Aynur xanım qara divanda rahatca uzanaraq psixoloqa ailəli və uşaqlı qadın olduğunu bildirir, ona hisslərindən, özü və ərindən, həyatından danışır, yaxşı əri olduğunu, amma bir qadın kimi xoşbəxt olmadığını deyir: "Hər şey əvvəl gözəl idi, sonra sönükləşməyə, rəngsizləşməyə doğru dəyişməyə başladı. Bu qədər yaşananlardan sonra bəlkə hər şeyi təzədən başlamaq olar? Bilmirəm ki, bilmirəm. Qısacası, bir qadın kimi xoşbəxt deyiləm”.
-Çox yorulmuşam, -qadın içini çəkdi.
-Bəlkə uzaqlaşasan bir müddətlik hər şeydən? –psixoloq Elmira xanım məsləhət gördü.
-Yox, doktor. Axı haraya getsəm, özümü də aparacam. Nə xeyiri! Onda mənim problemim problemlərdən qaçmaq olardı, onları həll etmək yox. Ətrafımda hər şey, hər şey məni sıxır. İstəyirəm məni başa düşsünlər. Dərdimi heç kimə deyə bilmirəm. Demək istədiyim sözləri içimdə saxlayıram. Arzularımı içimdə boğuram, büruzə vermirəm. Ərimlə toya gedirik, məcbur gülümsəməlisən, şəkil çəkdirməlisən. Özünü şəkildə xoşbəxt göstərməlisən. Həyatım istəmədiyim şeyləri edərək keçib. Bunlardan bezmişəm. Nəsə yeni bir şey istəyirəm. Həyatımın boz rəngini dağıdacaq yeni rəng. Klişelərlə yaşamaq, rutinləşmək istəmirəm.
Qadın susdu. Psixoloq da sükutu pozmadı ki, pasiyent fikirlərini cəmləyə bilsin, cəsarət edib deyə bilmədiklərini deyə bilsin. Sonra psixoloqa dedi:
-İki uşağımız var, ərim hələ də məni yaxşı təmin edə bilmir. Özü həzz alır, boşalır və gö*ünü çevirib yatır. İş yarımçıq qalıb, onun isə bundan xəbəri yoxdu. Elə bilir, hər şey başa çatdı.
- Hə, mənim ərim də elədi, - psixoloq razılaşdı və əlini siqaret qutusuna uzatdı. – Hərbiçidir. Öz işini sevir və silahlarla necə davranmağı yaxşı bilir. Amma yataqda öz "silahından” məharətlə istifadə edə bilmir – ikisi də gülürlər. – Çox kobuddur. Qadınlardan başı çıxmır. Baxmayaraq ki, çox qadınla mənə xəyanətlər edib. Bütün kişilər xəyanət eləyir, amma xüsusilə dənizçilər və hərbiçilər mütləq xəyanət edirlər. Onları işləri, peşələri belədir, bunsuz keçinə bilmirlər. Və onların hamısının bir ortaq cəhəti var –qadın qəlbi haqda heç nə bilmirlər. Kişiyə yalnız qadın bədəni lazımdır, o, qadının ürəyini və ruhunu görə bilməyəcək qədər kordur. Yəni ər-arvad kimi bir-birimizə hörmət edirik, vəssalam – nazik siqaretini çəkə-çəkə sakitcə yekunlaşdırdı.
Pasiyent Aynur xanım şikayətləndi:
-Ay allah, bizim bu kişilərdən çəkdiyimiz nədir!? Niyə belə yataqda öküzdülər? Yataq məsələsinə qoyaq bir kənara. Niyə biz qadınlarla münasibətdə özlərini düşüncəsiz ayı kimi aparırlar? Ehh...
Və sonra psixoloqun siqaret çəkməyinə baxıb dedi:
-Siqaret sağlamlığa ziyandır!
Psixoloq:
-Bilirəm. Amma zəhləm getdiyim adamların sifətlərini görməkdən daha az ziyandır mənimçün.
-Bəs ərinin xəbəri var? –Aynur xanım soruşdu.
-Ərimin heç özündən xəbəri yoxdur.
Elə burda ikisi də ürəkdən güldülər. Gözlərindən yaş gələnədək bir beş dəqiqə doyunca güldülər. Bu gülüşlər melanxolik və hardasa stressli atmosferi dağıtdı.
