QARA YUSİF “Tayfa başçılığından Sultanlığa...”
Elşən İsmayıl tərəfindən "Hekayə" bolməsinə 13:24 19 may 2018 tarixində əlavə olunmuşdur

QARA YUSİF

“Tayfa başçılığından Sultanlığa...”

 

(tarixi, milli-ideoloji, fəlsəfi-mistik hekayə)

 

   1406-cı il. Oktyabr... Naxçıvanın qərbi. Araz çayı sahili... Bir-birinə qarşı savaşmağa qədəm qoymuş iki nəhəng Türk soyu – Qaraqoyunlu və Teymuri qoşunları bir-birindən yüz metrlərlə uzaq məsafədə hərbi düşərgə qurmuşdular. Qaraqoyunluların başında tayfa başçısı Qara Yusif, Teymurilərin başında isə əmir Əbubəkr vardı... Hər iki sülalə niyə və necə bu hala düşdüklərini düşünməkdən yorulsalar da, nə qədər çalışırdılar nəticəni dəyişə bilmirdilər. Bəlkə də (bəzi tarixçilərin fikrincə) Türklərin daim cəng etmək eşqi “qılıncları qınında pas atmasın” deyə, bir-biriylə də olsa, döyüşmək arzusu yatırdı bu savaşın arxasında, nə bilmək olar...

   O dövr haqqında müxtəlif tarixçilər müxtəlif fərziyyələr irəli sürsələr də, bir dərin gerçək diqqət çəkirdi: Qaraqoyunlu tayfa ittifaqının başçısı Qara Yusifin məqsədləri kimsənin ağlına gəlməyəcək dərəcədə ali idi. Bəli. Məhz o, Teymuri Əbubəkrdən fərqli olaraq, Azərbaycanın – Böyük Türkman Elinin gələcək taleyi haqqında düşünürdü.

     Ən yaxın adamları ilə çadırında məşvərət məclisi quran Qara Yusif tezliklə baş verəcək döyüşdən heç də razı deyildi. Qanı qaralmış, həmişəki o nur üzündən əsər-əlamət qalmamışdı. Nəhayət, uzun müddətli dərin sükutdan sonra tayfa başçısı dilə gəldi, ayağa qalxıb yerində var-gəl edərək danışmağa başladı:

-          Mən – Oğuzların Baharlı oymağının rəisi, bəyi olan o uca Bayram Xocanın nəvəsi, onun oğlu igid Qara Məhəmmədin oğlu Qara Yusif, and olsun Tanrımıza, heç vaxt qan qardaşlarımız Teymurilərlə savaşmağa həvəsli olmamışam. Sadəcə zaman, dövran, şərait belə tələb edib. O – Böyük Xaqan – Teymur kimi mən də xalqımızın birliyi, Türküstanın bütövlüyü, Ulu Turanın varlığı üçün çalışmışam. əgər tale, qismət bu ali məqsəd üçün iki böyük sülaləni qarşı-qarşıya qoydusa, günah məndə deyil! Mən Azərbaycanın - Böyük Türkman Elinin gələcəyini fikirləşirəm. Bir çox ulu xaqanlarımız, əcdadlarımız yaxşı biliblər ki, Ulu Turanın bərqərar olması Azərbaycanın bütövlüyündən, Türkman Elinin qüdrətindən asılıdır. Və onlar ömür boyu bu qutlu ülkünün gerçəkləşməsi üçün çalışıblar. Mən və məndən sonra gələnlər isə, bu ali məqsədi “alın yazısı” kimi qəbul edib gələcək nəsillərə miras qoymalıyıq... Qoy yüzillər sonra başda Azərbaycan Türkləri olmaqla, bütün Türk dünyası bilsin ki, bu gün və zamanla müxtəlif xarici, daxili düşmənlərin, mənfur yağıların hiyləsi və başqa səbəblər üzündən parçalanmış Azərbaycan – Böyük Türkman Eli bir olmayınca qılınclarımız qınımızda pas atmayacaq. Ən yaxın qohumlarımızla belə savaşmalı olsaq da, qutlu Turan ülküsü, vahid Azərbaycan məfkurəsi üçün daim savaşacaq, cəng edəcəyik... – deyə, dərhal belindəki qılıncını çıxarıb yuxarı qaldırdı.

