Qağayı
Emin Qaya tərəfindən "Hekayə" bolməsinə 17:59 26 iyul 2015 tarixində əlavə olunmuşdur

-Hə...nədir?....off, ürəyim partladı!....danışda.

Hava  sərin idi, yox, sərin yox, lap elə soyuq idi. Axı Günel üşüyürdü! Bəlkədə soyuqdan yox, amma, Günel həqiqətən üşüyürdü, lap titrəyirdi, əsirdi, dişləri bir-birinə dəyib taqqıldamasın deyə özünü güclə saxlayırdı; soyuq həyəcan nəfəsini təngidirdi, deyəsən hətta qorxurduda.

Yox, qışın haqqını yeməyək; bu ədəbsizlik olar; elə havada kifayət qədər soyuq idi. Yoxsa Zaurun nəfəsi buxar olub buludlara tərəf həvəslənməzdi. Doğrudanda hava soyuq idi, düzdü qış təzəcə girmişdi, dekabırın sonları idi, amma o, qətiyyən həvəssiz və utancaq görünmürdü. Göy üzü tutqun idi, lap Zaur kimi, amma ondan daha vicdanlı; hər halda bu tutqunluqda laqeydlik yox idi. Hava sakit görünürdü, səhərdən Bakının tozlu və səs-küylü küçələrini duz kimi yalayan külək indi birdən kəsilmişdi; elə bil qəflətən atasının qışqırığından diksinən uşaq kimi sakitcə küncə çəkilib oturmuşdu. Nədir, yoxsa o bunu qəsdən edirdi, indi danışılacaqlar olmaya ona maraqlı idi? Sakit dayanıb hər şeyi dinləmək istəyirdi bəlkə?Amma Günel buna qətiyyən inanmazdı, axı o küləyi çox sevirdi.

 Oturacaq çox köhnə idi, bəlkədə unudulmuşdu; hər halda onun qonşuluğundakı bütün oturacaqlar yenilənmişdi, amma o hələdə, uzun illərdən bəri olduğu kimi güclü küləyin dənizin qayğısız dalğalarından zalımlıqla oğurlayıb gətirdiyi damcılarla yuyunurdu, burdakı qonşularından fərqli olaraq günəşin doğuşunu ən birinci o görürdü. Neçə il idi görəsən beləcə tərpənmədən dayanmışdı? Beş, on, ya on beş; hər halda az deyildi; hər yeri cızıqlar içində idi; taxtasının mühafizəkar boyası çoxdan bozarıb silinmişdi; hər yerində yazılar var idi; A+S=M; fuad nərgizi sevir; yanlızam; darıxıram;və s.

 Ağac çox qoca idi; lap yüz yaşı olardı; başı az qala buludlara dəyirdi; gövdəsi o qədər böyük idi ki, üç adam ələ-ələ tutsaydı ancaq dövrələyə bilərdi; qoca və qırışlı qabığı vardı; amma, çox nurani görünüşdə idi.

-Bilmirsən bu ağaca nə deyirlər?-Günel qəflətən soruşdu, başını qaldırıb ağaca baxırdı; beynindəki əqrəb zəhər süzdü-“neynirsən?”, Günel pərt oldu, soruşduğuna peşman oldu, qəflətən, amma çox ani olaraq qalxıb getmək istədi; birdən tamam tükəndi. Zaur astaca başını yana əydi, yuxarı qaldırıb ağaca baxdı, gözlərini qıza toxundurmadan süzdürdü. Düşünməyə başladı, amma, indi heç kim onun ağac haqqında düşündüyünü deyə bilməzdi, ümumiyyətlə isə nəsə.

-Imm, deyəsən...xan çinarı... yada buna bənzər bir şey, dəqiq xatırlamıram, amma, atamdan belə bir ad eşitmişdim.

