Qaranlığın özü, adı və gerçəyi
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 15:05 22 fevral 2015 tarixində əlavə olunmuşdur

Qaranlığın adı-Fərid, 31 yaş.

Dörd rəngsiz, çılpaq, qorxunc divar. Beton yer və dəmir çarpayı. Mən yenə də cəza ərazisindəyəm. Ya da dustaqların leksikonunda deyilən “kars” və ya “karser”. Bura dəhşətli yerdir. Üstəlik yorğan-döşəksiz.

Əyləşirəm, qalxıb gəzirəm. Yenə əyləşirəm, yenə qalxıb gəzirəm. Arabir saqqallı üzümü qaşıyıram.

Mən keçmişimdə polis olmuşam. Hə, bilirəm, ölkəmdə “polis” sözü “vicdansız” sözü ilə bərabər tutulur. Nə də olsa, mən də bu ölkənin vətəndaşıyam. Bilirəm ki, “polis” adı gələndə narkotik, fahişə, korrupsiya şəbəkələrində geniş rola malik biri gəlir. Bilirəm ki, bu ölkədə “polis” olmaq hər cür ədalətsizliyə, əxlaqsızlığa göz yummaq deməkdir. Bilirəm ki, “polis” məmurların qarşısında ikiqat tənzim olmaq, dilənçiləri təhqir etməkdir. Bilirəm ki, “polis” çoxlu pulu olan uşaqların hər gecə yollarda sürət yarışmasına bir söz deyə bilməz, amma küçədə cındır geyimli uşaqların başına qapaz vura bilər. Bilirəm, çünki polisəm.

Mənim buraya, yəni həbsxanaya düşməyimin yuxarıda sadaladıqlarımla heç bir əlaqəsi yoxdur. Mən qanundan kənar hərəkət edərək axtarılan bir cinayətkara əsəblərimə hakim ola bilməyərək atəş açıb ölümə tərk etdiyimdən 15 illik azadlıqdan məhrum olmuşam.

 ***

Qaranlığın özü-Anar, 55 yaş.

Ey, Uca Yaradan! Axı niyə məni belə yaratdın? Yox, təkcə məni deyil, bütün dahiləri. Niyə onlara layiq olan qiymət sağlıqlarında deyil, ölümlərindən sonra verilir? Hə, mən dahiyəm, bunu bütün hüceyrələrimlə duyuram və nə yalan deyim, sənə, Uca Yaradanım, çox qəzəbliyəm. Səni dini kitabların yazıldığı kimi deyil, tamam fərqli şəkildə-içimdə, ruhumda gördüyüm üçün yaşadığım cəmiyyət məni lənətləyərək ölüm fərmanıma imzasını çoxdan atıbdır.

Beynimi, ruhumu əsir edən düşüncələr, sizi görüm lənətə gələsiniz! Hamı mənə “dəli” kimi baxır, halbuki “dahi”liyimdən xəbərdar olmayan yoxdur. Amma artıq illərdir ki, mən cəmiyyətə adaptasiya ola bilmirəm, alınmır heç cür. Hər şeydə günahkar cəmiyyətdir. Danninq-Kryuqer Effektinə nifrət edirəm. Asosialam, dəhşətli dərəcədə tənhayam, özümə inamın heç yoxdur. Səni araşdıraraq yazdığım elmi kitablarıma “ateist”, “satanist” damğası vuraraq satışdan qaldırırlar. Dəfələrlə intihara əl atıb mənə yad olan bu dünyadan həmişəlik rədd olub getməyi o qədər çox istəyimə rəğmən hələ də həyatdayam.

Qonşuluğumda bir qadın yaşayır. Güneldir adı. Özünü mükəmməl və möhtəşəm sayır. “Cahil”lərin hər zaman özünə inamları güclü olur, bizlərdən fərqli olaraq.

***

Qaranlığın gerçəyi-Nərmin, 26 yaş

Bura “Ağıl Xəstəxanası”dır və mən 5-6 ildir ki, burada yaşayıram. Necə ki, ər evində həbs yaşayırdım, burada da elə.

18 yaşımda ailəm məni ərə verdirməklə canlarını məndən xilas etdilər. Namiq haqqında bildiyim tək şey onun içki düşkünü olması idi. Harada işləyirdi, nə işləyirdi, nə qədər qazanırdı, heç vaxt bilmədim. Amma hər axşam sərxoş olub məni söyməsini, döyməsini, zorlamasını bilməyən yox idi. Qayınanam evin bütün işlərini mənə gördürürdü. Səhərdən-axşama qədər rahatlıq, dinclik bilmədən ev işlərini görürdüm. Baldızım mənə nifrət edirdi. Məni eybəcərləşdirmək üçün hər şeyi edirdi. Qayınatam isə yataq xəstəsi idi. Ona məndən başqa kimsə qulluq etmirdi. Heç danışa da bilmirdi. Deyəsən beyni də yerinndə deyildi.

Hamilə olarkən uşağımı döyülmək ucbatından itirildi. O gün-bugün “dəlixana”dayam. Kiminsə mənə toxunmasından nifrət edirəm. Gözlərimi bir nöqtəyə zilləyərək günümü başa vurmağa çalışıram.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+24=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0368 saniye