QAFQAZ ŞEYXÜLİSLAMLARI
On doqquzuncu əsrin əvəllərində Rusiya İmperiyasının Qafqaza olan siyasi və iqtisadi marağı hərbi müstəvidə öz “ həllini” tapdı. 1801-ci ildə Qazax və Şəmsəddin Sultanlıqlarının, 1803 – 1806 cı illər ərzində Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba və Bakı xanlıqlarının güc yolu ilə istila olunması, Azərbaycanın gələcəyi üçün yaxşı heç nə vəd etmirdi. Gürcüstan və Ermənistandan fərqli olaraq Çar Rusiyasının Azərbaycana qarşı daha kəskin mövqedə dayanmasının bir çox səbəbləri vardı. Cənubi Qafqazda ən böyük əraziyə sahib olan, erməni və gürcülərdən sayca artıq, zəngin təbii sərvətlər və ən əsası da, dini faktor Azərbaycan üçün arzuolunmaz problemlər yaradırdı. O zamanlar nəinki Qafqazda, eləcə də, Yaxın Şərqdə İslami dəyərləri qoruyan, şəriət ənənələrinə ehtiram göstərən, milli dəyərləri özündə cəmləyən və müqəddəs Qurani - Kərimin qaydalarını qanunlar külliyyatı kimi dəyərləndirən Azərbaycan, yaxın müsəlman ölkələri üçün əsil bir örnək idi. Dövrün statistik göstəricilərinə nəzər saldıqda, belə qənaətə gəlmək olur ki, o zamanda yaşamış insanlarımızın hər beşindən üçü zəvvar olaraq müqəddəs torpaqları ziyarət etmiş, Hacı, Kərbəlayi, Məşhədi kimi dini titullar almışlar. Azərbaycanlılardakı bu müsbət keyfiyyətlər, əxlaqi dəyərlər, dinə qarşı olan sonsuz bağlılıq Rusiyanın maraqlarına xidmət etmirdi və edə də bilməzdi. Məmləkətimizin işğalından sonra, digər sahələrdə olduğu kimi, dinimizə qarşı da aparılan pərdəarxası oyunlar cəmiyyətin həssas duyğularını zədələməyə yönəlmişdi. Şərə xidmət edən, bəzi üzdəniraq “qırmızı mollaların” ortalığa atılması, onların çirkin əməlləri hesabına yerli əhalidə İslama qarşı ikrah hissi oyatmaq cəhdləri öz bəhrəsini vermədi. Əsrlər boyu öz bərraklığı ilə seçilən, Yaradanın hökmü ilə yaradılana bəxş edilən, dinlərin sonuncusu İslama yerli camaatın sonsuz bağlılığı və sevgisi qarşısında bu cür cılız təbliğat heç bir bəhrəsini vermədi. İmperiyanın Qafqazdakı buyruq qulları belə, yerli müsəlmanların öz dini dəyərlərinə bu cür bağlılığı qarşısında aciz duruma düşmüşdü. Onların Qafqazda tam xristianlaşdırma propaqandaları iflasa uğramışdı.
Belə bir mürəkkəb zamanda, imperialistlər tərəfindən aparılan çirkli siyasi oyunların qarşısını almaq zərurətə çevrilmışdi. 1820 – ci ilin əvvəllərində Azərbaycanın görkəmli din xadimləri, sayılıb – seçilən ziyalıları, xalq arasında böyük nüfuz sahibi olan Seyyidləri Qafqazda İslam dininin mürtəcelərdən qorunması naminə mübarizəyə başladılar. Onlar Çar qarşısında, Qafqazda yaşayan müsəlmanların bir araya gəlməsi üçün, bir dini mərkəzin yaradılmasına dair çox mühüm məsələ qaldırdılar. Qafqaz müsəlmanlarının gərgin əməyi və elmi mübarizəsi sahəsində nəhayət ki, bir mərkəz təşkil edildi. 1823 – cü ildə, Çarın şəxsi göstərişi əsasında Bakıda Qafqaz Müsəlmanları Ruhani Mərkəzi fəaliyyətə başladı. Mərkəzə rəhbərlik, dövrünün seçilən din xadimlərindən olan Axund Məhəmməd Hüseynzadəyə həvalə edildi. 1823 – 1846 cı illər ərzində QMRM – nə rəhbərlik edən A. M. Hüseynzadə 23-illik fəaliyyəti dönəmində Azərbaycanda, o cümlədən Qafqazda dini istiqamətdə bir sıra müsbət islahatlar həyata keçirdi. Bölgələrdə açılan yeni mədrəsələr, inşa edilən xeyli sayda dini ibadətgahlar yerli əhalinin dini sahədə maarifləndirilməsi üçün müsbət irəliləyişlərə vəsilə oldu.