Birdən otağa anlaşılmaz sükut hakim oldu. Sonra doktor öz pasiyentinə bir az həyatından, özündən, necə evlənməyindən danışdı:
-Adam düşünürdü ki, hər şey yaxşı, hər şey daha maraqlı olacaq. Özün bilirsən, biz qadınlar bizi maraqlandıran hər şeyə can atırıq, sevmək, sevilmək, əylənmək, gülmək istəyirik. Xoşbəxt olmağı arzulayırıq, istəyirik gəncliyimizin, gözəlliyimizin dadını çıxardaq. Həyəcan istəyirik, fərqlilik istəyirik və... nəhayət evlənmək. Və günlərin bir günü ağ atlı cəngavər qarşımıza çıxır. Evlənən də görürsən ki, qara atlı cəngavər olub. İndiki ağlım olsaydı, heç evlənməzdim.
Aynur xanım razılaşdı:
-Hə, evlilik mənə də xoşbəxtlik gətirmədi.
-Səni inandırıram, -Elmira xanım sözünə davam elədi. – 33 yaşım var və əgər qarşıma özümdən on yaş kiçik, hardasa 22-23 yaşlı ağıllı, mədəni, bir az qadınlardan anlayan xoşuma gələn oğlan çıxsa, onunla böyük məmnuniyyətlə yatardım. Özü də necə! –bu gözəl qadın hiyləgərcəsinə pasiyentinə göz vuraraq gülümsədi. İstər-istəməz Aynur xanım da yaxşı mənada təəccüblənib güldü:
-Siz lap dəhşətmişsiz ki!
-Dəhşət yox, realist-romantikəm. Həm də utanmaz. Kişiləri yaxşı tanıyıram və eyni hüquqlardan faydalanmağa çalışıram. – siqaretini söndürüb susdu və soruşdu:
-Bəs sən?
-Nə -mən?
-Ərinə xəyanət etmisən?
-Yox. Nə danışırsan! –bir az durxdu bu sualdan pasiyent.
-Yaxşı görək! –psixoloq diqqətlə baxdı.
-Həqiqətən.
-Naturan belədi, yoxsa ətrafdakıların – qohum-qardaş, ailə və ərin qorxusu məsələsidir?
-Düzü, bilmirəm. Hamısının təsiri var yəqin.
-Heç olmasa xəyanət etmək də istəməmisən?
Qadın fikrə getdi və səmimi dedi:
-Bəlkə də xəyanət etmək istəmişəm.
-Hər qadın heç olmasa həyatında bir dəfə xəyanət etmək istəyib, -psixoloq Elmira xanım dedi. – Sadəcə, bunu bacaranlar, ya da bacarmayanlar var. Yaxud bunu etiraf etməkdən qorxanlar.
-Hətta bir dəfə bacım mənə demişdi ki, "Kişi səbəbsiz xəyanət edir, qadın səbəbli”.
Psixoloq: -Bax, buna deyərəm marjinal düşüncə - gülümsədi.
Aynur xanım bu an nəyisə xatırlayıb dedi:
-Yadımdan çıxmamış mən də soruşmaq istəyirəm. Bəs sən ərinə xəyanət etmisən?
Elmira xanım cavab verdi ki:
-Gəl bu barədə susaq.
-Niyə? Belə bir şey olub? –maraqla təkid elədi.
-Mən nə "hə” deyirəm, nə də "yox”. Sadəcə, susuram. Susmaq nə inkar, nə də təsdiq edir.
-Siz "yox” deyə bilərsiz. Olmayıbsa, burda nə var ki? Amma siz susursuz, cavab vermək istəmirsiz.
-Susmaq da bir cavabdır –psixoloq gülümsədi.
-Day siz cığallıq elədiz –narazılığını gülümsəyərək bildirdi.
-Sizin istədiyiniz cavabı vermədiyimə görəmi?
-Nə "hə”, nə "yox” demədiyinizə görə.
Psixoloq gülümsədi. Bu qadının adamı yoldan çıxardan sehirli təbəssümü vardı.
-Əzizim, mən ona görə "gəl, bu barədə susaq” dedim ki, istədim mənim xəyanətkar və həyasız olduğumu düşünəsiz.
Yenə güldülər.
-Bir də ki, - sözünə davam elədi, - mənim ər xəyanətlərinə dözmək fikrim yoxdur. Elə oğlan tapmaq lazımdır ki, sirrimiz aramızda qalsın. Yoxsa ki, istəmirəm xəyanət məsələsində axırımız Naza (Nəzakət) kimi olsun.
