Qəribə qız
ŞvartsMan tərəfindən "Hekayə" bolməsinə 20:50 17 avqust 2016 tarixində əlavə olunmuşdur

İndi haqqında danışacağım qız əgər bədbəxt hadisə nəticəsində ölməyibsə, çox güman ki, evlidir və hətta uşaqları da var. Onu xatırlayanda qəlbimdə uşaqlıq məhəbbətimin şirin və gülməli xatirəsi keçmişin yanmış odunları altında utana-utana közərir. Qızın adı Tünzalə idi.
“Məktub” hekayemi oxumusunuzsa, o qız haqda bir az danışmışam. Amma danışmadıqlarım da var. Hekayəmiz belə başlayır ki, 5-ci sinifdə oxuyurdum və biz də tənəffüs idi, mən və sinif yoldaşım o qız məktəbin koridorundaydıq. Birdən soyuq külək pəncərələri taybatay açdı və dalğavari saçlarını yellətdi deyəcəkdim, amma qızın saçı qısa idi. Baxışdıq. Bilmədim bu nə idi! Elektrik idimi, yoxsa Erosun sehirli oxu qəlbimə sancılmışdı, bilmirəm. İkimiz də donub qalmışdıq. Sevgi hipnozu deyəsən buydu. Elə baxışırdıq, gülümsəyirdik. Hər şey dayanmışdı, həzin səssizlik idi, sevgi musiqisi səslənirdi. Yalnız biz –mən və o vardı. Bu sehirli dəqiqələri arxadan mənə təsadüfən çiyin vurub keçən oğlan pozdu və mən ayıldım. Uzatmağa ehtiyac yoxdur – mən məhəbbət cəhənnəminə düşmüşdüm və orda yanmalıydım.
Cəhənnəm dedim. Ola bilsin, bu məhəbbətin sonunu düşünüb belə dedim. Başlanğıc həmişə cənnət olur, cəhənnəm sonra gəlir. Oxucu elə əvvəlcədən özünü xoşbəxt sonluğa havayı yerə hazırlamasın.
Tünzalənin də, mənim də 12 yaşımız var idi. Həmyaşıd idik və eyni sinifdə oxuyurduq. Dərslərdə, tənəffüslərdə bir-birimizi sevərcəsinə baxışırdıq. Qız məndən cəsarətli idi. Nədə? “Məni sevirsən?” sualını verməkdə. Qız mənə yaxınlaşırdı, mən ona yox. Bu, çox xoşuma gəlirdi. Qız şeytan kimi gözəl idi. SEVirdim deyə təkcə mənə gözəl görünmürdü, həm də başqaları üçün də eləydi.
Zaman keçdikcə, mən ona daha çox bağlanırdım, məhəbbətim ürəyimi yandırırdı və onun şıltaq hərəkətləri mənim xoşuma gəlirdi və istəyirdim bu sonsuzadək davam etsin.
“Məni sevirsən?” – o hey bunu soruşurdu.
Heç vaxt bu suala cavab vermirdim ki, onun bu “sıxışdırmaları”, gözünün daim məndə olması, mənə yaxınlaşma cəhdləri, mənimlə söhbət etməyə çalışması mənə zövq verirdi. “Məni sevirsən?” sualı cavabsız qalsa da olar.
Günlərin bir günü yenə dərsdəydik. Mən həmişəki kimi arxa partada, o qızdan çox uzaqda otururdum. Məndən qabağkı partadakı uşaq yerinimi dəyişmişdi, yoxsa dərsə gəlməmişdi, yadımda deyil, boş idi. Qız bunu görən kimi tez müəllimdən icazə alıb cəld boşalan partada oturdu və məndən soruşdu: “Necəsən?”. “Sağ ol, yaxşıyam” –dedim. Müəllim və bütün sinif bizə baxırdı və mən sıxılırdım. Bu qız görəsən heç nədən utanmırdımı? Hətta bir dəfə arxadan ikinci partada oturanda Tünzalə mənim arxa partamda oturmuşdu – “təsadüfən”. Və mənim gözləmədiyim və xoşuma gələn bir şey oldu. Partanın altından ayağını ayaqlarıma sürtməyə başladı. İndi bu sətirləri yazarkən belə həyəcanlanıram. Nə günlər idi ə! Qız ayağını ayağıma sürtür, məni ehtiraslandırırdı, amma birinci dəfədən təəccüblənib ayağımı çəkmişdim, çevrilib ona baxmışdım: Mənim gözəl şeytancığazım hələ də gülümsəyirdi. Hiss elədim ki, bu mənim də xoşuma gəlir. Və yenidən ayaqlarımı oturduğum yerdən arxaya yığdım və o, təzədən ayağını ayağıma sürtməyə başladı. Müəllim dərs keçirdi, mənsə gülməmək üçün özümü güclə saxlayırdım. Qız isə öz işinə davam edirdi. Ləzzət!
