Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi Konvensiyası - hissə 1
Aysel Abdullazadə tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 18:53 19 noyabr 2015 tarixində əlavə olunmuşdur

Ümumdünya İnsan Hüquqları Bəyannaməsində ayrı-seçkiliyə yol verilməməsi prinsipinin təsdiq edildiyini və bütün insanların öz ləyaqətləri və hüquqları baxımından azad və bərabər doğulduğunun və heç bir fərq, o cümlədən, cinsi fərq qoyulmadan hər bir insanın onda bəyan edilən bütün hüquqlara və bütün azadlıqlara malik olmalı olduğunun bəyan edildiyini nəzərə alaraq, insan hüquqları haqqında beynəlxalq paktların iştirakçısı olan dovlətlərin üzərinə bütün iqtisadi, sosial, mədəni, mülki və siyasi hüquqlardan kişi və qadınların bərabər hüquqda istifadə etmələrini təmin etmək öhdəliyinin qoyulduğunu nəzərə alaraq, kişi və qadınların hüquq bərabərliyinə yardım etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının və ixtisaslaşdırılmış təsisatların himayəsi altında bağlanan beynəlxalq konvensiyaları diqqətə alaraq, həmçinin kişi və qadınların hüquq bərabərliyinə yardım etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının və ixtisaslaşdırılmış təsisatların qəbul etdikləri qətnamələri, bəyannamələri və tövsiyələri nəzərə alaraq, lakin bu müxtəlif sənədlərə baxmayaraq, hələ də qadınlara qarşı xeyli ayrı-seçkiliyin mövcud olmasından narahat olaraq, qadınlara qarşı ayrı-seçkiliyin hüquq bərabərliyi və insan ləyaqətinə hörmət olunması prinsiplərini pozduğunu, qadınların kişilərlə bərabər səviyyədə öz ölkələrinin siyasi, sosial, iqtisadi və mədəni həyatında iştirak etmələrinə əngəl törətdiyini, cəmiyyətin və ailənin rifahının yüksəlməsinə mane olduğunu və öz ölkələrinin rifahı naminə qadınların imkanlarının tam şəkildə açılmasını daha da çətinləsdirdiyini xatırladaraq, yoxsulluq şəraitində qadınların ərzağa, səhiyyəyə, təhsilə, peşə hazırlığına və işə düzəlmək imkanlarına, həmçinin, digər tələbatlara daha az yol tapa bilmələrindən narahat olaraq, bərabərliyə və ədalətə əsaslanan yeni beynəlxalq iqtisadi quruluşun yaradılmasının kişi və qadınlar arasında bərabərliyin təmin olunmasına xeyli kömək edəcəyinə əmin olaraq, aparteidin, irqçiliyin bütün formalarının, irqi ayrı-seçkiliyin, müstəmləkəçiliyin, yeni müstəmləkəçiliyin, təcavüzkarlığın, xarici istila və hökmranlığın və dövlətlərin daxili işlərinə müdaxilənin ləğv edilməsinin kişi və qadınların hüquqlarının tam həyata keçirilməsi üçün zəruri olduğunu qeyd edərək, beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinin, beynəlxalq gərginliyin azadılmasının, sosial və iqtisadi sistemlərindən asılı olmayaraq, bütün dövlətlər arasında qarşılıqlı əməkdaşlığın, ciddi və səmərəli beynəlxalq nəzarət altında hamılıqla və tam tərksilahın, xüsusilə də nüvə tərksilahının, ölkələr arasındakı münasibətlərdə ədalətlilik, bərabərlik və qarşılıqlı fayda prinsiplərinin təsdiq olunmasının və xarici və müstəmləkə hökmranlığı və xarici istila altında olan xalqların öz müqəddəratlarını təyin etmə və müstəqillik hüquqlarının həyata keçirilməsinin, habelə dövlətlərin milli suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin sosial tərəqqiyə və inkişafa yardım edəcəyini və bunun da nəticəsi olaraq kişi və qadınlar arasında tam bərabərliyə nail olunmasına səbəb olacağını təsdiq edərək, ölkələrin tam inkişafının, bütün dünya rifahının və sülh işinin, bütün sahələrdə qadınların kişilərlə bərabər səviyyədə maksimum iştirakını tələb etdiyinə əmin olaraq, qadınların ailə və cəmiyyətin rifahında, bu günə qədər tam şəkildə qəbul edilməyən xidmətlərinin əhəmiyyətini, analığın və hər iki valideynin ailədə və uşaqların tərbiyə olunmasında sosial əhəmiyyətini nəzərə alaraq və uşaqların tərbiyə olunmasının kişi və qadınlardan və bütövlükdə bütün cəmiyyətdən birgə məsuliyyət tələb etdiyinə görə qadınların nəslin artırılmasındakı rolunun ayrı-seçkiliyə səbəb olmadığını dərk edərək, kişi və qadınlar arasında tam bərabərliyə nail olmaq üçün həm kişilərin, həm də qadınların cəmiyyətdə və ailədə ənənəvi rollarını dəyişdirməyin zəruriliyini yada salaraq, qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi haqqında Bəyannamədə bəyan edilən prinsipləri həyata keçirmək və bu məqsədlə, belə ayrı-seçkiliyin bütün forma və təzahürlərini ləğv etmək üçün lazım olan tədbirləri görmək əzmində olduqlarını bildirərək, aşağıdakılar barədə razılığa gəldilər:

I HİSSƏ


Maddə 1
Hazırkı Konvensiyanın məqsədləri üçün "qadınlara qarşı ayrı-seçkilik" anlayışı siyasi, iqtisadi, sosial, mədəni, mülki və ya istənilən digər sahədə, ailə vəziyyətindən asılı olmayaraq, kişi və qadınların hüquq bərabərliyi əsasında qadınların insan hüquqları və əsas azadlıqlarının qəbul edilməsini, qadınların onlardan istifadə etmələrini və ya onları həyata keçirmələrini cinsi əlamətə görə zəiflətməyə və ya yox etməyə yönəldilən istənilən fərqləndirməni, istisnanı və ya məhdudiyyəti bildirir.