Günel qalxıb getmək fikrindən daşındı; birdən dəniz ona gözəl göründü, hətta çox maraqlı. Amma bu tez keçdi; qəlbi nigaran idi, gözlərində xəfif təlaş və həyəcan var idi. Bu dəfə o belə elədi, oğlana baxmadan üzünü dənizə tutub oturmuşdu, guya heç yanında Zaur yox idi. O belə hiss eləmirdi, özünü belə göstərirdi, amma, qətiyyən bacarıqlı aktyor deyildi, elə Zaurda.

-Axır ki danışdın-beynindəki əqrəb yenədə zəhər axıtdı-“sən niyə susmursan?”

Zaur yenidən üzünü dənizə tutdu, gözləri yerdəki kirəmitin üstündə nəsə axtarırdı. Axı nə vardı nəm və palçıqlı kirəmitdə?

Qıza cavab vermədi, Günel yenədə qalxıb getmək istədi, amma, yenədə getmədi, bəlkədə elə Zaurda bunu gözləyirdi.

O necə dedi, xan çinarı? Hə deyəsən məndə belə bir ad eşitmişəm, deyəsən bu məhşur ağacdır, dəqiq xatırlamıram, amma, deyəsən belədir-Günel başını qaldırıb birdə ağaca baxdı-hə, demək xan çinarı bu imiş.

Axı, bu dəqiq deyildi, axı Zaur əminliklə deməmişdi, amma Günel dərhal inandı; həmişə inanmışdı.

Qağayılar dənizin üstündə uçuşurdular; səsləri sakitliyi pozan tək şey idi; qağayılar şən idilər; həmişə şən olurlar. Birdən Günelin diqqətini bir quş çəkdi, o fərqli idi, çox gözəl idi, həddindən artıq, digər bütün qağayılardan fərqli idi, çox iri və gözəl idi. Dümağ qağayı idi, Günel hələ beləsini görməmişdi, dimdiyi elə qəribə rəngdə sarı idiki, adamın ürəyini açırdı, sanki kədərli qış günüdə yaz nəfəsini hiss elətdirirdi, boynunda isə qara bir zolaq vardı, boyunbağı kimi, bu qara zolaq ağ qağayıya misilsiz gözəllik verirdi. Bu quş həqiqətən digərlərindən, kim bilir bəlkədə yer üzündəki bütün qağayılardan fərqli idi, hər halda Günel üçün bu indi belə idi. Tapılmazdı, amma, əgər lap elə, belə bir mübahisəni aparmağa sərsəm bir boşboğaz tapılsaydıda, indi o, bunun əksini Günelə sübut edə bilməzdi. Yox, yox, bu qağayı həqiqətən çox fərqli idi, Günel birdən bu quşu sevdi, özüdə çox sevdi, sonra dərhal nifrət elədi, lap ürəyi yandı. Axı bu quş çox yanlız idi, tamam tənha, dəstədən aralı, lap çox uzaqda, iri bir daşın üstündə oturmuşdu. Günel göz ucu Zaura baxdı, Zaur hələdə yerdə nəsə axtarırdı. Günel yenədə qalxıb getmək istədi, beyindəki əqrəbə zəhər axıtmağa imkan verməmək üçün qəflətən ürəyi sıxıldı.

 Zaur qəflətən öskürdü, elə bil fikri yayındı, sanki nəsə diksindi, yerində narahat oldu, üzü elə bir ifadə aldı kı, guya Günelə nifrət edir. Sonra özünü cəld toparladı, üzünə qəddar laqeydlik gəldi, qorxunc idi, şaxta kimi adamı kəsirdi, Günelə əzab verirdi. Günel yenədə getmək fikrindən daşındı, əvvəl ona elə gəlmişdiki Zaur nəsə deyəcək, yanıldı; sonra diqqəti başqa şeyə yönəldi,  Zaura görə narahat oldu, beynindəki əqrəb zəhər axıtdı, Günel onu vecinə almadı. Gözucu oğlana baxırdı; sakit oturmuşdular.   

