Müəllimim Sultan Orucoğlu ilə deyişməm
Ramin Hüseynsoy
Bir şəhərin var on iki bazarı,
Hər bazarın otuz dirhəm malı var.
Üç yüz altmış altı igid aslanı,
Hər igidin iyirmi dörd alı var.
On iki ay bir il eylər beh-bazar,
Hər bazarın otuz günlük malı var.
Üç yüz altmış beşdi, hərdən altıdı,
Hər bir günün qarası var, alı var.
Ramin Hüseynsoy
Yeri gəlsə, ildırımla yarışar,
Yaman gündə düşmən ilə savaşar.
Bir at var ki, qayalarda iz qoyar,
Hansı atın səkkiz batman nalı var?
Sultan Abbasov
Haqdan sonra aləmlərin yaşıdı,
Qılınc vursa, namərdlərin yasıdı.
Qəmbər ağasıdı, mərdlər xasıdı,
Dül-dül atın səkkiz batman nalı var
Ramin Hüseynsoy
Raminəm, tanımam nə sağı, solu,
Gəl nə qanad qıraq, nə də ki qolu.
Söylə görüm onda, ay Orucoğlu,
Dünyanın nə qədər fitnə-feli var?
Sultan Abbasov
Haqq-ədalət nəmənədi, nə sözdü?
Ayır görüm, kim əyridi, kim düzdü?
Orucoğlu insanlıqdan əl üzdü:
Məhşərəcən fitnəsi var, alı var.