Qafqaz Qartalı
Ülfət Cavad tərəfindən "Məşhurlar" bolməsinə 09:51 19 dekabr 2015 tarixində əlavə olunmuşdur

Şamil 1797-ci ilin 9 iyununda Dağıstanın Gimri aulunda Dəngi Məhəmmədin ailəsində anadan olmuşdu. Onun ulu babası vaxtilə bütün Qafqazda tanınan qulluq Əmir xan idi. Anası Baxu Məsəd isə avar bəyi Pir Budağın qızı idi. Uşağın adı Əli idi. Amma arıq və sısqa olduğuna, daim xəstələndiyinə görə qədim adətə uyğun olaraq uşağın adını dəyişib dayısının adını - Şamil qoydular ki, onun kimi sağlam və igid olsun. O, böyüdükcə sağlam və güclü bir gəncə çevrildi. Yaxşı təhsil aldı. O, təhsilini mədrəsədə almış, ərəb və fars dillərini öyrənmişdi. Şeyx Şamilin ölkəsinin azadlığı uğrunda apardığı mübarizə dünya azadlıq müharibələrinin ən möhtəşəmlərindəndir. Kiçik bir qəbilə rəi­sinin bir ovuc mücahidlə 125 milyonluq dövləti 25 il çaşbaş salmasına başqa bir nümunə tapmaq mümkün deyildir. Ancaq müstəbid I Nikolaya Şamili əsir götürmək qismət olmadı. 1859-cu ildə əsir düşən Şamili rus çarlarından nisbətən alicənab olan II Aleksandr süfrəsinin başında oturtmuş və: - «Sizi süfrəmin qonağı etməklə böyük bir şərəf duyuram» - demişdi. Şamil də cavabında: - «Mən də sizi süfrəmin başında qonaq etsəydim böyük şərəf duyardım.» -demişdi. Və çar «böyük adam», «böyük adam» - deyə-deyə hətta heyranlığını gizlətməmişdi. Ruslara əsir düşmüş Şamili Peterburqa gətirmişdilər. Oğlu Qazı Məhəmməd, bir neçə müridi də onunla bərabər gətirilmişdir. Şamilin yaşadığı «Znamenski» meydanı bütün günü adamla dolu olurdu. Mehmanxananın qabağından, onun dəhlizlərindən, pilləkənlərindən adam əlindən keçməkmümkün deyildi. Əsir Şamilin yanına pristav təyin olunmuş polkovnik Runovski bütün günü camaatı sakit etməkdən əldən düşürdü. Hamı Şamili görməyə, onun geyiminə, davranışına, hərəkətinə tamaşa etməyə can atırdı. Onun yanına isə ancaq yüksək rütbəli, adlı-sanlı adamlar yol tapa bilirdi. Onlara müqavimət göstərməkdə Runovski aciz idi. Deyilənlərə görə, Şeyx Şamilin öz zəngin kitabxanası var imiş. Həmin kitabları on qatıra yükləyərək iyirmi beş il yurddan-yurda daşıyıb. Kitabsız dolana bilməzmiş. Sonralar Qunib dağında təslim olan zaman Şamil xahiş edib ki, qılıncını və kitablarını əlindən almasınlar. Kaluqada yaşayanda həmişə kitab istəyərmiş. Özü də belə deyib: «Qılınc təqsiri üzündən çox döyüşlər uduzulub, lakin kitab təqsirindən biri də olmayıb.» Oğlu Camaləddin Rusiyadan qayıdanda Şamil onu məcbur edib dağlı libası geyinsin, amma kitablarına toxunmayıb. «Kafir kitabları»nı çaya atdırmaq istəyənlərə imam belə cavab verir: «Bu kitablar doğma torpaqlarımızda bizə güllə atmayıb. Onlar aullarımızı yandırmayıb, adamlarımızı öldürməyib. Kim kitaba sataşsa, kitab da onu biabır edər». Hətta Mirzə Kazımbəylə görüşüb ayrılarkən Şeyx Şamil demişdir: «Kaluqadakı tənhalığımı boğmaq üçün xahiş edirəm, mənə öz kitabxananızdan bir neçə kitab verəsiniz.» Səhər Kazımbəy öz kitabxanasından seçdiyi on beş kitabı Şamilə göndərəcəkdi: «Həmin günün axşamı isə Kazımbəy, Ş. Şamil və onu müşayiət edənlər Peterburqun Marinski teatrına dəvət olunmuşdular. Salondakılar onları böyük hərarətlə qarşıladılar. Əvvəlcə «Katerina» baletini göstərdilər. İlk dəfə səhnə tamaşası görən Şamil və onun müridləri artistlərin hər bir hərəkətinə çox böyük diqqətlə baxırdılar. Balet haqqında heç bir təsəvvürü olmayan Şamil isə lap valeh olmuşdur. Arabir Kazımbəy əsərin məzmununu ona açır, hadisələri nəql edirdi.» Sonra «Pəri» baletindən bir səhnəni göstərdilər. Mövzusu Şərq həyatından alınmış bu baletdə hərəmxana təsvir olunurdu. Tamaşanın ortasında səhnəyə sultan çıxdı və öz arvadları ilə rəqsə başladı. Şamil çox bərkdən və qeyri-adi güldü. - Nəyə güldünüz, cənab Şamil? - deyə Kazımbəy təəccüblə soruşdu. - Siz yaxşı bilirsiniz ki, bütün bunlar yalandır, uydurmadır. Sultanlar rəqs etməzlər. O hansı Sultandır ki, öz arvadları ilə rəqs edir ? - deyib yenə də bərkdən güldü. Runovski Kazımbəylə Şamilin görüşündən aldığı təəssürat altında gündəliyində yazmışdı: «İki misli görünməmiş adamdan gör necə məclis yaranmışdı: döyüşçü və alim. Bunların həyat və məqsədləri necə də bir-birindən seçilir. Hərəsinin öz şöhrəti var! Bununla bərabər, onların bu yaxınlığında necə də böyük bir ahəng var. Yəqin ki belə bir görüşün mümkün olacağı heç birinin ağlına da gəlməzdi, yəqin ki bütün dünyada heç kimin də ağlına gəlməzdi.» Kazımbəyin Şamillə görüşlərdən aldığı təəssürat da çox güclü idi. Xeyli vaxt bundan qabaq yazmağa başladığı «Müridizm və Şamil» kitabı üçün bu görüşlər xeyli məlumat vermişdi. Kazımbəy üçün bu vaxta kimi sirr olaraq qalmış çox məsələnin üstünü açmışdı. Kazımbəy bu kitabı 1859-cu ildə çap etmişdi.