Günel getdikcə dahada üşüyürdü; birdən Zaurun bunu görməsini istədi, paltosunu çıxarıb çiyinlərinə atmasını istədi, çox ani amma, istədi, Günel qadın idi, bu onun haqqı idi. Sonra beynindəki əqrəb zəhər süzdü, Günel üşüdüyünü gizlətdi, Zaurun bunu görməsini və paltosunu ona verməsini qətiyyən istəmirdi, Zauru sevirdi. Günel ilk dəfə başqa biri haqqında belə candan qayğılandı, nədənsə uşaqlığını itirdiyini düşündü,kədərləndi, özünü qadın kimi hiss elədi, ani utandı. Zaur soyuq idi, həmişə belə olmuşdu, Günel bezirdi, amma, dözürdü.

-Günel, bilirsən.....bilirsən nə var?....-Zaurun səsində qəribə ahəng var idi; Günelin canına vahimə düşdü; boğazı qurudu; uşaqlıqda yaxaladığı bala sərçəni xatırladı; qəflətən kövrəldi, hətta peşman oldu, amma, bu tez keçdi.

-Nə? Nə var?- soruşdu, indi tamam başqa şey haqqında düşünürdü. Bayaqdan danışmağını istədiyi oğlanın indi buna niyətləndiyini görəndə fikri dəyişmişdi; kaş o heç nə deməsin, elə beləcə bir ömür oturmağa razıyam-deyə düşünürdü. Baxa bilmirdi, Zaura baxa bilmirdi.

-Heç nə.

Yenə susdular, zaman axmırdı, saatın əqrəblərindən daş asmışdılar; nə olar, nə olar, kimsə bir dolu qab suyu üzümə boşaltsın, razıyam, yox, qətiyyən inciməyəcəm, amma, yetərki mən oyanım və bu zülm bitsin-deyə düşünürdü. Amma heç kim bunu etmədi, Günel oyanmadı, o heç yatmamışdıda.

Qış gözəl idi, Zaur qışı sevirdi, həmdə çox sevirdi, amma, bu lap çoxdan olmuşdu, lap çoxdan. İndi onun özü qış qədər soyuq idi, Güneli dondururdu, qızın zərif qəlbini üşüdürdü. Amma qış gözəldir, kim nə deyir desin, qış fəsillərin şahzadəsidir, məgər soyuqluğu şıltaqlığından və ərköyünlüyündən deyilmi, amma, qış çox mehribandır.

-Günel, bilirsən nə var? Mən....

Yenə susdu, Günel qalxıb getmək istədi, artıq həqiqətən dözmürdü, qəldi tab gətirmirdi, daha yetər deyirdi. Amma Zaur yenə öskürdü; Günel narahat oldu; əqrəb zəhər axıtdı; qağayı hələdə yanlız oturmuşdu; qış soyuq idi; havada tutqun.

-Zaur, bəsdir daha, bəsdir, xahiş edirəm bəsdir, yetər. Mənə niyə rəhm etmirsən? Axı sənə nə pisliyim dəyib mənim?

Zaur arxaya, oturacağa yayxandı, əlləri ilə başını qamarladı, az qala saçlarını yolurdu, sanki birdən birə bezmişdi, elə bil hər şeyə nifrət edirdi, bu vəziyyətin onu sıxdığı aydın görünürdü, Zaur Güneldən daha bezgin görünürdü, qalxıb getmək istədi, eləcə, birdən birə, heç bir söz demədən, açıqlama vermədən, Güneli ordaca qoyub getmək istədi, ardına baxmadan, dayanmadan, qulaqlarını tutaraq qaçıb getmək istədi, bəlkədə heç qulaqlarını tutmazdı, axı onsuzda Günel ona heç nə deyən deyildi. Amma bu kişilikdən deyildi.

-Günel, mən doğrudanda...bacarmıram-az qala pıçıldadı, utanmırdı, amma çox məyus idi, bəlkədə əlacsız, bacarmırdı, Zaur özü ilə heç bacarmırdı, bu qızın hissləri ilə oynamaqdan özünü saxlaya bilmirdi, qəsdən etmirdi,amma, bacarmırdı.

