Qadının səsi…
Günel Fərhadqızı tərəfindən "Esse" bolməsinə 10:33 04 may 2016 tarixində əlavə olunmuşdur

Çoxdandır düşünürəm, nə yaşım vardı axı, verdilər məni erkən yaşımda ərə…

Nə yaşım vardı ki, ilk toy gecəsində ağrıdı içimdə hər yer, qəlbim belə… Hələ də bu ağrını unutmamışam, bu ağrıyla yaşayıram…

Hazır deyildi bədənim nə intimə, nə kişiyə, ana olmağa, uşaq doğmağa…

Hazır deyildim, psixoloji baxımdan ailə yükünə, ailə həyatına…

Hazır deyildim axı, ata evindən ayrılmağa…

Nə yaşım var idi axı, uşaq idim hələ mən…

Ər evində oldum qulluqçu, qul, bütün vaxtı edirəm qulluq, yorulsam belə…

Yüklədikcə yüklədilər…

Hər il bir uşaq doğdurdular, nə təhsil ala bildim, nə də işlədim… Asılı oldum öncə valideynlərimdən, sonra ər və onun ailəsindən…

Nə yaşım vardı, uşaq ikən verdilər məni ərə, ər də yaşca məndən çox böyükdür… Ailə deyilik biz… Ailədə heç kiməm…

Hər günüm eyni keçir… Ər evindəyəm, ata evinə də ayda bir dəfə ancaq gedirəm… Bəzən çox darıxıram onlar üçün, bəzən isə yox, günahkar bilirəm onları, indiki bədbəxt həyatıma görə…

Tələsdilər ki, gecikməsinlər… “Qızın evdə qalıb deməsin” kimsə…

Dillənmədikcə, ağ edirlər, evimizdə hər gün kənar kimsə var, bitmir qonaq sayları, hamısına etməliyəm mən qulluq… İnsan deyiləm…

Nə yaşım vardı, nə normal yeyirəm, dincəlməyi unutmuşam, vaxtında yata bilmirəm, gecə gec yatıram, gündüz erkəndən oyanıram, bütün evin yükü çiyinlərimdədir, hamısı ağadır, mən isə…

Boşana da bilmirəm, susmağa məhkumam…

Nə yaşım var ki, öncə atam döyürdü məni, sonra ərim, qaynım, qaynatam… Qorumaqdansa…

Nə yaşım var ki, deyə bilmirəm: “Vurma məni, döymə məni, söymə məni, sev məni, mən insanam, anla məni, incitmə”…

Nə yaşım var ki, hələ gəncəm, dözməliyəm, uşaqlarımın xətrinə, asılıyam həm də ərimdən, ailəsindən…

Nə yaşım var ki, min yerə bölünürəm, bir yandan uşaqlar çağırır məni, ağlayır, bir yandan ərimin əmri, bir yandan baldız, qayın atmacası, ittihamı, bir yandan qaynanamla qaynatam doldurur ərimin beynini, vurur aranı, qatır aranı…

Vaxtında nə təhsil verdilər mənə, nə peşəyə sahib oldum ki, ayrılsam, ölsə ərim, işləyib, kiməsə olmayım möhtac, övladımla ayaqlarım üstündə dayanım…

Nə yaşım var ki, göz yummalıyam ərimin xəyanətinə, yalanlarına, biganəliyinə, mən də insanam, mən də qadınam…

Nə yaşım var ki, ərim saxlayır başqa qadınları, keyf məclislərindədir… Məni insan yerinə qoymur… Sanki mən onun qadını deyiləm…

Nə yaşım var ki, aldatdılar, nə qanuni toy oldu, nə də ki, kəsildi kəbinimiz, doğuldu uşaqlar qanundankənar… Bircə toy elədilər çal-çağırlar, yaxşı idilər toy gününədək, toydan sonra çıxdı buynuzları, şokdayam hələ də…

Səsimi də eşidən yoxdur, qadınlar da dəstəkləmir… Hamı qınayır, hamı söz atır, hamı günahkar bilir, ağıl öyrədir, məsləhət verir…

Nə yaşım var ki, az qalıb ki, intihar edim, ya da ki, başımı götürüb evdən qaçım, ya da hamısını vurum öldürüm, türmədə yatım, uşaqları qoyum yetim… Dəli oluram, dəli olmamışamsa hələ, təəccüblənirəm, nə əcəb hələ də sağam…

Nə yaşım var ki, kimsə soruşurmu, mənim nə istədiyimi, xoşbəxt olub olmadığımı? Xəstəyəm, bu gənc yaşımda da qocalmışam… Kimsə bilmək istəmir səbəbini…

Bəsdirin, susun bir anlıq, mən qadınam, insanam sizin kimi, həyatıma qarışmayın… Özüm bilirəm nə çəkdiyimi…

Guya yazsam son məktubumu intihardan öncə, qaçmamışdan öncə evimdən, atmamışdan öncə övladlarımı, dəli olmamışdan öncə kimsə düşünəcəkmi səbəbini, kimsə anlayacaqmı səhvini, dayanacaqmı qadına qarşı edilən zülmlər… Bəlkə eşidiləcək bir bədbəxt edilmiş qadının səsi?!

Bir az düşün, nə açıq şəkildə ağlaya bilirəm, nə də gülə bilirəm, boğuram hisslərimi, ağrılarımı, yaşadığımı, boğuran yaxşısını, pisini, boğduqca, boğuluram, ölmək istəyirəm…


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
9+13=
Hesaba giriş
Müəllif

Günel Fərhadqızı
Haqqında
Maliyyəçi, risk, sərmayə meneceri, təlimçi, köşə yazarı, jurnalist, yazar
Əlaqə
Tel.:
0702021606
E-mail:
e.gunel@azti.az
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0246 saniye