Şeyx Şamil Kaluqada bir müddət əsir kimi yaşamış və burada milli azadlıq qəhrəmanlarına qarşı böyük hörmət görmüşdür. Nə qədər hörmət görsə də, bu «Hürriyyət Qartalı» dustaqlığa dözə bilməmişdi. On illik əsarətdən sonra Sultan Əbdüləzizin köməyi ilə oğlu Qazı Məhəmmədi girov qoyaraq Həccə getmək üçün rus çarından icazə almışdı. Şeyx Şamil Mədinəyə gedərkən İstanbuldan keçmiş və İstanbul əhli bu böyük insanı böyük məhəbbətlə qarşılamışdı. Həmçinin dövlət adamları da ona layiq olduğu hörməti etmişdilər. Əlisə Nicat özünün «Dünya sərkərdələri» əsərində Şamilin Kəbəyə-mübarəki ziyarəti haqqında belə yazır: «1871-ci ildə Müqəddəs Məkkə şəhərində dünyanın bütün qitələrindən gələn saysız-hesabsız zəvvarlar arasında 74 yaşlı bir zəvvar da var. Onun ağ saqqalı, nurani və mərdanə görkəmi yanı ilə gedənləri ilk baxışdan özünə cəlb edir, baxışlarda və ürəklərdə hörmət və pərəstiş hissləri oyadır. Qəlbindəki rəğbət hisslərini gizlədə bilməyən belə zəvvarlardan biri axırda dözməyib səhərdən onunla yanaşı şəxsin əbasının ətəyindən yapışır: - Ey hörmətli şəxs, - deyir, - bu müqəddəs məkanın xatirinə, de görüm, kimsən? Zəvvar ağır-ağır ona tərəf dönür. Bu söhbəti eşidən ətrafındakılar da ona tərəf dayanır. Zəvvar ondan xeyli cavan olan adamın maraq, hörmət və pərəstişlə dolu çöhrəsinə baxıb deyir: - Mən Şeyx Şamiləm. - Necə? - deyə zəvvar qulaqlarına inanmır. - Qırx il qart canavarla pəncə-pəncəyə gələn Dağıstan və Çeçenistanın imamı olan Şeyx Şamiləm. - Sənə fəda olum, ya imam, izn ver əlini öpüm... Səs, söz bir anda ətrafa yayılır və on minlərlə, yüz minlərlə insan ona doğru gəlib üzünü görməyə, əlini, əbasının ətəyini öpməyə can atırlar. Bunu görən Kəbənin baş şeyxi adamlardan hündürə qalxıb ərəbcə, türkcə və farsca çağırır: - Ey müsəlmanlar, ey Allahın mömin bəndələri, bir-birinizi basıb əzməyin. Yerinizdə dayanın. Şeyx Şamil həzrətlərinin üzünü görmək, səsini eşitmək üçün onun Allah-taalanın Kə'bəyi-mübarəkinə çıxmasına izn verilir. Qoy çıxsın və siz də doyunca baxın ki, qayıdandan sonra ləşkər-ləşkər kafirləri qırx il cəhənnəmə vasil edən əfsanəvi bir müsəlmanı gözlərinizlə gördüyünüzə and içə biləsiniz. Yüz minlərlə zəvvardan təqdiredici uğultu keçdi. Hamı aralandı və o vaxta qədər yerində donub qaldı ki, XIX əsrin ən qüdrətli insanı asta-asta Kə'bəyə doğru addımladı. Bu min üç yüz il ərzində müsəlman bəndəsinə göstərilən ən böyük iltifat idi. Şeyx Şamil Məkkədən sonra Mədinəyə getmiş, peyğəmbərin qəbrini ziyarət etmiş, 1871-ci ildə orada da vəfat etmişdi.


... dəfə oxunub
Qiymət: 10/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
1+36=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0216 saniye