Qarğaya üç yüz il yaş biçən “mütəxəssislər”, nə yazıq ki, hələ də, bu məsələni elmi yolla təsdiq etmək üçün tutarlı bir sübut ortaya qoya bilməyib. Doğrudanmı bu, qanadlılar sinifinə məxsus canlı üç yüz il yaşayır? Tibbi nəzərdən baxsaq, bu bir az inandırıcı görünmür . Məlumdur ki, qarğada da, bəzi qanadlılar kimi dəndik mövcud deyil. Necə deyərlər, bu xoşagəlməz qanadlı yediyini birbaşa mədəyə ötürür. Bu qrupa aid canlıların xəstəliyə tutulma risqi digərləri ilə müqayisədə daha çox olur. Leş və üfunət qoxulu ətə olan iştah da, gigienik baxımdan qarğaların uzun ömürlülüyunə əngəl yaradan amillərdəndir. Belə şeylərdən sonra qarğanın üç yüz il yaşaması qətiyyən inandırıcı görünmür. Aqil zəka sahiblərndən hansına sorsan, bunun nağıldan qeyri bir şey olmadığını söylər. O zaman nədən qarğaya üç əsr ömür biçilir? ..
Qobusnamə, Kəlilə və Dimnə kimi xalq arasından çıxmış dəyərli kitabların gözəlliyi, möhtəşəmliyi ondadır ki, içindəki hər səhifə, hər cümlə ibrətamiz fikir bolluğu ilə zəngindir. Heyvanat aləmi ilə, insan dünyasının ustalıqla müqayisə edilməsi səlis üslubda hər şeyi ortaya qoyur. Qarğanın üç yüz il yaşamasının simvolik məna kəsb etməsi də gün üzünə çıxır. Üç yüz il leş ət yeyərək mənasız yaşayan qarğa yüz il mənasız ömür sürən insanla müqayisə edilir.
Qızıldan olsa da qarğa yuvası,
Adı ki, qarğadır – nədir faydası?
Şair Səfərin yazdığı bu misra tam yerinə düşür. Cəmiyyətdə də, buna bənzər şeylər mövcuddur. Məsələn, ləyaqəti olmayan biri, nə qədər üst – başını zər – zibayla, zinətlə, pulla örtsə də, bir fayda verməz. Ən yaxşı halda, üç - beş nəfər təməlli şəxsiyyəti olmayan şəxsiyyətsizlər onun yan - yörəsində çaqqal kimi dolanıb məddahlıq edər. Zəngin mülkün içində otursa da, “üç yüz” yaşlı qarğa xisləti düşüncəsindən əksik olmaz. Qarğa pis qoxulu cəmdəklərə iştah saldığı kimi, o da, nəfsini beytül – mala salar. Şərəfsiz üçün fağırın haqqına girmək, məzlumun var – yoxunu talamaq sıradan olan bir işdir. Belə varlıqların qarğalarla o qədər çox bənzər tərəfləri var ki, saymaqla bitməz. Şərəfsiz – şərəfsizə alqış edərkən – ey, uca Tanrı bizə qarğa qədər uzun ömür bəxş et – deyər. Dünyaya o qədər bağlanar ki, bu cür simasızlar ölümü ən böyük dəhşət sanarlar. Çiyinlərinin üstündə baş gəzdirərlər, lakin bu, heç bir əhəmiyyət daşımaz. Beyin sadəcə çirkin düşüncə ifraz edər. Belə imansızların “həyat amalı” gödən, bədən və ehtiras hissini söndürməkdən ibarətdir. Bu cür “əməl” sahibləri kamil insanlar üçün bir əzabdır. Göydə qarıldayan qara qarğaların verdiyi neqativ enerji, yerdə olan bu cür “boz qarğaların” nəfəsində özünü tamamlayar. Vicdansızlar da, həmişə haqsız olduğu halda həyasızlıq salıb özlərini haqlı çıxarar. Necə ki, qarğalarda həyasızcasına bildirçin, sığırçın yuvalarını qəsb edirlər və sonra da, onları həndəvərlərinə belə yaxın burxmırlar. Eyni ilə yerdəki həyasızlar kimi. Hələ ola ki, bu həyasız zənən deyil, kişi xeylağı ola. Allah fağırları kişi sifətində görünən, fəqət kişilikdən zərrə qədər nəsibini almayan həyasızlardan qorusun.
Son zamanlar təbiətdə baş verən dəyişikliklər çağdaş cəmiyyətə sürətlə sirayət etməkdədir. Səmada qarğaların bül-bülləri təbiətdən perik salması, eynən yerdəki cahillərin irfan sahibinə dərs verməsinə bənzəyir. Deməli, məsələ yalnız qarğanın yaşında deyil, onun həyasızcasına qarıldamasındadır.