Maddə 2
İştirakçı dövlətlər qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarını pisləyir, təxirə salmadan və bütün müvafiq üsullarla qadınlara qarşı ayrı-seçkiliyi ləğv etmək siyasəti yürütməyə razı olur və bu məqsədlə aşağıdakıları öz öhdələrinə götürürlər:
a) əgər bu hələ edilməyibsə, kişi və qadınların hüquq bərabərliyi prinsipini öz milli konstitusiyalarına və ya digər müvafiq qanunvericiliyə daxil etmək, qanunun və digər müvafiq vasitələrin köməyi ilə bu prinsipin praktik şəkildə həyata keçirilməsini təmin etmək;
b) qadınlara qarşı hər cür ayrı-seçkiliyi qadağan edən, lazım gəldiyi yerlərdə sanksiya tətbiq etməyi də daxil etməklə, müvafiq qanunvericilik tədbirləri görmək;
c) qadınların hüquqlarının, kişilərlə bərabər əsasda hüquqi müdafiəsini müəyyən etmək və səlahiyyətli milli məhkəmələrin və digər dövlət müəssisələrinin köməyi ilə qadınların istənilən ayrı-seçkilik aktından səmərəli müdafiə olunmalarını təmin etmək;
d) qadınlara qarşı hər hansı bir ayrı-seçkilik aktı və əməli törətməkdən imtina etmək və dövlət orqanları və müəssisələrinin bu öhdəliyə uyğun olaraq hərəkət etmələrinə təminat vermək;
e) hər hansı bir şəxs, təşkilat və ya müəssisə tərəfindən qadınlara qarşı ayrı-seçkilik hallarının ləğv edilməsi üçün bütün müvafiq tədbirləri görmək;
f) özündə qadınlara qarşı ayrı-seçkilik əks etdirən mövcud qanunları, qərarları, adətləri və təcrübələri dəyişdirmək və ya onları ləğv etmək üçün, qanunvericilik tədbirləri də daxil edilməklə, bütün müvafiq tədbirləri görmək;
q) öz cinayət qanunvericiliklərində özündə qadınlara qarşı ayrı-seçkilik əks etdirən bütün müddəaları ləğv etmək.

Maddə 3
İştirakçı dövlətlər, qadınların hərtərəfli inkişafını və tərəqqisini təmin etmək üçün bütün sahələrdə, əsasən də siyasi, sosial, iqtisadi və mədəni sahələrdə qanunvericilik tədbirləri də daxil edilməklə, bütün müvafiq tədbirləri görürlər ki, onların kişilərlə bərabər səviyyədə insan hüquqlarını və əsas azadlıqlarını həyata keçirmələrinə və bunlardan istifadə etmələrinə təminat versinlər.

Maddə 4
1. İştirakçı dövlətlərin kişilər və qadınlar arasında faktiki bərabərliyin təşəkkül tapmasını sürətləndirməyə yönəldilən müvəqqəti xüsusi tədbirlər görməsi hazırkı Konvensiyada müəyyən edildiyi şəkildə, ayrı-seçkilik hesab olunmur, amma bunlar özlüyündə qeyri-bərabər və fərqli standartların qorunub saxlanmasına heç bir dərəcədə səbəb olmamalıdır; bu tədbirlər, imkanların bərabərliyi və münasibətlərin hüquq bərabərliyi ilə bağlı olan məqsədlərə çatıldıqdan sonra ləğv edilməlidir.
2. İştirakçı dövlətlərin, hazırkı Konvensiyada təsbit edilən tədbirlər də daxil edilməkiə, analığın mühafizəsinə yönəldilən xüsusi tədbirlər görməsi ayrı-seçkilik hesab olunmur.

Maddə 5
İştirakçı dövlətlər aşağıdakı məqsədlər üçün bütün müvafiq tədbirləri görürlər:
a) xürafatcıl düşüncələrin kökündən yox edilməsinə, cinslərdən birinin natamamlığı və üstünlüyü ideyasına və yaxud kişi və qadınların stereotip roluna əsaslanan adətlərin və digər praktikaların aradan qaldırılmasına nail olmaq məqsədilə kişi və qadınların sosial və mədəni davranış modelini dəyişdirmək;
b) ailə tərbiyəsinin sosial funksiya kimi analığın düzgün dərk edilməsini özündə əks etdirməsini və bütün hallarda uşaqların mənafelərinin üstün tutulması şərti ilə, kişi və qadınların öz uşaqlarının tərbiyəsi və inkişafında ümumi məsuliyyətlərinin qəbul edilməsini təmin etmək.

Maddə 6
İştirakçı dövlətlər qadın ticarətinin və qadınların fahişəlik yolu ilə istismarının bütün növlərinin qarşısını almaq üçün qanunvericilik tədbirləri də daxil edilməklə, bütün müvafiq tədbirləri görürlər.

Ardı olacaq...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+34=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0338 saniye