğuma görə, mən də yığıram, yarısını sənə verirəm, amma atama demə, birdən acığı tutar, deyər ki, qazandığım pulun qədrini bilmirəm…

Baba və nəvənin kiçik sirri idi mənim kiçik övladlarım…

Mən bu ailəyə gələndən sonra bildim ki, pulun üstündə rəqəmlər də önəmlidir, o rəqəmlərin məbləği onlara hörmət gətirir… Məsələn, aramızda ən hörmətlisi 100 manat idi… Ağsaqqal o sayılırdı… O, nə deyirdisə, digərləri də onu dinləyirdilər… Amma kiçik məbləğdə olan pullar həmişə ona qarğış edərdilər ki, görüm səni xırdalasınlar, görüm səni bizim kimi xırda məbləğə çevirsinlər… Çox zaman da qarğışları tuturdu yüzlükləri… Olurdular 50, 20, 10, 5 manat, heç hörmət edilməyən 1 manatlıq idi, bir də qəpiklər, o yazıqları danışdıran olmurdu, yazığım gəlirdi onlara…

Bizim yerimiz dəyişmirdi… Bir gün evin xanımı dedi ki, sahibinə-“Şkaf dəbdən düşüb, dardı, gəl yenisini alaq…” Sahibi razı olmurdu, çünki eşitmişdi ki, iki dəfə devalvasiya olub, inflyasiya da bir yandan, mənim kimi milli pullar düşüb dəyərdən, qiymətlər qalxıb… Ailə də maaş yüksək olsa da, xərclərinə qənaət etməyə başlamışdı, çünki növbəti devalvasiyanın qoxusu gəlirdi burunlarının uclarına…

Bir gün ürəyim dözmədi, özünü öyən gold kartdan soruşdum ki, sən hara, pul hara?! Dedi ki, bəs bizi bank buraxır, içimizdə çip var, çip də bank hesabı ilə əlaqəlidir, bank hesabında isə mənim kimi pullar var, amma nağdsız şəkildə… Dedim: “Nə qədər pulun qaldığını hardan bilirsən?” Dedi ki, “məni bankomata qoyanda, balansımı görürəm, aktivləşirəm…” Düzdür, bir şey anlamadım, çünki bizim dövrümüzdə bu o qədər də aktual deyildi… Heyif deyildi, o vaxtlar, sayımızı bilirdik, hara, necə, nə vaxt getdiyimizi bilirdik, əldən ələ düşsək də, qədrimizi bilməsələr də, əllərdə gəzməkdən mənəvi və fiziki aşınsaq da, dövriyyədə idik… Tələbat vardı bizlərə…

Məndən hədiyyə kimi çox istifadə edərdilər… Ad günü, kiçik və böyük toy günü, bayramlarda zərfin içinə qoyub verərdilər başqasına, beləcə sahibimi dəyişirdim, ən azı bilirdim ki, bu günlər var… İndi o qədər tez-tez dəyişir hadisələr, o qədər yeniləşir proseslər ki, necə sərf edildiyimi hiss etmirəm, əl burdan alır, burdan verir… Evlər də var ki, həsrətimdədir…

Məndən xeyriyyə məqsədilə də, istifadə edirdilər bir zaman… İndi yadıma gəlmir, kim xeyriyyə ilə məşğuldur, hər kəs öz hayındadır, düşünür sabaha necə sağ çıxacaq?!

Əvvəllər heç olmazsa, daimi məkan və sahiblərim vardı… Market sahiblərini, aptekdəki satıcıları, restorandakı ofisiantları tanıyardım… Başım qarışırdı…

Gəldi o gün, evin xanımı, şkafdan bizi yığışdırıb noutbuk çantasına səliqə ilə yığdı… Şkafı təmizlədi, yeni şkafı yığır ustalar… Bizi çantada harasa aparırlar… Görəsən, hara? Plastik kartlardan da ayırdılar bizi, qaranlıqda heç olmazsa, işıqları düşürdü üstümüzə… İndi o işıqdan da məhrum olmuşuq…

Bircə mən qalmışam, bir də qəpiklər, bizi də bir zərfə qoydular, qalan pullar yoxa çıxıb… Qəpiklər deyir ki, xarici pulları da, iri milli pulları da, aparıblar banka plastik kart hesabına qoyublar… Özü də xarici pul hesabıdır, yeni devalvasiya öncəsi qoyublar ki, devalvasiya olsa, manat ucuzlaşsa, oradan qazansınlar… Bütün manatları çevirirlər xarici pula, qalır gündəlik xərclər üçün pullar, onu da maaş kartları ilə edirlər… Bircə mənə dəyən olmur, bir də xırda qəpiklərə… Onlar da mənim kimi muzey eksponatıdırlar sanki…

Nəvə də gizlincə sərvət yığıb, deyir valideynləri onun üçün əmanət hesabı açıblar, atasıyla banka gedib, yığdığı pulun yarısını qoyur hesabına, onun da kartı var, bu nə haqsızlıqdır, dövriyyədə azalırıq, dostlarımın sayı azalır, darıxıram…

Bircə, baba pula möhtacdı, bircə onun evində mənim kimi pullar var, ora can atıram, bir arzum var, nəvə kitabı qaytarsın babaya və içinə də məni qoysun… Budur, nəvə gəlir:

Ana, atamın verdiyi və kitabın arasından çıxan pulu hara qoymusan? Niyə soruşursan balam, onun ki halı yoxdur, hara xərcləyəcəksən axı?! Xərcləməyəcəyəm ana, o pul mənə pul gətirib, uğurumdur, aparıram babama, qoy bu uğur payından ona da üşsün, ona da pul gətirsin, Ana…

Ura! Mən, yenə Babaya qayıtdım, deyəsən, ayağım düşərli olub, pensiyası qalxıb…


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+35=
Hesaba giriş
Müəllif

Günel Fərhadqızı
Haqqında
Maliyyəçi, risk, sərmayə meneceri, təlimçi, köşə yazarı, jurnalist, yazar
Əlaqə
Tel.:
0702021606
E-mail:
e.gunel@azti.az
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0393 saniye