Bir neçə dəfə yanımda da oturmuşdu və əlini əlimə qoyub soruşmuşdu: “Məni sevirsən?” Bu sual mənim ürəyimə yağ kimi yayıldığından susurdum. Yenə eşitmək istəyirdim, yenə. Bir daha söylə, bir daha söylə...
Dərslərdə, tənəffüslərdə, dərsdən çıxışda birlikdəydik, baxışırdıq, gülümsəyirdik, əl eləyirdik. Hərdən ona qəsdən yaxınlaşırdım ki, yenə o sualı versin: “Məni sevirsən?” Etiraf edim ki, qızın arxamca sürünməyi xoşuma gəlirdi.
Yadımdaykən deyim ki, o, bir dəfə mənə baxıb diliylə üst dodağını yalamışdı. Mən key kimi duruxub qalmışdım. Axı bu qızın 12 yaşı var idi. Vaxtından tez inkişaf buydumu? Mən də təzə-təzə yeniyetməliyə addım atmışdım. Atam bir il əvvəl ölmüşdü və mən təzəlikcə sperma istehsalıyla məşğul idim. Bu qız qaranti məni yoldan çıxardacaq!
İndi dərk edirəm ki, qadında nəsə şeytani qüvvə var. Bizə allahı sevməyi, şeytana nifrəti öyrədiblər. Ancaq biz şeytanı lənətləsək də, söysək də, pisləsək də daxilən onun yolundayıq (tərəfindəyik).
Yenə bir dəfə maraqlı hadisə baş verdi. Çölə zəng vurulanda Orx. və Mir. adlı oğlanlar məni bayıra, koridora çağırdılar. Bunu Tünzalə gördü. Lap erkəyini qoruyan dişi kimi hərəkət elədi. Mənə “getmə, səncanı, getmə” dedi. Hiss etmişdi ki, nəsə ola bilər. Onlara isə “bəsdi, əl çəkin, nə istəyirsiz?” –deyə qışqırdı. Mən onu sakitləşdirib dedim ki, narahat olma, indi gəlirəm, sadəcə söhbət eləyirik.
Məni sinif qapısının ağzında qırağa çəkib dedilər:
-Qızın ətrafında fırlanırsan ha!
-Mən? –təəccübləndim.
-Hə. Qıznan yaman yaxınsız. Qızdan əl çək, uzaq duracaq onnan!
-Niyə? –ciddiləşdim.
Orx. dedi:
-Elə lazımdı... bildin?
-Bilmədim.
Onlar iki nəfər idilər. Mir. işə qarışmırdı, ciddi nəsə olsa girişəcəkdi. Orx. məndən boyca balaca və arıq idi. Mən onu başa düşdüm: o da Tünzaləni sevirdi.
-Bilirsən, qız məni sevir. Deməmişəm, gəl məni sev. Mən ondan uzaq duraram, o məndən uzaq durmayacaq, - mən geri çəkilmədim. Əgər qız məni sevir, mən də onu sevirəmsə, üçüncü şəxsə burda yer yoxdur.
-Əl çəkəcəksən!
-Bilirəm, sən də onu sevirsən. Amma reallıq başqadı – dedim ona və tutuldu.
-Əl çəkməyəcəm, nolacaq?! –hökmlə dedim. Bir az mübahisə oldu. Bu, məni əsəbləşdirdi. Həmişə bir qıza görə dava eləməkdən zəhləm gedib. Amma biz dava eləmədik. Zəng vuruldu, sinifə girdik. Mənə baxan Tünzalə həyəcanlı idi. “Neylədiz ona, bizdən əl çəkin!” – qız bir az şişirtdi məsələni, oxucu, fikir verməyin.
Lakin qızın bu cür reaksiyası xoşuma gəlmədi desəm, yalan olar. Özümü lap kişi kimi hiss elədim. Doğrudan, qadın böyük qüvvədir, adrogen isə daha böyük qüvvə-dir.
