Qabriel Qarsia Markez "Bizdə oğru yoxdur" (povest)
Yazar.in tərəfindən "Məşhurlar" bolməsinə 00:52 25 iyun 2012 tarixində əlavə olunmuşdur

Markes yaradıcılığının ən parlaq nümunələrindən sayılan bu lakonik əsərdə bütün hadisə və detalların güzgü üzərindəki kimi son dərəcə dəqiq əksi var. Elə əsərin baş qəhrəmanı - gənc və gözəl Damaso da, sanki üz-üzə qoyulmuş iki güzgü arasında dayanıb; bu güzgülərin biri Damasonun mövcud olmayan keçmişini, digəri isə mövcud olmayacaq gələcəyini paralel şəkildə əks etdirir. Sakini olduğu balaca və darıxdırıcı şəhərdə bütün yaşıdları kimi, onun da həyatı maraqsız-məzmunsuz keçir; Damaso yaşadığı boz şəhərin və əhatə olunduğu rəngsiz mühitin təbii məhsulu, həm də qurbanlığıdır.
Damasonun Dünəni yoxdur; bu səbəbdən onun kimliyi barədə əsərdə bircə epizodun, bircə ştrixin də verilməməsi əsla təsadüfi deyil; Damasonun Dünəni yoxdur və bu yoxluğu onun heçlikdən yoğrulmuş mənasız-məzmunsuz Bugünü təsdiqləyir. Keçmişi olmadığından onun Bugünkü real həyatının yalançı gerçəkliyi heçliyə məhkumdur və belə bir vəziyyətdə, qarşıda onu hər hansı perspektivin gözləyə biləcəyi də absurddur, çünki gələcəyinin uğurunu şərtləndirən Bugünü iflasa məhkumdur. Heç bir ciddi arzusu olmayan, şəhər-şəhər gəzib bilyardxanalardan şar oğurlayacağını və satıb pula çevirəcəyini çox dumanlı şəkildə təsəvvür edən sadəlövh gəncin həyat fəlsəfəsi o qədər bəsit və ümidsizdir ki, hətta həmin pulu hara xərcləyəcəyini də dürüst bilmir: «Özümə kefim istəyən qədər kostyum alacam, əlli cüt də ayaqqabı...»
Və bu iflas labüddür: əgər Damaso oğurluq etməsəydi, onda oxşar aqibətlə nəticələnəcək digər mənasız bir hərəkətə yol verəcəkdi - təsadüfi deyil ki, ona pul verməyən arvadını Damaso qabağına çıxan birinci adamı öldürəcəyi ilə hədələyir və oxucu onun «səmimiyyətinə» inanır; özü də don Rokenin təbirincə desək, ona görə yox ki, Damaso oğru yaxud qatildir, xeyr, sadəcə olaraq, axmağın yekəsidir; daha doğrusu, hər şeyin beləcə alınıb-satıldığı, heyvani hissiyyatın insani şüuru üstələdiyi, riyakarlığın həyat tərzinə çevrildiyi mühitdə hər hansı səmimiyyət səfehlik kimi görünməyə məhkumdur.
Mənasızlıq və heçlik içində yaşayan bütün bu insanlar Markesin bir çox personajları kimi dəhşətli tənhalığa mübtəladırlar; elə Damasonun faciəsi də əslinlə onun səmimiyyət və tənhalığındadır. Müsahibələrində tənhalığı insan təbiətinin zəruri bir hissəsi adlandıran, bunun məhz belə olduğunu dəfələrlə vurğulayan yazıçı tənhalıqdan xilas yolunu göstərmir, daha doğrusu, onun fikrincə, belə bir yol ümumiyyətlə mövcud deyil; çünki tənhalıq özü bir taledir. Və Damaso da taleyinə çevrilmiş doğma tənhalığıyla mənasız ömrunun mövcud olmayan, yalnız Annanın timsalında üzə çıxan Keçmişi və Gələcəyi arasında vurnuxur.
Damasonun məhkum olduğu tənhalıqdan hansısa çıxış yolu varmı? Yazıçı bu barədə «inadkarcasına» susub, bircə kəlmə də danışmır və heç nəyə müdaxilə eləmir, amma hər şeyi güzgü kimi və güzgüdə olduğu kimi elə bir dəqiqliklə göstərir ki, oxucu hadisələrin kənar seyrçisindən bilavasitə iştirakçısına çevrilir və yazıçının acı fəlsəfəsini az qala öz taleyində yaşamış olur: xeyr, heç bir halda heç bir çıxış yolu yoxdur.
Tər və soğan iyi gələn boylu arvadı ərinə acı-acı bildirir ki, «sənin otuz yaşın olanda mənim qırx yeddi yaşım olacaq». Bəlkə problem bundadır, yəni keçmiş fahişə Annanın gənc Damasoya tay olmamasındadır? Amma bu zaman qarşı güzgüdə ərindən 17 yaş böyük arvadın gənclik variantı ola biləcək təxminən 17 yaşlı yeniyetmə qızın surəti peyda olur. Əlbəttə, ilk baxışda bu qız Damasoya daha münasib görünür, ona daha çox həmtaydır; amma diqqətlə baxanda, bəyəm bu yeniyetmə qız elə dərisi ağappaq olan Annanın gəncliyi, onun özü deyilmi?
Beləliklə, əsərdə iki yox, əslində bir qadın var: Anna! Qız - Annanın gəncliyi, Anna isə Qızın yaşlı variantıdır; Qızın adsız olması əsla təsadüfi deyil. Eləcə də, hər ikisinin zənciyə eyni dərəcədə acıması, ikisinin də zənci barədə eyni sözü («Yazıq!») işlətməsi və Damasonu eyni dərəcədə cinləndirməsi; Damasonu eyni kinoaktyorun (Xorxe Neqrete) adıyla çağırması, yaxud ona «yalançı» deməsi və digər yardımçı detallar qətiyyən təsadüfi sayıla bilməz.
Anna bətnində yeddiaylıq uşaq gəzdirir, Qız isə artıq uşağı doğub. Damaso Annanın hələ doğmadığı uşağa nə dərəcədə laqeyddirsə, Qızın artıq doğduğu uşağa da o dərəcədə etinasızdır. Yəni doğulacaq uşaq Damasonun mənasız həyatını heç nə ilə dəyişməyəcək, necə ki, doğuliuş uşaq onu mübtəla olduğu tənhalıqdan qurtarmaqda acizdir. Üstəlik də, doğduğu uşağın atasını tanımayan Qız əslində elə Annanın özüdür; həmin Anna ki, jurnallardan kəsib divarlara yapışdırdığı kinoaktyorların rəngli fotoşəkilləri saralıb-solmuş, çarpayısında uzanıb o şəkillərə tamaşa eləyən, sonra da yavaş-yavaş onların rəngini canına hopdurub özüylə aparan kişilərni sayını çoxdan itirmişdi...
Damaso yaşlı qadınla deyil, cavan Qızla da evlənə, yaxud Anna ona gənc vaxtında ərə gedə bilərdi; əsərdə bu variantların hər ikisi var, amma hər iki halda vəziyyət dəyişmir və dəyişə də bilməz - Markesin təsvir etdiyi rəngsiz mühitin, hüdudlarını dəqiq cızdığı kiçik əyalət şəhərinin boz tənhalığından o üzə adlamaq mümkün deyil.
Damasonun zərbəsindən sonra Ananın bətnindəki uşağın tələf olacağı da gözləniləndir; amma iş bunda deyil, çünki əsərdə tələf olmamış, doğulmuş uşaq faktı onsuz da mövcuddur. Kim bilir, bəlkə elə o yad uşağın da atası Damasodur, ya da Annanın bətnindəki uşağın atası heç Damaso deyil? Hər iki hal mümkündür, heç biri də heç nəyi dəyişmir - Damaso hər iki varianta (hər iki uşağa) eyni dərəcədə (həm də ifrat dərəcədə!) etinasızdır.
Və problemi heç də qadının yaşı, yaxud ər-arvadın bir-birinə həmtay olub-olmaması doğurmayıb; Anna Damasoya lap yeniyetmə qızlıq çağında rast gəlsəydi belə, onunla ailə həyatı qurub dünyaya vaxtında uşaq gətirsəydi də vəziyyət dəyişməyəcəkdi; çünki əsrlərin, yüzilliklərin Markes qələmi ilə təsvir edilmiş və Markes məntiqi ilə əsaslandırılmış tənhalığından heç bir çıxış yolu yoxdur; zavallı Damaso isə, sadəcə olaraq, dahi müəllifin bu qaçılmaz, bu çarəsiz tənhalıqda qovrulan onlarla, yüzlərlə personajından biridir.

Mahir N. Qarayev
Tərcüməçi

________________________________________
Qabriel Qarsia Markes
BİZLƏRDƏ OĞRU YOXDUR
(povest)

Damaso xoruzların birinci banında gəlib çıxdı; yeddi aylıq hamilə arvadı Anna paltarını soyunmadan yatağın içində oturub eləcə gözləyirdi. İşartısı öləziyən nöyüt lampasına baxa-baxa Damaso hiss etdi ki, Anna bütün gecə dəqiqəbədəqiqə onu gözləyib; elə indi də gözləməkdədir. Odur ki, toxdaqlıq üçün başını tərpətdi. Ancaq Anna cavab vermədi, qorxudan bərəlmiş gözlərini Damasonun əlindəki qırmızı bağlamaya dikib, hönkür-tüsünü boğmaq üçün dodaqlarını bir-birinə sıxaraq titrətməyə başladı. Damaso səssiz bir çılğınlıqla arxadan gəlib hər iki əliylə qadının korsajından yapışdı. Ondan turşumuş spirt iyi gəlirdi.
Anna birtəhər ayağa qalxdı, sonra bütün ağırlığıyla özünü Damasonun qucağına yıxdı, üzünü al-qırmızı rəngli zolaq-zolaq köynəyinə sıxıb hönkürdü, ta sakitləşənə qədər ondan bərk-bərk yapışıb buraxmadı.
- Oturduğum yerdəcə yuxulamışam, - deyə zarıya-zarıya hıçqırdı, - yuxuda görürəm birdən qapı taybatay açılır, səni qan içində sürüyüb içəri atırlar.