Günel yenidən, yenidən yıxıldı. Bax elə oturduğu yerdəcə, Xəzərin mavi sularının soyuq qış günündə üşütdüyü bu sahildəki tənha və köhnə oturacağın üstündən yerə dəydi, o qədər uçdu ki yerə dəyəndə qəlbi tikə-tikə oldu, bir daha. Gözləri doldu, tez-tez dolurdu, Zaurla isə həmişə. Zaur yenədə ona baxdı, Günel həmişə ağlayanda Zaur ona tamaşa edirdi, hər dəfə. Bu dəfədə belə oldu; Günel heç olmasa biixtiyar axan göz yaşları ilə oğlanın üzünü özünə çevirməsinə fikir verdi; əqrəb yenə zəhər axıtdı; qanı qaralmışdı. Qolları qırıldı, yanına düşdü, bezdi, hər şeydən bezdi, göz yaşı bulaqlara sığışmadı, şişdi və gilələndi, günəş kimi parladı və qızın qüsursuz üzündən süzüldü. Zaur qolunu qaldırdı, gözlərində sanki kədər vardı, Günel bunu qəfil gördü, amma, o kədər qəflətən və bir anlıq dumanda görünən kölgə kimi yenidən yox oldu, yenə Zaurun üzündə qış idi. Əlini yavaş-yavaş Günelə tərəf uzadırdı, qız çaşıb qalmışdı, tərpənmirdi, amma gözləri, tanrım, onun gözləri, yox, yox, bu zülmə insan qəlbi layiq deyil, bu əməlli başlı təhqir idi, Zaur onun zavallı qəlbini ələ salırdı, Güneli çox incitmişdi o. Əlini qıza uzadırdı, əli əməlli başlı titrəyirdi, amma üzü buz kimi soyuq idi, Güneli ümidə həsrət qoyurdu. Zaur əlini uzatdı, Günelin gözlərindən axan yaşı silmək istəyirdi, amma birdən dayandı, Günelin nəfəsi barmaqlarının ucunu oxşayan kimi dayandı, qırıldı, taqəti çatmadı, gücü çatmadı, çatmayacaqdı, bilirdi. Əlini geri çəkdi, bəs idi, bu qədəri bəs idi, başqa cürü çox olacaqdı, lazım deyildi, beləsi yaxşı idi. Qalxdı, getmək istədi, bir anda qaçıb uzaqlaşmaq istədi, amma, getməyə, qaçmağa yeri yox idi, qatarın gəlməsinə hələ bir müddət var idi, bəlkə bir həftə, bəlkədə iki, amma, əgər bir xoşbəxtlik üz verərdisə onda bəlkədə daha tez. Bəzən dua edirdi Zaur, gecələr, ağlamırdı, hətta qəzəblidə görünürdü, əməlli-başlı, bıçaq vursan qan çıxmazdı, lap elə, amma dua edirdi, qatarın tez gəlməsini istəyirdi tanrıdan, çıxıb getmək, uzaqlaşmaq istəyirdi bu şəhərdən, bir daha qayıtmamaq üzrə, bilirdiki qayıtmayacaqdı, əmin idi, bu onu bir az rahatladırdı, amma, çox kədərləndirirdi, Bakını sevirdi, doğrudan sevirdi, amma, indi Günel var idi, bu qız onu Bakıya nifrət elətdirmişdi, ona görə az qala evdəndə çıxmaq istəmirdi, şəhərə nifrət edirdi, hər şeyə nifrət edirdi, çıxara bilmirdi Güneli həyatından, çıxarıb ata bilmirdi birdəfəlik, hərdən, çox nadir hallarda lap Günelin özünədə nifrət edirdi.

Getmək istədi, amma arxadan gələn səs ayaqlarını zəncirlədi, yerə mıxlandı.

-Gedirsən?

