Qəbirdən gələn səs
Təbriz Nərimanlı tərəfindən "Hekayə" bolməsinə 14:46 01 noyabr 2013 tarixində əlavə olunmuşdur

Qəbirdən gələn səs

 

Üzərinə çıxanda naməlum bir səbəbdən insanın özünü Yaradana yaxın hiss elədiyi uca dağlar. Bu dağların döşündə əsrarəngiz bir yaşıllıq və yaşıl xalçaların əvəzolunmaz naxışları olan qırmızı lalələr. Quş, böcək və rüzgar səslərinin qarışımından əmələ gələn bənzərsiz bir melodiya. İnsan əliylə bir oxşarının daha düzəldilməsinin mümkünsüz olduğu ideal bir məkan və bu məkanın daimi sakinləri – ölülər. Bəli bu heyrətamiz yerdə dirilər yox ölülər yaşayır, bəlkə də neçə illərdir ki, gözəlliyinin pozulmamasının səbəbi də elə budur. Bura ölülərin ölkəsi – qəbristanlıqdır. Ancaq ölülər dirilərdən fərqli olaraq tək-tək yaşayırlar. Onların evləri mərmərdən olur, evin üzərində isə ev sahibinin rəsmi, adı, soyadı və bir də varsa ürək sözləri yazılır. Onu da deyim ki, burada ürəyi sözlə dolu olub, lakin yazılmayanlar da az deyil. Onlar da danışırlar, ama bizim kimi çığıraraq yox, sakitcə. Düşünüllər insanlığın gərəklərini və iliklərinə qədər hiss edirlər, dirilərin fərqində olmadığı insanlığın bir nemət olduğunu. Burada hər kəs bərabərdir. Əlindən cana yığıldığımız varlı kasıb ayırımının olmadığı ideal ölkə də elə buradır. Burada biədəb heç nə yoxdur, hər kəs öz namusundan əmindir. Ölülərin arasında torpaq davası da yoxdur, buradakı sərhədləri isə həmişə olduğu kimi dirilər çəkiblər. Qəbristanlıqda oğurluq da olmaz, olsa da onu yenə dirilər eliyər. Xəstəliklərdən əzab çəkmək də yenə bu məkanda sona çatır, olsa olsa ancaq insanın diriykən işlədiyi günahların cəzası olan qəbir əzabı vardır. Bir sözlə dirilərin xoşlamadığı, yaxud narahat olduğu heç bir qeyri-insani hal ölülərin ölkəsində baş vermir.

Bu gözəl diyarda yerləşən huzurlu məkanda yaşayanlar yaxındakı kənd camaatının qohum-əqrabalarıdır. Burada kiminin valideyni, kiminin də övladı var.

Elə Cavad da dünən kənddə onlarla bərabər yaşayan, lakin bu gün üzərindəki altmış yeddi ilin yorğunluğunu atmaq üçün bu dağın döşündəki mərmərdən evlərin birinə köçmüş anasını ziyarətə gəlmişdi. Dünən kənddəki evi anası təmizləmişdi, ama bu gün sıra Cavadda idi. O, anasının mərmər evinin ətrafındakı kolları əlləriylə təmizlədi. Ürəyi ayrılığa dayanmırdı, sanki göz yaşları ilə baş daşını yumağa çalışırdı. Özünün ata olmasına baxmayaraq, hər zaman ehtiyac hiss etdiyi anasının şəfqəti, məhəbbəti olmadan necə yaşayacağını düşünürdü. Onu möhkəm tutmuş, lakin heç incitməyən pambıq kimi yumuşaq iki əlin artıq boşaldığını və bir boşluğa düşdüyünü hiss eliyirdi.

Qəbrin qarşısında dayanıb, anasına qarşı vicdani bir borc bildiyi ruhuna fatihə oxuyarkən, yaşla dolmuş gözləri anasının qəbir daşındakı rəsminə ilişdi. Ona elə gəldi ki, anasının baxışlarındakı hərarət və mərhəmət heç azalmıyıb və sanki gözləri ilə ona həmişə olduğu kimi “ax ay Cavad, hanı sənin pencəyin, üşüyəsən bu dağın başında” – deməyə çalışırdı.

Cavad ürəyinin daha dözməyəcəyini anladı, bir an əvvəl kəndə qayıtmağı qərara aldı. Mərmər evin ətrafına öz əlləriylə hördüyü metal hasarın qapısını qıfıllayıb elə kəndə doğru bir-iki addım atmışdı ki, anasının o incələrdən incə səsi qulağına gəldi – “Ay oğul, məni gətirib bu dağın döşündə təkcə qoyduğun az deyilmiş kimi, hələ bir qapını da üstümə kilitləyirsən.” Cavad cəld geri döndü, qıfılı açıb bir kənara atdı, qəbrin qapısını da açıq qoyub ürəyi rahatlamış halda evə yollandı.


... dəfə oxunub
Qiymət: 8/10(6 səs)
[qiymət ver ]
Şərh yaz
2+9=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0231 saniye