Damaso arvadının ağuşından kirimişcə qopub onu bayaqkı yerində oturtdu, sonra bağlamanı onun qucağına atıb özü bayıra, ayaqyoluna çıxdı. Anna bağlamanı açanda oynanmaqdan didiklənib çopur-çopur olmuş üç bilyard şarı gördü: ikisi ağ rəngdə, biri qırmızı. Damaso təzədən içəri girəndə qadın hələ də təəccüb içində şarları gözdən keçirirdi.
- Bunlar neyçündü belə?
Damaso çiyinlərini çəkdi:
- Bilyard oynamaqçün.
Sonra şarları təzədən qırmızı əskiyə bükdü və bıçağı, cib fənərini, bir də özünün yonub düzəltdiyi kilidaçanı bağlama ilə birgə sandığın dibində gizlətdi. Anna elə paltarlı-paltarlı yerinə uzanıb üzünü divara çevirdi. Damaso təkcə şalvarını soyundu. O, yatağa sərələnib siqareti siqaretə calaya-calaya bayırı dinşəyir, çöldən eşidilən erkən sübh xışıltıları içində, törətdiyi həngamənin hansısa əlamətini, əks-sədasını kəsdirməyə çalışırdı; qəfildən hiss etdi ki, Anna da yatmır.
- Nə fikirləşirsən?
- Heç nə, - Anna cavab verdi.
Hirsindən Damasonun səsi indi daha dərindən və daha boğuq çıxırdı. O, siqaretə son qüllab vurub kötüyü torpaq döşə-məyə basıb söndürdü və dərindən köks ötürüb pıçıldadı:
- Başqa şey yox idi, boş-boşuna nahaqdan bir saat özümü həlak elədim.
- Hayıf ki, səni öldürmədilər.
- Dilin qurusun sənin! - Damaso taxta çarpayının qırağını tıqqıldadıb əsəbi tərzdə mızıldandı, torpaq döşəməyə əl gəzdirib kibritini, siqaretini axtardı.
- Daha sənə sözüm yoxdu, xalis uzunqulaqsan! Heç olmasa məni düşünəydin. Fikirləşəydin ki, gözümə yuxu getmir, oturub səni gözləyirəm. Küçədən hər xışıltı gələndə, hər dəfə bir hənirti eşidiləndə elə bilirdim sənin meyitini gətirirlər.
Anna köks ötürüb davam elədi:
- Özü də nədən-nədən, üç dənə qotur şardan ötrü!
- Daxılda cəmi-cümlətanı iyirmi beş sentavo vardı.
- Onda heç nəyə əl vurmayaydın.
- İçəri zorla girmişdim, daha əliboş qayıtmayacaqdım ki.
- Başqa şey götürəydin də.
- Dedim ki, başqa heç nə yox idi.
- Bəsdi görək, bilyardxanada şey azlığıdı?
- Adama elə gəlir, amma içəri keçib yaxşı-yaxşı göz yeti-rəndə görürsən ki, bir fərli şey yoxmuş.
Anna susdu. Damaso özlüyündə arvadının bilyardxananı xəyalən göz önünə gətirib ac gözləri ilə qaranlıqda nəsə qiymətli bir şey aradığını təsəvvür elədi.
- Nə bilim, bəlkə də elə sən deyən kimidir, - deyə arvad handan-hana dilləndi.
Damaso təzədən siqaret alışdırdı. Kefliliyi keçib getdikcə yavaş-yavaş bədəninin keyi açılır, o da öz varlığına yiyəlik etmək iqtidarında olduğunu artıq duymağa başlayırdı.
- İçəridə yekə bir pişik vardı. Yekə, ağappaq bir pişik.
Anna bu biri böyrü üstə çevrilib, top kimi şişmiş qarnını ərinin qarnına sıxdı, ayağını da onun paçasının arasına soxdu; ondan soğan iyi gəlirdi.
- Bərk qorxurdun?
- Kim, mən?
- Əlbəttə, sən. Deyirlər, hərdən kişilər də qorxurlar.
Arvadının gülümsədiyini hiss etdiyindən Damasonun da kefi əməlli-başlı duruldu və gülümsünüb dedi:
- Qorxurdun da sözdü? Az qala şalvarı islatmışdım.
Annanın öpməsinə mane olmasa da, özündən cavab öpüşü gəlmədi. Bir az ara verib, sonra səfər təəssüratlarını bölüşürmüş kimi hamısını yerli-yataqlı danışmağa başladı; necə bir təhlükəyə qol qoyduğunu yaxşıca dərk etsə də, əməlindən peşmançılıq çəkməsi zərrəcə hiss olunmurdu. Anna bir xeyli müddət dinmədi.
- Səfeh iş tutmusan.
- Çətini başlamaqdır. - Damaso cavab verdi, - Siftə üçün sən deyən o qədər də pis deyil.
Damaso yuxudan ayılanda günortanın istisi tüğyan eləyirdi. Anna çoxdan qalxmışdı; Damaso da tənbəl-tənbəl dikəldi, fəvvarəyə sarı yeriyib başını suyun altına tutdu, yuxusu dağılanacan beləcə qaldı. Onların kirayə yaşadıqları mənzil ortaqlı patiosu olan adi, saysız otaqlardan biri idi. Qapının girəcəyənidə biş-düş hazırlamaqdan və ütünü qızdırmaqdan ötrü soba, bir də yemək stolu vardı; yemək masasından həmçinin paltar ütüləmək üçün istifadə olunurdu. Ərinin qalxdığını görən Anna ütülənmiş ağları masanın üzərindən yığışdırdı və qəhvə hazırlamaq üçün ütünü sobanın qırağına çəkdi; dərisi ağappaq olan qadın ərindən gövdəliydi və ömrü boyu qorxu-hürkünün nə olduğunu bilməyən adamlara məxsus ötkəm yerişi vardı.
Damaso baş ağrısının qatı dumanı içindən arvadını süzüb onun sözlü adama oxşadığını, eyhamlı baxışlarla ona nəsə demək istədiyini hiss etdi və patiodan gələn səslərə qulaq kəsildi. Anna qəhvəni onun qabağına qoyub astadan pıçıldadı:
- Səhərin gözü yırtılandan hamı bundan danışır. Kişilər çoxdan ora yollanıblar.
Damaso pəncərədən çölə boylandı; paltar sərən arvadlardan başqa həyətdə heç kəs gözə dəymirdi: nə kişilər, nə uşaqlar. O, qəhvəsini içə-içə bayırdan eşidilən qarışıq səslərə, hənirtilərə qulaq verdi. Sonra siqaret alşdırıb qapıya çıxdı.
- Teresa!
İslaq donu bədəninə yapışmış yeniyetmə qız əlüstü ona sarı döndükdə Anna pıçıldadı:
- Ehtiyatlı ol.
Qız yaxınlaşanda Damaso laqeyd səslə soruşdu:
- Nolub ki?
- Bilyardxananı yarıb hər şeyi aparıblar, - deyə qız elə o saat üdüləməyə başladı; özü də elə yerli-yataqlı danışırdı, elə bil hər şeyi öz gözüylə görmüşdü. Qızın üdüləməsindən belə çıxırdı ki, guya bilyardxanada nə vardısa, bilyard stolu qarışıq hamısını yığıb-yığışdırmış, çırpışdırıb aparmışdılar. Qızı dinləyə-dinləyə Damaso bir anlığa özünü unudub, az qala bütün bunların gerçəkdən belə olduğuna inandı. Yalnız otağa qayıdarkən «lənət sənə, kor şeytan!» deyib dodaqaltı mızıldandı.
Anna pəsdən oxuyurdu. Damaso həyəcanını boğmaq üçün stulu çəkib lap divara dirədi. Üç ay əvvəl onun iyirmi yaşı tamam olmuşdu. Gizli ciddi-cəhdlə və nəvazişlə uzatdığı nazikcə bığları çopur sifətinə bir ötkəmlik verirdi; Damasonun özünə inamı da elə o vaxtdan artmışdı. Ancaq indi bir yandan kəskin baş ağrısı, bir yandan da dünənki gecənin xoşagəlməz düşüncələri içində qovrula-qovrula bundan sonra neyləyəcəyini, necə yaşayacağını heç cürə dərk edə bilmirdi.
Anna ütülənmiş ağları iki topaya ayırıb getməyə hazırlaşdı, Damaso onun arxasınca otağa keçdi.
- Tez qayıdarsan.
- Həmişəki vaxtda. Götür, bu dama-dama köynəyi geyin, hələlik o əynindəki flaneldə gözə dəyməsən yaxşıdır. Nə bilmək olar, bəlkə səni görüblər?
Anna onun pişik gözütək işıldayan parıltılı gözlərinin düz içinə baxdı. Damaso tərli ovuclarını şalvarına sürtüb:
- Məni heç kəs görməyib, - dedi.
Anna ağları qoltuğuna vurub təkrar dilləndi:
- Bilmək olmaz. Salamatı budur ki, sən hələ evdən bayıra çıxmayasan. Qabaqca mənim getməyim yaxşıdır, gedib oralara baş çəkərəm, bir az fırlanıb vəziyyəti öyrənərəm. Məndən arxayın ol, mən quyruq ələ vermərəm..
Nə baş verdiyini şəhərdə heç kəs doğru-dürüst bilmədi-yindən, Anna da eyni şeyi hər dəfə təkrar eşitməli olurdu. Şənbə günləri ağları paylayandan sonra o adətən bazara dəyərdi, indi isə birbaşa meydançaya üz tutdu.
Bilyardxananın qarşısında gözlədiyinidən az adam vardı. Badam ağaclarının kölgəliyində üç-dörd kişi dayanıb gaplaşırdı. Gündən qorunmaqçün başlarına güllü yaylıq örtmüş suriyalılar elə yerdə bardaş qurub nahar edirdilər. Onların brezent örtüklü dükanları sanki gün altında mürgü döyürdü. Mehmanxananın geniş vestibülündəki kresloda bir kişi yayxanıb yatmışdı; kişinin ağzı açıqdı, qollarını yana ataraq eləcə sərələnib qalmışdı. Gün-ortanın bürküsü sanki hər şeyi iflic etmişdi.