 Günelin kədərli səsi kəmənd kimi keçdi Zaurun boğazına, ulğumunu sıxdı, boğdu, nəfəsini kəsdi. Dayandı Zaur, gedə bilmədi, qanı qaraldı, birdən çox əsəbləşdi, lap özündən çıxdı, Günelə o qədər əsəbləşdiki az qaldı, az qaldı çevrilə və var gücü ilə bağıra, lap ağzından köpük sıçraya-nə var, nə olub, nə istəyirsən, imkan ver gedim, xahiş edirəm, əgər bu azdısa onda yalvarıram, lap ayaqlarınada düşərəm, qoy çıxım gedim, burax yaxamı, əl çək məndən.

Amma heçnə demədi, geri döndü, Günelin gözlərindəki çarəsizlik və kədər qışı üşüdürdü, oturacağın ürəyi sıxılırdı, ağacın içi yanırdı, dəniz qəmgin idi, buludların gözləri dolmuşdu, sanki bir işarə gözləyirdilər hönkürmək üçün. Günel, Günel ağlayırdı, çox sakit idi amma, gözlərindən yaş axırdı, dayanmırdı, boğazındakı çəhrayı şərf islanmışdı, göz yaşı yun şərfi isladıb qışın nəfəsi ilə soyumuş, qızın çənəsinə toxunaraq əsəb pozurdu. Zaur yumşaldı, gəldi qızın yanında oturdu, baxmırdı, Günelə, gözlərinə baxmırdı, qorxurdu, çox qorxurdu; qayanın üstündəki qağayı büzülmüşdü sanki.

Günel gözlərini Zaurdan çəkmirdi, Zaur baxmırdı, amma, bunu hiss edirdi, narahat olurdu, bu oyun qurtarmaq bilmirdi; Günelə əsəbləşirdi, özünədə, hətta o qədərki az qala nifrət edirdi, bu qızı gördüyü günə lənət oxuyurdu, son zamanlar həmişə belə kobud olurdu.

Birdən daxilindəki bütün səsləri kəsdi, hamısını,çığırdı və sanki qurbağa gölünə daş atdılar, hamı susdu, indi danışmaq Zaurun növbəsi idi, kişi kimi davranmaq lazım idi, bu qıza nəsə demək lazım idi, o buna layiq idi. Qərar verdi, qətiləşdi, çevrildi, Günelin yazıq gözləri Zauru ox kimi dəlib keçdi, nəfəsini kəsdi sanki, dili tutldu elə bil; amma yox, birdən kimsə buz kimi əli ilə bərk bir sillə ilişdirdi Zaurun üzünə, sillənin yerində laqeydlik bitdi, əclaflıq, şərəfsizlik, namərdlik cücərdi;istədi, Zaur bunu özü istədi, özünü toparladı, amma, çoxda sərt olamamağa çalışdı, Günelə hörmət edirdi.

-Bilirsən nə var.. mən.. doğrudanda bacarmıram... sənlə ola bilmirəm-səsi əsmək istəyirdi, amma, qoymurdu, dodaqları səyiriyirdi, özünü sıxıb saxlayırdı-bacarmıram...bağışla.

Vəssalam, elə bu, daha bir kəlmədə demədi, yenə susdu, gözlərini dənizə zillədi, dəniz üzünü çevirdi,Zaur bunu hiss elədi, təəccüblənmədi,ağrıdı. Günelin qara gözləri halına ağlayırdı, gözlərini Zaurdan çəkə bilmirdi, ürəyi yanırdı, peşman olmuşdu, it kimi peşman olmuşdu, tanrım, o nə ara bu oğlanı bu qədər sevə bilmişdi axı, niyə qürurunu belə əziləmyə qoyurdu, beynindəki əqrəb zəhər axıtdı, Günelin zəhləsini tökdü.

-Bəs onda niyə qayıtdın?....

-Bilmirəm...-Zaur gec dilləndi.

-Mənsə elə bilmişdim ki...

-Yox, lazım deyil.

-Zaur....məni sevmirsən?

Zaurun qəlbini bıçaqla oymağa başlamışdılar, üzündə laqeydlik və əclaflıq vardı.

