Qatilimsiniz
Nigar Şahsuvarova tərəfindən "Şeir" bolməsinə 19:32 12 fevral 2016 tarixində əlavə olunmuşdur

Məni tanıdınızmı?
Təbii ki, yox.
Amma mən sizi tanıdım,
tanıyıram və tanıyacağam,
həm də çox yaxşı.
Çünki sizlər, hər biriniz
mənim qatilimsiniz,
qatilim!
Bir axşam universitetdən qayıdırdım,
qarşımı kəsdilər,
5 nəfər idilər.
Ətrafda kimsə yox idi,
aclıqdan gəbərən gözlər mənə zillənmişdi,
iyrənc gözlərlə, alçaldıcı sözlərlə, öldürücü baxışlarla
getdikcə mühasirəni daraldırdılar.
Nəfəsim kəsilmişdi,
qorxudan səsimi udmuşdum,
dilim əvəzimə gözlərim danışırdı,
yalvarırdım, amma çifayda.
Zəif yumruqlarımı, təpiklərimi işə saldım,
dırnaqlarımla üzlərini cırmaqladım,
dişlərimlə dərilərini dişlədim,
amma yenə də çifayda.
Qırıq-qırıq səsimlə danışmağa cəhd etdim,
ölüm-dirim savaşı aparırdım,
bəlkə mənə toxunmazlar, buraxarlar deyə,
heç kimə bir kəlmə söyləməmək andı ilə
dönə-dönə mübarizə apardımsa,
yenə də çifayda.
Zorladılar, məsum bədənimi kirlətdilər, murdarladılar,
ruhumu qaranlığın əsarətinə buraxaraq qəhqəhə çəkdilər.
Acımadılar, acımasızcasına didib parçaladılar məni,
bütün enerjilərini mənim üzərimdə sınadılar,
əlləri, dodaqları bədənimdə gəzib dolaşdı.
Onları öpməli idim,
qucaqlamalı idim,
çünki belə istəyirdilər.
Etmədim, itirilmişdim,
özünü axtara, tapa bilmirdim,
nə də kimsə məni eşidə, görə, tapa bilirdi.
İyrənirdim,
həm özümdən,
həm onlardan.
Amma ən böyük qorxum isə
ailəm idi.
Məni qəbul edərlərmi?!
Bəs cəmiyyət?
Günahı təcavüzkarda deyil,
qurbanda görən cəmiyyətim var mənim.
Ölüdən fərqim yox idi artıq,
yaşayan ölü idim.
İşlərini bitirdilər, məni rahat buraxmadılar,
döydülər,
təpikləri sümüklərimi sızıldatdı,
ağrıdan qışqırırdım,
ağlayırdım,
yalvarırdım.
Bütün bədənim çirk içində,
qan içində,
irin içində idi.
Qaranlıq və soyuq idi,
cansız gözlərim nöqtəyə kilidlənərək
beynimi, bədənimi, ruhumu oyandırmağa çalışırdım.
Hər şeyim alınmışdı,
məsumluğum, təbəssümüm, həyatım,
cüzdanım, telefonum, çantam.
Cırıq-cırıq edilmiş geyimim kənarda gözləyirmiş kimi idi,
sahibəsini-məni səsləyirdi.
Anidən hönkürməyə,
yumruqlarımla döyəcləməyə başladım.
Varlığım dəhşət saçırmış kimi
özümdən utanırdım, iyrənirdim,
qaçmaq, qaçıb uzaqlaşmaq, uzaqlaşıb itmək istəyirdim.
Axı niyə?
Niyə mənim başıma gəldi?
Nə günah sahibiyəm axı?
Mən ki, heç kimə pislik etməmişəm,
əksinə bacardığım qədər kömək etmişəm,
ətrafımdakı hər kəsi sevirdim, dəyərləndirirdim,
onları itirməmək uğrunda çox güzəştlərə getmişəm.
Qardaşımla oyuncaqlarımı paylaşmışam,
atamla birgə bazarlıq etmişəm,
anama ev işlərində yardım etmişəm,
qohum-qonşu uşaqları ilə sülh içində yaşamışam,
məktəb və universitet yoldaşlarıma əlimi uzatmışam.
Kimsənin arxasınca danışmamışam,
kimisə qınamamışam,
kiməsə nifrət etməmişəm.
Bəs nə günah sahibiyəm axı?
Qapımıza saysız-hesabsız elçilərə "yox" dediyimə görə?
Axı mənim arzum var,
oxumaq istəyirəm,
işləmək istəyirəm.
Çox deyil, sadəcə bir az azad həyat yaşamaq istəmişəm,
insanları tanımaq, həyatları tanımaq, özümü tanımaq istəmişəm.
İndi necə olacaq?
Birtəhər,
qollarımı dayaq edərək qalxıb əyləşdim,
dizlərimi qucaqladım.
Üşüyürdüm,
kimdənsə kömək umurdum,
isti paltosunu mənə verəcək deyə.
Amma ətrafda ölüm səssizliyi hökm sürürdü,
ölüm səssizliyi qədər də qulaqbatırıcı səs vardı.
Göz yaşlarım qurumuşdu artıq,
əynimi geyindim,
ayağa qalxmağa cəhd etdim,
amma yıxıldım

