QAR
Cavid Hüseyn Ulusoy tərəfindən "Hekayə" bolməsinə 17:17 05 may 2014 tarixində əlavə olunmuşdur

Hava qaralanda yağışla birlikdə göydə uçuşan tək-tək qar dənəcikləri yerə düşür və kiçik su gölməçələrinin içində əriyirdi. Qar sürətini azacıq artırmışdı. Mən pəncərənin kənarında durub hər il gördüyümə baxmayaraq, yenə də mənə qeyri-adi gələn qarı izləyirdim. Bu an qapının səsini eşitdim. Anam içəri daxil olaraq əllərini otaqda yanan sobaya tərəf uzatdı və sakit, mülayim səslə dedi:

 - Yenə qar yağır.

     Yayın günəşi, yazın yaşıllığı, payızın xəzanı kimi qışın da yaraşığı qardır. Mən elə düşünürdüm ki, bu əyləncəli təbiət hadisəsini sevməyən tapılmaz. Ancaq anamın bayaq dediyi “Yenə qar yağır” cümləsi beynimdə fırlanır, məndə belə bir sual yaratmışdı “görəsən anam nəyə görə elə dedi?”

    O gün bütün gecə bunu düşünərək yatmışdım. Səhər qonşudan gələn “ana oynamağa gedirəm” səsi məni yuxudan oyatdı. Yerimdən qalxaraq gözlərimi ovuşdura-ovuşdura pəncərəyə yaxınlaşdım. Hər tərəfi bürüyən qarın ağ-appaq rəngi gözlərimi qamaşdırdı. Mən əlimi gözlərimə yaxınlaşdıraraq onları bir daha ovuşdurdum. Bu vaxt anam içəri girdi. Çiyninə qalın bir jilet atmışdı. Ancaq otaqda soba yanırdı. O, yenə də qarın yağmasından xoşlanmamış kimi idi. Səhər yeməyini hazırladı. Süfrədə oturanda bütün gecə beynimdə dolaşan o sualı anamdan soruşdum. O, isə gülümsəyərək dedi:

    - Bəlkə bir gün sən də anlayarsan.

    Anamın bu cavabı beynimdəki sualda heç bir dəyişiklik etmədi. Yeməyimi bitirdikdən sonra üstümü qalın geyinərək həyətə düşdüm. Gördüm ki, qonşumuz Həsən əmi səkkiz yaşlı oğlu ilə birlikdə qarla oynayır. Onlara qoşulub bir neçə dəqiqə oynadıqdan sonra küçəyə çıxdım. Kimi qarı təmizləyərək həyətinə yol açır, kimi soba üçün odun qırır, kimi də uşaqları ilə birlikdə qarla oynayırdı. Bu vaxt məhəllə uşaqları Səlim və Rafiq qaça-qaça mənə yaxınlaşdılar. Salamlaşdıqdan sonra Səlim dedi:

    - Biz oynamağa gedirik. Sən də bizimlə gəl!
    Mən də uşaqlara qoşularaq getdim. Gedərkən yolda iki-üç uşaq da bizə qoşuldu. Yaxınlıqdakı açıq sahəyə oynamağa gedirdik. Bu vaxt gözümə uzaqdan qaraltı kimi görünən bir nəfər dəydi. Bu adam yaxınlaşdıqca daha da aydın görünürdü. Onun beli bükülmüş, soyuqdan büzüşmüşdü. Yanımdan keçəndə gördüm ki, əyninə geydiyi paltosu köhnə,  başındakı papağı sanki Nuh əyamından qalmış, ayaqqabıları isə cırıq-sökük idi. O, yeridikcə çovğun kimi yağan qar qırışlı üzünə vurur, o, isə üzünü paltosunun boğazlığı ilə gizlətdikcə-gizlədirdi.

    Biz nəhayət gəlib çatdıq. Bura qarın ağ-appaq rəngindən elə işıqlı idi ki, sanki göydəki ulduzlar yerə enmişdi. Biz başladıq qarın dadını çıxartmağa. Gah qardan qala düzəldib qartopu savaşına çıxır, gah hündür təpəciklərdən sürüşür, gah da qardan adam düzəldirdik. Başımız o qədər oynamağa qarışmışdı ki, havanın qaralmağını belə hiss etməmişdik. Ona görə də mən uşaqlara səsləndim:

    - Uşaqlar gəlin evə gedək.

    Uşaqlardan biri cavab verdi:

    - Bir azdan gedərik.

    Mən bir kənarda oturub dincimi alırdım. Artıq yorulmuşdum. Uşaqlar isə elə hey yorulmadan oynayırdılar. Bu an bir nəfər oradakı zibil yığınına yaxınlaşdı. Orada nə isə eşələyir, hərdən başını qaldırıb bizə baxır və yenidən işinə davam edirdi. Bir az vaxt keçdikdən sonra mən onun bayaq bura gələndə gördüyüm adam olduğnu anladım. Bir neçə dəqiqə sonra o, əlində tutduğu bir neçə karton qutu və çör-çöp ilə bizim yanımızdan ötüb keçirdi. Bu vaxt o, uşaqların oynadığını görüb ayaq saxladı. İllərin kədərini görmüş gözlərində bir təbəssüm oyandı. O, əylənərək qarla oynayan uşaqlara baxıb başını tərpətdi və asta səslə dedi:

    - Eh! Bir gün məndə belə idim.

    O, bu sözlərdən sonra yoluna davam etdi. Qarlı və çovğunlu havada bir qədər yeridikdən sonra gözdən itdi. Biz də yığışaraq evə getdik.

    Səhəri gün anam məni nə üçün isə mağazaya yolladı. Küçəyə çıxdıqda yenə həmin adamı gördüm. Onun əynində yenə həmin paltosu, papağı və  ayaqqabısı var idi. Yanından keçəndə çəkinə-çəkinə ona salam verdim.

    Mən keçdikdən sonra qonşumuz Həsən əmi onunla rastlaşdı və dedi:

   - Salam Salman dayı. Nə var, nə yox? Bu qarda neyləyirsən?

    Kişi yenə asta səslə Həsən əmiyə cavab verdi:

    - Neyləyəcəyəm ay bala. Günümü bir təhər yola verir, səhər oyandıqda Allaha şükür edirəm.

    Kişi bu sözləri deyəndən sonra sağollaşaraq oradan uzaqlaşdı. Mən qayıdanda Həsən əmidən o kişinin kim olduğunu və harada qaldığını soruşdum. Həsən əmi bir az duruxduqdan sonra dedi:

    - O, kişi cavanlığında igid bir oğlan olub. Hələ də yadımdadır. O, küçəyə çıxanda bütün qızlar pərdə arxalarından onu izləyərdilər. Sonra evləndi. İki uşağı var idi. Ancaq bir avtomobil qəzasında bütün ailəsini itirdi. Dünyada heç kimi qalmadı. O gündən bəri həyatdan əlini üzdü. İndi də kiçik bir daxmada yaşayır. Bu qarlı günlərdə elə zülüm çəkir ki...

    Mən evə qayıtdım. Bir kənarda oturub dərin fikrə getdim. Anamın nə üçün elə dediyini dərk etməyə başlamışdım. Və  anladım ki, bu qar kimi üçün əyləncə, kimi üçün isə əzabdır.


... dəfə oxunub
Qiymət: 9/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
6+13=
Hesaba giriş
Müəllif

Cavid Hüseyn Ulusoy
Əlaqə
Tel.:
0516338535
E-mail:
cavid_huseynov_96@inbox.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0317 saniye