Keçən anlar,
keçən günlər
Acı-şırin xatirələr.
Başdan-başa xəyalımı,
düşüncəmi əsir alıb.
Yorğun düşən fikirlərim,
sənli anlar dünyasında
azıb qalıb.
Ağıl susub,
Gözlərim də bir nöktədə düyünlənib.
Ruhum aciz,
ürəkdə qəm,
İndi budur, tək düşüncəm:
Sən olmasan da yanımda,
Ən azından xəyalımda
görüm səni,
Yenə təkrar sevim səni.
Bütün bədən hökm eləyir yaddaşıma,
Xəyallarım süvar olur öz atına,
donur zaman.
Donur zaman,
göz önündə tək canlalan:
Bir zamanlar
mən və sənə aid olan
səhnələrdir.
Həyat nədir?
Sevinc nədir?
Sevgi nədir? – dərk etdiyim,
yaşamağı hiss etdiyim
o günlərdir.
Həmin anlar:
İstəməzdim bir an belə,
Ən kiçik bir zaman belə,
sənsiz səndən uzaq düşəm,
Ömrümün bir dəqiqəsin
sənsizliyə qurban verəm.
Etməyərək anı hədər,
düşmən idim yuxuya mən,
Bu minvalla sən hər səhər
Qızararaq şişmiş olan gözlərimdən,
Duyuq düşüb soruşardın
səbəb məndən.
Mən hər dəfə bir bəhanə
- inanmazdın amma yenə-
söyləyərdim.
“İşim var idi” – deyərdim.
Unutmadım, o anları,
unutmadım keçmişi də
Mən indi də
oğrun-oğrun hər gecəni,
Ayaqlarım əzbər bilən o küçəni,
Addım-addım
qarış-qarış dolaşıram.
Bir zamanlar sən görünən pəncərədə,
kölgələrlə yarışıram.
Mən indi də
keçən andan qalmış olan xatirələr,
həzin-həzin musiqilər
dünyasında yaşayıram.
Unutmadım,
sənlə keçən bir anı da,
Unutmadım, sənsiz ikən xəyalımda
yaratdığım,
yaşatdığım,
Sənli anı, zamanı da.
Biz - bu zaman ayrıcında,
bir birindən uzaq düşmüş
iki sevən,
Biz - bu həyat sınağında
ayrılıqla qiymətlənən
iki talib.
Bu sevgidən bizim üçün
geriyə tək adsız olan
“Qəmli bir dastan” qalacaq.
Hər nə qədər yaşayırıq,
Qəlbimizdə həbs olunan,
sevgimiz də yaşayacaq.