Anna müəyyən ara saxlayır, bilyardxanadan müəyyən bir məsafədə hərlənirdi. Arxa tərəfdəki boş sahədə bir xeyli adam yığışmışdı. Bu zaman Anna Damasodan eşitdiyi və hamı bilsə də, yəqin ki, təkcə daimi müştərilərin yadında olası bir şeyi xatırladı: bilyardxananın dal qapısı boş sahəyə açılır! Qarnını əliylə örtüb gizlətməyə çalışan Anna cəmisi bircə dəqiqədən sonra camaatın arasında dayanıb artıq həmin qapını diqqətlə gözdən keçirirdi. Asma qıfıl salamatdı, ancaq cəftələrin biri yerindən dartıb qopa-rılmışdı. Ərinin təkbaşına gördüyü işin ağırlığını təsəvvür edə-edə Anna xəyalən ona acıdı da.
- Bu kimin işidir belə? - Anna heç kəsin üzünə baxmadan laqeyd səslə soruşdu.
- Bilən yoxdu, - kimsə cavab verdi, - deyirlər gəlmədi.
- Əlbəttə, yad adamın işidir, bizimki olmayacaq ki, - arxa tərəfində dayanmış bir qadın dilləndi, - bizdə oğru-əyri nə gəzir, hamı bir-birini tanıyır.
Anna qadına sarı dönüb gülümsədi:
- Hə, düz deyirsən.
Böyürdə qosqoca bir kişi dayanmışıdı; peysərinin dərisi qırış-qırış idi, Annanı isə tər basmışdı.
- Görəsən çox şey aparıblar? - Anna soruşdu.
- İki yüz peso, üstəlik də bilyard şarlarını, - deyə ahıl kişi cavab verib Annanı diqqətlə süzməyə başladı. - Belə getsə, bir azdan göz qırpmağa da aman verməyəcəklər.
Anna üzünü çevirib dediyini bir də təkrar elədi:
- Hə, düz deyirsən.
Sonra yaylığını başına salıb bir qədər aralandı; gedə-gedə kürəyində qocanın qıyıq baxışlarını hiss edirdi.
Bilyardxananın arxa tərəfinə toplaşan camaat təxminən on beş dəqiqəyəcən sakitcə durub gözlədi, elə bil qapının dalında ölü yatmışdı; sonra yavaş-yavaş hərəkətə gəldilər və qarşı üzdəki meydana doğru axışmağa başladılar.
Bilyardxananın sahibkarı alkald və iki polislə qapının ağzında durmuşdu. Sahibkar balaca, toppuş bir kişiydi; toqqasız şalvarı nataraz qarnına güclə gəlirdi. Gözündəki eynək uşaqların düzəltdiyi əldəqayırma oyuncaq gözlüyə bənzəyirdi. Görkəmindən adamın bütün heysiyyətini ayaqlayıb alçaldan bir miskinlik yağırdı.
Camaat kişini dövrəyə alanda, Anna da hasara söykənib diqqətlə qulaq kəsildi ki, görsün o nə danışır və adamlar seyrələnəcən yerindən tərpənmədi, eləcə durub dinlədi. Axırda istidən pörtmüş halda yola düzəldi, həyətdə geniş müzakirə açmış qonşu arvadların yanından dinməzcə ötüb öz otaqlarına keçdi.
Bütün bu müddətdə Damaso çarpayıda sərələnib heyrət içində düşünür, amma heç cür qana bilmirdi ki, ötən gecə, onun yolunu gözləyərkən necə olub Anna siqaret çəkməyib; necə dözə bilib, necə bacarıb bunu? İndi onun gülümsünə-gülümsünə içəri nə cür girdiyini, tərdən islanmış yaylığı başından nə təhər açıb atdığını görəndə Damasonun az qala ürəyi dayanacaqdı; o yenicə yandırdığı siqareti kötük əlindən əlindən yer olmayan torpaq döşəməyə basıb soruşdu:
- Hə, nə xəbər var?
Cavab verməzdən öncə Anna yanını yerə basıb oturdu və kürəyini çarpayıya söykədi.
- Heç demə, sən təkcə oğru yox, həm də yalançısanmış!
- Nolub ki?
- Bəs deyirdin siyirmədə heç nə yoxuydu?
- Hə, nolsun? - Damaso qaşlarını çatdı.
- Orda iki yüz peso olub, - Anna təsdiqlədi.
- Yalan sözdü, - Damaso səsini qaldırdı və qalxıb oturdu, tez də pıçıltıya keçdi. - Orda cəmi-cümlətanı iyirmi beş sentavo vardı, vur-tut iyirmi beş sentavo, vəssalam.
Anna inanmaya bilmədi.
- Qoca quldur, - Damaso yumruqlarını düyünlədi, - ağız-burnuna heyfi gəlmir!
- Gic-gic danışma, - Anna ürəkdən güldü.
Damaso da özünü saxlaya bilməyib, şaqqanaq çəkdi. Üzünü qırxanda isə Anna görüb-eşitdiklərinin, öyrənib-bildiklərinin hamısını bircə-bircə söyləyib axırda dedi:
- İndi polis gəlməni axtarır. Deyirlər, cümə axşamı gəlib, dünən axşamsa onu qapının həndəvərində hərlənən görüblər.
Damaso ömründə heç üzünü də görmədiyi həmin o yad, o gəlmə adamı düşündü; hansısa anda ona hətta elə gəldi ki, bütün bu həngamənin baiskarı həqiqətən odur.
- Camaat danışır ki, hələ onu bu vaxtacan tapmayıblar. Kim bilir, bəlkə də artıq çıxıb gedib.
Damasonun bəzənib-düzənməsi həmişəki kimi yenə düz üç saat çəkdi: əvvəlcə bığlarını düzəltdi, sonra səliqə ilə yuyunub qırmızı rəngli dama-dama köynəyini geyindi. Anna Damasonun yuyunub-daranma mərasiminə əvvəldən axıradək tamaşa elədi, çıxmazdan qabaq onun təzədən güzgüyə baxdığını görəndə isə öz gözündə özünə xeyli qoca, xeyli də pinti göründü.
Damaso peşəkar boksçu cəldiyi ilə yerində yüngülcə geri fırlanıb döyüş mövqeyi tuturmuş kimi onunla üzbəsurət dayandı; Anna ərinin qolundan yapışıb soruşdu:
- Pulun var?
- Bəs necə?! Düz iki yüz peso! - Damasonun kefi əməlli-başlı durulmuşdu.
Anna divara sarı çönüb əlini qoynuna saldı, korsajın ara-sında gəzdirdiyi pul dürməyini çıxarıb ordan bir peso ayırdı və Damasoya uzatdı.
- Buyur, Xorxe Neqrete.
Axşamüstü Damaso öz curlarıyla birgə meydana gəldi. Ətraf kəndlərdən bazara gəlmiş adamlar stolların, yeşiklərin arasındaca tökülüşüb yatışmışdılar; havanın təzəcə qaralmasına baxmayaraq, artıq hər tərəfdən xorultu səsi eşidilirdi. Deyəsən, beysbol çempionatı cavanları bilyardxananın yarılmasından daha çox maraqlandırırdı; qapı bağlı olduğundan indi yarışların radio verilişlərini izləyə bilməyəcəkdilər. Çempionat barədə öz aralarında qızğınca danışa-danışa, çəkişə-çəkişə heç kinoteatrın qabağına necə gəlib çıxdıqlarnı da hiss etmədilər və nə göstərilə-cəyinin fərqinə varmadan bilet alıb içəri keçdilər.
Baş rolda Kantinflasın çəkildiyi hansısa kinokomediya idi; Damaso eyvanın ön cərgəsində oturub ürəkdən şənlənib gülür, dialoqlararası fasilələr zamanı araya çökən ani səssizlikdə, kinoteatrın açıq damından görsənən gözəl iyun gecəsinin ağır sükuta dalmış ulduzları altında heç bir vicdan əzabı çəkmədən, narahat-çılıqdan yavaş-yavaş qurtardığını hiss edirdi.
Birdən ekrandakı təsvir yoxa çıxdı və arxa tərəfdən səs-küy qalxdı. Dərhal işıqlar yandı və Damasoya elə gəldi ki, onu dövrəyə alıblar, hamı da ona baxır. O, az qala yerindən sıçramaq istədi, ancaq camaatı öz yerində sakitcə oturmuş görüb toxtadı. Polis biləyinə doladığı qayışın mis toqqasıyla kimisə çırpa-çırpa qovurdu. Döyülən zırpı bir zənciydi. Arvadlar bərkdən çığırışır, polisin səsi isə bütün səsləri üstələyirdi:
- Oğru! Oğru!
Zənci bağıra-bağıra cərgələrin arasıyla qaçır, arxasınca qovan digər iki polis kürəyini qamçılayırdı. Axırda onu tutdular. Mis toqqa ilə vuran bayaqkı polis zəncinin əllərini çəkib qayışla daldan bağladı və hər üçü yumruqlaya-yumruqdaya onu qapıya doğru itələməyə başladılar. Hər şey bir göz qırpımında və elə sürətlə baş verdi ki, bütün olub-keçənlər Damasoya yalnız zənci salondan çıxarılandan sonra çatdı. Köynəyi tikə-tikə cırıqlanmış zəncinin tərli üzü al qan içində idi. O, hönkürə-hönkürə, zarıya-zarıya eyni sözü təkrar-təkrar bağırırdı:
- Qatillər! Qatillər!
İşıqlar söndü, kino təzədən başlandı.
Damaso bundan sonra daha bir dəfə də olsun gülmədi. O, siqareti siqaretə calamışdı və gözü ekranda olsa da, fikrini heç cürə cəmləyə bilmirdi. Nəhayət, işıqlar yandı; bir-birinin üzünə indi hamı elə bil aşkar qorxu içində baxırdı.
- Əntiqə idi! - Damaso lap böyründə kiminsə heyrət dolu nidasını eşitdi.
- Kantinflasa söz ola bilməz, - deyə o, həmin adama tərəf baxmadan qısaca cavab verdi.
İnsan seli Damasonu qapının düz ağzına gətirdi; adamlar itələşə-itələşə bayıra axışırdı. Küçədə yeməli şeylər satan alverçi qadınlar şey-şüylərini də dallarına şəlləyib yavaş-yavaş evlərinə dağılışırdılar. Saat on ikiyə işləsə də, küçə adamla doluydu: zəncinin necə tutulması barədə bir şey öyrənmək məqsədilə hamı kinodakıların çıxmasını gözləyirdi.
Damaso bu dəfə evə çox asta, ayalarınının ucunda girdi; Anna onun gəldiyini biləndə, o artıq ikinci siqareti çəkirdi.
- Yemək plitənin üstündədir, - Anna köksünü ötürdü.
