Marketdə kassanın qarşısında növbə gözləyərkən arxamda dayanan 4-5 yaşlarında oğlan uşağının mənim zənbilimdəki bananları atasına göstərib, asta səslə banan istədiyini eşitdim. Atası əvvəlcə cavab verməsə də, uşağın küskün baxışlarını görüb ona doğru əyildi və qulağına nə isə pıçıldadı. Uşaq atasının sözlərindən sonra başını aşağı salıb susdu.
Kişinin əlindəki zənbildə çörək, un, makaron və bitki yağı vardı. Uşaq tək olsaydı, aldığım meyvələri məmnuniyyətlə ona verərdim, ancaq atasının yanında bunu etmək doğru olmazdı. Elə bil ayaqlarım tutulmuşdu, növbəm çatsa da yerimdən tərpənmirdim. Kassa arxasındakı xanım baş verənləri kənardan diqqətlə izləyirdi. Keyləşmiş nəzərlərlə ona tamaşa etdiyimi görüb azca irəli əyildi və aldıqlarımı götürüb hesablamağa başladı. İçərisində banan olan paketə çatanda dedim ki - "Bananlar xarab olub, onları o, paketə qoymayın. Atın getsin!".
Bunu eşidən uşaq başını qaldırıb gülümsündü. Gözlərində bir təsəlli sevinci doğdu.
Kassir xanım təəccüblə: "Necə yəni o, paketə qoymayım? Axı...".
Qızın sözünü kəsdim, gözlərinin içinə diqqətlə baxıb : "Yəni həmin paketə qoymayın!".
Bir anlıq qaşlarını çatıb, təsdiqedici halda başını yellədi. Bananları aşağıdan götürdüyü qara paketə, onu isə yanındakı siyirməyə qoydu.
Marketin pilləkənlərini düşüb əlimdəkiləri baqaja qoyub maşına oturmuşdum ki, ata və oğulun mağazadan çıxdıqlarını gördüm. Ayağının birini çəkən yorğun üzlü kişi oğlunun əlindən bərk-bərk yapışmışdı. Onlar axşamın qaranlığında gözdən itənə kimi arxalarınca baxdım. Sevinirdim, uşaq kimi sevinirdim. Çünki kişi başqalarından fərqli olaraq, ona verilən paketin tünd qara rəngdə olduğunun fərqinə varmamışdı. Bəlkə də varmışdı?!
Bərk doluxsunmuşdum. O, axşam sanki mən atamın əlindən tutub qaranlıq küçələrdə məchula qarışmışdım. Ümidsiz, küskün və yorğundum. Əlimizdəki torbanın içindəki kiçik sürprizin ağırlığından və atamın ürəyinə verdiyi ağrıdan, əllərimi tutan o, yorğun və axsaq kişinin gözlərindəki məyusluqdan, qəlbini və ruhunu sıxan iztirablardan bixəbər idim. O, axşam hər şeydən qorxurdum. Böyüməkdən, ata olmaqdan qorxurdum.Qaranlıqdan və ağlamaqdan qorxurdum.
Əli Məhərrəmli