Qəşəng Xoruzun nağılı
Azər Əliyev tərəfindən "Hekayə" bolməsinə 14:56 12 sentyabr 2014 tarixində əlavə olunmuşdur

Biri var idi, biri yox idi, keçmiş zamanlarda iki uzaq qohum var idi. Bunların biri yoxsul idi, özü də meşədə, balaca bir daxmada olurdu. O, biri dövlətli idi, şəhərdə, qəşəng, böyük bir evdə yaşayırdı. 

Günlərin bir günü yoxsul, meşə ilə gedirdi, birdən ağacın altında parıldayan, qızıl bir lələk gördü. Başını qaldırıb yuxarı baxdı, gördü ki, ağacda quyruğu qızıl bir xoruz oturub. Yoxsul qızıl lələyi götürüb birbaş şəhərə, dövlətli qohumunun yanına gətirdi.

Dövlətli qızıl lələyə baxıb dedi:

– Gözəl şeydir! Ancaq dəyəri çox azdır. Mən sənə bu lələk üçün bircə manat gümüş pul verərəm.

Yoxsul isə ömründə qızıl görməmişdi, ona görə də bilmirdi ki, bu lələk xalis qızıldandır. O elə bilirdi ki, bu nə isə qəşəng parıldayan bir şeydir. Ona görə də o elə bildi ki, onun qızıl lələyi üçün gümüş pul yaxşı qiymətdir.

Yoxsul kişi o biri gün yenə də meşəyə getdi, həmin ağacın altından yenə də qızıl lələk tapdı. Onu götürüb dövlətlinin yanına apardı, yenə də əvəzində gümüş pul aldı. Bir neçə gün dalbadal bu əhvalat belə baş verdi.

Bir dəfə də yoxsul həmişəki kimi ağacın altına gəldi, gördü ki, qızıl quyruqlu xoruz bərkdən banlayır:

– Kim mənim ürəyimi yesə, o adam hər gün balışının altından iki qızıl yumurta tapacaq! Kim mənim ürəyimi yesə, o hər gün balışının altından iki qızıl yumurta tapacaq!

Yoxsul bu işə lap mat qaldı, tez şəhərə qaçıb əhvalatı dövlətli və acgöz qohumuna danışdı. O isə cavabında dedi:

– Əgər sən o xoruzu mənim üçün tuta bilsən, sənə onun üçün min gümüş pul verərəm!

Yoxsul onunla belə şərt kəsdi:

– Sənin pulun mənə lazım deyil! Yaxşısı budur ki, mənim iki oğlumu öz yanına aparıb onlara öz uşaqların kimi bax. Mən istəyirəm ki, onlar ağıllı və savadlı olsunlar.

Dövlətli o saat söz verdi ki, yoxsulun uşaqlarını yanına aparar və onları oxumağa qoyar. Bunun əvəzində də yoxsul kişi dövlətliyə söz verdi ki, qızıl quyruqlu xoruzu onun üçün tutsun.

Yoxsul səhər tezdən meşəyə, həmin ağacın altına gəldi. Qəşəng xoruz dinmədən yuxarıdan ona baxırdı.

Yoxsul nişan alıb oxla qızıl quyruqlu xoruzu vurdu. Yoxsul kişi xoruzu götürüb oğlanlarına verdi, onları şəhərə, dövlətli qohumunun yanına göndərdi.

Dövlətli qızıl quyruqlu xoruzu görüb sevincindən atılıb-düşdü. O, özü xoruzun qızıl lələklərini bir-bir yoldu, sonra onu yoxsulun oğlanlarına verdi ki, xoruzu bişirib nahara ona versinlər. O, özlüyündə belə qərara gəlmişdi ki, yoxsulun oğlanlarını dərsə göndərməyəcək: qoy onun yanında qalıb nökərçilik eləsinlər!

Oğlanlar mətbəxə keçib xoruzu bişirməyə başladılar. Onlar çalışırdılar ki, xörək dadlı olsun, dövlətli qohumları razı qalsın. Ancaq bəxtləri gətirmədi: xoruz bişib lap hazır olana yaxın, ətin suyu birdən qazanda pıqqapıq qaynadı, xoruzun ürəyi sıçrayıb birbaş döşəmənin üstünə düşdü!

– Vay, bu nə bəladır başımıza gəldi! – deyə böyük qardaş dilləndi. – İndi gərək xoruzun ürəyini tullayaq. Bir bax ha, lap çirkli döşəmənin üstünə düşüb. İndi onu götürüb ağamıza verə bilmərik…

Kiçik qardaş isə yalvardı:

– Xoruzun ürəyini tullama! Mən səhərdən heç bir şey yeməmişəm. Yaxşısı budur ki, gəl onu götürüb yuyaq, özümüz yeyək.

Qardaşlar belə də elədilər: xoruzun ürəyini yuyub iki yerə böldülər, hərə bir parçasını yedi. Sonra da bişmiş xoruzu dövlətli qohumlarının yanına apardılar.

Dövlətli o saat başladı boşqabın içini qurdalamağa ki, xoruzun ürəyini tapsın. Axtardı, axtardı, xoruzun hamısını yedi, ancaq ürəyi heç yerdə tapmadı. Onda dövlətli, üzünü qardaşlara tutub soruşdu:

– Xoruzun ürəyi hanı? Onu neyləmisiniz?

Qardaşlar bu vaxt əhvalatı olduğu kimi ona danışdılar. Tamahkar dövlətli onların əlindən elə hirsləndi ki, ağacı götürüb onların ikisini də evdən qovdu. Qardaşlar ağlaya-ağlaya meşəyə, öz yoxsul, balaca komalarına qayıtdılar. Onlar heç başa düşə bilmirdilər ki, bir xoruzun ürəyi nədir ki, onun üstündə dövlətli bu qədər hirslənib onları evindən qovdu.

Gecə keçdi, səhər qardaşlar hərəsi öz balışının altından bir qızıl yumurta tapdı. Onlar qızıl yumurtaları da götürüb atalarının yanına getdilər və başlarına gələni ona danışdılar.

Atası onlara dedi:

– Mənim o dövlətli qohumumdan ürəyim bərk incidi, sizi evindən qovduğu üçün mən bu parıldayan yumurtaları hər kəs olsa sataram, təkcə ona yox.

Elə bu vaxt yaxınlıqdan gəzərgi bir tacir keçirdi. Yoxsul kişi yumurtaları götürüb onun yanına getdi. Tacir dedi:

– A, bu yumurtalar ki, xalis qızıldır! Mən bu qızıl yumurtalara görə sənə yaxşı pul verərəm.

Tacir bunu deyib yoxsulun ətəyinə o qədər pul tökdü ki, o, heç ömründə bu qədər pul görməmişdi.

Yoxsul kişi ancaq indi başa düşdü ki, dövlətli qohumu onu həmişə aldadırmış, – qızıl lələk üçün ona gümüş pul verirdi. “Eybi yoxdur! – deyə yoxsul öz-özünə düşündü. – Bizlərdə bir məsəl var, deyərlər ki, başqasını aldadan özü də aldanar. Elə belə də oldu.

O gündən bəri qardaşlar hər gün öz balışlarının altından hərəsi bir dənə qızıl yumurta tapırdılar. Atası bu qızıl yumurtaları yaxşı qiymətə satırdı. Onlar indi lap yaxşı dolanırdılar. Ancaq ən başlıcası o idi ki, qardaşlar öz arzularına çatmışdılar: indi onların ikisi də elm öyrənirdi və xeyli şey də öyrənə bilmişdilər.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+15=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0275 saniye