Qatil bizik
ŞvartsMan tərəfindən "Hekayə" bolməsinə 13:54 04 sentyabr 2016 tarixində əlavə olunmuşdur

tarde sed tute – yavaş, amma inamlı addımlarla

Bilmirəm, necə baş verdi bu hadisə. Hər şey birdən-birə oldu. Mən adam öldürdüm. Mən bir insanın həyatına son qoydum. Axı bunu necə edə bildim? Sakit təbiətli, səbirli, mədəni oğlandım. Necə oldu belə aqressiv, təcavüzkar, vəhşi oldum? Əllərimdə qan, bıçaq və gözlərim önündən çəkilməyən qaralmış gözlər…
Qorxumdan qaçdım. Polis tərəfindən tutulub məhkəmə üçün təcridxanada saxlananda bu bədbəxt hadisə haqda dəfələrlə düşündüm və özüm-özümdən soruşdum: “Bunu necə edə bildim? Bilirəm, özümü saxlaya bilmədim, çox əsəbi idim, hirsimdən tüstülənirdim. Amma bu adam öldürməyə haqq qazandırmırdı. Başqasını da, öldürüləni günahlandırmaq istəmirəm. Heç olmayan şeytan da günahkar deyil. Bəlkə mən, bəlkə də namus üstündə adam öldürən babamın damarlarımda dolaşan qanıdır günahkar. Halbuki öldürmək əvəzinə, söyə ya da döyə bilərdim. Amma eləmədim. Bilmədim lənətə gəlmiş bıçaq cibimdə nə gəzirdi. Özüm-özümlə bacarmadım”.
Əlim qandallıyam. Oturub gözləyirəm ki, məhkəmə nə vaxt başlayacaq. Bir azdan iki polis məni yaxınlıqdakı məhkəməyə apardılar. İndi artıq müttəhim üçün ayrılmış qəfəsin içində gözləməliydim məhkəmə prosesi bitənəcən.
Hakim gəldi, ayağa qalxdıq. Sonra oturduq. Ədalət çəkicinin səsi eşidildi. Bu məhkəmənin başlanmasına işarə idi.
Məhkəmə başladı nə başladı! Mənim əleyhimə faktlar, hakimin əlində dokumentlərim,-qısası, cinayətin mənim tərəfimdən işlənmiş olmasına heç bir şübhə yox. Mən özüm də şübhə etmirəm. Ona görə məhkəmənin uzun çəkməyəcəyini düşünürəm. Hər şeyi öz boynuma götürürəm – təəssüf və dərin peşmanlıq hissi ilə.
Çox danışdılar, sənədlərlə birlikdə dəlillər araşdırıldı, suallar verildi. Şahidə də ehtiyac yoxdu idi, amma mənə kinli-kinli baxan insanlar və mərhumun ailəsi bəs edirdi. Diqqətlə, qəfəsdən bu tragikomediyaya tamaşa edirdim. Mənim cinayət, insan, qanun, ölüm, ədalət, cəza haqqında başqa düşüncədəydim. Bilirəm ki, indi məndən baş verən bu axmaq qətllə bağlı fikirlərimi soruşacaqlar. Mən danışacam, onlar isə başa düşməyəcəklər. Və hakim nəhayət ki, məndən bu cinayətim və prokurorun dəlilləri ilə bağlı düşüncələrimi bir son söz kimi soruşdu. Mən ayağa qalxıb, qollarımı qəfəsin barmaqlıqlarından keçirib danışmağa başladım:
-Cənab hakim, təşəkkür edirəm mənə nəhayət ki, söz verdiyiniz üçün. Ümid edirəm ki, sona qədər dinləyəcəksiz.
Hakim:-Eşidirik səni.
-İlk öncə demək istəyirəm ki, bəli, mən qatiləm. Mən bir insanın yaşama hüququnu əlindən almışam. Onu fiziki cəhətdən məhv etmişəm. Amma bunda tək günahkar mən deyiləm. Hamımız az da olsa günahkarıq. Bütün cəmiyyət, hər insan məsuliyyət daşıyır. Lakin deyə bilərsiz ki, biz günahkar deyilik, sənə “get adam öldür” deməmişik, öz çirkin əməlini başqasının, cəmiyyətin üzərinə atma! Bunu bilin ki, burda qəfəsdə, barmaqlıqlar arxasında olan mənəm. Deməli, qurban da mənəm. Bir də ki öldürülən. O, mənim qurbanım idi, mən də cəmiyyətin. Bu cəmiyyət mənə insanı sevməyi, onu təhqir etməməyi, insana inanmağı, onu aldatmamağı öyrətmədi. Buna görə o məndən yaxşı insan olmağı tələb edə bilməz! O öldürdüyüm şəxs ölüb bu cəmiyyətdən canını qurtardı, mənsə hələ yaşamalıyam və əzablar çəkməliyəm.