- Aclığım yoxdu, - Damaso cavab verdi.
- Yuxuda görürəm ki, Nora yağdan balaca oğlan fiqurları düzəldir, - deyə Anna yuxulu-yuxulu dilləndi və heç özü də hiss etmədən yuxuladığını yalnız bu vaxt anladı. Tez də çaşqın halda Damasoya tərəf döndü. - Xəbərin var, gəlməni tutublar.
Damaso dərhal cavab vermədi; onun təzədən dillənməsi bir xeyli çəkdi. - Nə bildin?
- Hə, kinoda tutublar, - deyə Anna danışmağa başladı, - elə indicə hamı ora getdi.
Sonra da kino vaxtı baş verənlərin təfsilatını öz bildiyi kimi, tam təhrif olunmuş şəkildə ətraflı nəql elədi. Damasonun düzəliş verməyə həvəsi yox idi.
- Yazıq! - deyə axırda Anna ah çəkdi.
- Yazıq deyirsən?! - Damaso cinləndi. - Bəs sən istəyirdin məni tutsunlar? İstəyirdin onun yerində mən olum?
Damasoya yaxşı bələd odlduğundan Anna bir söz demədi, ta xoruzların birinci banınacan yerində sakitcə uzanıb, siqareti siqaretə çalayan ərinin xırıltılı nəfəsinə qulaq asdı. Gecənin bir aləmində isə onun qalxdığını və otaqdan çıxmadan qaranlıqda əlhavasına nəsə elədiyini eşitdi. Damaso çarpayının altını qazırdı; təxminən on beş dəqiqədən sonra işi bitirib qaranlıqda astaca soyunmağa başlayanda heç ağlına da gəlmirdi ki, bayaqdan bəri, bütün bu vaxt ərzində arvadı ona mane olmamaq üçün yalandan özünü yuxululuğa vurub. Annanın qəlbinin dərinliklərində nəsə tərpənən kimi oldu və Damasonun kinoda olması, hər şeyi öz gözləriylə görməsi, buna görə də çarpayının altını qazıb şarları yerə basdırması ona yalnız indi çatdı.
Bilyardxana bazar ertəsi açıldı və bunu hərisliklə gözləyən daimi müştərilər böyük həyəcan içərisində dərhal içəri doluşdular. Bilyard masasının üzərinə müəssisənin ümumi ab-havasına matəm çaları verən bənövşəyi örtük çəkilmiş, divardan isə elan asılmışdı:
ŞARLAR İTDİYİ ÜÇÜN BİLYARDXANA İŞLƏMİR
İçəri girənlər elanı elə bir ovqatla oxuyurdular ki, elə bil bu xəbəri ilk dəfə eşidirdilər. Bəziləri isə elanın qarşısında xeyli dayanıb baxır, qeyri-adi inadkarlıqla onu az qala gözlərinə təpir, təkrar-təkrar höccələməkdən yorulmurdular.
Ömrünün böyük bir hissəsini bilyardxananın tamaşaçılar üçün skamyasında keçirmiş Damaso da qapı açılan kimi özünü birincilər sırasında dərhal içəri salmışdı. Təəssüf hissi keçirdiyini bildirib dərdə şərikliyi izhar etmək uzun iş olmasa da, çox ağır iş idi. O, piştaxta dalında dayanan sahibkarın çiyninə vurub:
- Müsibətə bax, don Roke, - dedi.
- Neyləmək olar, - kişi başını yellədib acı-acı gülümsədi, sonra köks ötürüb yenə öz işinə davam etdi və müştərilərə qulluq göstərməyə başladı.
Damaso piştaxtanın yanındakı kətilə çökdü və bənövşəyi kəfənə tutulmuş bilyard stoluna nəzər salıb mızıldandı:
- Ağlasığmaz işdir!
- Çox dəqiq dedin, - o biri kətildə oturmuş bir kişi dərhal təsdiqlədi, - özü də tövbə həftəsində!
Bilyardxananın müştəriləri nahar eləməkçün evə dağılı-şanda Damaso musiqi avtomatına pul salıb tabloda yerini əzbər bildiyi Meksika balladasını yığdı. Don Roke bu vaxt stol-stulu içəri daşıyıb aparır, bir qıraqdan düzürdü.
- Xeyir ola, neyləyirsiz? - Damaso soruşdu.
- Şar gəlib çıxanacan bir şeylə baş qatmaq lazımdır, ya yox? İstəyirəm stollara kart qoyam.
Hər əlində bir stul tutmuş don Roke korsayağı inamsız hərəkətiylə təzəlikcə dul qalmış ahıl adam təsiri bağışlayırdı.
- Şarları haçan göndərəcəklər ki? - Damaso soruşdu.
- Mən biləni, bir aydan çox çəkməz.
- O vaxtacan köhnələr tapılar.
- Hara tapılır? - don Roke sıra ilə düzdüyü balaca stollara göz gəzdirdi, sonra da qoluyla alnının tərini silib işindən arxayın halda sözünə davam elədi: - Şənbə günündən bəri zəncini ac saxlayırlar, yenə bir şey çıxmır. Yəqin çaya tullayıb.
Damaso dodağını dişlədi.
- Bəs iki yüz peso?
- O da yoxdu. Zəncinin cibindən otuzca peso çıxıb.
Onlar göz-gözə gəldilər. Damaso hətta istəsəydi belə, heç cürə izah edə bilməzdi ki, niyə bu toqquşan nəzərlər ona iki iştirakçının baxışlarını andırdı. Günün axırlarında onun evə hansı ovqatla qayıtdığını Anna elə camaşırxanadanca gördü: Damaso xəyali rəqibə zərbə endirən boksçu kimi atıla-atıla yeriyirdi. Əri-nin arxasınca Anna da otağa keçdi.
- Hər şey qaydasındadı. Qoca şarlardan əlini üzüb, təzələrini sifariş verib. İndi bir balaca səbr eləmək lazımdır ki, ara soyusun, camaat olub-keçəni unutsun.
- Bəs zənci necə olacaq? - Anna soruşdu.
Damaso çiyinlərini çəkdi:
- Necə olacaq ki? Şarları onda tapmayıb buraxacaqlar.
Şam yeməyindən sonra onlar çıxıb küçə qapısının ağzında oturdular; kinonun səsi kəsilib ətrafa sakitlik çökənəcən qonşularla söhbət elədilər. Yatmağa gedəndə Damasonun kefi əməlli-başlı kökəlmişdi.
- Ağlıma əntiqə şeylər gəlib, qəşəng işlər fikirləşmişəm.
Anna bildi ki, Damaso bütün axşamı beynində dolandırdığı fikirləri onunla bölüşmək istəyir.
- Şəhər-şəhər gəzib şarları oğurlayacam. Birindən oğurlayıb o birində satacam. Nə çox bilyardxana.
- Elə eləyəcəksən ki, axırda səni güllələyəcəklər.
- Yox bir! Güllələmək təkcə kinoda olur.
Damaso otağın ortasında durub öz planlarından əsl şövqlə danışır, Anna soyuna-soyuna ərini diqqətlə dinləsə də, özünü elə göstərirdi ki, guya bu onun heç vecinə də deyil.
- Kefim istəyən qədər kostyum alacam. Bax, düz burdan buracan, - deyə Damaso əllərini yana açıb, az qala bütün divarı tutacaq xəyalındakı paltar dolabının həcmini, nə boyda olacağını göstərdi. - Hələ düz əlli cüt də ayaqqabı.
- Allah işini avand eləsin.
Damaso qaşqabağını tökdü.
- Mənim işlərim səni maraqlandırmır.
- Sənin işlərin çox qəlizdir, beynimə batmır, - Anna işığı söndürdü, divar tərəfdən yerinə uzanıb dərindən köks ötürdü və sözünə davam edib acı-acı bildirdi: - Mən bircə onu bilirəm ki, sənin otuz yaşın olanda, mənim qırx yeddi yaşım olacaq.
- Axmağın yekəsi, - Damaso cibini eşələyib siqaret axtardı və yavaşdan əlavə etdi: - Onda sən daha paltar yumayacaqsan.
Anna kibriti alışdırıb ona uzatdı, sönənəcən alovdan göz çəkmədi, sonra yanıq dənəni kənara atdı. Damaso yerinin içində gərnəşib təzədən söhbətə girişdi:
- Heç bilirsən şarları nədən düzəldirlər?
Anna cavab vermədi.
- Fil dişindən. Ona görə çətin tapılırlar da, bildin? Gətirib çıxaranacan azından bir ay çəkəcək, başa dıüşürsən?
- Yat, - Anna onun sözünü yarımçıq kəsib sualını cavabsız qoydu, - mən obaşdan durmalıyam.
Damaso artıq özünə gələrək, öz təbii vəziyyətinə qayıtmışdı: günün birinci yarısını o, adətən siqaret çəkə-çəkə yataqda keçirir, günortadan sonra üst-başına əl gəzdirib küçəyə çıxır, axşamlar bilyardxanaya gəlib beysbol çempionatının radio verilişlərinə qulaq asırdı. Hər kəsə nəsib olmayan fövqəladə bir qabiliyyət vardı onda: öz ideyalarını hansı həvəslə işə salırdısa, onları eyni şövqlə də unuda bilirdi.
- Səndə pul var? - şənbə günü Annadan soruşdu.
- On bir peso pul qalıb, - deyə Anna cavab verdi və tez də mülayim səslə əlavə elədi: - O da kirəhaqqıdır.
- Qulaq as, gör sənə nə deyirəm.
- Nədi ki?
- O pulu mənə borc ver.
- Kirə haqqını vermək lazımdır.
- Sonra verərsən.
Anna başını buladı. Damaso cəld onun qolundan yapışıb, indicə səhər yeməyi yedikləri masa dalından qalxmasına imkan vermədi; qadının əlini eyni vaxtda həm nəvazişlə, həm də fikri dağınıq halda sığallaya-sığallaya dedi:
- Cəmisi bir neçə günlüyə. Şarları satanda hər şeyə pulumuz çatacaq.
Anna razılaşmadı. Axşam klubda kinoya baxdıqları vaxt, hətta fasilə zamanı dostlarıyla söhbət edərkən də - bütün müddət ərzində Damaso əlini onun çiynindən götürmədi. Filmə o qədər də diqqətlə baxmırdılar. Axırda Damasonun səbri tükəndi.
- Onda gərək mən pulu hardansa oğurlayam.
