Qəbiristanlıqda gecə
– İvan İnanıç, nəsə qorxulu bir əhvalat danışın.
İvan İvanıç bığını burdu, boğazını arıtladı, dodağını islatdı, gənc xanımlara bir az da yaxın oturub söhbətə başladı:
– Danışacağım əhvalat bütün yaxşı rus nağılları kimi başlayır. Etiraf edim ki, bu hadisə baş verəndə sərxoş idim. Yeni ili köhnə dostumla birgə qeyd edirdik. O ki var içmişdik. Amma onu da deyim ki, mən kefimdən içmirdim. Yeni il kimi gülünc bir şeyə sevinmək, fikrimcə, insan ağlına, məntiqinə layiq deyil. Yeni il də elə köhnə il kimi zibildi. Fərq bircə ondadı ki, köhnə il pisdisə, yeni il daha betər olur. Məncə, yeni ili qarşılayanda şadlanmaq əvəzinə əzab çəkmək, ağlayıb-sızlamaq, hətta intihara cəhd etmək lazımdır. Unutmaq olmaz ki, hər yeni il insanı ölümə daha da yaxınlaşdırır, qırışları artırır, arvadı qocaldır, uşaqlar çoxalır, pul isə getdikcə tükənir...
Nə isə... Boğazacan içmişdim. Dostumun yanından çıxanda kilsə zəngi düz saat ikini vururdu. Küçədə hava dəhşət idi; heç şeytan baş açmazdı ki, qışdı, yoxsa payız. Hər tərəf elə qaranlıqdı ki, göz-gözü görmürdü. Yağış tökürdü. Sərt, soyuq külək adamı kəsir, vahiməli səslər çıxardırdı: vıyıldayır, sanki inildəyir, nalə çəkir, bir sözlə, elə bil təbiət orkestrini ifritənin özü idarə edirdi. Ayağımı basdıqca yaş torpaq sanki şikayətlənirdi; küçə fənərləri gözüyaşlı dul qadınlar kimi tutqun baxışlarını mənə zilləyirdi. Belə hava mənim kimi sərxoş, dinc sakini deyil, yalnız qaçaq-qulduru sevindirə bilərdi. Məni isə sadəcə daha da kədərləndirirdi.
“Həyat vaxt itkisidir, – fəlsəfi düşüncələrə qərq olub ayağımın altındakı palçığı sıçradaraq yeriyirdim. – Boş, rəngsiz bir ilğımdır. Günlər, illər bir-birini əvəzləyir, mən isə əvvəllər necə heyvan idimsə, elə də qalmışam. Hələ neçə il keçəcək, mən həmin İvan İvanıç olaraq qalacağam: yeyib-içən, günlərini yatmaqla, avaralanmaqla keçirən... Axırda da bir qəbrə qoyub, üstündən mənim hesabıma qarınlarını doyurdub deyəcəklər: Yaxşı adam idi, amma əclaf az pul qoyub getdi...”
Meşan küçəsindən Presnya tərəfə gedirdim. Qaranlıq və dar dalanlarda ins-cins yox idi, bir canlının səsi gəlmirdi. Qaloşlarım islanmasın deyə səki ilə yeriyirdim. Amma nə qədər ehtiyatlı olsam da, yaş qaloşlarımın içi fırçıldamağa başlayanda yolu döndüm, hər halda bu yolu daha əlverişli hesab eləmişdim.
Getdiyim yol soyuq, keçilməz zülmətlə əhatələnmişdi. Yolun başında heç olmasa tutqun fənərlər ətrafı işıqlandırırdı, amma bir-iki tini dönəndən sonra bu rahatlıqdan da məhrum oldum. Elə əlhavasına gedirdim... Zülmət qaranlıqdan, bir tərəfdən də küləyin tükürpədən vıyıltısından üşənib istər-istəməz addımlarımı yeyinlətdim. Tədricən ürəyimə qəribə bir qorxu dolurdu. Yolu azdığımı anlayanda isə bu qorxu vahiməyə çevrildi.
“Faytonçu!” — deyə boşluğa qışqırdım.
Cavab gəlmədi... Düşündüm ki, göz işlədikcə irəli gedim, əvvəl-axır fənərlərin və faytonların olduğu böyük küçəyə çıxaram. Yan-yörəmə baxmaqdan ehtiyat edərək qaçmağa başladım. Üzümə kəskin, soyuq külək vurur, gözlərimə iri yağış damlaları dolurdu. Gah səki ilə, gah da yolla qaçırdım. Necə oldusa işıq dirəyinə dəyib alnımı cızdım.
İvan İvanıç bir qədəh araq içib bığını buraraq söhbətinə davam etdi.