-Yox!-pıçıldayacaqdı, gücü ancaq buna çatacaqdı, amma, bu ucadan və ürəklə, şübhəyə yer vermədən deməkdən daha çətin idi, pıçıldamaq indi ölümdən daha qorxulu idi, pıçıldasa cəhənnəmdə rahat qala bilməz deyə düşündü, pıçıldasa özünü bağışlamazdı. Ucadan dedi, lap ürəkdən, hətta səmimi.

-Axı biz...yəni mən elə bilirdim ki...

-Yox, sən səhv bilmisən, biz demə, biz deyə bir şey yoxdur, heç vaxt olmayıb, heç vaxtda olmayacaq.

-Zaur, niyə qəlbimi qırırsan, mən sənə neynəmişəm?

-Bağışla...mən istəmirdim, amma həqiqət budur, vəssalam, əldən bir şey gəlməz.

-Bəs sən axı onda niyə qayıtdın, hə, niyə, niyə qayıtdın sən axı?-çığırmağa başladı, əməlli-başlı qəzəblənmişdi, od püskürürdü, gözlərindəki nifrət dənizi qurudardı; dalğalar qorxdular; qağayılar səslərini kəsdilər; tənha quş Günelə baxırdı, elə bil qızın halına acıyırdı; qoca ağac narahat idi; qışın səbri tükənmişdi, yazı arzulayırdı.  

-Bilmirəm-Zaur pıçıldadı, deməyə söz tapmırdı, zəifliyinə nifrət edirdi.

-Amma mən bilirəm, sən mənimlə oynadın, xəyallarımla, hisslərimlə oynadın, sən əclafsan, əclafın birisən, ona görə, ona görə qayıtmısan. Məni ələ salmaq üçün, sən hissləri olmayan yazıqsan, sən məni ələ saldın, nədir, olmaya təklikdə mənə gülürsən? Niyə Zaur, niyə, niyə....-hönkürdü, buludlar özlərini tuta bilmədilər, ilk damla Zaurun üzünə düşdü, o bunu hiss eləmədi, hönkürən qızı ovundurmağa çalışdı, toxunmaq istədi, Günelə toxunmaq istədi, saçlarını oxşamaq, çiyninə toxunmaq istədi, indi qız ona baxmayanda Zaur cəsarətə gəlmişdi, kimsə onu sürükləyirdi; Günel gözlədi, Zaurun əlini saçında hiss eləməyi gözlədi, istədi, hazır idi, elə bununla hər şeyi unutmağa hazır idi, amma, Zaur eləmədi, yenə əli havadan asıldı, görünməyən sərhəddi aşa bilmədi, qıza toxunmadı. Günel bu laqeydlikdən tosmaldı, azca özünə gəldi, bir az bərkidi, gözlərini sildi, hətta gülümsədi, üzünə məğrurluq gətirdi.

-Yaxşı,axı bir səbəb olmalıdır, beləsi harda olur Zaur? Nəsə bir səbəb mütləq olmalıdır. Yəqin bunu mənə çox görmərsən.

-Heç nə, sadəcə mən istəmirəm. Vəssalam, bu qədər.

-Bəs onda niyə qayıtdın axı.

-Sadəcə.... sən fərqlisən, vəssalam-gözləri yerə baxırdı, ağzından çıxan cümləyə peşman olmuşdu.

-Bu nə deməkdir, necə yəni?- Günelin ürəyi partlayırdı.

-Heç nə... bilirsən nə var-qəflətən dilləndi- mən....mən başqasını sevirəm, doğrudan, ciddi sözümdü, həmdə çox sevirəm-özünü inandırmağa çalışan insana bənzəyirdi, Günelin qəlbi sanki onun vecinə deyildi, çox qəddar görkəmi var idi, Günel artıq azacıqda olsa qorxurdu, Zaur birdən ona yadlaşmışdı.

-Başqasını sevirsən?

-Hə başqasını.

-Kimi?

-Fidanı, həmdə çoxdan, ona görə məni bağışla- yerindən qalxdı, çevrildi və getməyə başladı.