Anna çiyinlərini çəkdi. Az sonra Damaso Annanı kinodan çıxan camaatın arasıyla itələyə-itələyə hədə-qorxuya keçdi:
- Qabağıma birinci çıxanı boğacam, baxarsan, məni adam öldürdüyümə görə damlayacaqlar.
Anna ürəyində güldü, ancaq öz dediyindən dönmədi.
Bütün gecəni çəkişdilər, səhər tezdən isə Damaso nümayişkaranə bir təhdidlə yerindən qalxıb tələm-tələsik geyindi və Annanın yanından ötərkən:
- Məni gözləmə, - dedi, - bir də qayıdan deyiləm!
Anna özünü ha sıxsa da, əsməsini gizlədə bilmədi.
- Yaxşı yol! - deyə onun arxasınca çığırdı.
Qapını arxasınca çırpıb çıxan Damaso üçün upuzun və mənasız bir bazar günü başlandı. Səkkiz saatlıq ibadətdən sonra uşaqları ilə kilsədən çıxan arvadların göz qamaşdıran açıq rəngli paltarları, bazarın rəngarəng səs-küyü meydana nəsə bir canlılıq verirdi, amma hava dözülməz dərəcədə qızmışdı.
O, bütün günü bilyardxanada keçirtdi. Səhər bir neçə kişi oturub orda kart oynayırdı; nahara yaxın qısa müddətə adam bir az çoxalsa da, açıq-aşkar hiss olunurdu ki, bilyardxana öz əvvəlki cazibəsini, marağını itirib. Yalnız axşam üstü, beysbol çempionatından radio verilişləri başlanan zaman bilyardxana həyatı nisbətən öz məcrasına qayıdıb ötən vaxtları xatırladırdı.
Bilyardxana bağlanandan sonra Damaso birdən ayıldı ki, bayaqdan bəri az qala qan-tər içində, məqsədsiz-filansız şəkildə veyillənə-veyillənə hansısa meydana doğru addımlamaqdadır. O, sahil küçəsinə paralel şəkildə uzanıb gedən yolla, xeyli aralıdan eşidilən şən musiqi sədalarının havasına üz tutub irəliləyirdi. Bər-bəzəyi təkcə elə rəngi bozarmış zəncirvari, bürməli-naxışlı kağızdan ibarət olan iri rəqs salonu bomboş idi; salonun dərinliyindəki taxta estradanın üstündə balaca bir orkest çalırdı. Qadın pomadasının boğucu ətri adamın nəfəsini kəsirdi.
O, keçib piştaxtanın böyründəcə oturdu. Musiqi nömrəsi başa çatan kimi, orkestrdə boşqab dınqıldadan yeniyetmə oğlan rəqs eləyən kişilərin arasıyala gəzib pul yığmağa başladı. Bir qız rəqs elədiyi oğlanı buraxıb Damasoya yanaşdı.
- Necəsən, Xorxe Neqrete?
Çəkilib yanında qıza yer elədi. Üzünə pudra çəkib qulağına qərənfil taxmış bufetçi əlüstü peyda olub zil səslə soruşdu:
- Nə içəcəksiz?
- Biz nə içəcəyik? - qız Damasoya sarı çöndü.
- Heç nə.
- Mənim hesabıma.
- Pul söhbəti deyil. Mən acam, yemək istəyirəm.
- Təəssüf, çox təəssüf! - deyə, bufetçi çox dərindən köks ötürdü. - Heç bu cür gözlərə yaraşan şeydimi!..
Salonun o biri küncünə, dib tərəfdəki yeməkxanaya keçdilər. Belə baxanda, qız lap sütüldü, yeniyetmə bir uşaqdı, amma üz-gözünün lay-lay pudrası, dodağının boyası onun həqiqi yaşını gizlədirdi. Yeyəndən sonra onlar mal-qaranın gövşəyi eşidilən qaranlıq patiodan keçib qızın otağına gəldilər. Çarpayının üstündə alabəzək əskiyə bükülmüş çağa yatırdı. Qız əskini açıb onu taxta yeşiyin üstünə sərdi və çağanı bələyib yeşiyin üstünə, yeşiyi isə yerə qoydu.
- Orada onu siçovullar yeyər ki...
- Siçovulun uşaqla nə işi?
Qız əynindəki qırmızı paltarı soyunub üstündə iri, sarı gülləri olan yaxası, qolları açıq qısa bir don geyindi.
- Bunun atası kimdir?
- Allah bilir, - qız qısaca cavab verib qapıya tərəf yönəldi, çıxmazdan qabaq əlavə elədi: - İndi qayıdıram.
Damaso qapının çöl tərəfdən qıfıllandığını eşitdi, paltarını çıxarıb stuldan asdı və uzanıb dalbadal bir neçə siqaret çəkdi; mambo ritmində yırğalanan yataqda nə vaxt yuxuladığını da hiss eləmədi. Ayılanda çalğı kəsilmişdi və bəlkə bu səbəbdəndi ki, otaq ona bayaqkından daha iri görsəndi.
Qız elə çarpayının böyründəcə soyundu.
- Saat neçədir? - Damaso soruşdu.
- Dördə az qalıb. Uşaq ağlamamışdı?
- Deyəsən yox.
Qız Damasonun böyrünə uzandı, köynəyinin düymələrini aça-aça, yüngülcə xumarlanmış tutqun gözlərlə bir müddət ona tamaşa elədi. Qızın içdiyini, özü də çox içdiyini hiss edən Damaso əlini uzadıb lampanı söndürmək istədi. Amma qız buna imkan vermədi:
- Qoy qalsın. Gözlərinə baxmaq istəyirəm. Sənin gözlərinə baxmaq elə xoşuma gəlir ki...
Obaşdanın səs-küyü otağı dolduranda çağa oyanıb ağladı. Qız elə yataqdanca əlini uzadıb onu götürdü və döşünə saldı, ağzını açmadan sadə bir mahnını pəsdən zümzümə etməyə başladı. Axırda hamısı yuxuladı. Saat yeddiyə yaxın qızın çağanı götürüb otaqdan necə çıxdığını Damaso hiss eləmədi; qayıdanda isə uşaqsız qayıtdı.
- Camaat sahilə axışır.
- Xeyir ola? - Damasoya elə gəldi ki, bütün bu vaxt ərzində sanki bir tikə də çimir eləməyib.
- Şarları oğurlayan zəncini bu gün yola salacaqlar, camaat da yığışıb tamaşasına gedir.
Damaso siqaret alışdırdı.
- Yazıq! - deyə qız dərindən köks ötürdü.
- Sən ona yazıq deyirsən?! - Damaso özündən çıxdı. - Kim onu məcbur eləmişdi?
Qız başını sinəsinə əyib bir müddət fikrə getdi, az sonra səsini qısıb yavaşdan dilləndi:
- Şarları o oğurlamayıb.
- Kim dedi ki?
- Dəqiq bilirəm. Bilyardxana yarılan gecə zənci Qloriya ilə olub, ertəsi gün də axşamacan onun evindən bayıra çıxmayıb. Kinodan qayıdanda isə dedilər ki, yazığı orda tutublar.
- Nə əcəb Qloriya polisə bir söz demir?
- Zənci özü deyib. Alkald Qloriyanın evini alt-üst eləyib, axırda da hədə gəlib ki, səni də ona qoşub damlayacam. Yazıq qız iyirmi peso ilə canını güclə qurtarıb.
Damaso yataqdan qalxanda saat səkkizə az qalmışdı. Qız onu buraxmaq istəmədi.
- Qal. Nahara səninçün toyuq kəsərəm.
Damaso əlində tutduğu darağın tüklərini çırpıb təmizlədi və onu dal cibinə soxdu.
-Qala bilmərəm, - dedi.
Sonra qızın əllərindən tutub onu özünə tərəf çəkdi; qız üz-gözünü yumuşdu və doğrudan da çox cavan görsənirdi. Onun iri, qara gözləri vardı və bu gözlər ona aciz, yazıq bir görkəm verirdi. Damasoya sarılıb təkrar yalvardı:
- Nolar, qal.
- Həmişəlik qalım?
Qız yüngülcə qızarıb onu buraxdı.
- Yalançı.
Anna bu səhər yuxudan oyananda özünü çox əzgin hiss etdi, bununla belə, ümumi həyəcan ona da sirayət eləmişdi. Yuyulası paltarları həmişəkindən tez yığıb çay kənarına yollandı; nəyin bahasına olursa-olsun, zəncinin necə yola salınmasını öz gözləriylə görmək istəyirdi. Getməyə hazır dayanmış, indicə yola çıxacaq gəmilərin qənşərindəki körpünün üstündə iynə atsaydın yerə düşməzdi. Damaso da elə burdaydı; Anna barmağıyla onun toqqasını tıqqıldadanda, diksinib geri sıçradı.
- Sən burda nə gəzirsən?
- Sənnən vidalaşmağa gəlmişəm.
Damaso taxta fənər dirəyini tıqqıldadıb:
- Dilin qurusun! - dedi.
Axırıncı siqaretini alışdırıb boş qutunu çaya tulladı. Anna korsajın altından təzə bir qutu çıxarıb onun köynək cibinə dürtəndə isə, özünü saxlaya bilməyib gülümsədi.
- Səfeh ki, səfeh!
Anna ürəkdən güldü.
Bir azdan zəncini darta-darta meydanın ortasına gətirdilər. Əllərini kəndirlə arxadan bağlamışdılar; polislərdən biri ipin ucundan yapışmışdı, əli tüfəngli digər iki polis yanıyla gedirdi. Zənci köynəksiz idi; dodağı tən ortadan paralanmışdı, qaşları da boksçularınkı kimi şişmişdi. Camaatın nəzərindən qurbanlıq bir adamın ləyaqəti ilə yayınırdı. Ən çox tamaşaçı bilyardxananın böyründə cəmləşmişdi ki, tamaşanın hər iki əsas ifaçısını görə bilsin. Bilyardxana sahibkarı kirimişcə durub ona baxır, tənə ilə başını yelləyirdi. Camaat zəncini gözüylə diri-diri yeyirdi.
Barkas lövbərini qaldırdı. Zəncini göyərtə uzunu aparıb əl-ayağını iri neft çəninə sarıdılar. Barkas çayın ortasında dövrə vurub son dəfə fit verərək yola düzələndə zəncinin kürəyi günün altında işım-işım işıldayır, par-par alışıb yanırdı.