Axund Məhəmməd Hüseynzadədən sonra QMRM-nə Axund Fazil İrəvani (1847 – 1872) rəhbərlik etdi. Onun 25 – illik rəhbərliyi dövründə başlıca məqsəd, Zaqafqaziyadakı müsəlman icmalarını bir araya gətirmək, İslam dininə zidd olan hərəkətlərin qarşısını almaq və sağlam elmi – dini mühit yaratmaqdı. İrəvaninin başlıca məqsədlərindən biri də, İslam dininə yaraşmayan xürafatçılığın aradan qaldırılmasını elmi yolla cəmiyyətə aşılamaq idi.
1870 – ci ildən başlayaraq Qafqaz Müsəlmanları Ruhani Mərkəzində Şeyxülislamlıq səlahiyyəti rəsmən qəbul edildi. A. F. İrəvanidən sonra, QMRM – nə rəhbərlik Axund Əhməd Hüseynzadəyə həvalə olundu. A. Ə. Hüseynzadə 1873 - 1884 cü illər ərzində bütün Qafqazın üçüncü Şeyxülislamı olaraq tarixə keçdi. O da, sələfləri kimi Qafqazda İslam dininin tərəqqisi üçün bir sıra işlər gördü.
1885 – ci ildə QMRM – nə dördüncü Şeyxülislam seçilən Axund Həsən Tahirzadə bir sıra islahatlar apardı. Azərbaycanda savadlı din xadimlərinin yetişməsi üçün yeni ali mədrəsələr fəaliyyətə başladı. Bu mədrəsələrin açılmasında başlıca məqsəd, dini sahədə elm almaq arzusunda olanların istəklərini təmin etmək idi. Həmin dövrlərdə, Azərbaycandan İranın Qum və Məşhəd şəhərlərinə dini təhsil almaq üçün gedənlərin sayı artmışdı. Çox keçmədən, Azərbaycanda açılan ali dini mədrəsələr İranda və digər yaxın müsəlman ölkələrindəki mədrəsələrlə rəqabət apara bildi. Bu mədrəsələrə, Buxarada, Qumda, Qahirədə təhsil almış ən savadlı, ən yüksək irfan sahibi olan Axund və mollalar cəlb olunmuşdu. 1893 – cü ildə A.H. Tahirzadə səhhəti ilə əlaqədar olaraq Şeyxülislamlıqdan ayrılmalı oldu.
1894 – 1907 ci illərdə QMRM-nə Əbülhəsən Axundzadə rəhbərlik etdi. Onun Şeyxülislamlıq dönəmi çox mürəkkəb bir dövrə təsadüf edirdi. 1905 - ci ildə ölkədə baş verən müsəlman – erməni qarşıdurması Rusiya üçün Azərbaycana qarşı aqressiv yanaşma üçün bir fürsət vermişdi. Belə bir ağır zamanda, ölkənin din sahəsi də təhlükə altında idi. Qafqazda uzun illərdən bəri, İmperiya tərəfindən müsəlman əhaliyə qarşı yürüdülən ədalətsiz münasibətlər artıq açıq müstəviyə keçmişdi. Bu şərtlər altında dini dəyərlərin qorunub saxlanması, müsəlmanların bir arada olması çox zəruri idi. Bu istiqamətdə QMRM – nın üzərinə böyük yük düşürdü. Şeyxülislam Ə. Axundzadə mütamadi olaraq camaatın arasında olur, Cümə namazlarında pişnamazlıq edir, məscid və mədrəsələrə baş çəkirdi.
1908 – 1909 cu illər ərzində Axund Məhəmməd Mövlazadə Şeyxülislam əvəzçisi kimi Qafqaz Müsəlmanları Ruhani Mərkəzinə rəhbərlik etdi.
Qafqaz müsəlmanlarının yeddinci Şeyxülislamı olmuş Axund Məhəmməd Pişnamazzadənin rəhbərlik dönəmi də, mürəkkəb bir dövrə təsadüf edirdi. Azərbaycana ayaq açan yadellilərin get – gedə artması, daşnakların bolşeviklərdən ilham alaraq ölkə içində əl-qol açması, əli silahsız xalqa tutulan divan, yaddaşlardan silinməyəcək soyqırım və daha nələr, nələr... Bütün bunlar Azərbaycanda baş verirdi. Yerli əhaliyə verilən bu zülmlərin başında dayanan amillərdən biri də, təbii ki, dini faktora söykənirdi. Bir yandan İmperiyanın Azərbaycandakı zalım canişinləri, bir tərəfdən bolşevik vəhşilikləri, başqa bir yanda isə vandal daşnak terroru Azərbaycana və bu məmləkətin insanlarına böyük bir bəla idi. Bu qədər zülmlərə rəğmən, əhalinin Allaha bağlılığı, dini dəyərlərinə tutanaqlılığı, adət - ənənələrinə sadiqliyi zərrə qədər də olsa əksilmədi. Məhz həmin dövrdə, sanballı din xadimləri, elm adamları, böyük bir ziyalı kütləsi meydana çıxdı.