   Hər kəs – bütün Qaraqoyunlular Qara Yusifin bu böyük çıxışından razı qaldı. Və öz məmnunluqlarını qılınclarını çıxarıb onunkilə birləşdirərək və uca səslə ona tez-tez “var ol! Çox yaşa Xaqanımız! Biz səninləyik hər an! Təki sən ol Sultanımız!” deyə, təriflər deyirdilər...

   Beləcə oktyabrın 14-də Qaraqoyunlu və Teymuri qoşunları arasında şiddətli döyüş oldu. Qaraqoyunluların xüsusi hərbi bacarığı, Qara Yusifin şəxsi liderlik və əsl tayfa başçısına xas məharəti döyüşün Qaraqoyunluların qələbəsi ilə bitməsinə şərait yaratdı. Teymurilər bu döyüşdə o qədər böyük zərbə aldılar ki, uzun müddət özlərinə gələ bilmədilər. Ordunun böyük qismi dağıldı...

   Qara Yusif ordusuyla birlikdə döyüş meydanından Naxçıvana gəldi. O, burada ikən Təbriz valisi Xacə Seyid Məhəmməd Keçəçi Qara Yusifin hüzuruna gəldi, şəhərin Əbubəkr tərəfindən qarət olunduğunu söylədi və onu Təbrizə yürüş etməyə təşviq etmək istədi. Qara Yusif isə müəyyən hesablamalar apararaq, müvəqqəti olaraq şəhərin müdafiəsi üçün bir neçə dəstə ilə birlikdə darğa göndərdi. Özü isə Sultaniyyəyə (indiki İraqın bir vilayəti) yürüş etdi...

   Bu döyüşlər ərəfəsində daim Azərbaycanın – Böyük Türkman Elinin, Türküstanın dini-təbliğati, siyasi və təşkilati-kəşfiyyat fəaliyyətləri ilə varlığını qoruyan, o vaxtların “dərin dövləti” olan Şeyxlər, Dərvişlər ocaqları bir çox Türk şəhərlərində olduğu kimi, Azərbaycanda da Ərdəbil hakimliyinin himayəsində yaşayır, fəaliyyət göstərirdilər. Yaxın Şərqdə və Azərbaycanda baş verən siyasi çəkişmələr, hakimiyyət qarşıdurmalarını yaxından izləyir, dərindən analiz edir və hətta əksər hallarda kimsə anlamadan dolayı yollarla idarə edirdilər. Məhz Qara Yusifin birləşdirici fəaliyyəti, bütövlük amalı onun da ondan öncəkilər kimi “Müqəddəs Şeyxlər Ocağı” tərəfindən yönləndirildiyinin nişanəsi idi...

 

Müqəddəsdir hər bir ocaq,

Can Sufilər qucaq-qucaq

Cəm olalım Ərdəbildə,

Baharlıya bir yol açaq.

 

O, ki Ərcişdə toplandı,

Hər kəs tək Türkman adlandı,

Tutub Tanrı yolun uslandı,

Dərviş ruhu ilə qutlandı...

 

*** *** ***

 

Qaraqoyunlu tayfası,

Ulu Turandır sevdası.

Sədli, Alpout, Duharlı –

Baharlıdır ağası.

 

Qaramanlı, Cagirli,

Hacili, Ağacəri –

Neçə-neçə oymağın

İttifaqı, birliyi...

 

Doğu Anadoluda

Qurdular bu bəyliyi,

Bəylik Sultanlıq oldu,

Yaratdılar birliyi...

 

Öncə Teymuriləri,

Sonra Cəlayirləri,

Sonda Şirvanşahları

Məğlub etdi Türk əri.