- Yazıq, - Anna pıçıldadı.
Annanın böyründə dayanmış tanımadığı hansısa bir qadın da dözməyib dilə gəldi:
- Canilər! Heç adam da bu istiyə tab gətirər?
Damaso arxaya qanrılıb baxanda qadının ifrat dərəcədə kök olduğunu gördü. Sonra camaatın arasından keçib meydana tərəf irəlilədi. Gedə-gedə yolda Annanın qulağına pıçıldadı:
- Yaman çox çərənliyirsən ha. Bircə o çatmır ki, qışqırıb bütün meydana car çəkəsən.
Anna onu bilyardxanayacan ötürdü.
- Heç olmasa paltarını dəyişəydin, - aralanmazdan qabaq Damasonun yadına saldı. - Yoxsa lap dilənçi kökündəsən ey.
Yenilik bilyardxananı səsli-küylü müştərilərlə ağzınacan doldurmuşdu; içəridə adam əlindən tərpənməyə yer yox idi. Hər kəsin istəyini yerinə yetirmək xatirinə, don Roke eyni vaxtda bir neçə masaya xidmət edirdi. Damaso bir qıraqda hazırca dayanıb məqam güdür, don Rokenin gəlib yanından keçməsini gözləyirdi; qoca böyründən ötəndə cəld soruşdu:
- Sizə kömək eləyim?
Don Poke başına stəkan keçirilmiş altı şüşə pivəni Damasonun qabağına qoydu:
- Sağ ol, ay bala.
Damaso şüşələri əlüstü götürüb masalara payladı, sifariş qəbul elədi, içki şüşələrini aşağı yuxarı daşıya-daşıya, ta bütün müştərilər nahar etməkçün evlərinə dağılışanacan don Rokeyə əl tutdu. Sübh tezdən evə qayıdanda onun bəs deyincə gillətdiyini, kefli olduğunu Anna dərhal hiss elədi. Götürüb Damasonun əlini qarnının üstünə qoydu.
- Hələ bir əl vur görüm. Nəsə eşidirsən?
Damaso heç bir sevinc-filan duymadı.
- Tərpənir ey, xəbərin var? - Anna həvəslə sözünə davam elədi. - Bütün gecəni təpikləyib.
Ancaq hər şeydən göründüyü kimi, bütün bunlar deyəsən Damasonun heç vecinə deyildi. Öz fikirlərinə qərq olmuş halda o, səhər obaşdan evdən çıxır, bir də gecə yarısı qayıdırdı; tək-tük hallarda - yataqda uzanıb siqaret çəkdiyi cəmi bir neçə dəqiqəlik müddətdə isə söhbətdən yayınır, heç nə danışmaq, heç nə eşitmək istəmirdi. Beləcə, düz bir həftə ötüb keçdi. Anna ona qarşı indi xüsusilə diqqətli olmuşdu. Birgə yaşadıqları ailə həyatının ilk dövrlərində də Damaso hərdən özünü eynən bu cür aparırdı və onda, xasiyyətinə yaxşı bələd olmadığından Anna onun zəhləsini tökür, Damaso da arvadı çarpayıya yıxıb üstünə çıxır, o ki var çırpırdı. İndi Anna kifayət qədər səbrli idi. Hələ dünəndən lampanın böyrünə bir qutu siqaret qoymuşdu; bilirdi ki, əri ac qalar, amma siqaretsiz qalmağa dözməz.
Və bir dəfə, iyulun ortalarında Damaso evə axşam çağı qayıtdı. Anna fikirləşdi və dərhal da narahat olub əl-ayağa düşdü ki, hərgah Damaso evə belə tez qayıdıbsa, deməli əməlli-başlı gillətməyə macal tapıb. Nəsə pəjmürdə görünürdü, elə bil keyləşmişdi; ağzını açıb bir söz demir, heç dinib-danışmırdı. Şam yeməyi də eləcə lal-dinməz ötüşdü, ancaq yatağa təzəcə uzanmışdılar ki, birdən dilləndi:
- Getmək istəyirəm.
- Hara?
- Hara gəldi.
Anna otaqdakı əşyaları bircə-bircə gözdən keçirtdi. Öz əli ilə jurnalların üz qabığından kəsib bütün divarlara yapışdırdığı kinoaktyorların rəngli fotoşəkilləri saralıb-solmuş, neçə yerdən cırılıb qopmuşdu. O, çarpayısında uzanıb həmin şəkillərə tamaşa eləyən, sonra da yavaş-yavaş onların rəngini canına hopdurub özüylə aparan kişilərin sayını çoxdan itirmişdi.
- Mənimlə birgə darıxırsan, - Anna dedi.
- Məsələ darıxmaqda deyil, şəhərdədi.
- Bütün şəhərlər necə, bizimki də elə.
- Şarları satmaq mümkün deyil.
- Çıxart o zəhrimarları beynindən. Nə qədər ki, canımda can var, nə qədər ki, paltar yumağa gücüm çatır - bu qara-qura işlərə qurşanmağa sənin heç bir ehtiyacın yoxdur.
Və bir qədər susandan sonra, ehtiyatla əlavə elədi:
- Baş açammıram ki, bu iş sənin necə ağlına gəldi.
Damaso siqareti dibinəcən sümürüb dedi:
- Elə asan oldu ki, heç mən də baş açammıram, nə əcəb bu indiyəcən kiminsə ağlına gəlməyib...
- Fikrin-zikrin puldur, ona sözüm yox. Amma daha sənin kimi ikinci axmaq tapılmazdı ki, durub şar oğurlasın.
- Anışdıra bilmədim, piştaxtanın dalında, qutunun içində gözümə qəfil sataşdılar. O saat fikirləşdim: bu qədər əziyyətdən sonra evə əliboş qayıdım?!
- Baxtın yatıb sənin.
Damaso bir az yüngülləşən kimi oldu.
- Təzələrini də göndərmirlər. Xəbər gəlib ki, şarlar bahalaşıb, don Roke də deyir ki, bəs mənə sərf eləmir.
O, təzə siqaret alışdırdı və danışa-danışa içinin qara-qura şeylərdən arıtlanıb az da olsa yüngülləşdiyini hiss etdi. Dedi ki, bəs guya don Roke bilyard stolunu satmaq qərarına gəlib, amma ona indi bir elə pul verməzlər, çünki bilyardı təzə öyrənənlərin naşılığı ucbatından cırıq-cırıq, deşik-deşik olmuş mahud yaman gündədir; başdan-başa allı-güllü yamağa tutulub. Ömrü bilyard masasının böyründə keçən əsl oyunçuların isə yeganə əyləncəsi hələlik beysbol yarışlarıdır.
Damaso xeyli danışıb axırda sözünü belə tamamladı:
- Belə çıxır ki, özümüz istəməsək də, hamıya qarşı xalis əclaflıq etmişik.
- Özü də barı bir xeyrimiz ola! - Anna əlavə elədi.
- Gələn həftə çempionat da qurtarır.
- Dərd çempionat dərdi deyil, zəncinin dərdidir. Bu işdə adamı yandıran əsas məsələ odur.
Anna qabaqlar olduğu kimi, yenə uzanıb başını ərinin çiyninə qoymuşdu və onun qəlbindən keçənləri duyurdu. Damaso siqareti söndürənəcən beləcə gözləyib, sonra çox ehmalca:
- Damaso, - pıçıldadı.
- Nədi?
- Bəlkə şarları qaytarasan?
Damaso təzə siqaret alışdırdı.
- Neçə gündü elə özüm də bu barədə fikirləşirəm. Amma heç bilmirəm necə qaytarım.
Əvvəlcə belə danışdılar ki, şarları gediş-gəliş olan bir yerə qoysunlar, ancaq sonra Anna fikirləşdi ki, belədə bilyardxananın yarağı düzəlsə də, bunun biçarə zənciyə heç bir xeyri dəyməyəcək; şarların tapılmasını, zəncinin suçunu üstündən götürmədən polis yüz cürə yoza bilərdi. Başqa əngəl də mümkün idi: bəlkə heç şarları tapan adam nəfsinin ucbatından onları qaytarmacaq, sonradan satmaq umuduyla özündə saxlayacaqdı?
- Qaytaranda da elə qaytaraq ki, barı bir xeyri olsun, - deyə Anna fikirini yekunlaşdırıdı.
Şarları basdırdıqları yerdən qazıb çıxartdılar; Anna onları qəzetə bükdü, özü də elə düzəltdi ki, qıraqdan baxanda şar olmaları bilinməsin. Sonra bükülünü sandığa qoyub dedi:
- İndi gözləmək lazımdı münasib vaxt düşsün.
Ancaq iki həftə ötüb keçsə də, münasib bir fürsət düşmədi ki, düşmədi. Şarların oğurlandığı gündən düppədüz iki ay sonra, avqustun iyirmisində, axşamdan xeylaq ötmüş Damaso bilyardxanaya gəldi. Don Roke piştaxtanın arxasında tək-tənha oturub əlindəki yelpiklə milçəkləri qovurdu. Radio susurdu və bu susqunluq qocanın tənhalığını daha betər sezdirirdi.
- Hə, mən deyən oldumu? - don Roke Damasonu görcək ucadan səsləndi; sanki öz gümanının düz çıxmasından sevincək olmuşdu. - Cəhənnəm oldu hamısı!
Damaso cibindən pul çıxarıb musiqi avtomatına saldı. Bir yandan mahnının gur sədaları, bir yandan da yanıb-sönən rəng-bərəng işıqlar onun bilyardxanaya həqiqi sədaqətini bir daha təsdiqləməkdə idi; hər halda özünə belə gəlirdi. Amma don Roke deyəsən bunu çox da hiss etmirdi. Damaso keçib onunla yan-yana əyləşdi və toxtaqlıq verməyə çalışdı, intəhası sadaladığı dəlillər elə də tutarlı səslənmir, don Roke də etinasız bir görkəmlə qulaq asa-asa yelpiyini yelləyirdi.
- Çarə nədir, daha beysbol il uzunu ola bilməz ki.
- Nə bilmək olar, bəlkə şarlar tapıldı?
- Hara tapılır.
- Zənci onları yemədi ki!
- Polis hər yeri ələk-vələk eləyib, - deyə don Roke əsəbi bir qətiyyətlə təsdiqlədi. - Çaya tullayıb yəqin.
- Birdən möcüzə baş versə, şarlar tapılsa?
