Məryəm yenə də qızına səsini qaldırmışdı. Telefonu az qala boğmaq dərəcəsinə çatmışdı.
-Pərvanə, sənə başa salmaqdan boğazım qırıldı, sən isə bir sözü min dəfə eşitməkdən kar olmadın! Ay qız, sənə dedim axı, get soyuducunun üstünə yapışdırılmış kağız parçasını oxu. Tez özü də! Burada sənin ucbatından vaxt itirmək fikrində deyiləm.
Pərvanə günahkar gözlərini soyuducuya yapışdırılmış kağıza zillədi. Anlaşılmaz qorxu var idi içində. Hərflər qaçışırdı sanki gözləri önündə. Əslində, 4-cü sinif şagirdi kimi hərfləri tanımalı idi, amma-lənət olsun!-tanıya bilmirdi. Yazı işlərində həmişə 2 alırdı, sonra evdə ailəsi tərəfindən danlanılırdı. Göz yaşları içində yardım istəyirdi, amma heç kim görmürdü. Əlinə qələm alıb 2-3 söz yazmaq istərkən qızcığazı titrəmə tuturdu. Məktəbdə müəllimi də, evdə anası da dəfələrlə başı üzərində dayanaraq nəzarət etsələr də, müsbət nəticə hasil olmurdu. Pərvanə qorxusunu dilə gətirmirdi. Onu dəli hesab edəcəkdilər. Necə yəni hərflər qaçışır? Hah!
-PƏRVANƏ!!!-Məryəmin səsi qəzəblə yüksəldi.
-Ana...Anacan...Mən...Olmur...Alınmır...Oxuya bilmirəm...
-İlahi!!! Mən nə günah sahibiyəm axı? Sənin kimi qızım olmamalı idi.
Zəng ana tərəfindən sonlandırıldı. Pərvanə eşitdiklərindən gücü tükənmiş vəziyyətdə çökərək ağlamağa başladı. “Ana, elə demə, yalvarıram...” deyə bildi hıçqırtılarla. Axı niyə belədir? Niyə oxuma-yazma qabiliyyətindən məhrumdur? Niyə həmişə valideynlərinin başını aşağı etməlidir? NİYƏ?!?!?! Lənətgəlmiş “niyə?”lər!!! Əl çəkin bu qızcığazdan, rahat buraxın onu.
Pərvanə qardaşı ilə birgə paylaşdığı otağın qapısını açıb özünü yatağa atdı. Üzünü yastığa basdırdı. Çiyinlərinin atılıb düşməsindən onun ağlamasını təhmin etmək çətin deyildi. Axı niyə lazımdır ona gözəl nitq qabiliyyəti? Nə olsun ki, çoxları onun yerində olmaq istəyir. Onun ifa etdiyi teatral məqama gözlərini dikiblər? Hə, nə olsun ki?! Pərvanə isə onlar kimi çətinlik çəkmədən mətni oxumaq istəyirdi. Həmişə ona kimsə oxumalıdır, həmişə. Bu istedadı da təsadüfən ortaya çıxmış sayıla bilər. Müəllimlər bunu “taleyin ironiyası” hesab edirdilər. Haqlı da idilər öz nəzəriyyələrində. Bu-sadəcə inanılası kimi görünmür. Oxuma və yazmada kəskin problemləri ilə qızda belə “vergi” olsun. Amma təəssüf ki, belə idi. Qürur duyulası nöqtədə Pərvanə utanc içində boğulurdu. Səhnəyə çıxarkən yaşatmağı sözün əsl mənasında bacarırdı, izləyiciləri heyran buraxırdı. “Kaş ki, oxuma-yazması da belə olaydı” dediklərini dəfələrlə eşitmişdi, göz yaşlarını saxlaya bilməmişdi.
Qapının qıfıl səsi eşidildi. Məryəm mətbəxə yönəlmək istəsə də, ayaq saxladı. Qızının səsi gəlirdi. Ağlamasına ürəyi dözmədi. Cəld qapının qulpunu burub içəri daxil oldu. Pərvanənin saçlarına sığal çəkib başını onun kürəyinə qoydu.
-Ağlama, balam, bağışla məni...
Əslində Məryəm qızının “problem”ini bu yaxınlarda öyrənmişdi. Disleksiya. Amma nəyi necə edəcəyi haqqında zərrəcə təsəvvürə malik deyil. Həmişə gerizəkalı münasibəti görülən qızının “teatral bacarığı”nı qürurundan dolayı izləməkdən vaz keçmişdi. Bunun necə böyük səhv olduğunu vicdan əzabı ilə anlayırdı, lakin Pərvanənin “ayıb”ını görməzdən gəlmək-bunu necə etsin axı? Günlərdir beynini didib parçalayan “disleksiya” haqqında məlumatlar əldə etmiş, psixoloq və pedaqoqlarla məsləhətləşmiş, amma ortaq qərara gələ bilməmişdi hələ. Pərvanəyə görə digər övladından vaz keçsin? Sırf qızı oxuya-yaza bilsin deyə oğlu ilə heç maraqlanmasın? Lənət! Bir çıxış yolu olmalıdır. Peşəkar pedaqoq tutmağa imkanları çatmaz.
Anidən xatırladı. Qarşı binaların birində təqaüdə çıxmış ibtidai sinif müəlliməsi Sürəyya xanım var. İkiotaqlı mənzilində tək yaşayır. Niyə də olmasın? Sürəyya xanım məktəbəqədər yaşlı uşaqları “pulsuz” şəkildə hərflərlə tanış edir. Yəqin ki, Pərvanəni eşitməmiş olmaz...
***
Disleksiya dinləmə, danışma, oxuma, yazma, fikir yürütmə və riyazi qabiliyyətlərin qazanılması və istifadə edilməsi zamanı yaranan çətinliklərlə özünü göstərən bir öyrənmə pozuntusudur. Bu xəstəlik qətiyyən zəif əqli zəka və ya istedadsızlıqla bağlı bir şey deyil. Əksinə, statistikaya görə bu xəstəliyə, adətən, yüksək intellektli adamlar tutulur. Məsələn, Uolt Disney, Albert Eynşteyn, Leonardo da Vinçi, Tom Kruz və başqaları. Məşhur “Taare Zameen Par” filmi disleksiya problemini işıqlandırmışdı.