Qarabağnamə
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 09:15 22 iyun 2015 tarixində əlavə olunmuşdur

Yerdən göyə qalxmaqda ikən ah ilə fəryad,
Göydən yerə imdad,
Haqdan yaranan haqqa dönər, bil, yaranandan
Olmuş belə dövran.
Məzlumlara zülm etmədə zalım və tiranlar, 
Min fitnə, yalanlar.
Artdıqca zəlalət çoxalır zülm ilə zillət,
Hər gün yenə möhnət.
Korşalsa qılınc, söz kəsərindən düşə bilməz,
Hər an o yenilməz.
Olmuş qulu nəfsin, pula satmış ədəbin can,
Miskin belə insan.
Uymuş bəşəriyyət şərə, min hiylə və böhtan,
Bax Yer üzü al-qan.
Çoxdan barışıb dünyada məzlum özü Şərnən,
Söz yoxdu ki, hərbnən.
Dövran sürəcək kef ilə Şər, bizdə cəhalət,
Aclıq və səfalət
Olsun, yenə kef, eyş ilə işrət bizə bəsdir,
Baş yorma, əbəsdir.
Millət Vətənindən salınıb zorla didərgin,
Yox çarəsi dərdin.
Gözlərdə qəzəb, kin oxunur, düşmənə nifrət,
Nifrət,yenə nifrət.
Sancmış Şuşamın köksünə bayraq qara kafir,
Sən zərbini bildir.
Vermiş canı qurban neçə can,çün yolum haqdır,
Haqq var, O dayaqdır.
Bilsin qarı düşmən. gələcək gün, zəfərim var,
Bir yol! Səfərim var.
Bəsdir bu qədər naleyi-zar, ağlama, Mövlud,
Azad olacaq yurd.


7.12.2014 / Zərdabi
Mövlud Ağamməd


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
3+35=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0662 saniye