- Gümanuva güc vermə, bala. Düzələn iş deyil bu, məsələ bitib-bağlanıb. Sən bəyəm möcüzəyə inanırsan?
- Hərdən inanıram.
Damaso bilyardxanadan çıxanda camaat hələ kinoda idi; kino hələ bitməmişdi və filmin uzaqdan eşidilən uğultulu səsləri, əcaib-qəraib ifadələri yuxulu şəhərin başı üzərində gah əriyib yoxa çıxır, gah da təzədən ucalırdı və hələ açıq olan bir neçə qapı da indilərdə bağlanasıydı. Meydanda bir qədər veyillənib, sonra rəqs salonuna tərəf addımladı.
Salonda cəmisi bircə müştəri vardı; orkestr şəxsən ondan ötrü çalırdı, o da eyni vaxtda iki qadınla rəqs edirdi. Salondakı digər qadınlar divar boyunca elə cərgələnib oturmuşdular ki, elə bil hardansa nəsə bir xəbər gözləyirdilər. Damaso masa arxasına keçib əli ilə bufetçiyə işarə elədi ki, pivə gətirsin. Sonra nəfəsini dərə-dərə elə şüşədəncə içməyə başladı, özü də cüt qadınla rəqs edən kişidən göz çəkmirdi; pivə şüşəsi arxasından izlədiyi bu kişi boyca hər iki qadından balacaydı.
Gecə yarıdan ötəndə kinodan çıxan arvadlar, arxasınca da dəstə-dəstə kişilər hay-küylə içəri doluşdu; Damasonun tanış qızı da içəri təpilənlərin arasında idi və Damasonu görcək, keçib masa arxasında onunla üzbəüz oturdu.
Damaso qıza heç baxmadı da; o, pivənin altı şüşəsini artıq boşaltmışdı və hələ də rəqs eləyən kişiyə baxır, gözlərini ondan ayırmırdı. Kişi isə indi üç qadınla rəqs edirdi, ancaq rəqs etdiyi qadınları bir tikə də vecinə almır, onlara əsla məhəl qoymurdu; bütün fikri-zikri öz hoqqa çxaran ayaqlarında idi. O, dedikcə xoşbəxt görünürdü və daha da xoşbəxt olması üçün əl-ayağından savayı deyəsən təkcə quyruğu çatışmırdı.
- Bu tip mənim xoşuma gəlmir, - Damaso dilləndi.
- Onda baxma ona, - qız dedi və bufetçidən içki istədi.
İndi meydanca rəqs eləyən cütlüklərlə dolmuşdu, bayaqkı üç qadınla oynayan kişi isə sanki bunları görmür və özünü hələ də elə aparırdı ki, elə bil salonda tək idi. Hansısa anda baxışları ani olaraq Damasonun baxışlarıyla qarşılaşanda o, ayaqlarının çevikliyini daha da artırdı və gülümsəyib dovşan dişinə bənzəyən xırdaca dişlərini göstərdi. Damaso kirpik tərpətmədən eləcə düz onun gözünün içinə baxırdı. Və axırda kişi buna tab gətirmədi, təbəssümünü udub üzünü çevirdi.
- Özünü kefcil sayır.
- O elə gerçəkdən kefcildir, hər gələndə başqa kommivoyajörlər kimi öz hesabına musiqi çaldırır.
Damaso qızın üzünə çaşqın nəzərlərlə baxdı.
- Onda nə durmusan, get sən də qoşul. Üç adama çatan yem dördüncünü də görər.
Qız cavab qaytarmadı, üzünü rəqs meydançasına çevirib stəkandakı içkini qurtum-qurtum udmağa başladı. Rəngi solmuş sarımtıl donda o dedikcə ürkək və qətiyyətsiz görsənirdi.
Sonra rəqs eləməyə durdular. Damasonun sifəti getdikcə tutulurdu. Qız onun qolundan yapışıb piştaxtaya sarı çəkdi:
- Acından ölürəm. Elə sən də bir şey yesən pis olmaz.
Bu vaxt kefcil kişi yanındakı üç qadınla birgə qarşılarına çıxdı. Damaso ayaq saxladı.
- Bəri bax görüm...
Kişi gülümsədi, amma yerişini yavaşıtmadı, ötüb keçmək istədi. Damaso qolunu qızdan qoparıb onun yolunu kəsdi.
- Sizin dişləriniz mənim xoşuma gəlmir.
Kişinin rəngi ağarsa da, yenə gülümsəməyində idi.
- Heç mənim də.
Qız imkan tapıb qolundan yapışanacan, Damaso kişinin sifətinə tutarlı bir yumruq ilişdirib onu meydanın tən ortasına sərdi. Müştərilərdən heç biri işə qarışmadı. Çığırışa-çığırışa hər üç qadın Damaosya çarılıb onu kənara çəkmək istədilər, qız isə itələyə-itələyə salonun dib tərəfinə apardı. Qəfil zərbədən sifəti fətir kimi yastılanmış kişi meymun kimi tullanıb yerindən qalxdı və meydançanın tən ortasında durub bağırdı:
- Çalın!
Gecə saat ikiyə yaxın salon artıq boşalmışdı və içəridə çox az adam qalmışdı. Hava yamanca bürkü idi. Müştərisiz qadınlar şam yeməyinə oturmuşdular; qız da üstündə qızardılmış ət olan bir boşqab lobyalı düyünü gətirib qabağına qoydu və masanın arxasında oturub hamısını tək qaşıqla yeməyə başladı. Damaso qıza küt nəzərlə baxırdı. Qız qaşığı düyü ilə doldurub:
- Aç ağzını, - dedi.
Çənəsini sinəsinə dirəmiş Damaso başını buladı:
- Biz kişilər belə şey yemirik. Bu - arvad xörəyidir.
Qalxmaq üçün Damasoya hər iki əliylə stoldan bərk-bərk yapışmaq lazım gəldi. Özünü birtəhər tarazlamışdı ki, qarşısında əllərini sinəsi üstdə çarpazlayıb durmuş bufetçini gördü.
- Doqquz həştad! Bu monastır dövlətinki deyil.
Damaso onu kənara itələdi.
- Pederastlardan zəhləm gedir!
Bufetçi əvvəl onun qolundan yapışıb çəkmək istədi, ancaq qıza göz yetirib əl saxladı; arxasınca yalnız bunu qışqırdı:
- Eybi yox, nə qədər itirdiyini sonra bilərsən.
Damaso çölə səndələyə-səndələyə çıxdı. Ay işığına qərq olmuş gümüşü çayın əsrarəngiz parıltısı onun beynində sanki parlaq bir çat oyurdu, ancaq az keçmiş bu duyğu büsbütün soğulub getdi. Şəhərin o başındakı evinin qapısını görəndə, Damaso sonradan kiminlə istəsən mərc gəlməyə hazırdı ki, evlərinəcən olan bütün yolu yuxuda gəlib. Başını bərk-bərk silkələdi; hansısa dumanlı, lakin güclü bir hiss həmin saniyədən etibarən son dərəcə ehtiyatlı davranmağı, hər bir addımı ölçüb-biçməyi təlqin edirdi; cırıldamasın deyə qapını da çox astaca itələyib açdı.
Anna ayıldı və Damasonu sandıqda qurdalanan gördü. Cib fənərinin işığı gözlərini qamaşdıranda, qeyri-ixtiyari olaraq divara sarı çevrildi, ancaq yuxulu-yuxulu qəfildən dərk elədi ki, Damaso soyunmaqla məşğul deyil. Otağın qəfil işıqlanması sanki qadını yataqdan dik qaldırdı və o, qalxıb yerinin içində oturdu. Əlində bağlama və cib fənəri tutmuş Damaso ağzıaçıq sandığın böyründə dayanmışdı.
Damaso barmağını ehmalca dodaqlarına yapışdırdı; Anna çarpayıdan yerə atılıb pıçıltı ilə:
- Sənin başına hava gəlib, - dedi və qaçıb qapının rəzəsini yerinə saldı.
Damaso cib fənərini bıçaq və şiş uclu əyə ilə birgə şalvar cibinə soxdu, bağlamanı qoltuğuna vurub Annanın üstünə yeridi. Anna kürəyini qapıya dayadı, lap yavaşdan dedi:
- Nə qədər ki mən sağam, sən burdan çıxmayacaqsan!
- Çəkil! - Damaso xırıldadı və onu kənara itələmək istədi, ancaq Anna çərçivədən bərk-bərk yapışıb yerindən tərpənmədi; kirpik çalmadan bir-birinin gözlərinə baxdılar.
- Xalis uzunqulaqsan! - Anna pıçıldadı. - Allah sənə bu cür qəşəng gözlər verib, amma hayıf ki, ağlını əlindən alıb.
Damaso onun saçlarından yapışdı, qolunu o qədər burdu ki, axırda Anna ikiqat oldu.
- Dedim ki, çəkil!
Anna, eynən boyunduruq altdakı öküz kimi, hədəqədən çıxmış gözlərlə Damasoya yandan, çəpəki baxırdı. Bir anlıq ona elə gəldi ki, hər cür ağrıya dözə bilər, ərindən də xeyli güclüdür. Ancaq Damaso qolunu getdikcə daha bərk bururdu; axırda Anna tab gətirmədi və bu zaman boğazı qəhərləndi.
- Uşağı öldürərsən...
Damaso onu qamarlayıb çarpayıya sürüklədi. Əl-qolunun sərbəstliyini duyan kimi, Anna arxadan onun kürəyinə atıldı və birgə yatağa yuvarlandılar. Hər ikisinin nəfəsi təngimişdi.
- Çığıracam ha, - Anna onun qulağına pıçıldadı, - hünərin var yerindən tərpən, o saat qışqırıb aləmi bura tökəcəm.
Damaso xırıldaya-xırıldaya şar bağlamasını onun dizinə çırpırdı. Anna bərkdən zarıyıb ayaqlarını bir-birindən araladı, ancaq tez də hər iki əliylə Damasodan möhkəm yapışdı ki, qapıya tərəf gedə bilməsin. Və yalvarmağa, dilə tutmağa başladı.
- Qulaq as, sabah mən özüm apararam, gerçək sözümdür, boylu arvadam, məni tutmazlar...
Damaso onun əlindən çıxdı.
- Görəcəklər səni, ay heyvan! Görmürsən bu gün hava necə işıqlıdır? Elə gicsən ki, bunu da qanmırsan!