-Zaur, mən səni sevirəm-Zaur dayandı, yenə kilidləndi, Günel ayağa qalxmışdı, tir-tir əsirdi, yağış güclənirdi, küləkdə başlamışdı. Zaur bir müddət beləcə dayandı, bu zaman Günelə çox uzun gəldi, sonrasa arxasınada baxmadan çıxıb getdi. Günel asta-asta oturacağın üstünə çökdü; əqrəbin ürəyi bulandı, qaytardı; yağış sel tökməyə başladı; külək fəğan edirdi; dalğalar sahili döyürdülər; qağayılar harasa yoxa çıxmışdılar, tənha quş yerində büzüşüb dayanmışdı, külək hərdən onu aşırırdı.....

 Uzun zaman sonra Günel nəhayət ayağa qalxıb, addımlamağa başladı, tamam islanmışdı, soyuğu hiss eləmirdi artıq, evə gedirdi, uzaqda, arxada bir kölgə onu qarabaqara izləyirdi, o evə gəlib çatandan sonra kölgədə yox oldu.

 

 Telefon zəng çaldı, heç nəyə həvəsi yox idi, iki həftə idi ki, evdən bayıra çıxmamışdı, telefonlarıda açmırdı, amma bu dəfə təsadüfən nömrəni gördü, rəngi qaçdı, həyəcanlandı, qəzəbləndi. Zəng vuran Fidan idi. Günel onunla Zaurun vasitəsilə tanış olmuşdu, bu qız Zaurun xalası qızı idi, həmdə çox yaxın dostu, heç vaxt onu özünə düşmən kimi görməmişdi, belə bir şey ağlınada gəlməmişdi, amma, həyatda bəzən olur, Zaur qəflətən xalası qızını sevməyə başlamışdı, indi Günel Fidana nifrət edirdi. Telefonu açmadı, amma, Fidan əl çəkmirdi, elə hey zəng vururdu, axırda bezdi, qəzəbləndi, onu acılamaq, telefonda üzünə tüpürmək üçün açmaq qərarırna gəldi, axı Fidan Günelin Zauru necə sevdiyini bilirdi, üstəlik uzun zamandır, Zaurun ona qarşı olan soyuqluğundan həmişə Fidana gileylənmişdi, birinci dəfə Zaur onu atıb gedəndə Fidanın çiynində ağlamışdı, sonra ona yenidən qayıdandada sevincini ilk Fidanla bölmüşdü, qısa zamanda çox möhkəm dost olmuşdular, sən demə Fidan onu ovundurandada, sevincinə sevinən kimi görünəndədə Zaurla sevgili imiş, Günelin ürəyi bulanırdı. Telefonu açdı, amma, cavab vermədi, Fidanın səsi gəldi.

-Günel, biz danışmalıyıq, bu Zaurla bağlıdır, bu gün saat 15-də həmin oturacağa gəl.

Qapatdı, səsi nəsə qəhərli idi, bəlkədə elə ən çox bu Güneli getməyə məcbur elədi.

 Fidan yarım saat əvvəldən gəlib oturmuşdu, hava tutqun idi. Az sonra Güneldə gəlib çıxdı, gözlərində nifrət, kədər, təəssüf, qəzəb vardı. Fidan bütün bunların səbəbini dərhal anladı, onu görcək ayağa qalxdı, üz-üzə dayananda Günel Fidanda nəsə çox ciddi bir kədər sezdi, hətta qəflətən qıza acıdı, nəsə narahat oldu. Fidan onun əlindən tutub əyləşdirdi, qızın əli nəsə mehriban və qayğıya möhtac halda isti idi, bir müddət gözlərini üfiqdə yorub danışmağa başladı, qağayıların səsi aləmi götürmüşdü.