Bəli, bəli... Sizlərin fiziki qüsur və şikəstliyi olan adama mərhəmətiniz var, ona bacardıqca kömək əlinizi uzadarsınız. Bəs mənəvi əlil olan kəsə eyni münasibəti göstərə bilərsiz? Yox. Sizin ondan zəhləniz gedər, ona açıq-aşkar nifrət edərsiniz, cəmiyyətdən təcrid edərsiniz, ona yaxın durmazsınız, ona mərhəmət, sevgi göstərməzsiniz. Haqlısınız, mən bir insan öldürdüm. Ancaq bizdəki bu mənəvi dekadentliyi kim durduracaq? Ürəyimizdəki qəribə xəstəliyi kim sağaldacaq? Ruhumuzun şikəstliyini kim düzəldəcək? Düzdür, bir adam öldürdüm, günahkaram, cinayətkaram – nə deyirsiniz deyin. Bəs öldürülmüş sevgilərin, ruhların, saf düşüncələrin cinayətkarı, qatili kimdir? İçimizdəki insan sevgisinin və inamının, məsumiyyətin və cəsarət hissinin cəlladı kimdir? Onlar milyonları öldürülüblər, mən yalnız bir nəfəri. Qanunda bu yoxdur, konstitusiyada bu yoxdur. İnsanın mənəviyyatını öldürənlərə qarşı cəza yoxdur. Onlar qatil deyillər! Həyatım boyu mal-mülk dalınca qaçmadım; ac qaldığım günlər oldu, amma pulu heç vaxt müqəddəs hesab eləmədim; heç kimi aldatmadım və alçaltmadım; nə qədər qüsurlarım və səhvlərim də olsa, insanları sevməyə çalışdım. Bunlar heç kimin vecinə deyildi. Bir adamı fiziki cəhətdən (mənəvi yox) məhv etdim – qatil oldum. Mən bir insanı öldürdüm, onun insanlığını yox. Bir insanı öldürmək – bir insanı öldürməkdir. Amma onun insanlığını məhv etmək, bütün insanları öldürməkdir. Siz bu cüzi fərqi anlamırsız! Bizi insanlıqdan çıxartdılar. Bizi insan olduğumuza görə utanmağa məcbur elədilər. Qanun insanlığımızı, mənəviyyatımızı məhv edənləri cəzalandırmaz, onu yalnız fiziki cəza, forma maraqlandırır. Sizlər mənə qatil deyirsiz. Lakin bunu da yaxşı bilirsiz ki, varlı olsaydım, məni ittiham edə bilməzdiniz. O zaman qanun da öz gücünü itirib, öz qanunluğunu, ədalətini dəyişərdi. Hanı bəs qanun qarşısında hamı bərabər idi?! Niyə mən dediyim əsl qatilləri cəzalandırmırsız? Çünki qanunları güclülər yazır, zəiflər əməl edir. Siyasətçilər planlar qurur, seçkilər keçirir, insanları hakimiyyət üstündə aldadır, onları öz siyasi maraqlarına görə öldürürlər. Niyə kimsə onları cəzalandırmır? Əksinə, bütün dünya onları alqışlayır, tərifləyir, dahi adlandırırlar. Çünki media, bütün kameralar onları yaxşı, vicdanlı, ağıllı insanlar kimi göstərir, mənimkimiləri vəhşi, qatil və cəmiyyət düşməni kimi.
Prokuror dözməyib dedi:
-Cənab hakim, xahiş edirəm, müttəhimin bu gərəksiz və məhkəmə prosesindəki cinayət işinə aid olmayan nitqini dayandırasınız.
Hakim mənə baxdı, mənsə prokurorun axmaq xahişinə fikir verməyib hakimin çəkici vuraraq etirazına imkan vermədən hakimə üzümü tutub sonuncu dəfə soruşdum:
-Hə, cənab hakim, sizdən soruşuram, burda kimdir günahkar? Kimdir günahkar? Bu, Hamletin məşhur sualı qədər önəmlidir. KİMDİR GÜNAHKAR – onlar, yoxsa mən? –budur sual.
Məhkəmədə tam səssizlik idi. Heç kim sualın cavabını axtarmırdı, susurdular. Ancaq yaxşı bilirdilər ki, eşitmədikləri həqiqətləri danışıram. Mən də yaxşı bilirdim ki, bu həqiqətlər məni xilas etməyəcək.
Hakim hökmü oxudu: 9 il azadlıqdan məhrumetmə cəzası. Bundan çoxuna ümid etmək olardı, amma azına yox. Hər halda gözləmək olmazdı ki, bu cür dahiyanə nitqimdən sonra məni sərbəst buraxalar. Belə şey heç vaxt mümkün olmazdı. Gərək dünya 180 dərəcə tərsinə fırlanardı. Amma bilirik ki, yer kürəsi 360 dərəcə fırlanır. Və ən sonda nədənsə təəssüf hissiylə mübarizənin mənasızlığını dərk etsən də, bilib susa da bilmirsən. Qanuni cəzaya bir baxın – “9 il azadlıqdan məhrumetmə”. Elə bilirlər, məni tikanlı hasarların, ölü kimi soyuq divarların arasına soxmaqla azad ruhumu öldürəcəklər. Elə bilirlər, cəza verməklə ədalətli iş gördülər. Elə bilirlər, məni həbsxanaya göndərməklə yaxşı insana çevirəcəklər.
Polislər məni əllərim qandallı aparanda hakimə çevrilib dedim:
-Axı niyə bilmək istəmirsiniz ki, sizin cılız və yalançı qanunlarınız, ədalətsiz cəzalarınız, hökmləriniz, poxlu arqumentləriniz şeyimə də deyil!?
Bundan sonra gözümə qaraltı çökdü və heç nə xatırlamıram..

7 sentyabr 2014


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+22=
Hesaba giriş
Müəllif

ŞvartsMan
Əlaqə
Tel.:
055 519 35 77
E-mail:
gschwarzmann@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0238 saniye