Ömür saatımı çəkərək geri,
O sənli günlərə qayıdıram mən.
Yadıma saldıqca sənli günləri,
Yenə də özümü danlıyıram mən.
Həmin xəyallar ki, qalıbdır səndən,
Hər biri bir sual, tapa bilmirəm.
Mən bu xəyalları nə ürəyimdən,
Nə də ki beynimdən ata bilmirəm.
Sənin xəyalından uzaq düşməyi
Daima özümə günah bilmişəm.
Sənsiz keçirdiyim hər dəqiqəni,
Mən ömür səhifəmdən pozub, silmişəm.
Hələ də bezmədim mən xəyalınla
Dəlilər sayağı danışmağımdan.
Hələ də bezmədim mən xəyalınla
Gah küsüb, gah da ki barışmağımdan.
Sənin xəyalınla ömür sürürəm.
Mənə müqəddəsdir görüş yerimiz.
Hər gün təsəlliyə bura gəlirəm,
Hansı ki, bu yerdə görüşürdük biz.
Səninlə gəzdiyim bu gen küçələr,
Sənsiz məzar kimi mənə dar gəlir.
Sənsiz danışmağım, sənsiz gülməyim,
Mənə əzab verir, mənə ar gəlir.
Taleyin hökmüdür, barışmaq gərək.
Səni dəfn eylədim öz əllərimlə.
İndi yaşayıram mən müqəvvatək,
Çünki öz ruhumu gömdüm səninlə.