hönkürdüm.
Səsim ölümü oyandırdı,
səsim özümü öldürürdü.
Barmaqlarımı saçlarıma dolayıb onları kökündən çıxartmağa,
məhv etməyə, yox etməyə çalışdım.
Buna da gücüm yetmədi,
qollarım, əllərim, barmaqlarım büsbütün tükəndi.
Nifrət etməyə başladım özümə,
layiq imişəm həqiqətən!
Dırnaqlarımla yanaqlarımda, alnımda, boğazımda
yaralar, cızıqlar açdım.
Kaş ülgüc olaydı, damarlarımı doğrayaydım,
soyuq, qaranlıq, tək-tənha yerdə uzanıb ölümümü rahat təbəssümlə gözləyərdim.
Birdən uzaqdan çığırtı eşidildi, işıq ucu göründü,
tanıdım və tanıdıqca da qorxmağa, titrəməyə başladım.
Atamla qardaşım idilər,
məni axtarırdılar.
Özümdə güc tapıb qaçmaq istədim,
uzaqlaşmaq, gizlənmək, ölmək istədim.
Məni belə görməməli idilər,
buna mənim qədər onlar da layiq deyildilər.
Fəqət gücsüzlüyüm mənim istəyimə zidd idi,
ayağa qalxa bilmirdim, qalxıb qaça bilmirdim,
sadəcə ağlaya, hönkürə bilirdim.
Dizlərimi möhkəm qucaqlayıb üzümü gizlətdim ki,
məndən yan keçsinlər.
Fənərin işığı bədən əzalarımda gizildədikcə,
səslər yaxınlaşdıqca özümü daha da gizlətməyə,
itirməyə cəhd etdim.
Olmadı, alınmadı...
Ailəm məndən imtina etdi,
qınaqlara dözüm gətirə bilmədilər.
Göz yaşları içində gedişimə şahidlik etdilər,
heç kim məni durdurmadı, durdura bilmədi, hətta durdura bilməzdi də.
Qohum-qonşu, tanış-biliş,
hər kəs məndən gen-bol danışırdılar,  
məni barmaqlayırdılar,
diri-diri basdırırdılar,
öldürüb dirildirdilər.
Həm də yorulmadan, utanmadan
məni hər kəslə tanış edirdilər.
Qınamıram, mən də edərdim,
əgər kiminsə başına gəlsəydi,
"əcəb oldu" deyərdim,
"günahı varmış yəqin"lə
baltalayıb doğram-doğram edərdim.
Çünki beyinlər, düşüncələr bunu tələb edir,
cəmiyyətimizin "mentalitet"i var deyə.
"Ana-bacı" söhbətinin damarını tutub sona qədər gedərdim,
usanmadan həm də.
Çünki cəmiyyətdənəm,
adadakı tək insan olduğunu düşünən
Robinzon Kruzo deyiləm.
Çamadanımla yol alıb gedirəm,
uzaqlaşıram, qaçıram.
Özümdən çox-çox uzaqlara yolum var mənim,
bu ölkədən çıxıb gedirəm.
Qoy nə danışırlar, danışsınlar,
necə düşünürlər, düşünsünlər.
Olsun, mənəm günahkar!
Olsun, layiq idim buna!
Amma bir gün qayıdacam,
özümdən ötrü deyil,
qatillərimdən ötrü.
Onları öz əllərimlə cəzalandıracam,
eynən məni məhv etdikləri kimi onları da bir-bir öldürüb dirildəcəm.
Mənə qarşı cinayət törətmiş ailəmlə, cəmiyyətlə bağlı mükəmməl planım olacaq.
mütləq və mütləq bədəl ödəyəcəklər, ödətdirəcəm.
Mənə bunu necə qıydınız axı? Mənə! Mənə!
Özgə biri deyildim, sizlərdən biri idim,
sevimliniz idim, canınız idim.
Saçlarımı kəsdim,
sizə görə!
Evdən çölə addımımı atmadım,
sizə görə!
Otağıma, qaranlığa, tənhalığa qapadıldım,
sizə görə!
Səssizcə göz yaşlarımı axıtdım,
sizə görə!
İçimdəki "mən"i basdırdım,
sizə görə!
Günlərlə özümü yaşamaqdan, yeyib-içməkdən məhrum etdim,
sizə görə!
Hər gün eşidirdim, qulaqlarım şahidlik edirdi,
hər kəs gəlib soruşub maraqlanırdı,
amma mənimlə deyil,
mənim həyatımla.
Tez-tez tələbəliyimi xatırlayıb
yoldaşlarımın yolunu gözlədim,
gəlmədiniz, utandınız.
Qohum-qonşu gözlədim ki,
qapımı taqqıldadıb "olarmı?" deyə soruşsun,
gəlmədiniz.  
Sizə görə nələr etdim,
xəbəriniz yoxdur fəqət!
Amma bir gün qayıdarkən
hesabat tələb edəcəm,
unutmayın
və görüşənədək!


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+9=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0285 saniye