Azərbaycan Demokrati Cümhuriyyətinin elanı ilə ölkədə sürətli dəyişikliklər baş verdi. Yeni qurulan Dövlət ölkənin din sahəsinə də diqqətini əsirgəmədi. Üç rəngli müqəddəs bayrağa vurulan yaşıl rəng, bu məmləkətin müsəlman bir ölkə olmasını, buradakı əhalinin öz dilinə, dininə bağlılığını bir daha ortaya qoydu. Həmin dövrdə, QMRM – nə Axund Ağa Əlizadə səkkizinci Şeyxülislam olaraq təyin edildi.
Demokratik Cümhuriyyətin süqutundan sonra, digər sahələrdə olduğu kimi dini sahədə də, işğalçı bolşeviklər tərəfindən “islahatlara” başlanıldı. Stalinizmin Azərbaycanın dini dəyərlərinə vurduğu zərbələri isə, demək olar ki, sözlə ifadə etmək mümkünsüzdür. Amansız ateizmin Azərbaycanda viranə qoyduğu məscidlər, ziyarətgahlar yalnız dinimizi deyil, tarixi dəyərlərimizi də şikəst hala saldı. Buna baxmayaraq, insanlarımız öz dini dəyərlərini şərəflə qoruyub gələcək nəsillərə ötürə bildi. Məscid və ibadət yerlərinin qapalı olması belə, Allaha olan sonsuz sevgini, inam və iman gücünü azaltmadı.
Böyük Vətən Müharibəsinin başlaması, radikal ateistlərin “fəaliyyətini” arxa plana atdı. Sovetlər məkanında dini qadağalar get – gedə aradan qalxmağa başladı. 24 – illik fasilədən sonra, nəhayət ki, 1944 – cü ildə Qafqaz Müsəlmanlarının dini mərkəzi də fəaliyyətini bərpa etdi. Axund Ağa Əlizadə aradan uzun zaman keçməsinə rəğmən öz Şeyxülislamlıq vəzifəsinə qaldığı yerdən davam etdi. 1954 – cü ilə kimi dini mərkəzə başçılıq edən A. A. Əlizadə on il ərzində Bakıda və bəzi bölgələrdə Məscid və ibadət yerlərinin yenidən açılmasına nail oldu. Yerli müsəlman əhalinin ibadəti üçün xeyli şərait yaradıldı. Lakin, hələ də bəzi qadağalar aradan qalxmamışdı.
Əlizadənin başlatdığı iş doqquzuncu Şeyxülislam Axund Mir Möhsün Həkimzadənin (1954 – 1966) rəhbərliyi dövründə də davam etdi. Din dövlət səviyyəsində dəstək görməsə də, cəmiyyətin mədəni həyatında özünə yer etdi. Artıq Ramazan və Qurban bayramlarının əhali arasında qeyd edilməsinə dövlət tərəfindən sərt təpkilər aradan qalxmışdı. Təziyələrdə ziyarət yerlərinə kütləvi axına izin verilməsə də, əhali ev şəraitində təziyələrini saxlayır, məsumlar üçün ehsanlar verirdi.
1968 – ci ildə Axund Əliağa Süleymanzadə onuncu Şeyxülislam olaraq fəaliyyətə başladı. O, 1977 – ci ilə kimi Qafqaz Müsəlmanları İdarəsinə rəhbərlik etdi. Süleymanzadənin 9 – illik Şeyxülislamlıq dönəmində də müsbət yöndə xeyli islahatlar aparılmışdı.
Axund Mirqəzənfər İbrahimov isə, Qafqaz Müsəlmanları İdarəsinin sayca on birinci Şeyxülislamı olmuşdu. 1977 – 1979 cu illərdə İdarəyə başçılıq edən A. M. İbrahimovun rəhbərlik dövrü qısa olsa da, bir sıra müsbət yönlü fəaliyyəti ilə yadda qalmışdı. Məhz həmin vaxtlar Azərbaycandan xeyli sayda gənc Özbəkistanda yerləşən və dini sahədə yüksək təhsil verən Əl-Buxari Universitetində oxumağa göndərilmişdi.
1980 – ci ildən isə, müasir günümüzədək bütün Qafqazın Şeyxülislamı Hacı Allahşükür Paşazadədir. H. A. Paşazadə artıq 34 – ildir ki, bu mühüm vəzifəni daşıyır. O, Qafqaz Müsəlmanları İdarəsinin sayca on ikinci Şeyxülislamıdır.
95 – il Çar Rusiyasının, 70 – il Sovetlər Birliyinin əsarəti altında fəaliyyət göstərən Qafqaz müsəlmanlarının dini mərkəzi bütün çətinliklərə, məhdudiyyətlərə rəğmən zamanın sınaqlarından uğurla çıxmış, dini dəyərlərin müqəddəs əmanət kimi qorunmasında böyük işlər görmüşdür. Dəyərlərimizin mühafizə edilərək nəsillərə ötürülməsində Qafqaz Şeyxülislamlarının zəhmətləri danılmazdır. Onlar İslam dininin inkişafı, millətin maariflənməsi, cəmiyyətin xürafatdan uzaq, dəyərli irfan sahibi olması üçün əllərindən gələni əsirgəmədilər. Tarix heç zaman belə şəxsiyyətləri kölgədə qoymur...