Anna bir daha onu tutub saxlamağa, rəzəni çıxarmasına mane olmağa çalışdı, sonra gözlərini qıyıb az qala çığıra-çığıra Damaonun üz-gözünü, boyun-boğazını, harasını gəldi cırmaqlamağa, əzişdirməyə, döyəcləməyə başladı.
- Vəhşi! Qanmaz!
Damaso üz-gözünü qorumaqda ikən, Anna qapının taxta rəzəsini dartıb onun əlindən aldı və düz təpəsinə tuşladı. Damaso qırağa sıçradı; iri və ağır rəzə onun çiynində taqqıldadı və çiyin sümüyü şüşə kimi cingildədi.
- Qəhbə! - Damaso bağırdı.
Daha səs-küy barədə düşünmədi, var gücüylə qolunu hərlədib Annanın qulağının dibindən ağır bir yumruq tutuzdurdu; zərblə divara çırpılan qadının əvvəlcə möhkəm tappıltısı, sonra zəif inilitsi eşidildi. Ancaq Damaso ona baxmadan, heç geriyə də qanrılmadan qapıdan çıxdı; qapı aralı qaldı.
Kəskin ağrılar içində Anna döşəməyə uzanıb gözlədi: lap elə indicə onun qarnında nəsə olmalı, nəsə baş verməliydi. Divar dalında kimsə boğuq səslə onu yavaşdan çağırdı. Hönkürməmək üçün dodaqlarını dişlədi, handan-hana ayağa qalxıb geyindi. O dəfə, Damaso oğurluğa getdiyi gecə olduğu kimi, yenə də ağlına gəlmədi ki, əri qapı arxasında durub gözləyir, çünki öz planının boş şey olduğunu qanır və ümid eləyir ki, indicə arvadı çıxıb onu geri çağıracaq, dalınca yüyürəcək, zorla tutub saxlayacaq. Lakin Anna eyni səhvi dübarə təkrar elədi: ərinin dalınca qaçıb ona çatmaq, onu geri qaytarmaq əvəzinə, yenə başmaqlarını ayağına keçirib qapını örtdü və ötən dəfəki kimi yenə də çarpayıya qaxılıb onun yolunu gözləməyə başladı...
Qapı örtüləndən sonra, yalnız bu vaxt Damaso geri qayıtmaq ümidinin puça çıxdığını dərk edib yola düzəldi. Küçə uzunu, yolun sonunacan onu it hürüşləri ötürdü, sonra isə ətrafa hansısa xəyali bir sükut çökdü. O, daş yolla öz addım səslərindən üşənə-üşənə gedirdi; şəhərin lal səssizliyində addımları çox bərk, çox da əcaib səslənirdi. Bilyardxananın köhnə qapısı önündəki boş sahəyə çatanacan heç bir ehtiyat tədbiri barədə düşünmədi.
Bu dəfə cib fənərini yandırmaq lazım gəlmədi; təkcə ötən dəfə həncamasını qopartdığı qapı öz yerinə bərkidilmişdi, qalan hər şey elə əvvəlki kimi idi. Damaso sağ əliylə qıfılı kənar eləyib, əyənin şiş ucunu o biri həncamanın altına soxdu, var gücünü də işə saldı. Taxtanın çürük qırıntıları yavaş-yavaş oyulub töküldü, qapı yerindən oynadı. Həncamasından qopmuş qapını itələməzdən qabaq bir qədər qaldırdı ki, kərpic döşəməni sürtməsin. Bir az aralayandan sonra çəkmələrini çıxarıb bağlama ilə birgə içəri dürtdü, sonra da özü ay işığına qərq olmuş bilyardxanaya girdi. Əvvəl boş şüşələrin, yeşik qalaqlarının yığıldığı qaranlıq dəhlizin yanından ötüb keçdi. Sonra pəncərədən içəri düşən bir çəngə ay işığının altında bilyard stolu gözə dəydi; bilyard stolunun arxa-sında dalı Damasoya tərəf olan dolablar, ən axırda isə üzü giriş qapısına tərəf düzülmüş bir xeyli stol-stul vardı. İşıq topasını və ətrafı sarmış qatı sükutu nəzərə almasan, hər şey ötən dəfəkinin eyni idi. Bu yerəcən gərginliyin öhdəsindən məhz iradəsi gücünə gələn Damaso sanki hansısa ovsuna düşmüş kimiydi.
Döşəmənin çıxıntı əmələ gətirmiş kərpiclərinə indi o daha heç bir əhəmiyyət vermədi. Çəkmələrini qapıya dirəyib ay işığının saldığı zolağın üzərindən adladı və piştaxta arxasındakı şar qutusunu axtarıb tapmaq üçün cib fənərini yandırdı. Ehtiyatı tamam unutmuşdu; bu barədə heç düşünmürdü də. Fənərin işığını sol tərəfdən sağ tərəfə yönəldəndə toz basmış şüşə qalağını, bir cüt əl nərdivanını, maşın yağına bulaşmış köynək bürməyini və nəhayət, şar qutusunu gördü. Qutu elə öz köhnə yerində idi. İşığı bir az da o üzə salanda Damaso yenə pişiyi gördü.
Pişik işıq zolağının arasından laqeyd nəzərlə ona baxırdı. Damaso eləcə lal-dinməz dayanıb işığı pişiyin üzündən çəkmirdi. Ancaq həmin andaca qəfildən ürəyi titrəyən kimi oldu və yadına düşdü ki, gündüzlər bilyardxanada heç vaxt pişik görməyib. O, fənər tutduğu əlini pişiyə yaxınlaşdırıb «pişt!» dedi, amma pişik buna zərrəcə məhəl qoymadı. Bu zaman Damasonun beynində səssiz bir partlayış qopdu, pişik də yaddaşından ömürlük silinib getdi. Özünə gəlib nə baş verdiyini anlayanda fənər artıq əlindən düşmüşdü, amma şar bükülüsü qucağında idi; Damaso onu bərk-bərk sinəsinə sıxıb durmuşdu.
- Ey!
Damaso başdan-başa işığa qərq olmuş bilyardxanada don Rokenin tanış səsini eşidərkən kürəklərində dəhşətli bir yorğunluq hiss edib ağır-ağır dikəldi. İşıqdan karıxmış don Roke bircə trusikdə idi və əlindəki dəmir çəliklə bilyardxananın o başından yavaş-yavaş ona tərəf gəlirdi. Damasonun bayaq yanından ötüb keçdiyi şüşə və yeşik topasının arxa tərəfində qamak asılmışdı; qamak da birinci dəfə yox idi.
Aralarındakı məsafə azalıb on addım qalanda don Roke tullanıb müdafiəyə hazır vəziyyət aldı; Damaso da bağlama olan əlini arxasında gizlətdi. Don Roke gözlərini qıyaraq başını irəli uzatdı və uzağı yaxşı seçməyən eynəksiz gözləri ilə onun kim olduğunu anışdırmağa çalışdı.
- Demək bu sənsənimş! - birdən o heyrətlə bağırdı.
Damaso xeyli uzun sürən nəyinsə sonunun çatdığını hiss etdi. Don Roke çəliyi aşağı salıb lap yaxına gəldi; heyrətdən onun ağzı açıla qalmışdı. Eynəksiz və protez dişlərsiz, don Rokeni lap arvad hesab eləmək də mümkündü.
- Burda nə işin var sənin, neyləyirsən?
- Heç nə, - deyə Damaso cavab verib öz duruşunu nəzərə çarpmadan, hiss etdirmədən dəyişdi.
- O əlindəki nədi? - don Roke soruşdu.
- Heç nə, - Damaso geri çəkilib dediyini təkrar elədi.
Don Roke pörtüb qızardı, əsməyə başladı; əlindəki dəmir çəliyi yellədə-yellədə bir addım qabağa qoyub qışqırdı:
- Nədi o əlindəki?
Damaso bağlamanı irəli uzatdı. Don Roke hələ də ehtiyatı əldən vermədən, sol əliylə bağlamanı ondan alıb barmaqlarının ucuyla ehmalca yoxladı və yalnız indi her şeyi dərk etdi.
- Ola bilməz, yox, bu ola bilməz, - dedi.
Kişi elə çaşmışdı, elə sarsılmışdı ki, hətta əlindəki çəliyi də piştaxtanın üstünə qoymuşdu və kağızı açmağa girişib, deyəsən Damasonu tamamilə yaddan çıxartmışdı; indi o, dərin bir sükut içində şarları gözdən keçirirdi.
- Mən onları çoxdan gətirib yerinə qoymaq istəyirdim.
- Şübhə eləmirəm.
Damaso ölü kimi ağardı. İçkinin dəmi çəkilib getmişdi; indi ağzında yalnız torpaq dadı qalmışdı və özünü dumanlı bir yalqızlıq içində hiss edirdi.
- Bu da sənə möcüzə, - don Roke şarları təzədən öz yerinə büküb dilləndi. - Sənin bu qədər səfeh olduğuna inanmazdım.
Başını yuxarı qaldıranda don Rokenin üzündə artıq tam başqa bir ifadə vardı.
- Bəs iki yüz peso hanı?
- Siyirmədə heç nə yox idi.
Don Roke ağzını büzüb bir qədər fikrə getdi, Damasonu dalğın nəzərlə süzüb irişə-irişə, dodağının altında eyni sözü bir neçə dəfə təkrar elədi:
- Heç nə yox idi, heç nə yox idi, demək heç nə yox idi?..
Və dəmir çəliyi təzədən əlinə aldı.
- İndi sən bunu alkalda deyərsən.
Damaso tərli ovuclarını şalvarına sürtdü.
- Axı, siz özünüz də bilirsiz ki, orda heç nə yox idi.
Don Rokenin bayaqkı təbəssümü yenə sifətində idi.
- Necə yox idi? Orda iki yüz peso vardı. İndi o pulları sənin dərindən soyub çıxardarlar. Özü də ona görə yox ki, sən oğrusan, xeyr, ona görə ki, axmaqsan, xalis axmaq.

Çevirəni: Mahir N. Qarayev

Mənbə: kultaz.com

 


... dəfə oxunub
Qiymət: 10/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
7+17=
Hesaba giriş
Müəllif

Yazar.in
Haqqında
Yazar.in | online yazıçılar klubu
Əlaqə
E-mail:
yazar@yazar.in
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0426 saniye