 

Adı Qara Yusifdir –

Kökü Baharlı soyu.

Bizimlə ucalıbdır

Böyük Qaraqoyunlu...

 

*** *** ***

 

“Hü!” deyən Dərvişlərik biz,

Qutlu Maqdır atamız.

Qam, Şamanlar əcdadımız,

Xızır Sultan hamimiz...

 

Qutlu Ruhun ruhu təki

Müqəddəsdir ülkümüz,

Bu ülküyə boyun əyən

Kəsdir bizim ərimiz...

 

   Beləliklə, Müqəddəs Şeyxlər, Dərvişlər Qara Yusif və onun başçılığı altında Qaraqoyunlulara hər mənada – milli, dini-fəlsəfi, hərbi, siyasi və kəşfiyyat, eləcə də təbliğati yöndən kömək edərək 1413-cü ilədək Teymurilər, Cəlayirlər və Şirvanşahların məğlub edilməsinə, Qaraqoyunlu dövlətinin bəylikdən sultanlığa, Qara Yusifin tayfa başçılığından Sultan olmasına rəvac verdilər...

   Nəhayət, 1413-cü ildə “əbədi və əzəli paytaxt” Təbrizdə özünü Sultan elan edən Qaraqoyunlu Qara Yusif yeni bir çıxışla Türkman bəylərinin qarşısında danışdı:

-          Batıdan Doğuya, Güneydən Quzeyə çarpışıb vuruşub Azərbaycan məmləkətinin böyük bir parçasını da olsa, birləşdirə birlik! Hələ Böyük Türkman Elinin çox hissəsi parça-parça halındadır. Vətən torpaqları yağı sərhədində gücsüz vəziyyətdədir. Amma bu böyük məmləkəti birləşdirmək və əzəli qüdrətinə qaytarmaq da öz əlimizdədir... Buradan vətənimizin hər guşəsinə səslənirəm: ehey, elimin böyük Türkman bəyləri, ehey, qədim Oğuzun ulu nəticələri, bilin və unutmayın, bu günlərə bizlər həp birlikdə gəldik. İndi qos-qoca Qaraqoyunlu vaxtilə Ərcişdə bir kiçik bəylik idi. Biz çox böyük bir yol keçdik. O yolda ürəyimizin qüvvəti, qolumuzun gücüylə birlikdə qutlu inancımız da bizə yar oldu. əgər “Müqəddəs Ocaq” arxamızda durmasaydı, Ulu Tanrının böyük sevgisini, mərhəmətini bizlərə bəxş etməsəydi, eləcə də müxtəlif vasitələrlə bir-birindən ayrı düşmüş Türkman bəylərini birləşdirməsəydi, biz indi bu qələbələri əldə edə bilməzdik... Və sonda vəsiyyətim olsun: bu böyük vətən, qutlu ülkü uğrunda savaşa davam edərkən, heç bir vaxt tayfalararası münaqişələri, qohumlararası müharibələri dəstəkləməmişəm. Sadəcə milli ali məqsəd uğrunda bəzi davalara məcbur olmuşam. Məndən sonra gələnlər də əsla şəxsi çıxarları üçün deyil, ancaq və ancaq vətənin, millətin gələcəyi naminə gərək olarsa, soy savaşından qorxmasınlar. Çünki vətən üçün şəxslər deyil, ali məqsəd önəmlidir. Çalışın hər zaman bir olun, hürr olun! Və heç vaxt unutmayın, azadlığımız birliyimizdən, birliyimiz inancımızdan, inancımız sevgimizdən qaynaqlanır. Böyük Azərbaycan, Ulu Turan eşqinə “ya Hü!”...

 

ELŞƏN İSMAYIL

 

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+6=
Hesaba giriş
Müəllif

Elşən İsmayıl
Haqqında
GƏNC ƏDİB VƏ KİNO İNSANI
Əlaqə
E-mail:
ismayilelshan@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0834 saniye