Əzab çəkmək asan deyil, əzizim,
batdıqca batarsan,
çəkilərsən yer altına:
ləng bulaqlar özülündən
gizli-gizli axan kimi...
Həyatın dibinə vurunca çıxar
ən gözəl şeirlər, dərin duyğular
yerin dərinliyindən
mücəvhərlər çıxan kimi...
İndi öz dəyərlərimlə yüksələ də bilirəm,
bax, göyün ənginliklərindən
salam gətirmişəm sənə...
Necə baş verdiyini heç özüm də bilmirəm...
Kiçik bir təkanla başlar bütün uçuşlar,
bir şeir qaparsan intiharın kandarından,
yüksələrsən varlığınla düşünmədən sonunu,
xəyallar gerçəkliktək sarar ruhunu:
gözlərimdə eyni səhnə,
ürəyimdə eyni həyəcan,
bir payız ayında yenə həmin otaqdayam...
Çox çəkməz... Səsin duyulacaq...
O qapıdan göz qırpımında girəcəksən...
Titrək əllərinlə yenə kitablarını ard-arda düzəcəksən...
Bir az tələskən, bir az narahat,
gah qaşların çatılacaq,
gah gülümsəyəcəksən...
Bircə adımı çəkmə,
üzümə baxma hətta
onda mənim içimdə təzadlarım qovuşur,
möcüzələr gerçək olur paralel kainatda...
Xəyalımda dolaşırsan son günlər durmadan
bu ani xoşbəxtliyin də əlbət sonu çatacaq...
Öyrəncəliyəm daha,
belə sürüb gedəcək,
yenə eyni döngülər, yenə də eyni həsrət...
Həyatımı yenidən alt-üst edəcəksən...
Nə deyim?!
Heç bilmirəm...
Başım üstə yerin var,
qal bir neçə şeirlik,
onsuz da gedəcəksən...