-Naza kimdir?
Elmira xanım danışmağa başladı:
-Bədbəxt qadın. Ərinin xəyanətlərinə dözən, döyülüb-söyülən. Balaca iki uşağı vardı. Əri ona hər şeyi qadağan etmişdi. Evdən çölə çıxmağı, hətta telefonla danışmağı da. Əgər təsadüfən tutulsaydı, döyülürdü. Yəqin özünü belə sığortalayırdı qısqanc əclaf! Qadının nə atası, nə qardaşı yoxuydu. Təkcə anası var idi, bir yerdə yaşayırdılar.Sonradan anası da ölür. Kişi də qadını müdafiəsiz görüb əzirdi və bilirdi ki, ondan asılı, ona möhtacdır, gedəsi bir yeri yoxdur. Qızın 25-26 yaşı olardı, amma görsən 35 yaş verərdin.
Axırda əri maşın qəzasında öldü. Daimi qorxu yox oldu, azadlığın qapıları açıldı. Amma bu görünür Naza üçün bədbəxtliyin qapıları oldu. Qadın ərini sevirmiş özünəməxsus şəkildə bu yaşadıqlarına baxmayaraq. Naza ərinin ölümü ilə ərinin gəzdiyi ifritələri lənətləməyə, söyməyə başladı. Evdən çölə çıxmadı. Otağın içində o yan – bu yana gəzib ərinin ölümündə o pozğun qadınları küçə söyüşləri ilə günahlandırmağa başladı. İllərlə yığdığı sözlər, stress, fiziki əzablar, dustaqlıq, alçaldılma özünü göstərdi. O, hər şeydən azad oldu... Və axırda dəli oldu.
-Hə, bu faciədir, -Aynur xanım dedi. – Amma mən məni ev dustağına çevirən, döyən-söyən əri sevə bilməzdim. Beləsini necə sevmək olar? Bu, sevgidimi? Belə sevgi olmur. Kişi qadına zülm eləyir. Ondan əsl sadomazoxist çıxar..İnsanlar dəli olublar, nə elədiklərini bilmirlər...
Elmira xanım pasiyentinin sözünə qüvvət olaraq dedi:
-Bilirsən, mən dəfələrlə psixiatrik kilinikalarda, əsəb dispanserində olmuşam və səni inandırıram ki, əsl xəstələr dəlixananın içində yox, çölündəkilərdir – hər gün rastlaşdığımız adamlar, ətrafımızdakılardır. Yəni bizlər. Ruhi xəstələri dərmanla, iynəylə sakitləşdirmək olur, bəs özlərini ağılı başında sanan bu anormal insan toplusunu necə qarşısını alasan? Ruhi xəstələr adi insanlardan daha mədənidirlər. Bu da həyatın ironiyasıdır, nədir bilmirəm. Amma öz həyatımıza dərindən baxıb yaşadıqlarımızı gözümüzün önünə gətirsək, təəccüblənəcəyik ki, necə olub hələ ağlımız başımızdadır? Bir insanın 60-70 ildə yaşadıqlarını Allah yaşasaydı, çoxdan dəli olmuşdu. Və biz hələ də xoşbəxtlik axtarışındayıq. Elə sən də xoşbəxtlik axtarışındasan, mən də. Froyd deyirdi ki, "Bizi nələrin bədbəxt etdiyini bilmədən, nələrlə xoşbəxt olacağımızı bilə bilmərik”. Məhz xoşbəxtlik otağının açarı bu frazada gizlidir. Bu qədər, əzizim.
Müəllim Aynur xanım doktorun dediyini təkrarladı:
- Bizi nələrin bədbəxt etdiyini bilmədən, nələrlə xoşbəxt olacağımızı bilə bilmərik.
Psixoloq:-Biz cümləni dərk etsək, həyatımız dəyişəcək.
Bundan sonra bir xeyli susdular.
Nəhayət psixoloq dilləndi:
-Belə-belə işlər. Görürsən, mən yaxşı psixoloq deyiləm.
-Niyə belə deyirsən?
-Pasiyent gəlib öz dərdindən danışır, mən də pasiyentin problemindən başqa hər şeydən danışdım.
