Qadın sevgisi və cəmiyyət baxışı
Aysel Abdullazadə tərəfindən "Digər yazılar" bolməsinə 17:31 20 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Bu mövzu günlərdir diqqətimi çəkir. Sevgi....

Daha doğrusu oğlanların qızlara qarşı olan "təmənnalı sevgisi"...
Cəmiyyətdə son vaxtlar kişilərin psixalogiyasında belə bir hal yaranıb. İki insan tanış olur, ünsiyyət qurur və getdikcə bu münasibət dərin hisslərlə "sevgi" adı altında davam edir. Görüşlər, zənglər, gəzintilər öz yerində, iki sevgili təbii ki, bu gözəllikləri yaşamalıdırlar.

Sevənlər arasında həmişə qızlar daha dərin hisslərlə sevirlər, çünki qadın sevgisi daha emosional, daha məsum və daha içdən olur. Lakin bir müddət keçdikdən sonra oğlanlar tərəfindən münasibətə bəzi fikirlər irəli sürülür. Onların fikrincə, dediklərində haqlıdırlar və bu qaçınılmaz bir reallıqla bağlı fikirdir.

Oğlanlar tərəfindən münasibətə əlavə olunacaq fikir nədən ibarətdir? Bəlkə də artıq çoxlarınız bunu təxmin etdiniz, çünki cəmiyyətimizdə olan bu növ psixologiyalı insanların mövcud olmasını hamımız az-çox görə və duya bilirik.

Sevdiyim dediyi qıza oğlan tərəfindən irəli sürülən fikir onların birlikdə olması, daha doğrusunu desək, oğlanın öz bioloji tələbatını ödəmək istəməsidir. Bunun üçün sevirəm dediyi qıza "bakirəliyinə toxunmadan" sevişmək təklifini edən oğlan öz fikrini, öz aləmində əsaslar gətirərək hətta doğrulamağa da cəhd edir.
- "Bəs mən başqası ilə birlikdə olsam sən bunu necə qəbul edərsən? Mən sənə xəyanət etmək istəmirəm, amma mənim də tələbatım var bir kişi kimi, ona görə də səni istəyirəm və sevdiyim üçün hisslərimi səninlə bölüşmək istəyirəm."

Bu düşüncələrin ağuşunda sürüklənən qızlar isə sevdiklərini itirməmək üçün bəziləri razılaşır, bəziləri isə israrla "olmaz " dediklərinə görə o çox sevən oğlanlar tərəfindən tərk edilir.
Hər şeyi bir kənara qoyaq, məsələnin başqa bir istiqamətin daşımaq istəyirəm. Tutaq ki, bu cür düşünən oğlan sevdiyi qızla hisslərini də paylaşmaq istəyir və zorlama olaraq deyil, təbii ki, iki tərəfin də razılığı ilə bu yaşanır. Amma bir müddətdən sonra bu qız həmin sevdiyi oğlan tərəfindən bu və ya başqa bir mövzu ortaya atılaraq tərk edilir. Səbəb isə başdan bəlli idi, çünki oğlan istədiyinə nail olmuş və artıq bu münasibətdən sıxılmışdır. Yeni macəralar axtarışındadır. Amma bir məsələ daha var. Bu psixologiyada olan, iyrənc düşüncəsi ilə cəmiyyəti sarmış, özünə "kişi" deyən biri evlənmək vaxtı gələndə bakirə, heç kimlə görüşməyən, danışmayan bir qız axtarışımda olur. Anadan olandan bəri qızın nəslini-kökünü araşdırmaqla ailə quracağı qızın təmizliyinə xüsusi önəm verir. Bəs buna deyən yoxdur ki, o sevirəm deyərək yatağa dəvət etmək üçün min cür şirin vədlərlə aldadıb, istəyinə çatandan sonra tərk etdiyin qızlar neynəsin? Sənin kimi şərəfsizə inanib, aldanıb özünü təslim edən təmiz qızları bu cür alçaqlıqla adını ləkələyən "SƏN" indi ailə qurmaq üçün niyə bakirə, təmiz, hətta heç bir oğlanla danişmayan qız axtarırsan?

Hətta ayrılandan sonra bir zamanlar sevirəm dediyin qızı soruşan dostlarına fahişə kimi qələmə verən bu mənəviyyatsız, kişilikdən xəbəri olmayan kişiciklər utanmır görəsən? Onlar vicadanlarına necə cavab verəcəklər bəs?

Sabah həmin etdiyi hərəkəti onun bacısına, yaxınlarına, hətta vaxt gələr öz qızına da biri yaşadar deyə fikirləşmir? Cəmiyyətdə bir qadına fahişə demək adiləşib artıq.

Namus mücəssəməsi tək qadın deyil! Namus deyiləndə qadın yada düşməməlidir. Namus hər iki cins üçün keçərlidir. Yalnız qadının bakirəliyi ilə namus ölçülmür. Çünki namus qadının ayaqları arasında deyil, RUHUNDADIR!

Fahişəlik isə bəzilərinin könüllü məsləki hesab olunsa da, onların da bunu məslək halına gətirmələrində hər hansı bir kişinin "əməyi" olub. Çünki fahişə tək başına fahişəlik etmir. Bədəni ilə fahişəlik edən edən qadınlardan, onların o bataqlıqda olmasını qınayan və ora sürükləyən ruhu fahişə olan kişilər cəmiyyət üçün daha acınacaqlıdır!

Aysel Abdullazadə...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+4=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0528 saniye