 

Axşam saat səkkiz idi, avtobus sürücüsü qəflətən əyləci basdı, bir neçə sərnişin buna etiraz elədi. Əslində sürücü dayanacaqda dayanmağa borclu idi, amma, sürücü ilin bu fəslində və gecənin bu vaxtı bu tənha dayanacaqda kiminsə ola biləcəyini təsəvvür eləməmişdi, qızı qəflətən görəndə əyləcə basmışdı. Qapılar açıldı, qız avtobusa qalxmağa başladı, yorğun sürücü az qala kobud bir səslə, xanım bir az tez olun deyəcəkdi amma qızın üzündəki kədəri görəndə susdu, qız sakitcə avtobusa qalxıb keçib oturdu, başını pəncərənin şüşəsinə söykəyib gözlərini qaranlıq küçələrə dikdi. Kimsə kağız dəsmal çıxarıb Günelə uzatdı.

-Al qızım, sil gözlərini, niyə ağlayırsan?

Amma Günel bunu eşitmədi, indi qulaqlarında ancaq Fidanın dediyi sözlər var idi

“Zaur, Zaur dünən dünyasını dəyişdi, xəstə idi, uzun müddət öncə xəstəliyə tutulmuşdu, ağciyərində xərçəng vardı, özü bilirdi, öləcəyini bilirdi. Səni ilk dəfə görəndən bəri dəli kimi sevirdi, gəlib mənə danışmışdı hər şeyi, məndə bilirdim. Bağışla məni bunda mənimdə  günahım az olmayıb, o sənə bu barəsində heçnə deməyəcəkdi, heç vaxt, amma, mən axmaqlıq elədim, onu buna mən məcbur elədim, eşqini qəlbində saxlamağın yaxşı olmadığını dedim. Bağışla məni, sadəcə düşündüm ki, bəlkə bir ehtimal, bəlkə sənin sevgin sağaldar onu, özün bilməmiş olmarsan, belələrinə ümid lazımdır, bu xəstəlikdən xilas olmaq üçün ümid şərt idi. Müalicə almağa pulu yox idi, sadəcə ağrı kəsici qəbul edirdi. Məni and içdirmişdi sənə bir söz deməyim, amma, sən düz eləmədin, sən ona gərək aşiq olmazdın. Onu sevdiyini anladığı gün dünyaya nifrət eləməyə başladı, hər şeyə, hər şeyə nifrət elədi, mən heç vaxt onu öləcəyi üçün belə kədərlənən görməmişdim. Mənimlə dava elədi, axı onu sənə tərəf mən itələmişdim. Birinci dəfə səni tərk edib gələndə çox əzab çəkirdi, bilirəm, gecə səhərə qədər dayanmadan ağlayırdı, amma, sonra dözmədi, özü ilə bacarmadı, yenidən qayıtdı sənə. İnan mənə, o ancaq sənin yanında xoşbəxt olurdu, səni dəli kimi sevirdi, tez-tez mənə səni danışırdı, onda xoşbəxt görünürdü, gözləri daim dolurdu, sən olmasaydın ölməyə bu qədər üzülməzdi, Zaur səni buna görə özündən uzaqlaşdırdı, birdə deyəsən yalandan deyib ki guya məni sevir,....”-Fidan qızarmışdı. Günel dayanmadan ağlayırdı, hara getdiyini bilmirdi, ürəyi yanırdı, yazan yaxşı yazmamışdı, xətti çox pis idi. Zaur dünyasını dəyişəndə iyirmi beş yaşında idi, dəli kimi sevdiyi qadının saçlarına son dəfə toxuna bilməmişdi. Günel dünyanın ən bədbəxt qızı idi, yox olmaq istəyirdi, Fidan ömrü boyu gizlində sevdiyi kişinin ölüm xəbərini, onun nəfəsi qədər sevidiyi qadına çatdırmaq yükünü daşımışdı. Səma qəmli idi; dəniz küsmüşdü; buludların göz yaşı qurumuşdu; qoca ağacla köhnə oturacaq susurdular; qış özünə nifrət edirdi; tənha qağayının cansız bədəni yarıya qədər quma batmışdı.

25.07.2015


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+32=
Hesaba giriş
Müəllif

Emin Qaya
Əlaqə
E-mail:
eminqaya@list.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0382 saniye