-Yox, elə deyil. Siz məni düşündürdüz, sizə, başa düşən adam ürəyimi açdım. Çoxdandır ki, gülmürdüm –güldüm. Öz dərdimdən uzaqlaşdım və anladım ki, gör nələr yaşayan insanlar var. Nə yaxşı sizin kimi insanlar az da olsa var, - bir anlıq susdu və dedi: - Qəribəsi olan bilirsiz nədir? Hamımız xoşbəxt olmağa can atırıq və elə görünməyə cəhd edirik, düşünürük ki, hamının getdiyi yolla getsək xoşbəxt olarıq - həyatımızın məqsədi budur. Amma nədənsə hamı eyni yolla gedir və heç kim xoşbəxt deyil. Ərin var, ailən, uşaqların. Yenə də xoşbəxt deyilsən. Bilirsiz, ailəmi, uşaqlarımı sevirəm, amma bu sevgi məni xoşbəxt eləmir. Əvvəl düşünürdüm ki, ailə, uşaqlar, valideynlər, din, dövlət, adət-ənənələr –hər şey müqəddəsdir, belə də olmalıdır. Cəmiyyətimizdə hər şey müqəddəsdirsə, niyə sıxılırıq, niyə hər şey maraqsız və cansıxıcıdır, elə bil türmədə yaşayırıq. Qəlbimizdə darıxmaq hissi, sevgisizliyin yaratdığı böyük bir boşluq var. Mənim bir insan kimi fərqli yaşamaq imkanım yoxdurmu? Axı bu mənim həyatımdır! Cəmiyyətin ruhu çoxdan göylərdədir, elə bilirik hər şey qaydasındadır... Çox danışıb özümü yormaq istəmirəm, doktor, onsuz da heç nə dəyişmir. Yavaş-yavaş gedim, axşam oldu, -deyib divandan durdu.
-Necə istəyirsiz, - doktor ayağa qalxaraq dedi.
-Hər şeyə görə sağ olun –Aynur xanım əlini uzatdı.
-Siz sağ olun, –uzadılan əli sıxdı. – Onsuz da burda tək-tənha darıxırdım. Uzun müddətdir ki, gəlib-gedən yox idi. –doktor gülümsədi.
Aynur xanım qapıya doğru gedəndə dilinin altında fikirli-fikirli mızıldandı ki, bəs bu kişilər biz qadınları nə vaxt anlayacaqlar?
Psixoloq "Aaa..” deyib fikrə getdi və dedi:
-Nə vaxt ki, öz analarını başa düşəcəklər o zaman. Bizdə kişilər "ana” sözünün özünü sevirlər, ananı qadın və ya insan kimi yox. Ana cəmiyyətdə rol, obrazdı. Bizimkilər ana rolunu ifa edən o obrazı sevirlər və onu müqəddəsləşdirirlər. Ana qadındır və ən başlıcası insandır. Biz bu qadını yox, bu insanı sevməliyik. Obrazsız. Düşüncələrimizi dəyişməyi öyrənməliyik. İnsanlar dəyişmir, insan dəyişir.
Və beləcə sağollaşıb ayrıldılar.
Aynur xanım birdən arxaya çönüb xəbərdarlıq elədi:
-Yenə gələcəm ha!
-Gəl, nə deyirəm! Amma bu aralar boş vaxtım olmayacaq. Bir oğlan var, qəribə görünüşlü fərqli bir oğlan... özün başa düşürsən.
-Yaxşı, yaxşı bildim –Aynur xanım gülə-gülə razılaşdı. Bu sarısaçlı, ortaboy əndamlı, yaşından cavan, ağbəniz və tünd qırmızı boyalı dodaqları olan qadın onda heyranlıq doğurdu. Fikirləşdi ki, hər halda bu qadın həyatdan zövq almağı bacarır.
Sonra Elmira xanım kontaktda "B” hərfi ilə qeyd etdiyi nömrəyə zəng etdi.
-Alo, eşidirəm, -sakit səs eşidildi.
-Salam, necəsən? –xoş və şən səslə soruşdu. – Mənəm Elmira, tanıdın?
-Tanıdım. Necəsən?
-Yaxşıyam. Niyə belə qısa cavablar verirsən, hissiyyatsız, soyuq danışırsan qatil kimi?
-Neyniyim beləyəm. Uzun müddət adam qadınsız yaşayanda hissiyyatsız da, soyuq da, hətta üstəlik qatil də olar.
Qadın ürəkdən güldü və dedi:
-Sənnən görüşməliyəm. Hekayə üçün və...
Bundan sonrasını oxucu bilməsə də olar.
30 iyul 2014