Nə isə, bu qızla aramızdakı məhəbbət davam edirdi. Hər gün onu düşünmək, görmək istəyi, musiqilərlə xəyallara dalmaq və daha nələr, nələr... Heç bilmirdim dərslərimi necə oxuyurdum. Axırda qız Firuzə adlı rəfiqəsi ilə xəbər göndərdi. Kağız verib dedi ki, cavabı arxasına yazarsan. Kağız parçasında yenə o söz yazılmışdı: Məni sevirsən?.
Nəhayət qərara aldım ki, cavab yazacam. Deyəcəm ki, mən də səni sevirəm. Buna görə, dostumla Firuzəgilin evinin yanındakı bağçada, musiqi məktəbin yanında bir yerdə oturub nə yazaq deyə düşünməyə başladım. Əslində burda fikirləşəcək heç nə yoxdu, “hə” ya “yox” deyəcəkdim. Dostum Firuzənin evini tanıyırdı və mən qapısını döyüb cavab məktubunu gülə-gülə verdim. Elə bu cavab hər şeyi dəyişdi.
Sabahsı gün dərsdəydim. Tünzalə də, Firuzə də mənə baxıb gülümsəyirdilər. Axır ki, mən sevdiyimi demişdim. Bir-birimizi sevirdik. Mən onu, o məni.
Bəs sonra nə oldu?
Heç də yaxşı olmadı, deyə bilərəm. Bir neçə gündən sonra onun mənə baxmadığını, layedliyini hiss elədim. Artıq mən onu maraqlandırmırdım. Dərs vaxtı onun başqa oğlanın ayağını sürtməsini görəndə, təəccübləndim və acı-acı gülümsədim: “Qızdakı fərasatə bax e, hamımızı aldatdı!”.
Narahat olmayın, ağlamayacam. Hə, razıyam deyin, qız məni yaman aldatdı. Heç nə də eləmədim. Elə dayanıb gülə-gülə mal-mal baxdım. O isə öz işindəydi, mən çoxdan yaddan çıxmışdım.
Tünzalə və Mən. “Məni sevirsən?” Məndən sonrakı bütün oğlanlara da eyni sual. Hekayənin adı da “Məni sevirsən?” ola bilərdi. Olmadı. Çünki bu sual məni indi də əsəbləşdirir. Bu qıza görə az qala dava eləyəcəkdim. Düzdür, burda böyüdəcək bir şey yox idi. Orx. və Mir. ilə sonradan yaxın dost olduq. Hər şey unuduldu. Orx. isə həmişə Tünzaləni sevdi. Sevgisi cavabsız qalsa da, qız onu sevməsə də, Orx. qızı daima sevdi məndən fərqli olaraq. Qısacası, aldadılmışam, tərk edilmişəm, bilmirəm özümə necə təsəlli verim..
Bu hadisənin üzərindən 11 il keçib. Və indi düşünürəm: Çox güman, hardasa bilmək olur ki, bu yaramaz qız eyni sualı başqalarından da soruşub, eyni hərəkəti başqalarına da edib, onlar da mənim kimi hərəkət edib və yenə bənzər hissləri yaşayıblar. Sürtünmə məsələsi isə əsl eyforiya dağının pik nöqtəsi idi. Sürtünmə qüvvəsindən yaranan məhəbbət enerjisindəki kiçicik qığılcım hələ çoxlarının ağlı- nı başından alacaq!
Öz-özümə düşünürəm: bu qəribə qız doğrudan məni sevmişdi, yoxsa sadəcə oyun idi? Bilmirəm, sevgiydi, ya oyun, amma sevgi oyunu olduğu dəqiqdir. Heyifslənirəm ki, kaş ona sevdiyimi deməsəydim. Ona sevdiyimi deyən kimi gözdən düşdüm, əl çatan oldum, artıq baqajdaydım. Buna görə məndə “Səni sevirəm” travması yaranıb. Hansı qıza “səni sevirəm” dedimsə, ya məndən qorxub uzaqlaşdı, ya da məni tərk etdi. Həmişə əlçatmaz olun ki, dəyəriniz olsun.
Yeniyetməlik dövrünün ilk addımlarında məndə unudulmaz iz qoyan bu “macəra” bir hekayenin mövzusundan başqa bir şey olmadı. Görəsən, onunla bir gün nə vaxtsa qarşılaşacam? İnanmıram, bəlkə də, hə, qarşılaşdım. Əgər qarşılaşsam, mütləq sizə xəbər verəcəm... arxayın olun...

5 okyabr, 2014


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
7+5=
Hesaba giriş
Müəllif

ŞvartsMan
Əlaqə
Tel.:
055 519 35 77
E-mail:
gschwarzmann@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0254 saniye