– Yadımda deyil nə qədər qaçdım, bircə onu xatırlayıram ki, axırda qəribə bir əşyaya ilişib dayandım. Nə olduğunu görmürdüm, amma hiss edirdim ki, nəysə soyuq, yaş, hamar bir şeydir. Üstündə oturdum ki, bir az dincəlim. Başınızı çox ağrıtmaq istəmirəm, onu deyim ki, az keçmiş papiros çəkmək üçün kibrit yandıranda nə görsəm yaxşıdı?! Sən demə, oturmuşam qəbir daşının üstündə...
Buna qədər qaranlıqda heç nəyi sezmədiyimə, səs-səmir eşitmədiyimə görə qəbir daşını görər-görməz gözümü yumub dərhal kənara atıldım. Elə bir addım atmışdım ki, başqa bir şeyə toxundum... Dəhşətimi təsəvvür edin! Bu dəfə toxunduğum taxta xaç idi...
“İlahi, – dedim, – mən qəbiristanlığa düşmüşəm! Presnya küçəsinə getmək əvəzinə çaşıb Vaqankova məzarlığına girmişəm...”
Üzümü əlimlə örtüb yenidən qəbir daşının üstünə çökdüm. Belədə mən heç vaxt qəbiristanlıqdan, ölüdən qorxmazdım. Nənələrin danışdığı o qorxulu nağıllardan uzaqlaşanı çox olub. Qəbiristanlıqlarla bağlı mövhumatlardan, cəfəngiyatlardan uzağam. Amma zülmət gecədə, tək-tənha lal qəbirlərin arasında qalanda elə bil küləyin səsi də dəyişdi. Ağlıma qəribə, vahiməli fikirlər gəlir, gözümün önündə qorxunc xəyalətlər dolaşırdı. Tüklərim biz-biz olur, kürəyimin arasında soyuq axın gəzirdi.
“Ola bilməz! – öz-özümü sakitləşdirirdim. – Bu, optik yalandır, hallüsinasiyadır. Bunların hamısı Depre, Bauer, Arabajinin[1] təsirindəndir. Qorxaq, özünü ələ al!”
Elə bu fikirlərlə özümü ovudurdum ki, addım səsləri eşitdim. Kimsə yavaş-yavaş yeriyirdi. Ancaq bu... insan ayağının səsi deyildi. İnsan addımları üçün həddindən artıq sakit və yumşaq idi...
“Ölüdür” – deyə düşündüm.
Nəhayət bu müəmmalı “kimsə” mənə yaxınlaşdı, dizimə toxundu. Sonra hənirti səsi gəldi. Bu hənirti o qədər dəhşətli, qorxuncdu ki, elə bil adamın ruhunu dartıb çəkirdi... Qorxulu hekayələrdə ölülər haqqında danışılanda bunun dəhşətini anlamaq üçün təkcə bu hənirtini dinləmək kifayətdi. Qorxudan yerimdəcə daşa dönmüşdüm. Bayaqki sərxoş vəziyyətimdən əsər-əlamət qalmamışdı. Mənə elə gəlirdi ki, gözlərimi açıb baxmağa risk eləsəm, qarşımda solğun, sarımtıl, sümükləşmiş sifət, yarımçürük kəfən görəcəyəm.
“İlahi, bircə səhər tez açılaydı” – deyə gözüyumulu şəkildə dua edirdim.
Lakin səhər açılana qədər mən daha bir təsviredilməz dəhşətə dözməli oldum. Qəbir daşının üstündə oturub ölü hənirtisini dinlərkən başqa addım səsləri də eşitdim. Kimsə ağır və rəvan addımlarla mənə doğru gəlirdi. Qəbirdən xortlamış bu növbəti ölü mənim bərabərimdə dayanıb ah çəkərək soyuq, sümüklü əlini çiynimə qoydu... Huşumu itirdim.
İvan İvaniç daha bir qədəh içib burnunu çəkdi.
– Bəs sonra? – deyə xanımlar soruşdu.
– Gözümü kiçik, dördkünc bir otaqda açdım... Otağın yeganə, barmaqlıqlı pəncərəsindən yenicə açılan səhər görünürdü.
“ Bəlkə, – düşündüm, – ölülər məni öz sərdabələrinə sürüyüblər?!”
Amma qapı arxasında insan səsləri eşidəndə necə sevindim!
“Hardan tapmısan bunu?” – kiminsə yoğun səsi soruşurdu.
“Belobrısovun abidə dükanının yanından, cənab, – deyə digər səs cavab verdi. – Heykəl və xaçların sərgiləndiyi yerdən. Gördüm ki, heykəlin birinə sarılıb oturub, yanındasa bir it zingildəyir. Yəqin çox içib...”
Səhər ayılıb ayağa qalxanda məni evə buraxdılar...
[1] XIX əsrin sonu, XX əsrin əvvəllərində Çar Rusiyasında ən yaxşı şərab istehsalçıları.